BİZİM HACI MADƏR
Hüseynbala
MİRƏLƏMOV
Deputat həmkarım və dəyərli dostum Madər Musayevi - Hacı Madəri hər görəndə özümdən asılı olmayaraq uzaq 60-cı illəri xatırlayıram. Ali məktəbə daxil olub taleyimi bağladığım doğma Bakı ilə ilk tanışlıq günlərim düşür yadıma...
Onun düşüncələrimdəki işıqlı obrazı ilə ömrün o maraqlı anları arasında müəyyən bir rabitə yaranır...
Bu hiss, yəqin çoxlarına tanışdır. Doğulub böyüdüyün məkandan kənara çıxmayana qədər adama elə gəlir ki, dünyanın ən hündür ağacları da, ən uzun yolları da, ən qəlbi tikililəri də o yerlərdədir. Lənkərandakı ata evimizdə uşaqlığın şirin xatirələri ilə vidalaşıb, Bakıda yaşamağa başladığım günlərdən dünya gözlərimdə birdən-birə ölçülərini dəyişməyə başladı. Bakı təsəvvürümdə Yer üzünün ən böyük şəhərinə, buradakı beşmərtəbəli binalar ən hündür göydələnlərə, paytaxtın geniş küçə və prospektləri getdikcə bitməyən, uzandıqca-uzanan yollara çevrildi...
Əyalətdən yenicə gəlmiş bir gənc üçün Bakının havasından səs-küyünə, insanlarının geyimlərindən ləhcələrinə, davranış tərzlərinə qədər bir çox şeylər büsbütün fərqli idi. Amma bu müxtəlifliklərin içində də bir çox ümumiliklər tapmaq olardı.
Doğma paytaxtda ilk kəşf etdiyim belə ortaq dəyərlərdən biri Bakı ağsaqqalları oldu. Gördüm ki, onlar da Lənkəranda, ata yurdum Lerikdə gördüyüm ixtiyarların tam eynisidirlər. Onlar kimi ağır salğarlıdırlar, mərddirlər, xeyirxahdırlar. Dar gündə olanın köməyinə yetəndirlər. İlk baxışda sərt və tündməcaz görünmələrinə rəğmən, böyük ürək sahibidirlər. Öz yaşıdları ilə şux zarafatları, baməzə söhbətləri xoşlayandırlar. Həm də qıvraqdırlar, zirəkdirlər, zəhmət çəkməyə ərinib, əllərini işdən, qazancdan, gündəlik ruzidən iraq qoyan deyillər.
Ömrün o unudulmaz illərində taleyin rastıma çıxardığı bu insanlardan həmişə yaxşılıq gördüm. Onlardan görüb-götürməyə çalışdım. Zaman Bakının özü kimi bu şəhərin ağsaqqallarını da qısa zamanda doğmalaşdırdı.
İndi fərqindəyəm ki, bu doğmalıq, əslində, dəyərlərin doğmalığı imiş... O dəyərlərin ki, Azərbaycanın hər bir yerində elin sayılıb-seçilən ağsaqqalları onları yenə öz şəxsiyyətlərində yaşadıb, qoruyub gələcək nəsillərə ötürürlər.
O kişilərdəndir Hacı Madər...
O, 60-cı illərdə gördüyüm, söz-söhbətlərini, davranışlarını, insanlara münasibətlərini bir yazıçı diqqəti ilə izləyib təxəyyülümə köçürdüyüm Bakı ağsaqqallarını xatırladır. Buna görə də hər dəfə Hacı Madəri görəndə sanki yenidən tələbəlik illərimə qayıdıram...
***
Yaradana şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə edəndən sonra cəmiyyətimizdə vicdan azadlığı təmin olunub. Müqəddəs məkanlara yollarımız açılıb. İndi vətəndaşlarımız imkanı çatan hər bir müsəlman üçün vacib əməllərdən sayılan Həcc ziyarətinə gedə bilirlər.
80-ci illərin sonlarından üzübəri, minlərlə soydaşımız Kəbədə olub. Əlbəttə, bir çoxlarının bu ziyarətdə məqsədi, özünü hər hansısa bir dini titulla cəmiyyətdən fərqləndirmək deyil, sadəcə, islami hökmü yerinə yetirməkdir. Ona görə də bu adamları Həcc ziyarətindən sonra da doğru olaraq, yenə sadəcə, öz rəsmi ad və soyadları ilə xatırlayırıq. Madər Musayev təqdimatına gəlincə isə... vəziyyət dəyişir. Hacı titulu onun adına elə qaynayıb-qarışıb ki, az qala, rəsmi sənədlərdə də belə yazıldığını zənn edirsən. İclasda, rəsmi tədbirlərdə qəfil "Madər Musayev" deyə elan ediləndə, bir anlıq "Kim?" sualı ilə duruxduğun da olur...
İnsanlarımız onu Madər Musayevdən çox, Hacı Madər kimi tanıyırlar. Bu, zənnimcə, Beytül-Müqəddəsi ziyarətlə əldə edilmiş titul deyil. Başqalarına xoş münasibətin, xeyir əməllərin, yaxşı adla yaşanmış ömrün insana qazandırdığı böyük xətir-hörmətin bir kəlmədə ifadəsidir.
Adətən, kimsə xeyrə-şərə yarayıb adamların karına gələndə, nəcib işləri ilə el-obada ad çıxaranda, köməksizlərə təmənnasız əl tutanda və bütün bunların qarşılığında ruzi-bərəkəti başından töküləndə söyləyirlər ki, deyəsən, bu adama hacılıq gələcək...
Hacı Madərin adı qarşısındakı titul da onun missiyasının formalaşdırdığı ictimai dəyərdir...
***
O, 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, 1995-ci ildən isə ardıcıl olaraq 5 çağırış Milli Məclisin deputatı seçilib. Binəqədi seçicilərinin bu qədər böyük bir müddətdə ona etimad göstərmələri Hacı Madərin camaat arasındakı böyük nüfuzundan irəli gəlir. Bu, yalnız ictimai inamdan, qarşılıqlı səmimiyyətdən qaynaqlanır. İnsanların inamını öz əməlləri ilə doğruldub etibar qazanan, seçicilərin səs əmanətinə zərrə qədər xəyanət etməyən, kimisə allı-güllü vədlərlə aldatmayan şəxsə təkrar-təkrar etimad göstərilməsidir...
Əvvəllər elə bilirdim ki, bu münasibət deputat həmkarımın özünün Binəqədi kəndində doğulub böyüməsindən və indiyə qədər də bu kənddə yaşamasından irəli gəlir. Məhz Binəqədidən olduğuna görə, yerli camaat arasında bu qədər böyük hörməti var. Amma sonra gördüm ki, Hacı Madərin insanlar arasındakı nüfuzu təkcə Binəqədi çevrəsi ilə məhdudlaşmır. Bu ad hər yerdə hörmətlə çəkilir, xatiri əziz tutulur. Yaxından-uzaqdan tanıyan hər kəs, ona ehtiram bəsləyir.
Bu, hansısa vəzifənin, statusun formalaşdırdığı münasibət deyil. Tam əminəm ki, Hacı Madər Azərbaycan Respublikası Milli Məclisinin deputatı deyil, Binəqədi kəndinin bələdiyyə üzvü, adi bir sakini olsaydı belə, yenə onu tanıyan bütün insanların hörmətini qazanacaqdı. Deputat statusunun yaratdığı fərq isə bundan ibarətdir ki, indi onu tək bir kənd yox, ümumən cəmiyyət tanıyır və şəxsiyyətinə rəğbət göstərir.
Bu münasibət Hacı Madərin bir insan kimi təbiiliyindən, yüksək səmimiyyətindən, haqqı-nahaqqın ayağına verməməsindən irəli gəlir. Onu insanlara ən əvvəl bu keyfiyyətləri tanıdır. Riyakarlıqdan uzaq, təbiət qədər saf və koloritli insan indiki dünyamızda həyatın az rastlanan xoş tapıntısıdır. Hacı Madərlə ilk dəfə kəlmə kəsən hər kəs, yaxından tanıdıqca onun timsalında belə bir tapıntını fərq etmiş olur.
Görür ki, həyat onu inamın, etibarın, əhdə sədaqətin, köhnə kişilərə xas sözübütövlük hissinin ucuz tutulmadığı, mənəvi dəyərlərin get-gedə qəhətə çıxdığı bir dünyada yaşamaq istəyən və belə bir dünya üçün ən azı, bir fərd səviyyəsində nələrsə etməyə can atan Allah adamı ilə qarşılaşdırıb...
Yuxarıda Hacı Madərin ağsaqqallıq mahiyyətindən bəhs etdik. Bu yaşımda çox ziddiyyətli insanlarla, mürəkkəb xarakter sahibləri ilə qarşılaşdım. Ağsaqqal yaşda adam gördüm, amma ağsaqqallığını görmədim... Müdriklik yaşına yetişmiş şəxslərlə rastlaşdım, amma sözlərində, əməllərində nə nəsihət, nə dürüstlük, nə də ki, böyüklük duydum...
Gizlətmirəm, yalanı da, riyakarlığı da, cılızlığı da gənc nəsildən daha çox məhz öz həmyaşıdlarımda görürəm. Amma nə yaxşı ki, bunları Hacı Madərdə görmürəm. Yalandan, riyadan, işə pəl vurmaqdan, pislikdən uzaq, tam bir səmimiyyət sahibidir bizim Hacı Madər...
Ağsaqqal kimi əsl ağsaqqaldır Hacı Madər...
***
O, Milli Məclisin
çox danışmayan deputatlarındandır. Hərdən dostlar arasında da incə yumorla, necə
deyərlər, "saqqızını oğurlayıb",
onu parlamentin hər iclasında çıxışa həvəsləndirmək
istəyənlər tapılır. Yüksək
yumor hissinə malik Hacı isə eyhamı göydə tutub
qırımını pozmur. Deyir ki,
"narahat olmayın, mən vaxtında, məqamında
danışmağı sevirəm. Lazım
olan yerdə sözümü deyirəm. Bir də iş
görmək danışmaqdan yaxşıdır. Mənim
yerimə də əməllərim danışır..."
Bütün toplantılarda, müzakirələrdə
nitq irad etməyə xüsusi maraq göstərən və
yeri gəldi-gəlmədi, mövzunu dərindən bildi-bilmədi
hər bir mövzuda bəlağətlə danışıb
başqalarının vaxtını almağı sevən bir
çox natiqlərin bu nəticəsiz həvəsinə
şahid olduqca görürsən ki, insafən, Hacı öz
məntiqində tam haqlıdır. Hər bir
çıxış müəyyən bir nəticəyə,
faydaya yönəlməlidir. Ata-babalarımız
"Danışmaq gümüşsə, susmaq
qızıldır" kəlamı ilə az
danışıb, çox iş görməyi təlqin edirlər.
Əsl dəyərin - qızıl nəticənin
insanın boş danışıqla söylədiyi quru kəlmələrdə
deyil, susqunluğu ilə gördüyü real işlərdə
olduğunu göstərirlər.
Hacı
Madər də danışığı ilə
gümüş kimi sözlər xırdalamaqdansa, el-oba
üçün qızıl kimi işlər görməyi
üstün tutanlardandır...
O,
parlament müzakirələrində gündəliyə
çıxarılmış məsələlərə ən
çox bələd olan, bu məsələlərlə
bağlı faydalı təklif irəli sürə biləcək
peşəkarların dinlənilməsini istəyir. Ola bilər
ki, parlament zalında səsi az eşidilir.
Davamlı çıxışlarla özü barədə fəal
deputat imici formalaşdırmağa can atmır. Amma Binəqədi
seçiciləri bu səsi Hacı Madərin şəxsi
nüfuzu, əzmkar fəaliyyəti sayəsində müvəffəq
olduğu mühüm sosial layihələrin icrası prosesində,
yeni infrastruktur obyektlərinin açılış mərasimlərində,
insanların xeyrində-şərində, çətin vəziyyətlə
üzləşmiş ailələrə kömək
anlarında çox tez-tez eşidirlər...
Bir dəfə
müsahibəsində özünəməxsus səmimiyyətlə
söyləmişdi: "Demirlər ki, Madərin dünən
bir yaxşı məqaləsi vardı qəzetdə, deyirlər
ki, Madər filankəsə ev tikdirdi, asfalt saldı, məktəbi
təmir etdirdi, filankəsi barışdırdı, filankəs
qızını vermirdi, məsləhət gördü, verdilər..."
***
O,
çox dostcanlı insandır. Həmişə söz
düşəndə deyir ki, var-dövlət insanın dostu
deyil, amma əsl dost həm də var-dövlətdir. Hacı
Madərin maddi imkanlar, dünyagörüş, savad səviyyəsi,
aid olduğu sosial qrup etibarilə bir-biri ilə kəskin təzad
təşkil edən çoxlu dostları var. Onun dostları
sırasında təmtəraqlı həyatı sevən
çox imkanlı kəslərdən tutmuş, kasıbyana
dolanan sadə insanlara, bazar adamlarından ziyalılara,
heç orta təhsili belə olmayanlardan ölkənin
nüfuzlu elm xadimlərinə qədər hər cür adama
rast gələ bilərsən.
Bu əkslikləri
uzlaşdıran, həmin adamların işıqlı cəhətlərini
bir araya gətirib xoş bir insan mənzərəsi yaradansa
Hacı Madərin özünün bütöv şəxsiyyətidir...
"Gərək dostdan çox şey gözləməyəsən. Sən
gözləmə ki, dostum mənim yolumda ölümə
getsin. Yaddan çıxarmaq olmaz ki, düşməni
dosta çevirmək xoşbəxtlikdirsə, dostu düşmən
etmək ən böyük ağılsızlıqdır"
- bu, onun həyat devizidir...
Özününsə dostlar üçün bəzən
gözlənilməz sürprizlər etməyi də var. Bir dəfə
tətil vaxtı deputat həmkarlarım Eldar İbrahimov və
Hadı Rəcəbli ilə Kislovodskdakı sanatoriyaların
birində müalicə olunurduq. Sanatoriyanın pəhriz yeməklərindən
yenicə usanmağa başladığımız günlərin
birində şəhərdə əvvəldən bələd
olduğumuz tanış restorana gedib toqqanın
altını azca bərkitmək istədik.
Naharımızı bitirib hesabı ödəmək
üçün ofisantı çağıranda o, hesabın
çatdığını dedi. Restoranda bizdən
başqa da Azərbaycandan xeyli qonaq vardı. Ətrafa göz gəzdirdik ki, bəlkə hesabı
ödəyən onlardan biri olar. Amma yan-yörədə
güman gələsi heç bir tanış
sima gözə dəymirdi. Tərs kimi, ofisant da
bunu kimin etdiyini söyləmək istəmirdi. Dilə tutduq. Məlum oldu ki, biz
nahar edən vaxt, Bakıdan bir dostu restoranın
inzibatçısına təsadüfən zəng edib. Bizi tanıyan inzibatçı isə onunla əhval-pürsanlıq
zamanı üç azərbaycanlı deputatın da restoranda
olduğunu söyləyib. O isə bizim onun qonağı
olduğumuzu deyərək, naharın pulunu almamağı
tapşırıb.
Bəs bu
bakılı dost kim olsa
yaxşıdır: bizim Hacı Madər...
Adını eşidəndə, üzümüzə təbəssüm
qondu.
Söhbət bir nahar ziyafətindən getmir. Əsl məqam
başqadır. Dost əlinin
açıqlığını, istiliyini Azərbaycan sərhədlərindən
kənarda da hiss etdirən Hacının bu comərdliyi bizi
çox mütəəssir etdi...
***
Hacı Mazər çox duzlu kişidir. Onun
özünəməxsus kaloritlə şirin Bakı ləhcəsində
elədiyi duzlu-məzəli söhbətlərə, zarafatlara
özündən asılı olmadan qəşş edirsən.
Sonra bu söhbətlər yaddaşa
köçür, onu başqaları ilə paylaşırsan,
onların da üzü gülür.
Xeyriyyəçilik, imkanı yetən qədər
başqalarına kömək göstərmək onun
üçün həyati borcdur. Çox da təvazökardır.
Özünü fundamental savadlı adam
saymır, başqaları kimi özünü alim qiyafəsində
təqdim etmir, əslində, belələrinə yaman
atmacaları da olur... Amma elə söhbətləri
var ki, dinləyəndə görürsən, bu, həyatın
öyrətdiyi dərslərlə dünyanın bütün
sirlərinə vaqif olmuş, akademik biliklərin fövqünə
ucala bilmiş əsl müdrikin bəsirətidir. Deyir ki, "insanda ağıldan qiymətli heç
nə yoxdur. Bəzən görürsən,
pul ağıldan çox olanda, insanı o idarə edir. Arzu edirəm heç kimin pulu ağlından
çox olmasın. Bu, çox dəhşətli
şeydir. Hətta insanın
sağlamlığından da vacibi ağıldır".
Belə bir məntiqi insana dünyanın heç bir
kitabı öyrədə bilməz. Bütün
ömrü bu təlqinlə yaşamaqdan ötrü adamın
özünün bəsirət gözü açıq
olmalıdır.
Hacı
Madər də bəsirəti açıq kişilərdəndir...
***
Əslində,
iki Milli Məclis var. Biri - hamının gördüyü,
qızğın müzakirələrin getdiyi,
televiziyaların reportajlar verdiyi, jurnalistlərin yazılar
yazıb şəkillər çəkdiyi Milli Məclisdir,
digəri də kameraların obyektivindən, jurnalistlərin nəzərindən
uzaq Milli Məclis...
Açığını deyim ki, 2005-ci ildə deputat
seçilənə qədər özümün də bu məkan
haqqında təsəvvürlərim ancaq görünən
Milli Məclisdən ibarət idi. Amma deputat mandatı ilə
parlamentin Anadolu türkləri demiş, "arxa sokak"larına
adlayandan sonra şahid oldum ki, Milli Məclisin görünməyən
tərəfləri də göz qabağında olan
parlamentimiz qədər maraqlı məkandır. Buranın da özünəməxsus obrazları, bir
yazıçı üçün bolluca material verən tip və
xarakterləri, ağsaqqalları, nüfuzlu insanları var.
Elə Hacı Madəri də ən çox burada
tanımağa başladım. Gördüm ki, o,
Milli Məclisin sözü ən çox eşidilən
nüfuzlu kişilərindəndir. Ağsaqqal nəsihəti
də var, dünyagörmüş insan yanaşması, hələ
desəm, şux baməzəliyi də... O gəldisə, demək,
məclisə də, söhbətə də hakimliyi o edəcək...
Bir
sözlə, Milli Məclisdə hamının
ehtiramını qazanıb bizim Hacı...
Adamı tək sözündən tanımır, onu elə
susqunluğu ilə də öyrənir. İnsan sərrafıdır
bizim Hacı...
Dostluqda, insani münasibətlərdə yüksək sədaqət
hissi, insanların tutduqları yola, qurduqları münasibətə,
başqalarının inamına xəyanət etməməsi
Hacı Madər üçün vazkeçilməz dəyərdir. Onun üçün bu
münasibətlər bir illə, beş
illə tamamlanmır, Milli Məclisin bir
çağırışı ilə başa çatmır.
Dəfələrlə fikir vermişəm ki, o, Milli Məclisdə
qazandığı yeni dostlarla bərabər, müəyyən
müddət parlamentdə təmsil olunan, amma indi deputat statusu
daşımayan şəxslərlə də dostluq münasibətlərini
indiyə qədər davam etdirir...
***
Hərdən bir neçə deputatın yaxın
çayxanaların birində əyləşib armudu stəkandan
pürrəng çay qurtumlaya-qurtumlaya dərdləşməsi
görünməyən Milli Məclisin vacib
atributlarındandır. Belə çay dəstgahlarında
başqa həmsöhbətlər kimi Hacı Madərin də
ölkədə və dünyada baş verən ən
müxtəlif hadisələrə, yeniliklərə
münasibətinə şahid oluram.
Və
görürəm ki, o, dostluğa sadiq olduğu qədər əqidəsində
də bütöv bir kişidir...
Hacının
siyasi məsləyində köhnə kişilərin əxlaqı,
mərdliyi, yediyi çörəyə, başqasından
gördüyü yaxşılığa dönük
çıxmamaq var, axı...
Buna Hacı Madərin Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik
kursuna sədaqətində dəfələrlə şahid
olmuşam. Onun ulu öndərə bağlılığı
70-ci illərdən başlanır. Hacı
Madər deyir ki, Heydər Əliyev 70-ci illərdə Azərbaycana
ruzi-bərəkət gətirdi və bu bərəkətdən
mən də öz payımı götürdüm. Məni Hacı Madər edən o illərin bərəkətidir,
Heydər Əliyev sayəsində əlimin
çatdığı çörəkdir.
90-cı illərin təlatümlü günlərində
də o, Azərbaycanın abadlığını,
firavanlığını, bərəkətini Heydər
Əliyevin müdrikliyində görür və ulu öndərə
dəstək verirdi. O, bu gün də Heydər Əliyev ideyalarına, bu
ideyaların gücü ilə Azərbaycanı tarixinin ən
qüdrətli mərhələsinə yetirən Prezident
İlham Əliyevin yürütdüyü siyasətə
sadiqdir.
Çünki Hacı Madər ağıllı
kişidir, həyatın, rifahın,
dolanışığın yol-yolağasına bələddir. Bilir ki, ən
düzgün siyasət cəmiyyətdə sabitliyi, davamlı
inkişafı təmin edən, insanların əlini bir tikə
ruziyə çatdıran, körpələrin qarnını
doyuran, əyin-başını təzələyən,
kişiləri ailə-uşaq yanında utandırmayan, halal zəhmətə
qatlaşıb varlanmaq istəyənlərə bu imkanı
yaradan siyasətdir.
Və Vətən
abadlığının qeydinə qalan hər kəsin bu siyasətə
dəstək verməsi fərzdir...
***
Noyabrin 26-sı "Şöhrət" ordenli dostumuzun
70 yaşı tamamlanır. Özü kimi köhnə kişilər
demiş, yeddinci onluğu xırdalayır...
Bu əlamətdar gün münasibətilə qələmə aldığım dost təəssüratlarında özündən çox sitat gətirdim, fərqindəyəm. Amma yazını da yenə Hacı Madərin öz sözləri ilə bitirməli olacağam: "Gileylənməyə haqqım yoxdur. Geri qayıtmaq mümkün olsaydı, bu ömrü elə bu cür də yaşayardım: sadə və namuslu. Təkcə yaxşılıqlarımın sayını artırardım. 50 ilə də fəxr etmişəm, 60-la da, 65-lə də. Gərək dünyada elə ad qoyasan ki, nəvə-nəticələrin sənin adın gələndə sevinsin".
Xeyir əməllərlə yaşanmış 70 illik ömürlə necə qürur duymayasan?!
Doğum günün mübarək, əziz dost...
Tanrı 100 yaşınla da qürur duymaq fürsəti yaratsın...
"Azərbaycan" qəzeti
23 Noyabr 2017
Ədalət.-2017.-24 noyabr.-S.2.