İNCİLƏR BƏXŞ EDƏN
VƏTƏN TORPAĞI
(Zaqatalada keçirilən Fındıq festivalından
reportaj)
...Sonbahar dediyimiz payız fəsli, başqa fəsillərdən
fərqli ikinci bir statusa - "qızıl dövrə"
də malikdir. Yarpaqları qızarıb-saralan ağacların
canlı tablosuna, bəlkə də bu tablonun həzin
bir melodiyasına bənzəyir "qızıl
payız". Sən bu
tablonun ən gözəlini görmək,
bu melodiyanın ən sevimlisini dinləmək istərdinmi?
Bu istək, bu arzu səni xoş bir ovqata
səsləyərsə, lap eləcə təhrik edərsə, güzarın
tərəddüdsüz Zaqatalaya
düşsün. Burada yaşayacaqsan
o əsrarəngiz, nağılvari,
əfsanəvi "qızıl
payız"ı.
Bax həmin
o "qızıl payız"ın
pik günlərindən
biridir. "Qızıl
payız"ın belə
günləri uzaqbaşı
2-3 gün çəkər,
sonra... ilıq nəfəsi, qızıl
telləri bir qədər öləziyər,
bir az
adiləşər.
Təbiətin özü qədər gözəl, inci bir şəhəri dağlar da sanki qolları arasına alıb bağrına basar; bir-birindən gözəl
binalarını, küçə
və meydanlarını,
park və bağlarını,
adamlarını və
ağaclarını doğma
bir duyğu ilə oxşayar, əzizləyər. Zaqatala adlı bu gözəl məkan, bax bu şəhər,
bu təbiət füsunkarlığı ilə
hamını, hamını...
al-əlvan, gül-çiçəkli,
barlı-bəhrəli bir
şölənə səsləyər.
Zaqatalaya qızıl güllər diyarı da deyirlər axı! Onun bu şirin qoxusunu, şirin ətrini birlikdə duyaqmı, bu bayram səhərinin sevinclərinə qoşulaqmı?
Heç bilirsən, sənin bu vətənin necə gözəl və şöhrətlidir? Dünyanın ən seçilmişlərinin
Azərbaycana məxsusluğunu
bilirsən? Hələ təkcə
meyvələrdən söz
açası olsaq,
lap elə kiçik nümunələr göstərsək,
bəs edər könül xoşluğumuz
üçün. Göyçay
narı, Qəbələ-İsmayıllı
Qızıləhmədi alması,
ən ləziz və qiymətli şabalıd və fındıq... Zaqatala fındığının isə dünyada tayı-bərabəri yoxdur.
Bütövlükdə Şəki-Zaqatala bölgəsindəki fındıq
bağlarının, burada
yetişən dünya
şöhrətli meyvələrin,
həqiqətən oxşarı
belə yoxdur. Özəlliklə Zaqatalanın qeyri-adi
fındıq bağlarının,
bol və dadlı meyvələrinin.
Belə götürəndə, fındıq
yer üzündə o
qədər də çox yayılmayıb.
Avropanın, Asiyanın və
Şimali Amerikanın
bəzi meşə zonalarında 20 növü
ola-olmaya. Azərbaycanda da cəmi 3 növü məlumdur.
Geniş
mənada tozağacıkimilər
fəsiləsinə aid olan
fındığın kol
və yaxud ağac adlandırılması
onun "qızıl qiymətini" müəyyənləşdirmir.
Azərbaycan fındığı və xüsusilə Zaqatala fındığı
oxşarsız və rəqabətsiz-filansız dünyada
birincidir ki var. Rayonda ənənəvi və ixrac potensialı
yüksək olan sahələrdən biri məhz fındıqçılıqdır.
Cənab Prezidentin tapşırığına əsasən
ötən ilin payızında 2560 hektar, bu ilin yazında
isə 598 hektar sahədə yeni fındıq bağları
salınaraq rayonda ümumi fındıq bağlarının sahəsi
17017 hektara çatdırılmışdır.
Bu ilin payız
mövsümündə isə
daha 1100 hektar sahədə fındıq
bağları salınması
proqnozlaşdırılıb və artıq müəyyən işlər
görülməkdədir. Sahənin inkişafına
elmi yanaşmanın təmin edilməsi üçün rayonda fəaliyyət göstərən
Meyvəçilik və
Çayçılıq Elmi-Tədqiqat
İnstitutunun Zaqatala Bağçılıq dayaq
məntəqəsində sınaq
məqsədli 5 hektar
yeni bağ salınaraq gələcəkdə
əkilməsi üçün
"Ata-baba" fındıq
sortuna aid 8000 ədəd
ting yetişdirilir. Rayonda
bu il
fındıq tingliyi təsərrüfatı da
yaradılmışdır. Burada 300 min ədəd
ting yetişdirilərək, yaxın zamanlarda əlavə 600 hektar sahəyə əkiləcəkdir.
Yəni gələcəkdə qızıl
güllər diyarının
fındıq bağlarında
bu qiymətli meyvənin daha bol məhsulu ilə yanaşı şöhrətinin də
yüksələcəyi günlərin
şahidi olacağıq.
...İndi bu
"qızıl payız"
günündə isə
biz də Zaqatalada keçirilən fındıq
festivalının iştirakçısıyıq.
Şəhər büsbütün ilk dəfə
keçirilən festivala
köklənib. Onsuz da həmişə
səliqə-sahmanı və
yaraşığı ilə
seçilən Zaqatala
bu gün daha füsunkar görünür. Respublikanın paytaxtından, ayrı-ayrı
şəhər və
rayonlardan gələn
qonaqlar mehriban və gülərüz zaqatalalılara qoşularaq
festivalın mərkəzləşdiyi
böyük Dədə
Qorqud meydanına gəlirlər. Meydanın yaxınlığındakı
Heydər Əliyev parkı da izdihamlıdır.
Rəsmilər və festival iştirakçılarının
nümayəndələri burada
ucalan abidənin qarşısına gül-çiçək
dəstələri düzərək
ulu öndəri hörmət və məhəbbətlə yad
edirlər. Dahi insanın, böyük Azərbaycan oğlunun vətən, xalq və onun gələcəyi
haqqında arzu və istəklərinin çiçəkləndiyi günlərdir
bu bayramlar, bu festivallar...
Festivalın mərkəzi tədbirləri
üçün Dədə
Qorqud meydanı da əbəs yerə seçilməyib. Burada müdrik
Dədə Qorqud babamız sanki öz qopuzunun qədim səsi, qədim ahəngi ilə yaşanan, paylaşılan bu şölənə bir əbədilik arzulayır.
Festivaldakı bölmələr, guşələr də xüsusi bir zövqlə qurulub. Meyvələrin və qızıl güllərin
timsalı geyimlər,
müxtəlif əl işləri, fındıqlarla
hazırlanmış qeyri-adi
görüntülər, əşyalar...
Musiqi, rəqs, müxtəlif yarışmalar və digər şənlik məqamları gün ərzində bir-birinə
qovuşacaq.
İndi Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edir. O, qonaqları və bütün festival iştirakçılarını bayram münasibəti ilə salamlayır. Mübariz Əhmədzadə çıxışında vurğulayır: "Azərbaycanımızda həyatımızın elə bir sahəsi olmaz ki, orada inkişaf, tərəqqi yüksək səviyyədə davam etməsin. Zaqatala rayonu da bu gün respublikamızda sürətlə inkişaf edən bölgələrdəndir. Fındıqçılıq bu rayonun simvollarından biridir. XIX əsrdən başlayaraq Zaqatalada fındıq istehsalı ənənəvi sahələrdən birinə çevrilmiş, 1932-ci ildə burada ilk fındıqçılıq sovxozu yaradılmışdır. Bütün sahələrdə olduğu kimi fındıqçılığın da ən uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahə üzrə Zaqatalada son illər çox işlər görülüb və cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr, Dövlət Proqramları da fındıqçılığın inkişafında əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza 8 dəfə səfər edib. Onun hər səfəri Zaqatalanın sürətli inkişafı, yüksəlişi ilə bağlı amillərlə daha əlamətdar olub. Ölkə prezidenti bu ilin avqust ayının 3-də rayonumuza səfəri zamanı bir sıra açılışlarda iştirak edərkən Zaqatalanın inkişafını xüsusi bildirdi. Cənab Prezident rayonda tütünçülük, baramaçılıq, gülçülük və fındıqçılığın inkişafına dair maraqlı fikirlərini çatdırdı. Ölkə rəhbərinin məhz fındıqçılıq sahəsinin inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra olunur və rayonumuzda fındıq bağları ilbəil artırılır".
Mübariz Əhmədzadə daha sonra ötən illərin inkişafını bir sıra önəmli rəqəmlərlə ifadə edərək təkcə 2016-cı ildə emal müəssisələri tərəfindən 91,1 milyon manatlıq fındıq məhsulu ixrac olunduğunu bildirir.
Sonda rayon icra hakimiyyətinin başçısı qonaqları və bütün festival iştirakçılarını bir daha təbrik edərək Yaponiyanın ölkəmizdəki səfiri və digər rəsmi şəxslərlə birlikdə müxtəlif guşələrlə tanış olur, fındıqdan hazırlanmış çeşidli məhsullar barədə qonaqlara özü də məlumat verir. Bunun bir səbəbi də ondadır ki, Mübariz müəllim bu bölgədə doğulub boya-başa çatmışdır. O, elə Qax və Zaqatala rayonlarında yaşayıb çalışmaqla sadə və zəhmətkeş ömrü, bacarıqlı təşkilatçılıq və idarəetmə fəaliyyəti ilə bərabər, vətənpərvər bir ziyalı olaraq da bölgənin adət-ənənələrinə sadiq qalmışdır.
...Milli rəqslər, şən mahnılar bir-birini əvəz edir. Festival iştirakçıları
müxtəlif guşələrdə
fındıqdan hazırlanmış
rəsm və əl işləri sərgisi, ən gözəl fındıq xonçası, ən gözəl fındıq geyimi, fındıqla bağlı ən zəngin məlumat lövhəsi, şirniyyat
məhsulları ilə
tanış olur, müxtəlif yarış və müsabiqələrə qoşulurlar.
Bölgəyə məxsus "Kənd
evi" interyeri də maraq doğurur,
iştirakçıları cəlb edir. Eləcə fındıq yığımında
və təmizlənməsində
istifadə edilən müasir texniki avadanlıqlardan ibarət sərgi də.
Zaqatalada ilk dəfə keçirilən
fındıq festivalı
böyük konsert proqramı ilə sona çatır.
Ədalət 2017.- 21 noyabr.- S.5.