ÖZ YARADICILIQ İQLİMİ OLAN
ŞAİR-YAZIÇI YUSİF HƏSƏNBƏY
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
(əvvəli
ötən saylarımızda)
Demək
olar ki, bu əsərlərin hamısında müasirlik,
ictimai problemlər, sosial mühitin sıxıntıları, milli-mənəvi,
əxlaqi dəyərlər,
bu dəyərlərə
insani münasibətlər,
ruhi məqamlar, intellekt sahibi olan bəşər üzvünün Tanrısı
ilə saflıq axtarışlarında ruhi
söhbətləri, iç
dünyadan "cənnətin"
nədənsə üzümüzə
bağlı qalan yollarının axtarışları,
bu yolları yenə mənəviyyat açarı ilə "vicdanın açarı ilə açmaq istəyi, insanı təmizliyə, mənəvi
saflığa çağırış
istəkləri, arzuları
Pir babanın bizlərə qoyub getdiyi Pir bulağının
itirdiyimiz saflığına,
duruluğuna" inama
qayıdış bəzən
zəif, bəzən güclü, amma təmiz, xoş yazıçı niyyəti
ilə qələmə
alınmışdır.
Bu cəhətdən "Cənnətin bağlı
yolları" poeması
xüsusən fərqlənir. Burada
"cənnət" mistik
obraz deyil, Cənnət kimi gözəl olan Qarabağa işarədir:
Üz tutmamış yaramdı Qarabağım!
Nə sönür, nə qaysaqlanır,
Sulandıqca dağlanır.
Dağıdılmış yuvamdı Qarabağım!
Al qumaşı Paris salonlarına
işıq saçan,
İndi
şöləsi qaralan
şamdı Qarabağım!
...Əfsanəyə dönmüş
o yurdum,
Viranəyə dönmüş o yurdum,
...Ucalığımdı,
İntibahımdı, yeni eramdı!
Çox
müsibətlər görüb
elim,
Amma Qarabağ süqutu
Şekspir dramlarının qabağına
Doqquz qoyan bir dramdı.
Nə qədər ki,
Düşmən əlindədir torpağımız,
Yatdığımız yuxu haramdı, qardaşlar,
İçidiyimiz su haramdı.
Onun bu qəbildən olan poemalarında, ümumiyyətlə,
şeir yaradıcılığında
gerçəklik, həyatilik
emosional müstəvidə
təqdimi yaxşı
bir cəhddir, amma mühitlə səsləşən, həmahəng
olan və sadəliyə, adiliyə meyilli emosionallıqdır. Yusif Həsənbəyin
şeirlərində psixoloji-analitik
təhlildən çox
real hadisələrə müraciət,
monoloqlar üstündür.
Onun ictimai məzmunlu şeirləri birtərəfli monoloqdur, dialoqa çevrilmir; şairin oxuculara ünvanlanan düşüncələridir...
Onun üslubunda poetik-bədii situasiyanın
tərənnümdən çox,
şərhinə üstünlük
verilir... Ümumiyyətlə, Yusif Həsənbəyin
misra intonasiyasında bir nəsr düzümü,
nəsr sərbəstliyi
var. Həmçinin, nəsrində,
xüsusən povest və hekayələrində
sadə lirizm, şairanə müşahidələr
üstünlük təşkil
edir. Onun təhkiyyəsində şeir dilinin sintaktik biçimləri çimlənir. Və
bu biçimli hekayələr oxucusuna lirik, şairanə effekt aşılayır...
İndinin özündə də, Yusif Həsənbəy böyük Səməd Vurğun demiş "Əlimdədir hələ
qələm!" və
gənclik enerjisi ilə yazıb-yaradır. Müstəqillik dövrünün ən seçmə mətbuatında
tez-tez silsilə şeirləri dərc edilir. Bu şeirlərdəki
lirizm, yeni deyim tərzi, gənclik ehtirası, orjinal qafiyə və bənzətmələr
diqqəti cəlb edir. Onun bu yaxınlarda "525-ci qəzetdə dərc edilən "Bahar gəlir", "Səndən
heç nə istəmirəm", "Məhəbbət
şirin acıdır",
"Qocalar tələsmir",
"Dənizdə fırtına
var" şeirlərinə
göz atdım və bu şeirlərdəki
coşğun ovqatı
elə bil özünün "Qocalar
tələsmir" şeirində
təsvir etdiyi:
"Alnım qırış-qırış,
sanki xış kəsib,
Basır
kipriyimi codlaşan qaşım!
Qamətimi elə hey dikəltsəm
də,
Qurşaqdan yuxarı qalxmayır başım!"
- deyən, qocaman
şair yazmayıb!
"Səndən heç
nə istəmərəm"
şeirdəki şövqə,
ehtirsa diqqət yetirin:
Bir sən olasan, bir də mən,
Səndən heç nə istəmərəm!
Ölüm istərəm əcəldən,
Səndən heç nə istəmərəm!
...İstəsəm qaynar ağuşlar,
Dolana boynuma saçlar,
Qarışa ağıllar, huşlar!
Gəlsin baş-başa qaşların.
Od püskürsün
baxışların!
Sel-sel axsın göz yaşların!
Yağdır başıma yağışlar.
Qoy məni yaxsın atəşlər,
Sönsün gözümdə günəşlər.
Gözlərin köksümə xəncər,
Sözlərin qəlbimə şeşpər!
Səndən heç nə istəməsəm,
Tökülər başıma daşlar!
Dondurar yazımı qışlar!
Çəkərəm şövqümə neştər.
Yetər
sona bu təşvişlər
Səndən heç nə istəmərəm!
... Yusif, dəryadı səbrimiz,
Hər möhnətə
dözərik biz.
Nola bir düşə qəbrimiz,
Məzarda yox,
Yar qoynunda, o cənnətdə,
Sinə
boyu, qol boyunca,
Sən doyunca, mən doyunca.
Aşkar
öpüşə qəlbimiz,
-
Odlara düşə
qəlbimiz.
Bir ocaqda külə dönsək,
Uf demərəm,
Ancaq səndən,
Səndən heç nə istəmərəm.
Bax, poeziya budur, sehr budur, şeir
budur, sirr budur = 85 yaşında olan şairi Məcnuna çevirir... "Qayıda bilmərəm,
gözləmə məni"
("Ədalət" qəzeti,
14.11.2014) şeiri də,
bu qəbldən, deyərdim ki, ən təsirli şeirlərdəndir.
"Bu şeirlər nə
erosdur, nə erotomiyadır (ağılsız
məhəbbət), sadəcə
poeziyaya çevrilmiş
insani məhəbbətdir
və bu məhəbbətin yaratdığı
iztirablardır!!
Axan göz yaşımdan yollar islanar,
Sənə qucaq açan qollar islanar!
Saçına düzdüyüm güllər
islanar.
Daşlar
parçalanar, qumlar tozlanar,
Sənsiz
bir köləyəm,
şahımdan kənar,
Quru bir tənəyəm salxımdan
kənar.
Bir dəli Məcnunam ağlımdan kənar,
Bülbüləm gülümdən, bağımdan
kənar!
Yer Göyə qarışar,
fəryad çəkərsəm,
Sönmüş ulduzalr da ahımdan
yanar.
Qayıda bilmərəm, necə qayıdım?
Qayıtsam ürəyim sevincdən
sınar,
Qayıda bilmərəm, gözləmə məni.
"Yusif Həsənbəy sədaqətini, ülviliyini qorumaq naminə, poeziyanın ən kövrək və kontrastlı imkanlarını gerçəkləşdirmişdir. Epitetlər, poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin bakirəliyini işıqlandırır." (Allahverdi Eminov).
Yusif Həsənbəy ömrü boyu ədəbiyyatımıza bu gənclik şövqü ilə xidmət etmişdir. Gücünü-qüvvətini əsirgəməmişdir.
Yusif Həsənbəy keçən il (2016) bir müsahibəsində "Qız bənövşəli" illərini yada salaraq deyib: " Qubaya gedəndə həmişə gəncliyimi, ilk sevgimi axtarmışam. "Qız bənövşə" deyilən bir yer vardı, elə qız kimi utancaq, nazlı-qəmzəli bir məkan idi. Yeniyetməlik cağlarımda tez-tez qaçıb ora gedərdim. Oğrun baxışlarla sevdiyim qızın yanından keçmək üçün həyəcandan boğulardım. Sonralar o "Qız bənövşə"ni dağıdıb-tökdülər, yerində nəsə tikdilər, amma xatirələrimi basdıra bilmədilər. İndi də Qubaya gedəndə xəlvəti yolumu oradan salıram, yenə o qızın yanından keçmək, əlindən tutmaq istəyirəm. Elə bilirəm o qız hələ də orada durub məni gözləyir. Kaş o qızın əlini bərk-bərk tutub saxlayaydım, getməyə qoymayaydımg İndi də belə yana-yana qalmazdım, xatirələr məni qovurmazdı. Gedirəm axtardığımı tapa bilmirəm, gözüm dolur, qəhərlənirəm, geri qayıdıram..."
Bu fikir və hisslər sübut edir ki, Yusif Həsənbəy 85-də də cavanlıq, ərgənlik, "Qız bənövşə"li illərinin həvəsi ilə, ehtirası ilə yaşayır... Bu ona enrjili yaradıcılıq stimulu verir...
Yusif Həsənbəy həm yaradıcılığının, həm də həyatının müdriklik çağlarını yaşayır. Yeni əsərlər üzərində işləyir... Yusif Həsənbəy sakit, məhsuldar bir yaradıcı ömür yaşayır, bədii-poetik sözə sərf olunan yazıçı ömrü... Bu ömrün məqamları görümlü, duyumludur... Bu çətin, əzablı, axtarışlı, səmərəli, özünəməxsus, zəngin, öz iqlimi, öz ab-havası olan yaradıcılıq ömrünün məqamlarıdır...
Yusif Həsənbəyin bir şeri də var - "Doya bilmirəm" adında. Məna və mahiyyəti, ovqatı, ruhu 85 yaşını haqlayan Yusif Həsənbəyin özünə də, yaradıcılığına da çox yaraşır. Onun son bəndi belədir:
Həyat beş gündü, beşcə gün,
Sevdalı hər gün, toy-düyün.
Mənası eşqdir ömrümün,
Başqa bir məna bilmirəm.
Bu çətin, əzablı, axtarışlı, səmərəli, özünəməxsus, "mənası eşq olan", həmişə Qubanın "Qız bənövşə" adlanan məkanında ilk məhəbbətini axtaran zəngin yaradıcılıq ömrünün qızbənövşəli - 85-ci məqamında ona sağlam can, sözdən süzülən yeni-yeni uğurlar, yorulmazlıq arzulayırıq...
Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Ədalət 2017.- 21 noyabr.-
S.7.