Beynəlxalq Kitab Sərgisi
başa çatdı
V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
sonuncu günündə qələbəlik yaşandı.
Adalet.az-ın məlumatına görə, yaşından asılı olmayaraq kitaba sevgisi olan hər kəs demək olar ki, bura toplaşmışdı. Tanınmış yazarlar, şairlər də imza günlərini keçirdilər.
Kitab Sərgi-Yarmarkasındakı oxucular da belə tədbirlərdən xeyli məmnun qaldıqlarını ifadə etdilər: "Çox sevindirici haldır ki, paytaxtda belə təntənəli sərgi keçirilir. Dünyanın hər bir yerində kitabsevərlər üçün bu kimi tədbirlərin keçirilməsi nəhayət ki, Bakıda da baş tutub. İstədiyimiz bütün ədəbi janrları burda görmək çox xoşdur. Xarici müəlliflərin əsərləri, onların tərcümələri, yerli yazarlarımızın təqdimatları bizim üçün çox dəyərlidir. İnanıram ki, oxucular sərgiyə biganə qalmayacaq".
Valideyinlər də kitaba olan sevgilərini dilə gətirdilər: "Əslində özüm də, övladlarım da kitaba vurğunuq. Baxmayaraq ki, məktəblidirlər, bu kimi tədbirlərə həmişə qızlarımla birgə qatılıram. Kitabı sevirəm. Övladlarımın da kitabla böyüməsi arzusundayam. Onların mili-mənəvi dəyərlərə yiyələnməsini, tariximizi daha yaxşı mənimsəməsini istəyirəm. Bunun üçün də burdayıq. Seçim etmişik. Qiymət də çox ürəyimizcədir."
Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan "TEAS Press" Nəşriyyat Evi də V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından kənarda qalmayıb.
Nəşriyyatın "3 alma" brendi altında uşaq ədəbiyyatı çap edilən xüsusi bölməsi də fəaliyyət göstərir: "Bu nəşriyyat evinin kitablarını sevirik. Daha çox xarici ədəbiyyatı oxuyuruq. Tərcümələr bizi qane edir".
"Mən də hekayələri sevirəm. Amma fantaziya janrını daha çox bəyənirəm".
Mədəniyyət və turizm nazirliyinin təşkil etdiyi möhtəşəm tədbirdə 200-ə yaxın yerli və xarici nəşriyyat təmsil olunur.
Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış edən "TEAS Press" Nəşriyyat Evinin məhsullarına olan tələbatda gözümüzdən yayınmadı: "Artıq üç gündür sərgi yarmarka davam edir. Mənim üçün də oxucular üçün də sevindirici haldır ki, kitaba maraq gün-gündən artır. Bu kimi tədbirlərin keçirilməsini çox istərdim. Bilirsiniz, oxucu kütləsinin zövqü də müxtəlifdir. Bu gün çox sevindirici hal həm də odur ki, indi valideynlər uşaqlarına kitab almağa çox maraqlıdır".
"Libraff" "TEAS Press" nəşriyyat evini təmsil edir. Nəşriyyat 100-dən çox Avropa yayım evi ilə əməkdaşlıq
edir. 500-dən artıq müxtəlif çeşidli kitab bu günə kimi oxuculara təqdim olunub. Son bir həftədə bu nəşriyyat evi 20-dən çox kitab nəşr edib: "Bizim nəşrlərə maraq
olduqca böyükdür.
Bu qədər oxucu ilgisini gözləmirdim desəm,
daha doğru olar. Üç gündür eyni
qələbəlik yaşanır.
Sərgidə bütün janrlarda
kitaba rast gəlmək olur. Bütün yaş qrupları əhatə olunub. "3 alma" da sərgiyə
uşaq kitabları ilə təşrif buyurub. O üzdən
də balaca oxucularımızın da sayı az deyil".
"TEAS Press"də bu günə kimi yüzdən çox kitab çap olunub. Nəşriyyat daha çox elmi, tarixi mövzulara
üstünlük verir.
Yerli yazarlarla, tarixçilərlə
işləyən nəşriyyat
çox ciddi, Azərbaycanın ədəbi
gündəminə səs
salan kitablar çap edib.
Bu kitablardan biri də Ədalət Tahirzadə və Oğuztoğrul Tahirlinin müəllifi olduğu
"Azərbaycan Cümhuriyyəti
Tələbələri" kitabıdır. Azərbaycan Xalq Cümhuriyyətinin
təhsili üçün
xaricə göndərdiyi
100 tələbənin həyatından
bəhs edən kitab elm sahəsində çalışan şəxslər,
eləcə də digər oxucular üçün dəyərli
əsərdir.
Təkcə bunu demək kifayətdir ki, Azərbaycan Cümhuriyyəti (1918-1920) hökumətinin 1920-ci ilin yanvarında xarici ölkələrə oxumağa göndərdiyi 102 tələbəyə həsr edilmiş bu əsərdə 1000-dən artıq nadir foto əksini tapıb. Oxucular onların əksəriyyəti ilə ilk dəfə tanış olacaqlar. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstanın 17 arxivindən götürülən və əhəmiyyətli hissəsi elmi dövriyyəyə ilk dəfə daxil edilən 465 arxiv sənədindən, 114 əski mətbuat orqanından, 104 kitabdan, 133 məqalədən və 15 internet materialından qaynaq kimi yararlanmış müəlliflər, Ramiz Abutalıbovun sözləri ilə desək, əslində mümkünsüz görünən bir işi gerçəkləşdiriblər.
Əsərin müəllifləri sərgi-yarmarkada oxucularla görüşüb.
Dünyanın məşhur arxivlərinin materialları əsasında yazılmış və 15 illik zəhmətin məhsulu olan bu kitabda indiyədək heç yerdə rast gəlmədiyiniz çox maraqlı faktlarla, materiallarla qarşılaşacaq, əksəriyyəti ilk dəfə dərc olunan nadir sənədlərlə, fotoşəkillərlə tanış olacaqsınız: "Bu gün oğlum Toğrulla birlikdə "Azərbaycan Cümhuriyyəti Tələbələri" kitabının imza günüdür. 102 tələbənin həyatından bəhs olunur bu kitabda. 100 tələbə dövlət təqaüdü ilə göndərilmişdi ikisi isə öz xərclərini ödəyib xaricdə təhsil almış ilk müstəqil Azərbaycan gənclərinin həyatı təsvir olunub əsərdə. Bu sənədlərin ən mühüm önəmi ondadır ki, ana dilimizdə, ancaq ərəb qrafikasında yazılmış sənədlərin hamısı indiyədək araşdırmalardan kənarda qalıb və bu əsərdə onlar ilk dəfə işıq üzü görüb".
Ədalət Tahirzadənin imza gününə toplaşan oxucularda əsər haqda fikirlərini bölüşdülər: "Eşidəndə ki, Ədalət bəy bu kitabı arxivlərdən topladığı məlumatlar əsasında yazıb və hazırlayıb, həqiqətən çox sevindim. Bu əsər tariximiz ən şanlı səhifələrinə həsr olunub. Cümhuriyyət dövrünün tələbələrini tanımaq çox gərəklidir. Bizim üçün də gələcək nəsillər üçün də çox dəyərli elmi əsərdir. Səbirsizliklə müəlliflə görüşü gözlədim. İstəyirəm ki, bu kitabı özüm yox, həm də övladlarım oxusun".
"Kitabın yarısını bir nəfəsə oxumuşam mən. Hər yerdə təbliğ edirəm ki, bu kitab hər bir Azərbaycanlının evində olmalıdır. Hələ 1919-cu ildə ADR 100 tələbə göndərib xaricdə oxumağa. Onların taleləri haqında hekayələrdi oçerklərdi. Fikrimcə, bu əsər təhsil tariximizə dair Azərbaycanda indiyədək yazılmış ciddi monoqrafiyalardandır. Əsərin qiymətli cəhətlərindən biri də qələmə alınmış hər fikrin inkaredilməz sənədlərlə əsaslandırılmasıdır".
Gənc yazarlardan Ayxan Ayvazın "Buri" kitabının da imza günü keçirildi. Hekayələr toplusu oxucuların marağına səbəb olub. Bundan başqa şair Ramiz Rövşənin, Şərif Ağayarın, Kənan Hacının da imza günləri keçirildi.
Beləliklə, kitabsevərlərin üç gündür sevimli məkanına çevrilən sərgi yarmarkası bu gün başa çatdı.
Ədalət 2017.- 3 oktyabr.-
S.5.