HƏR DAŞIN ALTINDA BİR TARİX YATIR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

 

(əvvəli ötən sayımızda)

Tarixi həqiqətləri özündə yaşadan onu günümüzə gətirib çıxaran abidələr sırasında özünəməxsus yeri olan Azərbaycan coğrafiyasında da geniş yayılan türbələr barəsində fikirlərimizi davam etdirərkən Füzuli rayonu timsalında daha bir türbəyə üz tuturuq.

Bəri başdan deyim ki, öncə qeyd etdiyimiz kimi, Füzuli rayonu ərazisində sirləri görüb gəlmiş, daş kitabələri ilə bizə sirli keçmişimizi pıçıldayan xeyli türbə var. Həmin türbələr arasında bu gün ziyarət etmək imkanımız olan Arğalı Şeyx Babı türbələri var. Bu türbələr artıq Azərbaycan tarixində həm tarixi abidə kimi, həm meyarlıq nümunəsi kimi öz yerini təsdiq etmişdi. Yəni tarixçilərimiz, arxeoloqlarımız bu abidələrlə bağlı araşdırmalar aparmış bu gün həmin araşdırmalar davam edir. Demək istəyirəm ki, Füzuli rayonu ərazisindəki Əhmədalılar kəndinin yaxınlığında yerləşən Arğalı türbəsi həm bir memarlıq nümunəsi kimi, yəni tikinti konstruksiyası baxımından diqqəti çəkir, həm bir tarixi abidə kimi çox önəmlidir. Həm burda bir maraqlı məqam da var ki, onu da mütləq vurğulamaq lazımdır. Yəni diqqətlə yanaşanda, tarixilik baxımından qiymət vermək istəyəndə məlum olur ki, Arğalı türbəsi ilə Şeyx Babı türbələri müəyyən oxşarlıq ifadə edir. Onların həm zaman, həm dediyimiz kimi, konstruksiya-tikinti baxımından üst-üstə düşən cəhətləri var. Lakin mütəxəssislərin apardığı araşdırmalar sübut edir ki, Şeyx Babı türbəsindən fərqli olaraq Arğalı türbəsi daha münbit düzən ərazidə inşa edilibdi. Bir az da konkret ifadə etsək, Şeyx Babı türbəsindən fərqli olaraq Arğalı türbəsi əkib-becərmək üçün yararlı olan sahədə inşa edilibdi. Bugünün özündə hər iki türbəyə baş çəkəndə, onları ziyarət edəndə dediyimiz gerçəklikləri müşahidə etmək mümkündür. Yəni aydın şəkildə görünür ki, hər iki türbənin, yəni Şeyx Babı Arğalı türbələrinin itkinti plan-layihəsi oxşarlıq təşkil edir. Hər ikisi səkkiz bucaqlı şəkildə tikilib. Eləcə hər iki türbənin gövdəsi günbəzləri eyni sayda tillərə malikdir. Lakin bu oxşarlıqlarla yanaşı, onları fərqləndirən cəhətlər var. Memarlıqla məşğul oaln mütəxəssislər, daha dəqiq ifadə etsək, bu sahənin biliciləri birmənalı şəkildə ifadə ediblər ki, memarlıq konstruksiya baxımından Arğalı türbəsi Şeyx Babı türbəsindən müəyyən elementləri ilə fərqlənir. Həmin fərqlənən cəhətləri mütəxəssislər bu cür qeyd ediblər. Onlar vurğulayıblar ki, Şeyx Babı türbəsinin günbəzi birqatlı olduğu halda, Arğalı türbəsinin günbəzi ikiqatlıdır. Arğalı türbəsinin həmin ikiqatlı günbəzinin arası daş, əhəng qarışığı ilə doldurulub. Bu da onun dayanıqlığını daha da artırıb, möhkəmlədib. Digər tərəfdən baxanda o da məlum olub ki, Arğalı türbəsində şimal tərəfdən qoyulmuş qapı ilə üzbəüz həm mehrab əvəzinə ikinci bir qapı da yerləşdirilib. Bu da həm günbəzə fərqli bir ornament, görüntü verir, həm hər iki qapının çərçivəsinin həndəsi naxışlarının bir-birini tamamlaması onun gözəlliyini artırmış olur.

Bütün bunlarla yanaşı, mütəxəssislərin qənaətinə görə, adı çəkilən Şeyx Babı türbəsindən fərqli olaraq Əhmədalılar kəndi ərazisində yerləşən Arğalı türbəsinin çox böyük bir fərqi var. Bu da ondan ibarətdir ki, Şeyx Babı türbəsində daş kitabə olduğu halda, Əhmədalılar kəndi ərazisində yerləşən arğalı türbəsində heç bir kitabəyə, yazıya rast gəlmək mümkün deyil. Araşdırmaçıların qənaətinə görə, bölgədə, eyni zamanda el arasında tanınan bu Əhmədalılar türbəsinin cizgiləri, onun memarlıq tikinti konstruksiyası sübut edir ki, bu abidə tariximizin XIII əsrinə aiddir. Yəni bütün tədqiqatlar, bütün araşdırmalar nəticəsində birmənalı şəkildə qəbul olub ki, Əhmədalılar kəndi ərazisindəki Arxalı türbəsi məhz XVIII əsrə aid edilən abidədir.

Bu gün hər iki türbənin müqayisəli şəkildə öyrənilməsi işi davam etdirilir. Həm tarixçilərimiz, həm memarlıq, tikinti sahəsi ilə məşğul olanlar Azərbaycan tarixinin müəyyən dövrünü ifadə etmək gücündə olan Əhmədalılar kəndindəki Arxalı türbəsi ilə yanaşı, Şeyx Babı türbəsinin bütün cizgiləri ilə yanaşı, hətta onun daşlarını da öyrənməyə, onun hansı üsulla tikildiyini, daşların divara hansı qaydada hörüldüyünü nəhayət, bərpa edilərkən nələrdən istifadə edildiyini öyrənərkən belə bir fikir ortaya qoyublar ki, məhz Şeyx Babı türbəsinin layihəsi üzərində Arxalı türbəsi tikilibdi. Onların arasında müəyyən zaman fərqi olsa da, Əhmədalılar kəndi ərazisində tikilən türbənin bir növü əsası bir az da obrazlı desək, mənbəyi Şeyx Babı türbəsi olmuşdur. Bax, bu qənaət ortaya ikinci bir maraqlı məqamı da çıxarmışdı. Bu məqam da ondan ibarətdir ki, daş kitabəsi olan Şeyx Babı türbəsinin tikilmə tarixi təqribən bəllidir. Əgər həmin tarixə istinad etsək, onda məlum olur ki, Əhmədalılar kəndi ərazisindəki Arğalı türbəsi XIII əsrdən bir az da öncə inşa edilibdi.

Dediklərimizin sübutu kimi, Şeyx Babı türbəsi ilə bağlı aparılan araşdırmalara diqqət yetirilir. Həmin araşdırmalardan məlum olur ki, Füzuli rayonu ərazisindəki Şeyx Babı türbəsində 1273-1274-cü illərdə Şeyx Babı Yaqubi dəfn edilib. Tarixçi alimlərin təsdiqlədikləri fikrə görə, bu türbə memar Əli Məcdəddin tərəfindən inşa olunub. Səkkiz güşəli olan türbə daşdan hörülüb.

Türbənin üstü səkkiz guşəli çatma günbəzdən ibarətdir. Bu günümüzə həmin türbə kompleksindən bir türbə zədələnmiş minarə qalıb.

Burada onu da əlavə edək ki, yuxarıda dediyimiz kimi, türbənin təkcə tikilmə tarixini yox, həm onun memarlıq baxımından öyrənən mütəxəssislərin fikrincə, Şeyx Babı türbəsinin xarici səthində Möminə Xatun türbəsinin təsiri aşkarca hiss olunur. Görünür, burda ya hansısa əlaqələrin təsiri, ya da memar Əli Məcidinin Möminə Xatun türbəsinin tikintisindən xəbərdarlığı öz sözünü demişdir.

Ümumiyyətlə, Füzuli rayonu ərazisindəki türbələrin hər birinin tikinti konstruksiyasında, memarlıq cizgilərində ölkə coğrafiyasının, həm şərq memarlığının təsiri bu ya digər formada az, ya çox hiss olunmaqadır.

 

(ardı növbəti sayımızda)

 

Əbülfət MƏDƏTOĞLU

 

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2017.-24 noyabr.-S.3.