İntiqam Mehdizadə

 

Eşitdim müğənni həmyerlim Sahibə Abdullayevanın 60 yaşı tamam olur. Açığı inanmağım gəlmədi, bir az da karıxdım. Öz-özümə "nə tez oldu bu" dedim.

Amma sonra yaşının bu çağında belə 18 yaşdakı səsiylə oxuduğu mahnılar bir-bir qulaqlarımda çınladıqca toxtadım. Yox, yaş ilahidən vergili olan Sahibənin səsinə zərrəcənə dəyib-dolaşmayıb.

Şahidi olduğum sənət yolu gəlib keçdi gözüm önündən. Azərbaycan radiosunda ona həsr elədiyim yarım saatlıq veriliş, onu dinlərkən rəhmətlik Rübabə Muradovanın reaksiyası, rəsmi tədbirlərin, toy mərasimlərinin bəzəyi olan bu istedadlı sənətkarın uzun illər gözdən-könüldən uzaq qalması, nəhayət çox-çox sonralar "Tərəqqi" medalına layiq görülməsi... Dayana bilmədim, şair olmasam da haqqında deyəcəklərim qafiyəli şəkildə kağıza düzüldü.

 

 

SƏS YADİGARI

 

Sənin taleyindir sənətin yolu,

Bu yolda axtarıb tapdın özünü.

Mahnı bir qolundu, muğam bir qolun

Səhnədən mərdanə dedin sözünü.

 

Sənətə bir ucqar kənddən gəlmisən

Bu da bir gəlişdi, olsun, olar?

Səslər zirvəsində qərar tutmusan

Zirvədən o yanda mələklər yaşar.

 

Sıraya düzülüb manıs xanımlar

Səsləri Parisdən, Dubaydan gəlir

Yurdunnan bir addım qoymur kənara

Sahibə illərdi qiymət gözləyir.

 

Hərə üzün tutub bir yana gedir

Bu cərxi-fələyin yönü haradır?

Sahibə səsiylə seli ram edir

Filankəs ad alıb ona vaz atır.

 

Yaşın fərqi var, səsin var olsun

Sən duyan qəlblərin tərcümanısan

Allaha sığınıb haqqa tapınsan

Doxsan yaşda belə oxuyacaqsan.

 

Sən Şövkət xanımdan qalan bir nişan

Lahıcın bağrından qopan sədasan

Adamsız, kimsəsiz, yalqız dolaşan

Rübabə xanımın səs ortağısan.

 

Qədim nəğmələrin çəmənlərində

Gəzərsən çöllərin laləsi kimi

"Şirvan şikəstəsi" sənin ləhcəndə

Səslənər analar laylası kimi.

 

Oxu müğənni qız, şeytana lənət

Qoy şaqraq zəngulən ərşə ucalsın

Sənət yollarında çəkdiyin zillət

Adına, şəninə şərəf gətirsin.

 

 

ÇOBAN QIZI

 

(Şakərimdi, bir kövrək, ruhumu yerindən oynadan mahnı eşidərkən ona qabaq yazmaq keçir könlümdən. Kimi vaxtlar, dəyib-dolaşan olmasa yazıram da. Rəhmətlik Hacıbaba Hüseynovun, Aygün Bəylərin böyük duyğusallıqla oxuduqları "Çoban qızı" xalq mahnısı da o sıradan.)

 

Bilistanda bir qız gördüm

Dan ulduzuydu

Dedilər çoban qızıdı

Keydi, mızıdı.

Bulaqdan su gətirirdi

Qıyğacı baxdı

Bizə "xoş gəlmisiz" deyib

Tez yoxa çıxdı.

 

O gözələ deyiləsi

Bir sözüm vardı

Dedilər dədəsi köntöy,

Özü avamdı.

 

Bir çoban qızını gördüm

Ağzı qaymaqlı

Əynində nimtənə vardı

Qolu yamaqlı.

 

Bir çoban qızını gördüm,

Allah, halda!

Könül verib alanı yox

Gözləri yolda.

 

Bir qız gördüm Bilistanda

Xəyala dalmış

Qapısına gələni yox

Gəmisi batmış.

 

Bir çoban qızını gördüm

Gözləri yaşlı

Evim yoxdu elçi düşəm

Mən başı daşlı.

 

Bir çoban qızı var idi...

Dağdan aşdılar

Mən gözümü açanacan

Alıb qaçdılar.

 

Biri vardı, biri yoxdu

Nağıldı, bitdi

Bir çoban qızı varıydı

İndi gəlindi.

 

 

BALACA ƏZABKEŞ

 

(İstedadlı müğənni xanımla "Apar məni" adlı son dərəcə təsirli bir mahnı - duet oxuyan azyaşlı oğlana üz tutdu.)

 

Səni bu səhnəyə kim çıxarıbdı

Sən hardan biləsən ayrılıq nədir

Oxuma balaca, o sənlik deyil

Ayrılıq əzabın çəkənlər bilir.

 

Boyun bircə qarış, səsin ilahi

Saxla göz yaşını, gərəyin olar

Dərd, ələm yaşınca, boyunca deyil

Hər yaşın öz sözü, öz ahəngi var.

 

Ağzından süd iyi hələ getməyib

Düş ordan, oxuma, xamsan, körpəsən

Hələ ayrılıqdan başın çəkməyib

Hicran atəşində kül olmamısan.

 

Uşaqın öz yolu, gəncin öz yolu

Bu qoca dünyanın öz sahmanı var

Səni öz yolundan salıb aralı

Məsum görkəmindən fayda umurlar.

 

Çıxma ekranlara, hələ uşaqsan

İçini dərd, ələm ovanda oxu

Əl açıb mərhəmət umduğun "insan"

Səni qapısından qovanda oxu.

 

Kim səni salıbdı bu dağa, daşa

Hıçqırıq, göz yaşı sənlikdi məyər?

Çəkil get, inanma saxta alqışa

Başına gələnlər başmaqçı olar.

 

Bilirsənmi oğlum, dost məclisinə

Borc alıb könülsüz getmək necədir?

Can verən ananın son nəfəsinə

Çatmayıb yollarda qalmaq necədir?

 

Dünyada hamıdan güclü sandığın

Atan düz qamətin əyəndə oxu

Anan körpəsinin urvalığıyçın

Qonşu qapısını döyəndə oxu.

 

"Apar məni" deyib qəddimi əydin

Səni kim itirib, kim axtaracaq

Anası Dubayda azan yetimin

Günü, güzəranı çətin olacaq.

 

Biri zurna çalan, biri dəf vuran

Nəfsinin, qarnının quludur çoxu

"Apar məni" deyib hıçqıran oğlan

Di haydı, yeri get, dərsini oxu.

 

Ədalət  2017.- 25 noyabr.- S.11.