Ən qədim türk
soylarından - KOLANILAR...
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən saylarımızda)
Kəndə xaricdən köçürülən ermənilər
yerləşdirilmişdir. İndiki Ermənistanda
Sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan
sağ qalanlar atalarının torpaqlarına geri dönə
bildi. Burada Ermənilərlə yanaşı, 1922-ci ildə
224 nəfər, 1926-ci ildə 248 nəfər, 1931-ci ildə
294 Azərbaycanlı yaşamışdır".
1978-ci ildə kəndin adı Ermənistan hökuməti
tərəfindən dəyişdirilib Qriboyedov adı
qoyulmuşdur.
Kolagirən - Ermənistanda Yeni Bayazid ərazisində
olub. Erməni mənbələrində kəndin adı
Kolaqran şəklində yazılmışdır. Kəndin adının ilk variantının Kolanı
qırılan olduğu ehtimal edilir. 1828-ci il
Türkmənçay müqaviləsindən sonra
Kolanıqırılan (Kölagirən, Kolaqran) kəndinə
ilk ermənilər köçə başlamışdır. 1905-1906-cı illərdə erməni-türk (azərbaycanlı)
münaqişəsi zamanı kənddə yaşayan Türklərə
qarşı qətliamlar törədilmiş, daha sonra
Türklər kənddən sürgün edilmişdir. 1935-ci ildə kəndin adı dəyişdirilərək
Dzovinar qoyulmuşdur.
Kolalı - Ermənistanda Eçmiedzin qəzasında, Zəngibasar
(Masis) rayonunda kənd olub. Kəndin digər
adı "Kolalı Aralıq Dənizi" olmuşdu. 1948-1949-ci ildə bu kəndin əhalisi zorla
deportasiya edilərək, kənd əsasən ləğv
edilir.
Kolalı - Bu kənd Ermənistanda Vedi (Ararat) bölgəsində
olub. Erməni sənədlərində bu kəndin
adı bəzən Kolanı kimi də qeyd edilib. Bu kəndin əhalisi də 1948-1949-ci ildə
deportasiya edilmiş və kənd yaşayış yeri kimi
tarixdən silinmişdir.
Şor kolanlı - Zəngibasar (Masis) rayonunun ərazisində,
Araz çayının sahilində olub. 1918-ci ildə
kəndin əhalisi deportasiya edilmişdir. Deportasiya
zamanı çox sayda insan həyatını itirir. Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərinin
bir hissəsi əzəli torpaqlarına geri qayıdır.
Amma bu qayıdış də uzun çəkmir.
1988-ci ildə Şor kolanlı əhalisinin
türkləri öz dədə-baba torpaqlarından yenidən
deportasiya edilir.
Bunlardan başqa Ermənistanın Hamamlı (Spitak)
rayonunda Goran adlı bir kənd olub. Ehtimal ki, bu kəndin də
əsası Kolanı Türkləri tərəfindən
yaradılıb. Goran tayfası Kolanı
türk soyunun qollarından (tirələrindən) biridir.
Şirvan
və Muğan kolanıları
Kolanıların Şirvana gəldiyi tarixi dəqiq məlum
deyil. Ancaq birmənalı olaraq demək olar ki, Şirvanda
Kolanıların yaşayış tarixi Naxçıvanda,
Qarabağda və Ermənistanda olduğu qədər qədim
deyil. Böyük ehtimalla kolanılar bu torpaqlara 16-ci əsrdə
gəlməyə başlamış və bu proses 18-ci əsrin
sonlarına qədər davam etmişdir. Coğrafiyaçı
Nurəddin Bəndəliyevin bu sahədə müəyyən
tədqiqatları istisna edilərsə, Şirvan
Kolanılarının tarixi indiyə qədər elmi tədqiqata
daxil edilməyib. Ayrı-ayrı müəlliflər
Şirvan Kolanıları ilə bağlı məqalələr
yazmışlar. Amma bu yazılarda da
Şirvan Kolanılarının tarixi, etnoqrafiyası və
bugünkü vəziyyəti subyektiv şəkildə dəyərləndirilmiş,
hər hansı tutarlı tarixi sənədə istinad edilməmişdir.
Bu səbəbdən də Şirvan Kolanılarının
yaşayış tarixi bir neçə yüz il
olmasına baxmayaraq, xeyli açılmamış anlar var.
Ən əsası isə Şirvan Kolanılarının ilk dəfə
bu ölkələrdə nə vaxt və hansı səbəblə
köçməsi dəqiq məlum deyil. Bu barədə
yazıçılar tərəfindən yalnız ehtimallar
üzərində fikir yürüdülmüşdür.
1500-ci ildə Səfəvi-Qızılbaş
döyüşçüləri ilə Dərbəndlilər
sülaləsindən olan Şirvanşah Fərrux Yassar
arasında qanlı toqquşma olur. Bu toqquşma
Şamaxı yaxınlığında Cabanı düzənliyində
yaranır. Nəticədə Səfəvilər
qalib gəlir, Fərrux Yassar öldürülür. 1501-ci ildə isə bildiyimiz kimi,
İsmayılın başçılığı ilə Səfəvi
dövlətinin əsası qoyulur. Vuruşdan
sonra Səfəvi icmasının bir hissəsi Şamaxı
bölgəsində yerləşir. Məsələn,
Qobustan rayonunun Poladlı kəndində yaşayan yerli əhali
əslən Safevi-Kızılbaşlardan ibarətdir. Səfəvi-Qızılbaş hakimiyyətindən
sonra Cənubi Azərbaycandan bəzi Türk boylarının
bir hissəsi Şirvan ərazisinə
köçürülür. Kolanı və
həmçinin Cəyirli Türklərinin bir hissəsi 16-cu əsrdə
Qızılbaşlar tərəfindən Şamaxıya
köçürülən elatlardan idi. Böyük
ehtimalla bu boylar Şamaxı ərazisinə
Qızılbaşlığı yaymaq və bu sahələrdə
idarəetmənin gücləndirilməsi məqsədilə
köçürülmüşdü. Kolanılar
əvvəldən axıra Qızılbaş hakimiyyətinin
etibarlı tərəfdarlarından olmuşdu. Təsadüfi deyil ki, 1736-cı ildə Qızılbaşların
süqutundan sonra hakimiyyətə gələn Nadir Şah
Kolanılara divan tutdu. Minlərlə
Kolanı Türkünü cənubi Azərbaycandan
Əfqanıstana sürgün etmişdi. Niyə ki,
Qızılbaş hakimiyyətinin etibarlı tərəfdarı
Kolanı bəyləri Nadirin 1736-cı il
martın 21-də Muğanda - Kürlə Arazın birləşdiyi
yerdə keçirdiyi qurultaya - tac goyma mərasiminə -
törəninə qatılmamışdı.
Şamaxıya köçürülən Kolanılar
ilk vaxtlarda bu bölgənin şimal torpaqlarına
Qızmeydanı (böyük ehtimalla ilk variantda Quzmeydanı və
ya Oğuzmeydanı olub) və Xilmilli torpaqlarına yerləşmişdi.
Haşiyə:
Xilmilli sözü xol və Kol sözündən əmələ
gəlmiş ola bilir. Azərbaycanda bu adda
soyun mövcud olduğuna dair ciddi versiya var. Neftçala
rayonunda Xıllı, Xolqarabucaq, Koltuk adında
yaşayış məntəqələri var. Bu yer adlarının
də etimologiyası xol (hil, Kol) etnosunun adı ilə
bağlı ola bilər. Bu
baxımdan ilk vaxtlar Şirvana köç edən oğuzmənşəli
Kolanı Türklərinin məhz Qızmeydanı
(Quzmeydanı, Oğuzmeydanı) və Xilmilli torpaqlarına
yerləşməsi düşündürücü məqamlardır.
Kolanıların Şirvan bölgəsinə
köçü 18-ci əsrin sonuna qədər davam
etmişdir. Buraya köç edən Kolanılar eyni regiondan gəlmirdi.
Şirvana gələn Kolanılar əsasən
Naxçıvan, Qarabağ və Cənubi Azərbaycandan gələnlər
idi. Cənubdan gələn Kolanılar
Savalan dağının ətəklərindən gəldiyinə
inanırlar. Yaşlı nəslin körpəlikdən
böyüklərindən eşitdiklərinə görə,
Savalandan gələn Kolanılar əslən Xorasan Türkləridir.
Xorasanın ən qədim Türk yurdlarından
olması inkar edilə bilməz.
Rusiya İmperiyasının Şimali Azərbaycanı
işğalından sonra bu ərazilərdə
ruslaşdırma siyasəti aparılmağa başlanır. 19-ci əsrin
ortalarında Xilmilliyə ruslar köçürülür.
Qızmeydanı bölgəsində isə
ruslardan ibarət olan Astraxanka kənd qurulur. Rus kəndlərinin məhz bu sahələrdə
salınması əslində Kolanıların parçalanması
və zəifləməsi məqsədilə keçirilirdi.
Bundan sonra Kolanılar müxtəlif yerlərə
köç etməyə başlayır. Bir
hissəsi Şamaxı yaxınlığındakı, indiki
Sabir kəndi ərazisindədirlər. Böyük
hissəsi isə Qubanın, Şabranın və Siyəzənin
torpaqlarına yerləşdi. Hazırda Siyəzən
rayonunda Kolanı adlı kənd var. Bu kəndin əhalisi məhz
bu köç zamanı Şamaxıdan gedib Siyəzəndə
kənd salmışdılar. Sonralar
Bakı yaxınlığına - Fatmayı və Kürdəxanı
kəndlərinə də gedənlər olur. Kolanılardan bir neçə nəsil Sabir üzərindən
Şamaxının cənub hissəsində yerləşən
Girdə yaylağına köçür. Girdə yaylası buraya köçənə qədər
yüz ildir heyvandarlıqla məşğul olan
Kolanıların qışlaq sahəsi idi. 20-cu əsrin ortalarına qədər Kolanılar
qışı Girdədə və Girdədən cənubda
"Qışlaq yurdu" ("Qışlaq yurdu" hazırda
Hacıqabul rayonunun ərazisindədir)
adlandırdıqları yerdə keçirirdilər.
Kolanıları buralarda da rahat buraxmırlar. Sovet hakimiyyəti
qurulduqdan sonra Şamaxı Kolanılarının daha dərdli
günləri başlayır. Elin
qabaqcıl insanları və zəngin adamları xüsusi təqiblərə
məruz qalır. 1937-ci illər
repressiyası bu kəndin də əhalisindən uzaq olmur.
Daha pisi isə 1950-ci ildə Mir Cəfər
Bağırov tərəfindən tərəkəməliyin ləğv
edilməsi göstərişi olur. Tərəkəməliyin
ləğvinden sonra Girdə yaylasında Dağ Kolanı kəndi
kimi tanınan Kolanı obası sürətlə
dağılmağa başlayır. Əhali
ətraf bölgələrə səpələnməyə
başlayır. Nəticədə
Kolanı ağbirçəklərinin və qocalarının
tebirince desək, "Kolanılar hamısı yurddan
köç oldu". Girdəni tərk etmək
məcburiyyətində qalan Kolanıların bir qismi
yaxınlıqdakı Poladlı (Qobustan rayonu) kəndində
yerləşir. Muğan ölkəsindəki
Kolanıların böyük əksəriyyəti
Şamaxı torpaqlarından köç edənlərdilər.
Bu köç 19-cu əsrin sonlarında
başlayıb, 20-ci əsrin sonlarında tamamlanıb. Şamaxıdan Muğan bölgəsinə
köç edən Kolanılar Hacıqabulda, Sabirabadda,
Şirvanda, Salyanda, Neftçalada, qismən də Biləsuvarda
yerləşdi. Hazırda adını verdiyimiz bu bölgələrin
çoxunda Kolanı adlı kəndlər var. Şamaxıdan
bu yerlərə köçmələrindən 60-70 il keçməsinə baxmayaraq, hələ də
köhnə nəsil dönə-dönə "öləndə
məni dədə-baba torpaqlarımızda
basdırın", - deyə vəsiyyət edir. Və meyitlər hələ də Girdə
yaylağına və ya Kolanıların "Qışlaq
yurdu" adlandırdıqları bölgədə yerləşən
qəbiristanlığa aparılır.
Kolanı ağsaqqallarının və ağbirçəklərinin
"Kolanılar hamısı köç oldu" - qənaətində
həqiqət var. 17-18 əsrdə Şamaxı
Kolanılarının bir qəbiristanlığı vardı. Bu qəbiristanlıq
Şamaxının şimalında Qızmeydanı tərəfdə
idi. Son yüz illərdə Qubadan Biləsuvara,
Neftçaladan Sabirabada qədər ayrı-ayrı yerlərə
dağılan Şirvan Kolanılarının indi Qobustanda,
Hacıqabulda, Sabirabadda, Neftçalada, Siyəzəndə,
Fatmayidə, Kürdəxanıda və digər yerlərdə
ayrı-ayrı qəbiristanlığı var. 20-ci əsrin
2-ci yarısına qədər Şirvan
Kolanılarının qocaları, demək olar ki, çoxu
bir-birini yaxşı tanıyırdı, bir-birinin xeyrində-şərində
iştirak edirdi.
Haşiyə: Kolanılar haqqında araşdırma apardığım üçün son 20 ildə yaşlı nəslin əllidən artıq nümayəndəsi ilə görüşdüm. Bunlardan biri - Sarı Hacıqəhrəmanlı kəndində yaşayan 90-na yaxın yaşı olan Hacı Şəfi kişi maraqlı bir məlumat verdi. O, dedi ki, "1941-ci ildə atanın (söhbət atam Molla Allahyardan gedir) Ağdamın Paprəvənd kəndində yaşayan Kolanı qohumlarından bir qonağı gəlmişdi".
Demək ki, 20-ci əsrin 1-ci yarısına qədər yalnız Şirvan Kolanıları, hətta bütün Azərbaycan Kolanıları arasında gediş-gəliş əlaqəsi olub. Qarabağdan Şirvana, Şirvandan Qarabağa Kolanı qızları gəlin köçüb. 20-ci əsrin sonlarına doğru bu bağlar tamamilə qopub. İndi artıq eyni rayonda yaşayan Kolanılar ayrı kəndin sakinləri kimi bir-birindən xəbərsiz öz həyatlarına davam edirlər.
Deməli, Nadir şahdan üzü bəri Çar İmperiyasının və Sovet rejiminin - Mir Cəfər Bağırovun "çox narahat tayfa", çar polkovnikinin "çox cəsarətli" dediyimiz Kolanı Türklərini parçalamaq və zəiflətmək planı addım-addım həyata keçirildi...
Azərbaycandan kənarda yaşayan Kolanılar
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Kolanılar çox geniş ərazidə - bir neçə ölkənin ərazilərinə yayılmışlar. Orta Asiya respublikalarında, Sibir torpaqlarında, Əfqanıstanda, İranda, Türkiyədə, İsraildə, Suriyada və digər yerlərdə Kolanıların özünə və ya izinə rast gəlinir. Bu ölkələrin hər birində Kolanı adının izini daşıyan yer adları geniş yayılmışdır. Bir çoxunda isə özünü Kolanı sayan Türklər indi də yaşayır. Qazaxıstan, Türkmənistan və Özbəkistanda Gülan, Gulançı, Gulanbay, Kulan-Qıpçaq, Kulan-Qulan, Kulanbel, Kulan çayı, Golan, Kolan yer adları minlərlə il buranın sakini olmuş Kolanı Türklərinin silinməyən izləridir. Erkən orta əsrlərdə Qazaxıstan ərazilərində Kulan və ya Kolan adlı şəhərin olduğu məlumdur. Bu tarixi şəhər öz adını Kol Türklərinin adından almışdı. Ehtimal ki, bu şəhərin əsasını Kol Türkləri və ya Kolan Türkləri qoymuşlar. Təəssüf ki, bəzən səhv olaraq, bunun əksini - kolanı soyunun adını bu şəhərdən aldığını qeyd edirlər.
(ardı növbəti
sayımızda)
Namiq Hacıheydərli
Türkiyə
türkcəsindən Azərbaycan
türkcəsinə uyğunlaşdırdı:
Professor Qurban Bayramov.
Mənbə: Ovqat.com, 29.04.2017.
AzƏrbaycan Respublikasının
Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ
yardımı ilƏ
Ədalət 2017.- 1 dekabr.- S.7.