QARANLIQ DÜNYANIN İŞIĞI
... Onda 1987-ci il idi! Onda hələ Yusif həkimi tanımırdım. Onda gənc idim, bu səbəbdən də yolum xəstəxanaya düşmürdü. Bu, sonralar olacaqdı. Yaşa dolduqca həkim dostlarımın, tanışlarımın sayı da çoxalacaqdı. Belə də oldu. İndi isə həkim dostlarımın sayı ildən-ilə azalmaqdadı.
Bu dünyada, eləcə də mənim mənəvi dünyamda Yusif həkimin - o işıqlı, nurlu ziyalının, o xeyirxah adamın xüsusi yeri vardı. İndi bu dünyada da, mənim dünyamda da onun yeri görünür. Bu dünyada günlər, aylar Yusif Bağırovsuz ötüşür, səhərlər onsuz açılır, günəş onsuz şəfəq saçır... Ona görə də dünyanın rəngi dəyişib, yetimləşib dünya! Axı bu dünya Yusif kimi yaxşı adamlarla, nurlu ziyalılarla, can dərdlərimizə məlhəm olan həkimlərlə gözəldi. Bu dünya yaxşı və xeyirxah adamlar olmadan necə gözəl ola bilər? Axı dünya yaxşı adamların çiyinlərində bərqərar olub.
Yusif Bağırov yaxşı adam, yaxşı həkim, yaxşı dost idi. O yaxşı adamla, yaxşı həkimlə ilk tanışlığımız 1987-ci ilin oktyabrında olmuşdu. Onda Yusif Bağırovun 37 yaşı var idi. Onda Yusif Bağırovun Bakı şəhər Sovetinə deputatlığa namizədliyini irəli sürmüşdülər və mən də bir jurnalist kimi yazı hazırlamalı idim. Elə bu məqsədlə Bakı şəhər Onkoloji dispanserinə yollandım. Üstünə "şöbə müdiri" yazılmış qapını döydüm. İçəridən qalın, zəhmli səs gəldi: "Gəlin!". - İçəri keçdim. Ucaboylu, pəhləvanlara məxsus bədən quruluşu ilə uca dağı xatırladan bir adam ayağa durub, ağır, ləng yerişilə irəli gəldi. O sanki əzəmətli bir dağ idi və bu "əzəmətli dağ"ın üzündə bir işıq vardı, nur vardı. Bu işıq, bu nur məni ürəkləndirdi. Əl verib köhnə dostlar kimi görüşdük və söhbətə başladıq. O, birdən-birə söhbəti yarımçıq kəsib soruşdu:
- Tovuzlusan?
- Hə,
- dedim.
- Firudin Bağırovu tanıyırsan?
-
Haqqında çox eşitmişəm, amma görüşməmişəm.
- Utanan kimi oldum. Çünki Azərbaycanda elə
bir jurnalist, yazıçı, şair, mədəniyyət və
incəsənət adamı tapılmazdı ki, Firudin
Bağırovun bir tikə çörəyini kəsməmiş
olaydı. Hamı onun işığına can
atırdı. O, böyük bir təsərrüfata rəhbərlik
edirdi. Sovxoz direktoru idi. Dünyaya
göz açdığı Düz Qırıxlı kəndini
Azərbaycanda və qonşu respublikalarda tanıdan o
böyük şəxsiyyətdən bəhs edən məqalələr,
oçerklər... respublika qəzetlərinin səhifələrini
tez-tez bəzəyirdi.
-Mən
Firudin Bağırovun oğluyam!. - Yusif həkim
qürurla, fəxrlə bildirdi. Şəkildə
gördüyüm Firudin Bağırov gözlərim
önündə canlandı və mən Yusif həkimə
diqqətlə baxdım. İlahi! İnsan da bir-birinə
necə də oxşayarmış! Firudin müəllim də
hündürboy, enlikürək, dolu bədənli,
güclü əzələli, dağ gövdəli... kişi idi; oğlu Yusif də ona çəkmişdi.
Sonra Yusif
həkim mənə qonaqlıq verdi. Dünyanın bütün naz-nemətlərini
süfrəyə düzdürmüşdü. Onunla çörək kəsdik,
tanışlığımız şərəfinə badə
qaldırdıq. Sonralar bu
tanışlıq dostluğa çevrildi və biz tez-tez
görüşüb könül söhbəti eləyirdik.
Bir eloğlu kimi dostluğumuz mənə
qürurlandırırdı. Axı onun kimi
tanınmış bir cərrahla, alimlə, işıqlı
ziyalı ilə dost olmaq böyük şərəf idi və
mən bu şərəfə yiyələnmişdim.
Yusif həkim yumoru çox sevirdi. Duzlu, məzəli
lətifələr danışırdı. Sinəsi şeirlə dolu idi. Rasim Kərimlidən,
Hüseyn Arifdən, Yunus Əmrədən, Mikayıl
Azaflıdan, Məftundan... çoxlu şeirlər bilirdi.
O, həkim-cərrah
idi. Bəlkə də Yusif Bağırov Azərbaycanda yeganə
cərrahlardan idi ki, xəstənin cibinə yox, gözlərinin
içinə baxardı, xəstənin dərdini gözlərindən
oxuyardı... Xəstədən, eləcə də
onun yaxınlarından, ümumiyyətlə həyatda
heç kimdən heç nə ummazdı. Dəfələrlə imkansız xəstələrə
pul verdiyinin şahidi olmuşdum. Bu, həqiqətdir.
O da həqiqətdir ki, Yusif həkim sinəsində mərd,
xeyirxah, həm də həssas və kövrək bir ürək
gəzdirirdi. Bu ürək xeyirxahlıqla
döyünürdü, insanlara sevgilə, məhəbbətlə
döyünürdü. Onu sevirdilər, adını məhəbbətlə
çəkirdilər... O da atası Firudin Bağırov kimi
xeyirxah idi, qayğıkeş idi, insanpərvər idi, qonaqpərvər
idi. Heç kimi incitməzdi, könlünə
dəyməzdi, "Könül sındırmaq, Kəbə
uçurmağa bərabərdi". - Bu kəlamı
ilk dəfə ondan eşitmişdim. Yusif həkimdən
həm də eşitmişdim ki, insanın əsl həyatı
ölümündən sonra başlayır. -
Düzü, o vaxtlar bu sözlərə
inanmamışdım. İndi inanıram. Bu inamı ürəyimdə cücərdən Yusif
həkimin unudulmaması, həmişə hörmətlə,
məhəbbətlə xatırlanmasıdı. İnsan
xatırlanırsa, məhəbbətlə yada
düşürsə, haqqında gözəl fikirlər səslənirsə...
ölməyib deməli, onu xatırlayan sonuncu adam
qalana kimi yaşayacaq... Onu xatırlayan sonuncu adam
da dünyadan köçəndən sonra həmin o insanı
haqqında yazılanlar yaşadacaq.
Yusif Bağırov haqqında dörd məqalə,
üç şeir və poema yazmışam. Poemanı
sağlığında oxuyub, bəyənib və "mən
öləndən sonra çap etdirərsən", - deyib.
Bəs bu poema necə oldu ki, yazıldı?
Onda 2004-cü, ya da 2005-ci il olardı. Bəlkə də yanılıram. Yusif Bağırov Mərkəzi Klinik Xəstəxanada
yatırdı. Ürəyində problemlər
baş qaldırmışdı. Yanına
getmişdim. Yenə də zarafatından qalmadı:
"Mən ölüb eləməmiş, haqqımda bir
şey yazarsan", - dedi və güldü. Bu
gülüşün özündə yaşamağa bir
ümidsizlik vardı. Sonra Yusif Türkiyədə
müalicə olundu, amma o, daha ötən əsrin 80-ci illərindəki
sağlam ürəkli, sağlam bədənli Yusif deyildi.
Heç kimin əyə bilmədiyi, heç
kimin sındırmağa gücü çatmadığı,
dağ kimi vüqarlı, polad kimi əyilməz olan Yusif
Bağırova xəstəlik yavaş-yavaş güc gəlməyə
başlayırdı. Hər gün dərman qəbul
edirdi, müayinə olunurdu...
Yusif Bağırov ömrünü havayı
yaşamamışdı, hər bir istəyinə nail
olmuşdu, hər bir arzusunu reallaşdırmışdı. Hamının
gözünün içinə dik baxırdı, ağır,
ləngərli yerişi daha da ağırlaşsa da, əvvəlki
şuxluğu itsə də, şax gəzirdi, üzündən
təbəssüm əskik olmurdu. Hirslənəndə
də dodaqlarında bir təbəssüm işığı
sezilirdi. Həmişə sözü
üzə deyirdi, heç kimdən çəkinmirdi, hər
kəsi yerində oturtmağı bacarırdı.
Ona meydan açmaq heç bir kişinin hünəri
deyildi. O, bu
dünyaya kişi kimi gəldi, kişi kimi
də köçüb getdi.
Hərdən öz-özümə
düşünürəm ki, Azərbaycanda onun kimi kişilərin
sayı o qədər də çox deyil. Onun kimi
kişilər Tovuzda da barmaqla sayılacaq qədərdir.
Xeyirxahlıqda, insanlara öz köməyini əsirgəməməkdə,
el təəssübünü çəkməkdə, qonaqpərvərlikdə,
əliaçıqlıqda, səxavətli olmaqda... Yusif həkimin bərabəri yox idi. Üzündən, gözündən
xeyirxahlığın sakit işığı yanırdı.
O, ömürdən beşəlli
yapışmamışdı; kişilikdən, mərdlikdən,
vicdandan, düzlükdən, haqqın ətəyindən
beşəlli yapışmışdı. O, bir kişilik
simvolu kimi, mərdlik, xeyirxahlıq, yaxşılıq simvolu
kimi həmişə xatırlanır. Bəli, o
xatırlanmağa, məhəbbətlə anılmağa layiq
insan idi.
Yusif qaranlıq dünyada bir işıq idi. İşıq
söndü. Dünya qaranlığa qərq
oldu. İndi mən qaranlıqda oturub
ötən günlərin işığında onun
haqqında bir neçə kəlmə söz demək istəyirəm.
Bilənlər bilirlər, qoy bilməyənlər də
bilsinlər: - Yusif Tanrının verdiyi ömrü
Tanrının istədiyi kimi yaşadı. Həmişə
səsini yox, sözünü yüksəltdi, burnunu yox,
başını dik tutdu. İşıq
dolu ömür yaşadı. Ömrünün
işığı bu gün də sönməyib. Bu işıq oğlunun, nəvələrinin
ömrünə düşüb, sonra bu işıq nəticələrinin,
kötükcələrinin ömründə bərq vuracaq.
Yusif həkimin
yaddaşıma köçən fikirlərini tez-tez
xatırlayıram: "Hörmət etsən hörmətsizə,
hörmət də hörmətdən düşər". Və
yaxud deyirdi: "Pulun yolunda ürəyindən, canından
keçən çox adalar tanıyıram və o
adamların öz canları üçün pulundan keçməyə
ürəyi gəlmir". - Həmin o adamların
adlarını bir-bir çəkir, sonra da əlavə edirdi:
"Mənim onlara yazığım gəlir".
...Yusif Bağırov Xətai rayonu, 20 saylı Birləşmiş
şəhər xəstəxanasının baş həkimi
idi. İşindən razı deyildi. Xəstəxananın
çölü də, içi də bərbad vəziyyətdə
idi, uçub-dağılırdı. "Görürsənmi,
hansı şəraitdə xəstələrin qulluğunda
dururuq? Yağanda damır, qışda
palatalar buza dönür. Amma
dözürük. Axı vəzifəmiz xəstələrə
ikinci həyat verməkdi..." - Acı-acı gülümsəyirdi.
"Çıxıb
gedəcəyəm" - üç il
öncə belə dedi. - Hara gedəcəksən? -
Soruşdum.
"O
dünyaya" - Gözlərində bir kədər
gördüm. Yenə adəti üzrə
sağ əlini cibimə saldı. Ayrıldıq.
Bu, bizim sonuncu görüşümüz oldu.
...Yusiflə
bir neçə dəfə Bakıdan Tovuza səfərimiz
olub. Yol boyunca etdiyi maraqlı söhbətlər,
danışdığı məzəli əhvalatlar, lətifələr,
şeirlər... indi də yadımdadır. Çiyinləri atıla-atıla güldüyü,
güləndə gözlərinin yaşardığı... bu
gün də gözlərim önündən çəkilib
getmir. Düz Qırıxlı kəndində,
eləcə də məşhur "Vladivostok"
restoranında dediyi sözləri, qeyd elədiyi
sağlıqları necə unutmaq olar?
Yusif həkimlə
bağlı xatirələr yaddaşımın qızıl
fonduna yazılıb və hərdən yaddaşımı vərəqləyəndə
onun səsini eşidirəm: "Nə var, nə yox, ay
Vaqif?" - Yusif həkim dünyadan köçəndən
sonra heç kim zəng edib soruşmur: "Nə var, nə
yox, ay Vaqif?". - Gözlərim hər
yanda onu axtarır, ürəyim onu soraqlayır. Sıxıntılı anlarımda, çətin
günlərimdə, xoş çağlarımda, sevinəndə,
kədərlənəndə onu düşünürəm.
Ona zəng etmək istəyirəm, amma zəng
edə bilmirəm. Axı zəng
çalsam, zəngimə cavab verməyəcək. Mən də bunu istəmirəm. Axı o, həmişə səsimə səs verib,
telefonuma ikinci, ya da üçüncü
çağırışdan cavab verib. Həmişə
də söhbətə bu sualla körpü salıb":Nə var, nə yox, ay Vaqif?".
Ömür
kitabımın səhifələrində onun adı da var; bu
ad böyük hərflərlə, diqqəti çəkən
bir rənglə yazılıb: YUSİF BAĞIROV! O, həkim
kimi də, alim kimi də, insan və şəxsiyyət kimi də
mənim üçün doğma idi, qürur duyduğum, fəxr
etdiyim insan idi, dəyərli ziyalı, etibarlı dost idi.
O,
dünyaya yaxşılıq etmək üçün gəlmişdi.
Yaxşılıq etmək, yıxılanın
qolundan tutmaq, xəstələrə şəfa vermək,
kasıblara arxa olmaq onun missiyası idi. Bu
missiyanı ona Tanrı vermişdi. O da öz
missiyasını şərəflə yerinə yetirib
Tanrının hüzuruna qayıtdı.
Sözündə kəsər, dünyasında mərdlik,
həyatında səxavət vardı. Mərhəmətli,
qayğıkeş idi. Diqqətcil və çox səmimi
dost idi. Dostu sevən, dostu sevindirən dost idi.
Heyf o dostdan. Heyf Yusif həkimdən. Axı
dünya onun kimi yaxşı insanlara, işıqla dolu olan
ürəklərə möhtacdır!..
O
dünyada görüşənədək, əziz dost!
Vaqif
İsaqoğlu
Ədalət 2017.- 25 noyabr.- S.14.