"Koblandı-batır". Qazax xalq qəhrəmanlıq dastanı"

 

15 noyabr 2017-ci ildə Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyində səfir Beybit İsabayev cənablarının təşəbbüsü ilə filologiya üzrə elmlər doktoru, professor, tərcüməçi-tərcüməşünaş, türkoloq Nizami Məmmədov-Tağısoyun "Koblandı-batır". Qazax xalq qəhrəmanlıq dastanı" kitabının Səfirliyin konfrans zalında təqdimat mərasimi keçirilmişdir.

Beybit İsabayev cənabları kitabın qazax-Azərbaycan folklor, epik mədəni əlaqələrinin inkişafında xüsusi rolundan danışmaqla, həm bu dastanın Azərbaycan dilinə ilk dəfə tərcümə edildiyindən, əsərin tərcüməsinə müəllifin diqqət qayğı ilə yanaşmasından, orijinaldakı bədii ifadə vasitələrinin oxuculara itkisiz çatdırılmasından danışıb. Sonda prof. Nizami Tağısoy təqdimatın təşkilatçısı Beybit İsabayev cənablarına səfirliyin əməkdaşlarına minnətdarlığını bildirib.

O, əsərin tərcüməsi üzərində işin çətinliyindən bəhs etməklə, qazaxların etnik-milli düşüncəsi, psixologiyası, köçəri həyatının mənzərələri, ailə-məşiət landşaftının rəngarəngliyinin saxlanılmasının təmin edilməsində nəzəri praktik materiallardan necə istifadə etməsindən söhbət açıb. Nizami Tağısoy dastanın tərcüməsindən başqa kitabda "Koblandı batırla"la bağlı tarixi-nəzəri materialları səbir təmkinlə incələyib, onun struktur-kompozisiyasının özünəməxsusluğunu, ideya-məzmunun, obrazlar aləminin səciyyəviliyini qeyd etməklə, yeddi-səkkizlik qazax şeir ölçüsünün özünəxas bir sıra digər xüsusiyyətlərini tədqiq edib. Nizami Tağısoyun bu kitabı qazax dastanlarının Azərbaycanda öyrənilməsində ilk nümunə olaraq yetərincə maraq doğurmaqdadır.

Kitabın elmi məsləhətçisi Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə Səlahiyyətli səfiri Beybit İsabayev, elmi redaktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, rəyçilər AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu, Bakı Dövlət Universiteti Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Dünya ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Mahmud Allahmanlıdır.

 

Əbülfət

Ədalət 2017.- 28 noyabr.- S.6.