Dünyanın günahını bağışlayan poeziya...

 

 (R.Rövşənin şeirləri haqqında qeydlər)

 

Allahverdi Eminov

 

Şair Ramiz Rövşən poeziyası haqqında öz zövqüm miqyasında yazmaq asan olmaya bilər - söz gəlişi ənənəvi fabula deyil - səbəbləri özüm üçün şərti deyil, lakin oxucular üçün başqa paradokslar yarada bilər. Sadalamaq istəməzdim: Ramiz Rövşəndən bir neçə yaş böyüyəm, amma özümü o illərin - ötən əsrin tanıdığım, şeirlərini öz dillərindən eşitdiyim, mübahisələrə qoşulduğum ədəbi mühitdə tapırdım (çün, şeir yazmırdım): Tofiq Abdin, Mövlud Süleymanlı (Balakişiyev), Abbas Abdulla (Acalov), İsa İsmayılzadə, Ələkbər Salahzadə, Seyran Səxavət, Ramiz Rövşən, "yeddilik" fenomeni vardı. Bu simaların haçansa yaşa dolacağını təsəvvürümə gətirmirdim (bu gün də) və mənə elə gəlirdi onların qocalmasını görməyəcəyəm. Mənim əqidəmcə - elə o vaxtdan - şairlər qocalmır, şeir yazanlar ola. Çox-çox sonralar elə o şairlərin şeirləri mənim şüuruma pıçıldadı: müdrikləşən (qocalmayan) məhz şairlərdir! Yanılmamışam: XXI əsrin iki onilliyini qatlayanyaşayan o şairlər ki, həmin zahiri simadadır, o kökdədir, o ilhamın qanadındadır! Niyə proqnoz verirəm? Və haqlıyammı? Haqlıyam!

Ramiz Rövşən poeziyasında milli psixoloji hüdudların şair Mənilə sosial gerçəkliyin mənəvi bağlılığı hələ ötən əsrin 70-ci illərində özünün poetik inikasını tapır və bədii idealın sorağını bələdləyirdi. Obrazlı düşüncə ədəbi problem kimi səciyyələnirdi, estetik fikri ödəyirdi və bədii düşüncə səviyyəsinə yüksəlirdi. O illərdə yazılan "Qapı" şeirində bir qədər milliliyə varsaq, ifadə və deyim tərzinin xüsusiyyəti nəzərə çarpır, müəllifin seçdiyi bədii strukturda daha anlamlı görünür.

Mən bu şeiri oxuyanda, müharibə illərində doğulan bir cocuq olaraq o ağır illərin çətinliyini və ağırlığını yaşamaya bilmədim. İtirilmiş uşaqlığın oyuncaqları, anaların ağuşunda çapalayan "qara kağızlar" və öncə "boy artımı"nın dayanması tarixi fakta çevrilir. Şair isə xəyali gerçəkliyə oxucunu inandırır, məni və yaşıdlarımı qeyri-həqiqətə inandırır! Müharibədə təbiət inkişafdan qalmamışdı: otlar uzanmışdı, cavan qızlar boy atmışdı, qarıların gözlərinin kökü saralmışdı yollara baxmaqdan... Təzadlar və poetik inandırmalar:

 

O ilin otları uzun,

Dörd idi biçən yoxdu,

Uzanmışdı boyları,

O ilin qızları uzun,

Dörd il idi çalınmırdı toyları.

Uzanmışdı, uzanmışdı boyları,

...Şahxanım nənənin oğlu

Davadan qayıdanda

Ha uzatdı əlini

Qapının cəftəsinə

Əli çatmadı, çatmadı.

Ancaq qapı həmin qapıydı,

Qapı bir damcıdı, boy atmamışdı.

Şeirdə sözün yükü öz tarazlığını saxlamış, təsvir ritmini qorumuşdur. Bədii detallar müharibənin ponoramını yaratmışdı, ağır faciənin müşahidəsilə: iki qıçını itirən, boyu ikiqat kiçilən ananın əsgər oğlunun kəndə dönüşü görüşü: epik təsvirlə poetik təzadın "görüşü"! Belə ağrıları yaşayan şair etikası da unudulmur sanki oxucusuna qəfil xəbər verməkdən çəkinir: qıçsız qayıdan ana övladı. Biz "boy"u bir anlıq unuduruq, axı, Sona ananın oğludur bu şikəst cavan! Ana qəlbinin viranəliyindir ki, qucaqlamaq istərkən oğlunu, şair baxa bilmir mənzərəyə, necə baxsan ki:

 

Şahxanım nənənin qolları uçdu,

Uçub getdi qolları.

Oğlunun başı üstündən,

Gözünün yaşı üstündən.

Keçib getdi qolları.

Ağaclara, budaqlara çırpındı -

Göydə bir cüt qanad kimi qırpındı...

 

daha ağır sızıltını görmək istəmirsən, niyə görməyəsən? Axı ananın oğlu ikiqıçlı, sağ-salamat yollanmışdı davaya! Bax ki... faciəni öz gözlərinlə görəsən:

 

Döz bu dərdə - dözənəcən,

Bu dərd səni üzənəcək.

Oğul gəlib dizinəcən

Hanı dizdən aşağı?

 

Sona ananın intizarı nənə Şahxanımın astanasına daha tez çatır iki ananın görüşünü reallaşdırır... Ramiz Rövşənin "Qapı" şeirinin poetik təsir gücü ilə özünü inandırırsa ki, bu şeir sanki müharibə zamanı qələmə alınmışdır; bu isə poetik yaddaşın qüdrətidir! Amma analar atalar üçün yox, bütün insanlar üçün sağalmaz yaradır, dərddir.

Ramiz Rövşən "dərdlər" görmüş çağında "Dərd" şeirini özüylə XXI əsrə daşıyırmış, hansı ki, dərd dərd gətirər, dərd dərdin dibinə çökər bu "dərdlər" bir-birinə xəyanət etmədən: dər-dərdin əlindən tutar, dərd dərdin ipini çəkərmiş! Bu o ildir - on illərdir insanların boğazına keçir, yeni texnologiya ilə (daha dar ağacına yox) insanların dərdini yox, dərdsiz tərəfini çəkirmiş. Oyuna bax: əlacsızlığını etiraf edir şairin istehzasını "qazanır".

 

Dünyadan bezmir yenə ,

Şükür deyib bu günə .

Adam lap öz dərdini

Sevinə-sevinə çəkir.

 

Bilmədim üçün "dərddən" başladım, çünki mən hələ böyük şairimiz Ramiz Rövşənin poeziyası haqqında yazmağı qərarlaşdırmamışam. Çətin işdir bu, alınıb-alınmayan təşəbbüsdür bu!

üçün oxucu vahiməsini yaşayıram - bir səbəbini açıqlardım ki, Ramiz Rövşən şeirlərində fəlsəfədən kənara aparırsa, fəlsəfəni özünün psixologiyası ilə əvəzləyir, sonuncunu inkar etmək mümkün deyil. Lakin birinci eyni şəkildə, sərbəstliklə mövcuddur onu hansısa fərdi poetik kompleksə çevirərək gizlənpaç oyununda olduğu kimi aradan götürmək olmaz. Ramiz Rövşən poeziyasının ümumi ponaraması bədii yaradıcılığa məxsus təhtəl şüurdan qidalanmaqla, poetik impulsların şairdə dərəcədə romantik real olmasında özünü göstərir. Bu prosesdə şairin - müəllifin hissi coşğunluğu onun qayəsini arzusunu, fərdi məişət xoşbəxtliyini özünə ram edir. O, ovqatına qədər inanır ki, hələ qəlbində təxəyyülündə bəslədiyi nəinki mövzularını, obrazlarını canlandırır. Bu surətlər təbii ki, epik obrazlar deyil ki, doğulanda hiyləgərliklə şeirdə özünün xarakterini biruzə versin. Daxilində şairin ruhi sarsıntısından: zamanın nizamsız raduslarından, ziddiyyətlərin açıq-aşkar təzahüründən, xeyir şərin bir-birinə münasibətlərindən... qidalanır, necə ki, ağac torpağın alt qatındakı şirəni əmir boy atır. Ramiz Rövşəndə bu ağacın taleyi daha dərinə gedir sual da doğura bilər: başı kəsilmiş kötük gözəl olarmı? Bədənin harmoniyasını yaradan başdır, ağacın da yaşam tərzi onun kötüyü ilə bağlıdır. İnsan illüuziyasını şərtləndirən Ağaca şairin verdiyi sual ritorik deyil, fəlsəfidir:

 

Başı kəsik gözəl kötük,

Bu dağı sənə kim çəkdi?

Baltanı sənə kim vurdu,

Bıçağı sənə kim çəkdi?

 

Suallar elə-belə yaranmır başla-başına da buraxılmır. Ağac canlı varlıq timsalında görünən hər şeyini itirmişdir İnsan tərəfindən. Yeri gələndə insan özü naminə ülvi dəyərləri tapdalaya bilir, yaşıl budaqları doğraya bilir. Şairə bunlar bələd olsa da yandığından suallar verməyə bilmir.

 

İpək-ipək yarpaqların

Küləklərlə talandımı?

Bilək-bilək budaqların

Ocağında qalandımı?

Küsdünmü taleyin ağalığından?

Zalımlar keçmədi qocalığından,

Yıxılmış ucalığından

Başı kəsik gözəl kötük...

 

O cəmiyyətdə kötüklər, dərinə işləmiş rişələr onların yetişdirdiyi budaqlar yarpaqlar balta altına alınırsa... insanlar kütlə vəziyyətinə gətirilir, imperativlik fəallaşır, antixrist nəsil formalaşır.

Ramiz Rövşən iti ilhama, zəngin fantaziyaya, dərin müşahidəçilik qabiliyyətinə malik olsa da, şeirini intuitiv hisslərlə qələmə almır (bu hiss anadangəlmədir, onu duyuq salmaq gərəkdir), bayağı söz kombinasiyalar ilə dolu söz ehtiyatından yararlanmır, ona görə ki, o tipli şeirlər oxucu qapısına vurulan poetik zərbələrdir, dərhal qapıdan geri qaytarılır - oyunçunun - müəllifin özünə! Belə oxucu yanaşmasında şair qəlbi kövrəlir, ölüm ayağında olanın ucbatından günahsız insan, hətta zərif bir qızın da - o sözü işlətməyə gücüm çatmadı. Poeziya bu məqamlarda insan mənəviyyatına güclü təsir göstərir, xırda hisslərdən qoruyur və təmizləyir.

Poeziya Ramiz Rövşənin yaradıcılığında "görünmür", hiss edilir, yalnız onun təsirini duyuruq. Hətta kədərimizə şərik də çıxır. "Bu ağac"da paylaşılan ovqat kimi: Ağac quruyur ayaq üstə, ağac yıxılıb baltalanır, ağac yandırılır - biz bu ifadələri mütəmadi işlədirik, ancaq lüğətimizdə "öldü" demirik. Ramiz Rövşən şeirində bir ağacın ölümü (quruması, baltalanması, yandırılması yox) proqnoza səbəbdir, şairin təəssüfünə baisdir.

 

Bu ağac öləcək,

Üzündən, gözündən tökülür ölüm.

Bu ağac öləcək bu gün, ya sabah.

 

Bu ağaca qonan o quş öləcək,

Üzündən, gözündən tökülür ölüm.

O quş da öləcək, bu gün, ya sabah -

 

Bu proqnozlu informasiyaya təbii baxırıq, əgər bütün danışan canlılar ölümə məhkumdursa, nə zamansa, dil ünsiyyətindən məhrum ağac da həmçinin. Lakin o ağacı özünə məskən seçən, yuva quran o quşa dən, yem verib yaşadan o qızcığazın günahı nədir?

 

O quşa dən səpən o qız öləcək,

Üzündən, gözündən tökülür ölüm.

O qız da öləcək, bu gün, ya sabah.

 

Bu, ümumi məmnunluq - sublimasiya deyil, ölümün antixrist - mürtəd üzüdür. Əgər sağlam bir ağac ölümə məhkumdursa, o ağacda varlığını yaşadan o quş da öləcək - bunlar həyatın adi davranışıdır, çün meşələrdə onlarla, yüzlərlə ağac ölür, elə o sayda quşlar vurulur; bəs o qızcığazın günahı nədir? Zərif bir qızın vaxtsız ölümü necə? Poeziya budur ki, öz poetik fəlsəfəsini yaradır və insan taleyinə laqeyd qalmır; iztirab aləminin məsud, səadətli səltənətini - sosial və mənəvi harmoniyası, şairin stixiyadan uzaq obrazının məntiqə uyuşmayan düşüncəsi - qənaətini!

(ardı növbəti sayımızda)

 

Ədalət  2017.- 6 oktyabr.- S.4.