MOLLA PƏNAH VAQİF ŞƏKİDƏ ANILDI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və ADPU-nun Şəki filialında xalqımızın böyük şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş elmi konfrans təşkil etmişdi.

Konfransı giriş sözü ilə universitetin professoru Nurəli Çələbiyev açaraq böyük şair, dövrünün tanınmış ictimai-siyasi xadimi Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında məlumat verdi.

Azərbaycan Yazıçılar Birliyi Şəki Bölməsinin sədri şair Vaqif Aslan "Molla Pənah Vaqif və Şəki ədəbi mühiti" mövzusunda geniş məruzə etdi. Molla Pənah Vaqifin Şəki xanı Müştaq təxəllüsü ilə yazıb-yaradan şair Məhəmmədhüseyn xan və Şəkili şair Nəbi, Raci, Ağcayazılı Zari, Kəlbirli Rəfael və başqaları ilə dostluq əlaqələrindən, şeir məclislərində deyişmələrindən danışdı.

Universitetin baş müəllimi Pakizə Zakirova "Molla Pənah Vaqif yaradıcılığının tədqiqi və öyrənilməsi" haqqında konfrans iştirakçılarına geniş məlumat verdi.

Universitetin müəllimi, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov "Şifahi xalq ədəbiyyatı Molla Pənah Vaqifin yaradıcılığında" mövzusunda maraqlı məruzə etdi.

Universitetin müəllimi filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov şair Vaqif Aslanın nəzmlə yazdığı, dəqiq tarixi faktlara əsaslanan, bu il Bakıda və Şəkidə Dövlət Dram Teatrlarının səhnəsində tamaşaya qoyulan, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən "Vaqif" dram əsərindən danışdı.

Universitetin tələbələri Gülnarə Cəfərli, Ayxan Sadıqzadə, Elnarə Vəlicanova və başqaları Molla Pənah Vaqifin şeirlərini əzbər söylədilər. Sonda qeyd edildi ki, Molla Pənah Vaqifin 300 illiyinə həsr edilən toplantılar ilin sonuna qədər davam edəcək və bu məqsədlə maraqlı tədbirlər planı hazırlanmışdır.

 

Nağıyev, Çingiz.

Ədalət 2017.- 28 noyabr.- S.7.