HƏR DAŞIN ALTINDA BİR TARİX YATIR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

(əvvəli ötən

saylarımızda)

 

Füzuli rayonu ərazisindəki tarixi abidələrlə bağlı yazdığımız, daha doğrusu, oxuculara təqdim etdiyimiz materialın növbəti ünvanı bu rayon ərazisindəki türbələrdən olan Sofu Həsən Şıxbalalı türbələridir. Öncədən onu da vurğulayaq ki, bu gün Füzuli rayonu ərazisində olan qədim abidələrin, o cümlədən türbələrin müəyyən hissəsi düşmən işğalı altında olan ərazilərdədi. onlar da həmin o işğalın acı taleyini yaşamağa məhkum olunublar. Üstəlik, müxtəlif mənbələrdən əldə etdiyimiz bilgilərə söykənərək deyə bilərik ki, Füzuli rayonu bütövlükdə işğal olunmuş bütün ərazilərimizdəki yeraltı yerüstü sərvətləri talan edən düşmən həm bu talançılıqla kifayətlənmədən həmin abidələri dağıtmaqdan belə çəkinmirlər. Onların vandalizmi həmin abidələrin tarix səhəsindən silinməsinə gətirib çıxarır. Özü bu, düşünülmüş şəkildə böyük hərflərlə yazılacaq düşmənçiliklə yerinə yetirilir.

Bu gün Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən əsrləri arxada qoyub günümüzə qədər gəlib çatmış müqəddəs ünvanlardan biri Sofu Həsən türbəsidir. Doğrudur, bu türbənin daha çox yeraltı sərdabəsi salamat qalmış özünün varlığını məhz bu cür bizlərə, bütövlükdə tarixə təqdim etmişdir. Bütövlükdə türbə Yuxarı Kürdmahmudlu kəndinin kəndarası yolunun kənarındakı boş sahədədir. Görünür, zamanında bu ərazi daha böyük bir sahə kimi diqqətçəkən olmuş türbənin memarı da, onu inşa etdirən bu yeri uyğun bilərək tarixi abidəni burda ucaltmışdı.

Azərbaycan tarixinin müəyyən zaman kəsiyini öz yaddaşına yazmış həmin bu türbə həm xarici, həm daxili basqıların müəyyən coğrafi, təbii proseslərin nəticəsində uçub dağılsa da, onun yeraltı sərdabəsi inşaat baxımından mükəmməl olduğu üçün günümüzə gəlib çıxa bilib. Mütəxəssislər bu sərdabədə təhqiqat apararkən müəyyən ediblər ki, ərazidəki yeraltı sular bu abidəyə öz təsirini göstərib. Ona görə sərdabənin daxili lil çöküntüsü ilə dolubdu. Nəticədə həmin lil sərdabənin döşəməsinin üstünə çıxmış sərdabənin içərisinə daxil olan şəxs döşəmədə dayanıb əlini qaldırarsa, onun tavanına toxuna bilər. Elə bunun özü müəyyən təhqiqat işlərinin aparılmasına çətinlik yaradıbdı. Lakin Azərbaycan tarixini öyərənən cəfakeş elm adamları israrla bu sərdabənin öyrənilməsi, bütövlükdə türbənin mahiyyətini, məzmununu, onun tarixi əhəmiyyətini araşdırmaq, xalqımıza elmi ictimaiyyətimizə çatdırmaq üçün müxtəlif üsullardan yararlanıblar. Hələ ki, bu sərdabəni öyrənənlər daha çox araşdırma işlərini üfiqi ölçülərlə həyata keçirirlər. Yəni sərdabənin öyrənilməsi üfüqi ölçülərin izlənməsi ilə mümkün olur. Bir faktı da xatırlatmaq yerinə düşər. Demək burada bir məqam da var ki, günümüzə qədər araşdırmaçılar bu günə qədər heç bir daş kitabəyə rast gəlməyiblər. Təəssüflə qeyd etmək lazımdır ki, torpaqlarımızın işğalı məruz qaldığımız müharibənin fəsadları Yuxarı Kürdmahmudlu kəndində öz izini qoymuşdur. Ona görə bu abidənin tam öyrənilməsi prosesi bu gün davam edir zaman, məkan baxımından Sofu Həsən türbəsinin daha geniş şəkildə öyrənilməsi yəqin ki, bundan sonra da davam etdiriləcəkdir.

Doğrudur, tarixçilərimiz, yəni Füzuli rayonu ərazisindəki türbələri öyrənən alimlərimiz Sofu Həsən türbəsinin bütövlükdə "epoxa" adlı kərpiclə inşa olunmasını əsas gətirərək belə hesab edirlər ki, türbə Füzuli rayonu ərazisindəki "qarğa bazar" kənd məzarlığındakı Cəlil türbəsiylə müəyyən uyğunluqlar var. Yəni hər iki türbənin tikinti materialları demək olar ki, eynilik təşkil elir. Bax, türbələrin hər ikisindəki tikinti materiallarına istinad edən, xüsusilə onu kərpicini əsas gətirən mütəxəssislər vurğulayırlar ki, hər iki abidə eyni dövlətə aiddir. Bundan başqa, həm Sofu Həsən, həm Cəlil türbələrində tikintinin özünün layihəsi , onun tikilmə üsulu da eynidir. Yəni hər iki türbədə divarlara düzülmüş, daha doğrusu, hörülmüş kərpiclərin düzümü bu düzümdən alınan naxışlarda bir oxşarlığın olması danılmazdır. Tikinti üzrə mütəxəssislərin fikirlərinə görə, hər iki türbə eyni memarlıq üsulu ilə tikilmişdir. Yəni bu türbələrdə eyni məktəbin izləri görünür. bu da onu deməyə əsas veri ki, hər iki tübənin müəllifi eyni insandır. Qarğabağazar kəndindəki Cəlil türbəsinə istinad edən alimlər onu da bildirirlər ki, XIX yüzillikdə Qarabağda yaşayıb yaratmış adı yalnız Cəlil türbəsi üzərində nəqş olmuş İbrahim Xəlil hər iki türbənin memarı olmuşdur. Digər tərədən alimlər belə hesab edirlər ki, hər iki türbədə öz dövrünü tanınmış şəxslərindən kimlərlə dəfn edilmişdir.

Füzuli rayonu ərazisindəki türbələrdən biri rayonun Şıxbabalı kəndində yerləşən Şıxbabalı türbəsidir. Bu türbə ümumiyyətlə, öz tikilmə tarixinə görə, ən qədim abidələrdən sayılır. Bu abidənin aşkarlanmış daş kitabəsində onun 1272-ci ildə tikildiyi göstərilir.

Füzuli rayonu ərazisində yerləşən Şıxbabalı türbəsi bir tarixi abidə olmaqla yanaşı, həm bir memarlıq nümunəsidir. Abidəni araşdıran mütəxəssislər onu səkkiz bucaqlı olmaqla üst hisəsinin çatmatax günbəzlə örtüldüyünü xüsusi vurğulayırlar.

Maraqlıdır ki, bu türbənin həm yeraltı sərdabəsi var. Digər türbələrdən fərqli olaraq Şıxbabalı türbəsinin günbəzi alimlərin diqqətini çəkibdi.

Çünki ölkəmizin ərazisindəki əksər türbələr ikiqatlı günbəzdən ibarət olduğu halda, Füzuli rayonunun Şıxbabalı kəndindəki türbənin günbəzi birqatlıdır. üstəlik, həmin günbəzin adı gedən qatı bir sıra qatla hörülmüşdür. Burada onu da xatırlatmaq yerinə düşər ki, bu türbədə Mömünə Xatun türbəsinin elementlərinə rast gəlmək mümkündür.

Bəli, Azərbaycan tarixinin önəmli bir səhifəsi olan türbələr özü-özülyündə Azərbaycan xalqını təqdim edir. Onun dünəni, bu günü, inamını inancını özündə yaşadır. Bizim bir vətəndaş olaraq borcumuz tariximizin ifadəçisi olan abidələri qorumaqdır.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət 2017.- 25 noyabr.- S.4.