Sabunçuda kitab bayramı

 

 

Günümüzün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçiririk. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra gözəl təsirləri var...

 

Kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Belə hesab edirəm ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir".

 

 

Böyük şairlərimizdən Nizami Gəncəvi necə deyirdi:

 

Dünyada qədər kitab var belə

 

Çalışıb əlləşib gətirdim ələ

 

Oxudum, oxudum, sonra da vardım

 

Hər gizli xəznədən bir dürr çıxardım.

 

 

Kitab Oxumaq həyatı sevdirər.Kitab Oxumaq düşüncələri yetkinləşdirər. Oxumaq düşüncəni inkişaf etdirən tezləşdirən əsas qaynaqlardan biridir.

 

İnsanın düşünə bilməsi, üfüqlərinin daha da genişlənməsi üçün kitab dərdə dərmandır. Elə bu minvalla Bakıda "Oxuyaq Oxudaq" adlı layihə çərçivəsində səyyar kitabxana təşkil edilib. Sabunçu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Dilarə xanım Cəbrayılovanın təşəbbüsü ilə həyata keçirilən bu layihə böyük maraqla qarşılanıb. Bu gözəl təşkilatçılıqdan təsirlənərək biz layihənin iştirakçılarından olduq.

 

 

Küçədə gəzərkən bir topa məktəbli diqqətimi çəkdi. Əllərində kitablar, üzlərində təbəssüm. Öz-özümə dedim ki, necə xoşbəxt görünürlər. Məktəbin həyətinə yaxınlaşıb kitablardan birini mən almaq istəyirəm. "Oxuyaq Oxudaq" səyyar kitabxana maşını diqqətimi çəkir. Kepkalı oğlandan kitabın qiymətini soruşuram:

 

- Qardaş Daniel Defonun hekayələri var?

 

- Bəli, olmalıdı, bir dəqiqə baxım...

 

Kepkalı oğlan kitabların içində maraqla gəzişsin. Biz ətrafa baxaq. Şagirdlər, hətta qocalar da burda kitab növbəsindədir. Barmağımı dişləyib, düşünürəm ki, bizim cəmiyyət birdən-birə bu qədər kitaba marağı hardan tapdı..

 

- Robinzon Kruzo əsəri qalıb-deyə kepkalı oğlan dilləndi

 

- Qiyməti?

 

- Burda kitablar layihə çərçivəsində pulsuz paylanır

 

- gözəl

 

- Gözəl gününz olsun!

 

- Hər məktəbə gedirsiz?

 

- Maştağa, Nardaran, Bilgəh qəsəbələrinin məktəblərində belə təşkilatçılıqlar etdik. Hər məktəbə, həmçinin sıravi adamlara da pulsuz kitablar paylayırıq. Əsa odur ki, uşaqlar oxusun, inkişaf etsin!

 

- Nardaran tərəflərdə çətin olmadı ki?

 

- Nardaran qəsəbəsinin məktəblərində kitablar payladıq. Qızlar da kitab paylarından yararlandılar.

 

 

 

Kepkalı oğlana təşəkkürümü bildirib, kənara çəkilirəm. Bu gün həm "Müəllimlər Günü"dür. Uşaqların sevinci gözlərindən bilinirdi. Aşağı sinif şagirdlərinin kitaba marağı yüksəs səviyyədə olub, bundan başqa yuxarı siniflər kitablarla maraqlanıb, özləri üçün bir neçə kitab götürüblər.

 

Məktəbli uşaqlardan birinin qarşısını kəsib soruşuram:

 

- Balaca hansı kitabı götürdün?

 

- Nağıllar kitabı

 

- Azərbaycan nağıllarıdı?

 

- Bəli, əmi...

 

Üzündə güllər aça-aça uşaqların arasına qarışır.

 

 

Layihə çərçivəsində səyyar kitabxana sabah da digər rayonun məktəblərində təşkil ediləcək.

 

Bu cür layihələrin həyata keçirilməsi uşaqların uğurudur. Onların kiçik yaşlardan bədii kitablar oxuması zehni inkişafları üçün müsbət haldır.

 

Onu da qeyd edək ki, bu layihə Sabunçu rayonun 49 ümmumtəhsil ocağında həyata keçirilib. Ümümilikdə 3 mindən çox kitab paylanılıb. Layihə 06 oktyabr 2017-ci ildə başa çatır.

 

Ədalət $g 2017.- 6 oktyabr.- S.6.