...DÜNYA
HEÇ KİMİN! - DEYƏN ŞAİR
MƏNİM
NAXÇIVANIM
Sinəmdə
o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim
ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Bir
bağban əli var təbiətində -
Dağda
çiçəyi bol, bağda barı
bol.
O,
yaxın dostudur təbiətin də
Yayda
günəşi bol, qışda qarı bol.
Mən
burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axan
çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
Seyr elə
Arazı bir yaz səhəri,
Bir tarix dil açır onun səsində.
Bu yerin
min dərdi, min də kədəri
Yazılmış Atabəy məqbərəsində.
Yaxşı
bax, hər qara qayanın, dağın,
Dibi Zərdüştlərin ocaq yeridir.
O gündən
üstündə ana torpağın
Qalan min yağının ləpirləridir.
Biz
nöqtə qoymuşuq acıya, dərdə
Ömrü ulduzlardan almışıq indi.
Babamız
qəm əkib, qəm biçən yerdə
Çiçəkli bağ-bağat salmışıq
indi.
Hanı Qəmküsarın
qəm şəlaləsi,
Qəlbində apardı neçə dərdi o.
Çatsa
qulağına bu günün səsi
Ayılıb adını dəyişərdi o.
Şəhərim
çırağban, kəndim çırağban
Kəhkəşan
sinəmdən nur alsın deyir,
Onun gecəsinin
işıqlarından
O
tayın gündüzü işıq istəyir.
1957
QARABAĞ DÜZÜ
Bu gün
mənim dənizimdi
Qarabağ
düzü,
Kəhər atın tozanağı "Doqquzuncu bal".
Bu gün
mənim söz düzümdü -
Qarabağ düzü.
Sonsuzluğun son xəttini gəzirdi xəyal.
Bu gün
mənim çörəyimdi
Qarabağ düzü.
Hər əlimdə
Kür çayından
bir
bıçaq arxım,
Yoğuracaq, yapacaqdım gecə-gündüzü.
Sonra halal süfrələrə doğrayacaqdım.
Bu gün
mənim tariximdi
Qarabağ düzü.
Bu gün üfüq bir üzükdü - Nizami
qaşlı.
Geri
fırlan, yer kürəsi, zamandan küsüb
Nüşabənin
kəcavəsi təpədən aşdı...
Qədim
Bərdə Tərtər üstən
yüz
körpü atdı,
Xəyanətin adlaması böyük ar oldu.
Hanı
tarix cünglərinə yubanmış atlı?
-
Azərbaycan
qadınından
hökmdar oldu!
Bu gün
mənim bir düz kürsüm -
Qarabağ düzü.
Qanadımdı
qız alqışı,
qadın
alqışı.
Bu gün
mənim bacım Gülsüm -
Qarabağ düzü.
Doluxsunma,
bir də gələr, şair qardaşın,
Bu gün
bizə quzu kəsdi Hüseyn qağa,
Baxdım:
sürü adaları göy düzdə üzür.
Bir dostluğa,
bir süfrəyə, bir eşqə sığan,
Bir dənizdi
yer üzünün Qarabağ düzü...
İyun,
1972
ÜSTÜMƏ QAYIDAN YAZILARIM
Nədir
günahınız, açıq danışın,
Üstümə
qayıdan yazılarım, siz!
Hansı
bir naşının, bir ağlı çaşın
Ələk baxışından keçməmisiniz?!
Doğulan
dünyaya göz açsın gərək,
Siz hələ yaşarsız gözü yumulu.
Sizi əbədimi
kor eləyəcək
Bir duzsuz
hırıltı, bir gizli yumruq!
Sizə nə ad verim, haraya yığım?
Sizi nə yaşatmaq, nə atmaq olur.
Müəllif
qəlbindən günahsız çıxıb
Oraya günahkar qayıtmaq olmur.
Günahkar
söylədim, günahkar kimi
Nədir təqsiriniz - oturun - yazın.
Dərsdən
çıxarılan uşaqlar kimi
Elə gözləriniz yerə baxmasın.
Yalanmı danışdız? Ağzında yalan
Boğaram öz doğma balamı da mən.
Vətənsiz
alışan, vətənsiz yanan
Vətəndaş pasportlu ilhamı da mən.
Doğrumu
danışdız - öz mədəsində
Hamı əritməyir həqiqətləri.
Hələ
dolaşıqdır yer kürəsində
Yalanla
doğrunun sərhəd xətləri...
Bəlkə
də hər yerdə bir müti, məlul,
Hər qaba yerləşən su halınız yox.
Ağızdan
çıxmamış cavabı məlum,
Ölçülü,
biçili sualınız yox...
Mənə
şərəflidir belə ölümlər:
Qoy
batsın sinəmə, batsın min nizə,
Arazdan, Cənubdan
yazmağım əgər
Dünyada ən böyük cinayət isə.
Mənim
də dağım var, mənim də göyüm,
Siz mənim arabir qəzəb qarımsız.
Siz mənim
bir az sərt, bir az ərköyün,
Bir az da dəlisov övladlarımsız.
Sizdə
nə günah var, döyürsə zaman,
Sizi yazan mənəm, günahkar mənəm.
Qayıdan
haqlıdır, yoxsa qaytaran,
Hələ
heç özüm də deyə bilmirəm...
Məchul
suallarda bəzən çaşıram,
Bəzən
də lüzumsuz cığallaşıram,
Adi hesablarda
dolaşıram mən,
Hər
vaxt bir almıram bir dəfə birdən...
Cavabı
mürəkkəb cəbr alınarmış
Bir dəfə birdən.
Bir tale
beləcə iki olarmış
Bir dəfə birdən.
Bəşər
anamızda bu təbiət var:
Onda həm
intiqam, həm mərhəmət var,
Bəzən
bir əliylə boynunu vurur,
O biri əliylə
heykəllər qurur.
Dadına
yetməyir ac qalan zaman
Öləndə
hay salır, "Öldü acından",
Bəşər
anamızda bu mərhəmət var:
Ölən
qəhrəmana sahib tez tapar!
Qalın
arxivimdə şıltaq hisslərim,
Siz sarı simləri itən tarımsız.
Ən pis
yaxşılarım, yaxşı pislərim,
Mənə
çox oxşayan yazılarımsız!
14 yanvar,
1968
İTƏ DAŞ ATMA
Gəl,
itə daş atma,
Daş
atma, bala!
İt ar bilməyəcək daldalanmağı.
Daşın
bir yaddaşda ilişib qalar,
Burdan
öz yolun da düşəcək axı!
Daşçün
it olmağın,
Adam
olmağın
Nə fərqi?..
Daş
atma, daş atma, bala!
1980
ƏGƏR MƏN ÖZÜMLƏ
ÜZ-ÜZƏ GƏLSƏM...
Bu
dünyada, o dünyada, hardasa bir gün
İkiləşir, özü ilə üzləşir
insan.
Bir
yaxşı bax: nəyi çatmır
bütövlüyünün?
Gərək özün öz qarşında utanmayasan.
Günü
sabah mən özümlə üz-üzə
gəlsəm,
Məni mənlə üzləşdirən qüvvədir
- haqdan.
İkiliyə
bir tel olsa ikicə kəlməm
Qorxum yoxdu bu sınaqdan, bu olacaqdan.
İlk
baxışdan tanımasaq bir-birimizi,
Ortalıqda
at oynadar vicdanı yanan!
Biz əkməsək,
biz dərməsək birliyimizi
Yalanımız
doğru olar,
Doğrumuz yalan.
Bir səs
deyir:
Ayıq
ol ki, sürüşkəndir əsrin aşrımı,
Hər
ağrı da, hər ləzzət də sənindi, ancaq
Bu əməllə
əlin bircə düyün açdımıg
Udsan, quru səs udarsan quru ədanla.
Bu
günündən sabahına nə dartır gəmin,
Bircə bellik su açdınmı qurumuş arxa?
Qafasına
çətin sığa ağıldan kəmin:
Bəd əməldən uçrum qalır,
ağıldan arxa.
Qəbahəti
eynilərdi çox üzləşənlər,
Nadanları
tutaşdırıb zövq alan azmı?
Bir
ayının məşqi ilə qalib çıxsa şər,
Bunu yalnız şərəfsizlər
alqışlamazmı?
Etirafdır
etibarın bünövrə daşı,
İçimizdə
beçə verən güvədi, qurddu,
Bir
yalançı heykəli var hər addımbaşı,
Topdağıtmaz qalaları yalan uçurtdu.
Bu - vəsiyyət!
Bu, özündən özünə məktub!
Varlığı yox, "var" - desə də beləsi,
vallah.
İkiləşsək
"mənin" - biri ölümə məhkum,
O biri də
öz-özünə öləsi, vallah!..
6 sentyabr,
1991
VARDI GÜNLƏRİMİZ
Vardı
günlərimiz varlığa bənzər,
Üfüqlü,
səmalı, günəşli, qarlı,
Bizim
aramızda yaşardı günlər
Vədə qaranquşlu, görüş baharlı.
Biz
günlərə həmdəm, günlər də bizə;
Hardasa itmişdi boranlarımız.
Qara
fırçasını göylərimizə
Hələ çəkməmişdi toranlarımız.
Ərzin
bir buludsuz, aydın yerində
Üfüq birimizdik, səhər birimiz.
Hər təzə
məhəbbət cümlələrində
Mübtəda birimiz, xəbər birimiz.
Günlər
o günləri hara apardı...
Vardı günlərimiz, var, ay aman.
Məhəbbət
ətirli külək dolardı
Gahdan pəncərədən, gahdan qapıdan.
Vardı
günlərimiz həm qara, həm ağ,
Arzusu, tamahı umar-küsərsiz.
Qibtə
zəlzələsi dağından uzaq,
Böhtan
xəbərləri ondan xəbərsiz...
Vardı günlərimiz. Var yenə, niyə?!
-
Mən azan bir ovçu, sən itkin əlik.
Mən təzə
səhnəyə çıxan faciə,
Sən təzə
bir ələ düşən gündəlik...
Yalta,
yanvar, 1968
ŞANAPİPİK
Bəzən
olur: daşı yeyir ağılsız insan.
Şanapipik,
bu adada çınqıl gəzmə sən,
Baban
görən, nənən görən
mərzlər yox daha,
Yüngülqədəm
çətinliklər üzləndi üzdən,
Ağırqədəm
asanlıqlar
dırmandı dağa.
Bir
azını qulağına ayıq başların...
Bir
azını boğazına haqq deyənlərin...
Daşlar
gördü:
Daşlıqdan
pis ömür başlanır,
Dağlar
gördü: dili dağlı dağ deyənlərin!
Bu adada
insanlardan kövrəkdi daşlar,
Bu adada
yox insandan insana körpü:
Bu
adada-vicdanlara pərsəngdi daşlar,
Bu adada dimdiyində quşların çöpü.
Diri-diri dəfn
olunur burda adamlar,
Qum
ağlayır, daş ağlayır, insan ağlamır -
Burda
düzlük dükanında yalan satılır,
Vicdan
tacir paltarında -
Vicdan
ağrımır!
Burda insan
yurd yerini qaldırıb göyə,
Yuva qurub, yuvasına əlləri çatmır.
Burda
cılız qadınların ərləri köhlən,
Burda köhlən arvadların ərləri
çatmır.
...Nə
yaxşı ki, qulaq tutdum xoruz banına,
Nə
yaxşı ki, külək səsi səsimi uddu,
Qurd da,
quş da qoy çəkilsin öz ünvanına,
Bir zağa da, bir saralmış yarpaq da yurddu.
Bu
dünyanın hər gününə sorağın olsun,
Bu adanı belə gördün-hayqır, kirimə.
Daş-qaya
tap, yurd-yuva qur, insafın olsun,
Şanapipik,
bir də mənim yuxuma girmə...
1989
TƏƏSSÜF
Bu
görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə
düşdük.
Salamsız,
kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə
görüşdük.
Əsdi
ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl
bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng
deyildin.
Hanı
ömrümüzün o keçən günü,
Hanı
öz əhdinə o dönük andım...
Sənin
"gəl barışaq" təbəssümünü
Mən o vaxt əl açan dilənçi sandım.
İndi
dayanmışıq üz-üzə, yaxın:
Təəssüf çay kimi axır aradan.
Bəlkə
də vədəsiz yaxın olmağın
Cazibə
gücündən tez aşır adam.
Bir
eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə
məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.
Bəlkə
də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf,
təəssüf, təəssüf ilə
Qayıda
bilməyən günə təəssüf!..
Dekabr,
1967
QOLTUQ AĞACI
Qoltuq
ağacına yazığım gəlir,
Tutub bir
binanı çiyinlərində
O zorba bir
dirək ola bilərdi.
Məğrur
bir çobanın çiyinlərində
Qurd əzən
dəyənək ola bilərdi.
Bir
körpü tağı da ola bilərdi,
Tüfəng
qundağı da ola bilərdi.
Vaxtsızmı
qırıldı, tezmi qırıldı...
Vüqarı qırıldı, əzmi
qırıldı.
Qoltuq
ağacından acığım gəlir,
O
bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Nəğmə
də oxuyur o, cırhacırla,
Qırıla-qırıla...
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? - "qoltuq nəğməsi"
Özü
bu vərdişi ömrünə yazıb,
Onu bir
qoltuqdan tullasan əgər,
Yanından
yan ötüb bir ayaqsızın,
Kiməsə
üçüncü ayağa dönər...
Daş
kaha yaxşıdır bir uçuq damdan,
Duyar
eyhamımı bir qoltuq acı:
Deyirəm
qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.
1967
VƏTƏN MƏNƏ OĞUL
DESƏ
Buyruqlara
sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara
barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.
Qayaları
haçalardı qüdrətim,
Buludları
parçalardı qüdrətim
Şimşəkləri
qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
O selablar
seləliyim yalanmış,
Ötən günlər çalağanmış,
çalanmış.
Bircə
kövrək xatirələr qalanmış,
Onu da ki,
ha çevirim, ha sanım...
Vətən
mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu
torpaqsız harda, nə vaxt, nə dərdim --
Xəzanımdır, xəzanımdır, xəzanım.
Dünənimi
döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz
kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
1970
DÜNYA SƏNİN, DÜNYA
MƏNİM...
Bir taleyin
oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin
işığına milyonlar şərik,
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Çevrəsindən
çıxsa əgər sevda fırfıran,
Bir
ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən:
pıçıldayır yıxılan, duran,
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Bu get-gəllər
bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi
dünya.
Əbədiyə
qəh-qəh çəkər əbədi dünya,
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Ayaq saxla,
dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların,
səhərlərin təkəri belə,
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Gülünclərə
gülünc gələn bu ada güldüm,
Yüyəninə
hər əl yetən bu ata güldüm,
Mən
özümlə oynadığım şahmata güldüm...
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
may-iyun,
1986
MƏNİM DƏ YAŞIM AZ
DEYİL
Mənim
də yaşım az deyil,
Bu
dünyada nə görmədim!
Bir-birinə
yamaq gördüm,
Calaq qərinə
görmədim!
Çiçəyindən
alağı çox,
Kişisindən
papağı çox,
Köpəyindən
yalağı çox,
Bu
dünyada nə görmədim!
Dolu
gödən kürkə sığmaz,
Boş
balqabaq börkə sığmaz,
Yəhər
qanmaz, tərkə sığmaz...
Bu
dünyada nə görmədim!
Nöqtə
boyda ölkə - vulkan,
Dərya
boyda diyarı qan,
Biri tikən,
biri yıxan,
Bu dünyada
nə görmədim!
Raketlər
döş kimi dolu,
Gələn
nəslə əmzik olu,
Kimin qolu,
kimin yolu...
Bu
dünyada nə görmədim!
Boş
inaddan, könül, əl çək!
Özündən özünə yol çək.
Bu boynu əyri
dünyanın
Bir
üzü ağdı həmişə,
Vüqarı şaxdı həmişə.
1980
TƏKLƏNMƏ
Dost
arası yol çəkilməz,
Dost
arası yol sökülməz,
Tale hər
vaxt üzə gülməz,
Təklənmə,
könül!
Bir otaqda
bir sən, bir mən,
Gəlhagəllər hanı, bilməm?
Son
güman da itsə birdən
Təklənmə,
könül!
Öz dərdinə ortaq da ol.
Öz içində dustaq da ol.
Dön
özünə bıçaq da ol,
Təklənmə,
könül!
Bu mənzilin
sonu müşkül,
Zirvəyəcən
yüyürmüşdün,
Dərəsinə
qəfil düşdün,
Təklənmə,
könül!
Arazıma
körpü asa
Düyünü yox bir nəğmə - sal.
Son
vurğunu son nəğmə san,
Təklənmə,
könül!
1981
QOŞ MƏNİ DAĞ
KÜLƏYİNƏ
Tanrım,
məni məndən qopar,
Qoş məni dağ küləyinə.
Dağların
bəyaz qarından
Rəng alan ağ küləyinə.
Öz nəğməsi
daşın, qumun...
Nəyim
qalır, nə də umum...
Söykənim
doğma yurdumun
Xəfif, yumşaq küləyinə.
Nə
vaxt qəmim dəm olacaq,
Onda qəmim kəm olacaq.
Heyif ömrüm
yem olacaq
Əsrin sarsaq küləyinə.
Tanrım,
məni məndən qopar,
Qoş məni
dağ küləyinə...
15 noyabr
1992
HEYKƏLİMLƏ GÖRÜŞ
Arabir
qəribə
fikirlər
dolanır
başımda,
Arabir
sabahım
alalı-talalı
Dumana
çevrilir qarşımda
Bu duman
içindən
Bir insan
fiquru
sıyrılıb
çaxır,
Qranit bir
daşın
üstünə çıxır.
Görürəm:
dartınır,
çırpınır,
əlləşir.
Qayadan
yapışıb heykəlləşir,
Nəzəri
üfüqə yönəli,
Buluddan
pay umur sag əli.
Yaxına
gəlirəm,
Özümə baxıram.
Bu mənəm,
bu mənim heykəlim...
Baxiram: nə
qədər oxşarıq,
nə qədər
yadıq?
Yoxsa insan
özü də
özünü aldadır?
Deyirəm:
qəddin niyə belə
bükükdü, heykəlim!
Deyir: sən
Özündən xəbərsiz
Başı əyilməlilərə
baş əymisən...
Deyirəm:
deyəsən qıçının biri də
gödəkdi, heykəlim!
Deyir:
o zamankı yerişlə
yenidən bir yeri!
Ayağının biri
irəli dartıb səni,
o biri geri.
Deyirəm:
bəs əynin niyə
sökükdü, tökükdü, heykəlim?
Deyir ki: sözündən, yazından
Min yalan
sapını çəkiblər azından...
Deyirəm:
mən oğlu mən heykəl,
Mən əsla sən olmaq istəməzdim.
Deyir ki: mən
də heç bu ada,
bu sana
yonulmaq
istəməzdim.
O
sağlığa acıdı,
Mən heykəlliyə.
Axır
ki, dalaşdıq,
Axır ki, tutaşdıq.
Yıxılıb
aşdıq
bir cəngəlliyə.
Dedilər
arxivdir bu dünya:
Yaxşı
ki, özünüz aşdınız,
Onsuz da
çəkəndi, yıxandı
Zamanın qarmağı, zamanın toru.
Allah, məni
gələcək heykəlimin
Tənəsindən
qoru...
Avqust-sentyabr, 1969
Məmməd Araz
Ədalət 2017.- 1 dekabr.- S.5.