SEYİD HÜSEYNİN ƏDƏBİ-TƏNQİDİ FƏALİYYƏTİ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

XX əsrin əvvəllərində ədəbi tənqidin əsas yaradıcılarından biri də Seyid Hüseyn (1887-1938) olmuşdur. Seyid Hüseyn də bütün maarifpərvər ziyalılar kimi xalqın savadlanması, yeni məktəblərin açılması, tədris kitablarının nəşri, müəllim kadrlarının yetirilməsində böyük xidmətləri olmuşdur.

Seyid Hüseyn obyektiv olmayan şəxs düşmənçilik və kin-kudurətli tənqidin əleyhinə olmuşdur. XX əsrin əvvəllərində ədəbiyyat kimi onun ayrılmaz bir sahəsi olan ədəbi tənqid də Azərbaycan ictimai-siyasi və ədəbi həyatında baş verən hadisələrdən, fikri ixtilaf və mübarizələrdən kənarda deyildi.

Demokratik və inqilabi demokratik tənqid yeni əsrin ən qüvvətli, ən kütləvi tənqidi cərəyanı idi. Milli ədəbiyyatın qabaqcıl demokrativ ideya və ənənələrini müdafiə edən ədəbi hadisələrin qiymətləndirilməsində geniş xalq kütlələrinin mənafeyini, ehtiyac və tələblərini hər şeydən üstün tutan Firidunbəy Köçərli, Seyid Hüseyn, Kazımoğlu, Abdulla Sur, Hacı İbrahim Qasımov kimi nümayəndələri var idi.

Milli ədəbi tənqidin əsas yaradıcılarından biri olan Seyid Hüseyn yarım əsrlik ömür yolunun çox hissəsini Azərbaycan ədəbiyyatı və ədəbi tənqidinin tərəqqisinə həsr etmişdir.

Seyid Hüseyn müasir nəsrin ilk nümunələrini yaradan, kiçik hekayələr ustası, görkəmli mətbuat və mədəniyyət xadimi kimi tanınmışdır.

İki işini "Kaspi" qəzeti redaksiyasında işə başlamış, burada dövrün tanınmış yazıçısı, şamro və təsisçiləri ilə olan tanışlıq onun gələcək fəaliyyətinin istiqamətini müəyyənləşdirilmişdir. XX əsrin əvvəllərində mətbuat aləminə daxil olan tənqidçi qəzet və jurnalların bir çoxunda əməkdaşlıq edir. "İqbal", "Qurtuluş" və s. kimi mətbu orqanların baş redaktoru vəzifəsində çalışır. XX əsrin 10-cu illərində müasir ədəbi prosesi diqqətlə izləyən, çap olunan əsərlər barədə vaxtında və müntəzəm surətdə rəy söyləyən Seyid Hüseyn dövrün ən fəal tənqidçisi kimi tanınmışdır. Məmməd Məmmədov qeyd edir ki, H. H.Seyid Hüseyn müasirlərinin böyük əksəriyyəti haqqında yazmış, onların əsərlərinin, belə demək mümkünsə ilk rəyçisi və şərhçisi olmuşdur. Bu məqalələrin hər birinin özünəməxsus konkret ünvanı, mövzusu və məqsədi olsa da, məqalə müəllifi təkcə həmin əsəri. İdeya - sənətkarlıq baxımından səciyyələndirməklə kifayətlənmir, bu və ya digər əsəri təhlil edərkən, məqamı düşdükcə, elmi ümumiləşdirmələr aparır, tənqid və ədəbiyyatşünaslığımızın o zamankı səviyyəsinə uyğun maraqlı nəticələr gəlir.

Seyid Hüseynin bu sahədəki bacarığını müasirlərindən biri olan, M.Hadi Seyid Hüseyni "doğru söz deyən qələmi-sadiq" tənqidçi adlandırmışdır. Cəfər Cabbarlı isə ondan "yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya türkləri arasında müqtədir tənqidçi adı daşımağa ləyaqət qazanmış münəqqib" kimi bəhs etmişdir. XX əsrin əvvəllərində yaradıcılığa başlayan, az-çox tanınmış, elə bir yazıçı və şairlərin adını çəkmək çətindir ki, tənqidçi Seyid Hüseyin qələmindən kənarda qalmış olsun. C.Məmməd Quluzadə, N.Vəzirov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, F.Köçərli, M.S.Ordubadi, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, A.Divanbəyoğlu, M.Hadi, A.Səhhət, C.Cabbarlı, A.Şaiq və başqa yazıçıların yaradıcılıqları, realist demokratik ədəbi tənqidin aparıcı nümayəndələrindən biri kimi Seyid Hüseynin diqqətini daha çox cəlb etmişdir. Bu sənətkarın əsərlərinin çap etdirmiş, hər bir əsəri layiqincə qiymətləndirməklə yanaşı, əsərlərdə nəzərə çarpan ideya, sənətkarlıq qüsurlarını da obyektiv, prinsipal mövqedən tənqid atəşinə tutmuşdu.

Demək olar ki, ədəbi fəaliyyətə təzəcə başlayan Əli Səbri Qasımovun "Solğun çiçəklər", "Şəbi-hicran"(1913), Rza Zakinin "Nakam qız" (1911), "Fadayi-eşq" (1912), Səkinə xanım Axundovanın "Zülmün Səmərəsi" (1917), Əhmədbəy Qəmərlinskinin "Bəhluli-danəndə" (1919) və bu kimi gənc qələm sahiblərinin ilk əsərləri də Seyid Hüseynin tənqid qələmindən kənarda qalmamışdır. XX əsrin 10-cu illəri Seyid Hüseynin yaradıcılıq fəaliyyəti təkcə tənqidçiliklə kifayətlənmir. O, bu dövrdə bir sıra hekayələr "Dərədən-təpədən" ümumi başlıqı altında silsiləvi felyetonlar, elmə, maarifə, gənclərin təlim və tərbiyəsinə dair məqalələr də qələmə almışdır. Hənəfi Zeynallı vaxtilə Seyid Hüseynin ədəbi yaradıcılığından bəhs edərkən yazırdı: "Seyid Hüseynin əsərlərindəki bütün vaqeələr keçirməkdə olduğumuz ictimai həyatın, siyasətin, iqtisadi yaşayışın sapları ilə sıx bağlanmışdır". XX əsrin 20-ci illərindən sonra S.Hüseyn hər tənqidçilik fəaliyyətini davam etdirir. O, istər klassik, istərsə də müasir olduğu yazıçıların yaradıcılığına həsr olunmuş, ədəbiyyatşünaslığın təməl daşını qoyanlardan biri olmuşdur.

Bu illərdə Seyid Hüseyn hər bir şair və yazıçının yaradıcılığına dair məqalələr dərc edir, ədəbiyyatın qarşısında duran yeni vəzifələr üçün, diqqətəlayiq fikirlər söyləyirdi.

Ömrümün son illərində bir-birinin ardınca nəşr etdirdiyi "Yeni həyat yollarında" (1928), "İki həyat arasında" (1930), "Şirin-naz" (1937) kitablarında toplanmış əsərlərlə kiçik hekayələr ustası kimi tanınır. Seyid Hüseyn həm də müasir Azərbaycan nəşrinin ilk nümunələrini yaradan sənətkarlar sırasında özünə layiqli mövqə qazanır. Professor Kamal Talıbzadə Seyid Hüseynin ədəbi görüşlərinin əsas prinsiplərini müəyyənləşdirərkən, haqlı olaraq onun sənətin həyatla əlaqəsinə, münasibəti məsələsini ön plana çəkir. Alimin fikrincə: "bunsuz tənqidçinin ayrı-ayrı ədəbi hadisələrə, yazıçı və əsələrlə münasibətini aydın təssəvvür etmək çətindir".

Seyid Hüseyn daima realist sənətkarları həyat həqiqətini əks etdirməyə, canlı müşahidələrə əsaslanmağa, gördüklərini yazmağa səsləyirdi. Seyid Hüseynin fikrincə "sənət həyatı təsvir edə bilmək qabiliyyətidir". Bu, tənqidçinini əsas prinsipi idi. Seyid Hüseyn hər bir şair və yazıçının əsərləri haqqında mübahisələrdə iştirak edəndə, bir tənqidçi kimi qiymət və fikrini bildirəndə də məhz sənətin həyat, həqiqətinə münasibətində də bu prinsipə əsaslanırdı. Seyid Hüseynin C.Məmmədquluzadənin "Ölülər" komediyasının ilk tamaşası ətrafında gedən mübahisə və müzakirələrdə iştirak etmiş, əsər üçün öz layiqli qiymətini verərək əvvəlcə "Ölülər" və onun tənqidləri haqqında bir mütaliə" adlı məqalələrini dərc etdirərək "Ölülər" ədəbiyyatımızda "inqilab törədə biləcək məziyyətdə" olan bir əsər kimi dəyərləndirmişdir.

Seyid Hüseyn bu əsərin ideya məzmununa və sənətkarlığına yüksək qiymət verir və fransız yazıçısı V.Hüqoqun "Səfillər"i və rus dramaturqu N.Y.Qoqolun "Müfəttiş"i ilə məqayisə edərək yazırdı: "Bilirəm, bir çoxları Mirzə Cəlilin "Ölülər"ini Qoqulun "Revizor"da kefli İskəndər kimi bir qüvvə yoxdur ki, "elm oxuyun, alim olun deyib", "adam olun" deməyənlərə, doqquz yaşında ərə gedən qızlara, qardaşının, ata və anasının dirilməsindən ötrü fikirləşməyə gələnlərə, dirildikdən sonra evlərinə, yurdlarına qayıtmaq istərkən qapısı üzünə açılmayan ölülərə gülsün, doqquz yaşında nazılarını şeyx nəsrullahlara məcburən arvad etmək istəyən atalarının üzünə tüpürməklə ağlasın və ağlatsın. Mən deyirəm ki, bir əsr bundan əvvəl Fransa əhvali-ictimaiyyəsində "Səfillər"nə isə V.Hüqonun ac və səfil arvad uşaqları və küçələrdə yaşayan sahibsiz "gülxan bəyləri" bəşər cəmiyyətinə və fransız əfkarına necə təsir bağışlayacaq, səhnəmizdə rusların "Revizor"u qədər ölməz tutacaqlar. Seyid Hüseyn əsərin qiymətini düzgün anlayıb verə bilməyənlərə cavab olaraq yazırdı: "Ölülər" faciəsinin ruhu Şeyx Nəsrullahın hiylələrində deyil, onun hiyləsi qurbanı olan doqquz yaşlı nazlılarının ailədəki və həyatı-ictimaiyyətimizdəki mövqelərindəndir". Seyid Hüseynin tənqidçi qələminini yüksək qiymətini Sabir, Çəmənzəminli, Haqverdiyev, Nərimanov, Qənizadə, Səbri, Ordubadi yaradıcılığına münasibətdə də aydın görmək olar.

Seyid Hüseynin Abdullahbəy Divanbəyoğlunun "Can yanğısı" əsərinə verdiyi düzgün qiyməti "bu gün bizim arvadlarımızın halı həman zəncilərin əsarət halları kimidir. Bu məsələyə münasibət birinci olaraaq möhtərəm A.Divanbəyi tərəfindən nəşr edilən "Can yanğısı" arvadlarımızın hallarında bir nümunə göstərmişdir, "Can yanğısı" Qafqaz köçəri məişətini təsvir edən hekayədir. Bu hekayə Ruqiyyə adlı bir Qafqazlı arvad qədər çəkdiyi zəhmət və müsibəti göstərir". Bu dövr üçün adi hal idi. Hər bir qadın bu zülmləri görərək yaşayır, səslərin belə çıxarmağa haqları yox idi. Lakin belə əsərlərin meydana gəlməsi ilə qadınlarımız, Cəfər Cabbarlının "Sevili" kimi bu əsarətə qarşı haqq səslərini qaldırmağa gücləri yetərdi. Seyid Hüseyn "Can yanğısı" əsərinin "bir taqım səhvlərə təsadüf edildiyini" yazır. Əsərin dili, yazılış qaydasını tənqidçi səhv olduğunu, bu da Qafqaz Şivəsindən irəli gəldiyini açıqlayır.

Hər bir yaradıcılığa verilən düzgün qiymət, hər bir şair və yazıçının xalq arasındakı mövqeyini təyin edir. Seyid Hüseyn də bir tənqidçi kimi çalışmışdır, hər bir əsəri düzgün və layiqincə qiymətini versin ki, yazılan düzgün olmayan söz müəllif üçün zərərli olsun. Seyid Hüseyn hər zaman tənqidə və tənqidçiyə ehtiyac olduğunu deyir: "Tənqidə bu qədər ehtiyac olduğu halda təəssüflər olsun ki, bu vaxtadək bu xüsusda bizdə əhəmiyyət verilməmişdir. Budur ki, nə müəlliflərimiz hansı yol ilə yazacaqlarını bilirlər, nə də şairlərimiz nə kimi əsərlərin camaata mənfəət verəcəyini tanıyırlar. Bizdə tənqidçi yoxluğundandır ki, təb və nəşr edilən kitablarımızın içində bir çox əxlaqpozan və heç bir məziyyəti olmayan kitabçalar təsadüf edilir. Yenə tənqidçi yoxluğundandır ki, "Osmanlı hökumətini qüdrətli hünləri" kimi kitablarda türklərin tarixi gülünc surətdə meydana qoyulub. "Aşçı başının əli altında xidmət edən oğlanlar küçəyə çıxdıqca onun-bunun sataşmasından qorxub arvad kimi üzlərini örtərdilər: və yaxud "Soltanın sarayında xidmət edən xristian uşaqlarının əndamı tər kimi gözəl olması şərt idi" və s. kimi fəqərələr insanın ruhunu zəhərləmədədir. Halbuki, bunların qabağına sədd çəkib ədəbsizlərə ədəb öyrətməlidirlər". Doğrudan da tənqidçinin dediyi kimi bu gün necə bir nəticə verəcəyini hər kəs düşünə bilər, zənn edirəm".

Ədəbiyyat tarixində istedadlı bir ədəbiyyatşünas tənqidçi və publisist kimi tanınılan Seyid Hüseyn Azərbaycan ədəbiyyatı, teatrı, dili və mətbuatının inkişafında mühüm xidmətləri olmuşdur. Mətbuat səhifələrində dərc olunan "Ədəbiyyata bir nəzər", "Sabir və N.Vəzirov haqqında", "Mətbuatımıza bir nəzər", A.Divanbəyoğlunun "Can yanğısı", M.C.Ordubadinin "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firənqiməab", Ə.Haqverdiyevin "Şeyx Şaban", F.Köçərli "Balalara hədiyyə", C.Cabbarlının "Ədirnə fəthi" əsərləri haqqında yazdığı tənqidi məqalələr ədəbiyyatşünaslığın inkişafında mühüm yer tapmışdır.

Seyid Hüseyn Azərbaycan ədəbiyyatında roman janrının olmamasından, həyat hadisələrinin geniş planda əks etdirən epik əsərlərin azlığından şikayətlənirdi.

Tənqidçinin fikrinə görə, romanın "Təhribi-əxlaqa" rolu böyükdür. Hər bir insanın öz nöqsanlarını görmək üçün roman əlverişli vasitədir. Romanda həyat hadisələri geniş şəkildə, canlı bədii lövhələr vasitəsilə təsvir olunur.

Azərbaycan ədəbiyyatının keşiyində sərvaxt dayanan, öz xalqının ədəbi-bədii fikrinin hər cəhətdən inkişafına çalışan Seyid Hüseynin tənqidçilik fəaliyyəti geniş və əhatəlidir.

 

Göyərçin Abid qızı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət  2017.- 22 noyabr.- S.7.