Ən qədim türk
soylarından - KOLANILAR...
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Kolanılar ən qədim türk boylarından biridir. Geniş ərazidə
yayılmışlar. Bu gün təkcə şimali Azərbaycanda
deyil, eyni zamanda, cənubi Azərbaycanda, İraqda, Misirdə,
Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə,
hətta Almaniyada və digər ölkələrdə
ümumi olaraq 100 minlərlə kolanı türkü
yaşayır. Tarixi mənbələrdə və
son yüz ilin arxiv sənədlərində Kolanı adı
keçən çoxsaylı sənədlər var. Eyni şəkildə,
son illər kolanı türkləri ilə bağlı bir
neçə araşdırmalar qələmə alınıb.
Ancaq indiyə qədər bu qədim Türk tayfası
haqqında ayrıca monoqrafiya yazılmayıb. Kolanıların tarixi, mədəniyyəti,
etnoqrafiyası, onların ümumtürk tarixindəki yeri və
rolu geniş, əhatəli bir şəkildə
araşdırılmamışdır. Bu səbəbdən
də Kolanıların tarix səhnəsinə
çıxışı, "kolanı"
sözünün etimologiyası və digər cəhətləri
ilə bağlı bir çox tədqiqatçıların
ortaq fikri hələ ki, yoxdur. Biz də bu
yazıda kolanılar haqqında əsas araşdırma aparmaq
və ortaya fundamental əsər qoymaq niyyətimiz yoxdur.
Niyə ki, bunun üçün ən azı
illərlə vaxt və digər mühüm şərtlər
lazımdır. Qismət olsa, gələcəkdə
Kolanı soyu ilə bağlı ayrıca kitab - tədqiqatlar
silsiləsi hazırlamaq niyyətimiz var...
Kolanı
sözünün etimologiyası
haqqında
Kolanı sözünün etimologiyası haqqında bir
çox versiya var. Bəziləri bu adın izahını farsca,
bəziləri Kürd dilində, bəziləri də digər
dillərdə axtarıb. Bu ifadə ilə bağlı irəli
sürülən variantlara birlikdə baxaq;
Bəzi müəlliflər kolanı sözünün
farsca "qüvvətli, çox böyük" mənasını
verən "Kelan" və ya "Kalan" sözündən
törəndiyini, bəziləri kürdcə
"güclü, məğlubedilməz" mənasına gələn
"kolneder" sözündən yarandığını
deyir.
Əlbəttə, bunlar olduqca zəif versiyadır və
qədim adlarımızın izahının Fars, Ərəb,
Kürd və digər dillərdə axtarışı ənənəvi
hal alsa da, kifayət qədər yanlış və zərərli
bir tendensiyadır.
Digər versiyaya görə kolanılar erkən orta əsrlərdə
Qazaxıstanın cənubunda yerləşən Kulan - Qulan
şəhərinin sakinləri olub. Sonralar Kulan şəhərindən
digər bölgələrə köç edən türklərə
Kulan şəhərindən gəldikləri üçün
"Kulanlı" və ya "Kolanlı" demişlər.
Bu da kifayət qədər zəif versiyadır
və hər hansı tutarlı qaynağa, mənbəyə əsaslanmır.
Təkcə bir faktı deyək ki, Suriya və İsrail
torpaqlarında minlərlə il əvvəldən
Kolanı türklərinin yaşadığı məlumdur və
onların dilləri ilə Azərbaycan türklərinin danışdığı
dil arasında çox az fərq var.
Yəni kolanıların Orta Asiyadan Suriya və İsrail
torpaqlarına deyil, əksinə, kolanıların bu bölgələrdən
Orta Asiyaya getməsi fikri daha ağlabatan görünür. Niyə ki, erkən
orta əsrlərdə Kulan şəhərində yaşayan
türklər yaşadığımız torpaqlara
köç edəndə min illər ondan qabaq, Qafqaz və
Qafqazətrafı bölgələrdə məskən salan
yerli kolanılar vardı.
Kulan
(Kolan) Uyğur türklərinin dilində "vəhşi
at", "çöl adı" mənasına gəlir. Kolanı adının bu sözdən ortaya ehtimal da
var. Bu izahı da, məqbul hal kimi qəbul etmirik.
Kolanı boyu qədim türk soylarından, nəsillərindən
biri olduğu üçün zənnimizcə, bu sözün
etimologiyasını da qədim Türk dilində arayıb
tapmalıyıq. Qədim Türk dilində
"Kül", "Kol" kimi ifadələrə rast gəlmək
mümkündür. Bunlardan bəzilərinə diqqət
edək:
1.
Türkiyəli tədqiqatçı Semih Tufan Güləltay
yazır: "Qədim Türklərdə ordu komandirlərinə
"Kol Ata "adı verilirdi". O, eyni zamanda MÖ Kuman
kökənli, mənşəli Kol və Koluman
tayfasının Misirdə məskunlaşdığını
yazır.
2. Ən
qədim Türk, Monqol və Skif (İskit) mifologiyasına
görə dünyada ilk insanın adı Targitay (Tarqutay) idi.
O, bütün bəşəriyyətin - insanlığın
əcdadı sayılır. Targitayın 3 oğlu vardı;
Arpaksay, Lıpoksay və Kolaksay...
Antik Yunan
tarixçisi Heredot yazır: "Targitayın (Skif panteonunda
ilk insan, skiflərin əcdadı) üç oğlu
vardı: Lipoksay, Arpoksay və Kolaksay. Targitayın Skif ölkəsində
krallıq etdiyi dövrlərdə göydən yerə
qızıl əşyalar düşmüşdü: kotan,
boyunduruq, sakaris (balta) və şərab camı. Böyük oğul Lipoksay yaxınlaşıb
onları qaldırmaq istədikdə, o əşyaları alov
bürüdü. İkinci oğul Arpoksay
da yaxınlaşanda bu əşyalar yenidən alovlandılar.
Amma kiçik oğul Kolaksay onlara doğru gedərkən
alov söndü və o, həmin əşyaları evinə
apardı. Buna görə də
böyük oğul atasının şahlığını
kiçik qardaşına verməyə razı oldu."
(Araz Qurbanov, "Damğalar, simvollar, ....mənimsəmələr").
Hər üç sözdə təkrar olunan
"say" kompanenti var. Mərhum tarixçi alim Q. Qeybullayev
bu kəlmənin "dəliqanlı", "oğlan",
"gənc" mənasında olduğunu yazır. Kolaksay
sözünün kökü "Kol" dur. "Kol" sözü bəzi qədim Türk
soylarına, nəsillərinə, xüsusilə Karluq
türklərində Xan səviyyəsinə bərabər
olan titul idi. Ulularımızdan biri olan
Kül Tikinin adındakı "Kül" sözü də
titul bildirən sözdür. Bu, eyni zamanda
onun mənsub olduğu sinfin və soyun göstəricisi də
olurdu. Tarixçi alim Zaur Həsənov da,
hesab edir ki, Kolaksay sözünün kökü sadəcə
"Kol" düşünülməməlidir. Kolaksay
sözü isə "Kol"un, yəni,
çarın, başqanın, xanın tərəfdarları
kimi yozulur. Zənnimizcə, kolanı
sözü də "Kol" kəlməsindən törəyib.
Minlərlə il əvvəl də bu boyun
adı Kolanı yox, məhz Kol (Kül, Kul) olub. Qıyasəddin Qeybullayev "Kul"
sözünün qədim türkcədə "Xan sinfinə
mənsub olan" mənasında işlədildiyini yazır.
Qədim Monqol dilində "kul" (kuluq) qəhrəman,
igid mənasını verirdi. Türk
xaqanı Kül Tikin, Kül Xan, "Kitabi-dədə
Qorqud" da Kulbaş da, bu titulun
daşıyıcıları idi. Tarixdə Kül (Kol)
adı daşıyan ulularımız haqqında
araşdırmanın sonunda ayrıca söz
açacağıq...
Türkiyəli araşdırmaçı Nicat
Çetinkaya Peçeneqlərin 8 boyundan birinin Külbəy
olduğu. İğdır mərkəzə bağlı
böyük kəndlərindən olan Küllük kəndinin
adının bu kimi mənbələrdən gəldiyini deyir
(İ.Çətinkaya, "İğdır tarixi",
İstanbul - 1996). Səncər
Digitçioğlu isə Peçeneqlərin bu boyunun
adını "Suru Külbəy" kimi yazır
("Oğuzdan Selcukluya", İstanbul - 1994). Akademik Ə. Quliyev qədim Türk dilində
"kül", "Külüg" komponentlərinin titul
bildirən söz olduğu qənaətindədir. (Quliyev Ə.A. Qədim Türk onomastikası,
Bakı - 2007). Naxçıvan Dövlət Universitetinin
müəllimi, tədqiqatçı-alim Qalibə Hacıyeva
yazır: "Bir çox tarixi mənbələrdə eradan əvvəlki
Türk tarixində də Kül komponentli antroponimlərə
- Hun xaqanların Sürük-Külük Xan, Kül Xan
adlarına rast gəlirik" (Qalibə Hacıyeva "Cənubi
Azərbaycan toponimləri", Bakı - 2008).
Kola
boyunun mənşəyi - kökəni haqqında
Kolanı boyunun hansı türk soyundan gəldiyinə
dair fikirlər birmənalı deyil. Kolanıların
Peçenek mənşəli, kökənli olduğunu
yazanlarla bərabər, Kəngərli nəslindən
olduğunu iddia edənlər də var. Bəzi tədqiqatçılar
isə kolanıları Səlcuqluların bir qolu kimi
görür. Kolanıların Kürd əsilli
olduğunu yazanlar da var. 16-ci əsrdə yaşamış
tarixçi Şərəfxan Bitlisi "Şərəfnamə"
əsərində kolanıların Kürd mənşəli
olduğunu yazdı. Şərəfxan
Bitlisinin anası Türkmən elinin Mosullu tayfasından olan
Əmir Xanın qızı idi. Atası isə
Kürd əsilli Əmir Şəmsəddin idi. Keçmişdə Sultan Süleymanın əmrlərindən
olmuşdu. Sultan Süleyman tərəfindən
əmirlikdən çıxarıldıqdan sonra Səfəvilərə
sığınmışdı. Bu səbəbdən
Şərəfxan Bitlisi Qumda dünyaya gəlmişdi. Sonralar Səfəvilər tərəfindən
Naxçıvana vali göndərilən Şərəfxan
araçılar vasitəsilə Osmanlının tərəfinə
keçmişdi. Osmanlı sultanı III
Murad da onu Bitlis Bəyliyinə təyin etmişdi. Sonrakı dövrlərdə və eyni zamanda,
yaşadığımız dövrdə kolanıların
Kürd əsilli olduğunu düşünənlər
Bitlisiyə əsaslanaraq, bu fikri hasil etmişlər. Amma dediyimiz kimi, Şərəfxan Bitlisi tarixçi
olmaqla yanaşı, həm də dövlət xadimi idi.
O, əsərini yazarkən daha çox siyasi maraqlarını
nəzərə almışdı və səhv olaraq
kolanıların Kürd boylarından biri olduğunu iddia
etmişdi. Odur ki, Bitlisinin yazdıqları qətiyyən
ciddi mənbə olaraq qəbul edilməz. Azərbaycanda
və eləcə də Şərqin bir neçə ölkəsində
yaşayan yüz minlərlə kolanının min illərdir
ki, ana dili türk dilidir. Bu da onların qəti
olaraq, kəsinliklə türk mənşəli, türk
kökənli olduqlarını müəyyən edir.
Tədqiqatçı
Xaqani Ədəboğlu "Türkçülükdə"
Səlcuqlu "xəstəliyi" kitabında yazır:
"Aid olduğum kolanı (kolanlı - Türkiyədə belə
deyilir) beçeneq qövmündəndir". Görkəmli
araşdırmaçı bu kitabda fikrinə davam edir:
"Türk olmağımız sabitdir. Bu icma
Qara Dənizin şimal sahillərindən gəlmiş
sakların bir qoludur. Buradan getmiş və
buraya qayıtmışdır. Həm Anadoluda, həm
İran Azərbaycanda, həm də Suriya və İraqda
yaşayırlar".
Tarixdə ən qüdrətli Türk dövlətlərindən
birinin banisi olan Səlcuq Bəyin oğullarından biri Musa
Kolan idi (digər adı Musa Yabqu). Səlcuq bəy tarixən
Türklərin ən çox yaşadığı yerlərdən
olan Xorasana Musa Kolanı vali təyin etmişdi. Şimali Azərbaycanda yaşayan Türklərin
böyük bir qismi kolanıların orta əsrlərdə
şimala Xorasandan gəldiyinə inanır. Maraqlıdır ki, Anadolu Səlcuqlu Dövlətinin
sultanı Süleyman Şahın (XI əsr) oğlunun adı
Kulan və ya Kulan Arslan idi. Bu və bu kimi
səbəblərdən kolanıların Oğuz Türklərinin
Kınık nəslindən olan Səlcuq Türklərinin bir
qolu hesab edən tədqiqatçılar da var.
Tarixçi-tədqiqatçı Şahin Əhmədov "Kolanı tayfasının mənşəyi" ("Kolanı əşirətinin kökəni") adlı məqaləsində: "Oğuz tayfa ittifaqı içərisində olmuş Kolanı tayfasının Azərbaycana eramızın ilk əsrlərindən başlayaraq Oğuz-Səlcuq cərəyanları ilə birlikdə gəldiyini təxmin edirik" - deyir. Kolanıların Azərbaycan torpaqlarına erkən orta əsrlərdə və bir az daha sonra Səlcuq axınları ilə gəldiyini düşünən digər tədqiqatçılar da var.
Zənnimizcə, Kolanı türklərinin Azərbaycana gəlmə olduğunu düşünmək yanlışdır. Kolanılar Qafqaz mənşəlidir və ən azı 10 min il əvvəl bu ərazilərdə mövcud olmuşlar. Şumer sivilizasiyası yaranandan sonra Qafqaz regionundan o ərazilərə axın etmişdilər. Orta Asiya və Türküstan torpaqlarına də buradan getmiş ola bilir. Erkən orta əsrlərdə və daha sonra Səlcuq axını ilə kolanıların bu ərazilərə gəlməsi onların yenidən əzəli torpaqlarına qayıdışı idi. Türkiyəli tədqiqatçı yazıçı Rüstəm Kocadurmuşoğlu "Kolan Türkmənləri" adlı araşdırma məqaləsində Suriya və İsrail torpaqlarında olan başıbelalı "Kolan təpələri"ndən bəhs edərək yazır: "Kolan təpələri" on min ildən bəri Kolan adını daşımaqdadır". Demək ki, Kolan Türkləri bu ərazilərdə aborigen etnoslardan biridir. Zaman keçdikcə buradan ətraf və uzaq regionlara köç etmişlər. Ola bilsin ki, bu gün cənubi və şimali Azərbaycanın bir hissəsini əhatə edən Gilan (Golan, Kolan) ərazisi də Kolan Türklərinin yadigarıdır. Etnos min illər əvvəl köç edib getsə də, ad bu gün də yaşayır...
Yeri gəlmişkən, Kola sözünə "ı" səsi 20-ci əsrdə artırılmağa başlamışdır. Tarixçi Cahangir bəy Nəsirbəyovun 1924-ci ildə çap olunan "Müxtəsər Azərbaycan Tarixi" əsərində və həmçinin M.S. Ordubadi "Qanlı illər" kitabında kolanılardan məhz Kolan kimi bəhs edilir.
Bu gün Kolanı türklərinin yaşadığı ayrı-ayrı bölgəıərdən - rayonlardan bəzilərini nəzərdən keçirək:
Naxçıvan kolanıları
Mərhum alimlərimiz Budaq Budaqov və Qıyaseddin Qeybullayev birlikdə yazdıqları "Naxçıvan mahalının yer yaddaşı" (-2004) kitabında kolanıları "yerli və qədim qəbilə" adlandırır. Antik dövrün astronom, filosof və coğrafiyaçısı Ptolomey Naxçıvanda Araz çayı yaxınlığında Koltene adlı yaşayış yerinin olduğunu yazır.
Naxçıvan bölgəsində eramızdan min il əvvələ aid olan Xaraba Gilan nekropol, Şahbuz rayonu yaxınlığında təxminən, 2500 il yaşındakı Kolanı nekropolu kolanıların ən az 3 min ildi ki, Naxçıvan torpaqlarında yaşadığını müəyyən edir.
(ardı növbəti sayımızda)
Namiq Hacıheydərli,
Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırdı:
Professor
Qurban Bayramov.
Mənbə:
Ovqat.com, 29.04.2017.
AzƏrbaycan
Respublikasının Prezidenti yanında kütlƏvi informasiya
vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi
fondunun maliyyƏ yardımı ilƏ
Ədalət 2017.- 28 noyabr.- S.7.