KƏDƏRDƏN
BÖYÜYƏN ŞAİR
ƏDƏBİ
HƏYAT
Nəcməddin Mürvətov yurdumuzun Siyəzən adlanın gözəl bir məkanında yaşayır, müəllimdir, rayonda tanınmış ziyalılardan biridir. Gözəl evi-eşiyi, gülləri sayrışan, bülbülləri ötüşən bağı-bağçası var. Ailəsinə, uşaqlarına söz ola bilməz, Nəcməddin müəllimin adına layiqdi bu uşaqlar. Yaxından da, lap uzaqdan da bu ailəni, bu ocağı, onun ağsaqqalını tanıyanlar deyirlər ki, xoşbəxtdi Nəcməddin müəllim. Amma onun xoşbəxtliyi həm də ürəyindədi. O ürək ki, hər gün ordan ağ kağıza poeziya odu-alovu, yanğısı səpələyir. Və Nəcməddin Mürvətov ürəyinin sevincini, dərdini, gileyini şeirlərə çevirir.
Dünyamız ağlı-qaralıdır, təzadlıdı, dəyişən, yeniləşən, köhnə qaydaları, buxovları qandallayan dünyadı. Amma dəyişməyən, heç vaxt da dəyişə bilməyəcək məhəbbət var, sevgi var, Vətən hissi, göz oxşayan gözəlliklər var. Nəcməddin Mürvətov da bu sevgiləri qələmə alan şairdir. O, kədərdən yazanda da, sevincə bürünəndə də, istər zəmanədən, istərsə də bir dostundan gileylənəndə o sevgi hissi onu tərk etmir.
Nəcməddin Mürvətov bugünkü kəndin, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşadan kəndin övladıdır. Kənd stixiyası, ağsaqqallardan gələn, müdriklərdən, qarı nənələrdən gələn Allahçılıq, dinimizə, dilimizə, milli-mənəvi dəyərlərimizə ehtiram onun şeirlərinin məzmun qatında, necə deyərlər, üst mərtəbədə görsənən əlamətlərdi.
Öyünmə dövlətin, malın, varın var,
Geniş xəzinəndə hesabsız yatar.
Zamana, dövrana yoxdur etibar.
Güvənmə dürr, zərə, lələ, daş-qaşa,
Güvən Allahına, arxayın yaşa.
Olanlar hamısı deyil ki, kamil,
Lazımmı de buna bir söhbət,
dəlil?
Gözəllik verilib, alınacaq
bil,
Bağlıdır taleyə bu qismət, yaşa,
Güvən Allahına, arxayın
yaşa.
Bu moralist ruhlu şeir
təkcə tərbiyəvi
əhəmiyyət daşımır,
həm də eldən, möhtərəm
ağsaqqalların dilindən
eşidilən balaca bir Qorqud çağırışıdır.
İçimdə həsrət var,
yer-yurd həsrəti,
Qoymur ki, quruya gözümün yaşı.
Hayqırtım, fəryadım aşkar,
xəlvəti,
Cismim nə?-əridər torpağı, daşı.
Ağır yük daşıyır
ürəyim indi,
Ağrılı-acılı, bağrı yaran yük.
Bundandır saçıma ağ qar ələndi,
Bundandır həyatım mənasız,
sönük.
Nəcməddinin şeirlərində Ana mövzusu
da diqqəti çəkir, o səbəbdən
ki, bu şeirlərdə
ana məhəbbəti
illər boyu yaşanılan hisslərdən
doğur. Ana itkisi
şair qəlbində
sonsuz kədər yaradıb. Bu kədəri hər şair özünəməxsus
yazır. Nəcməddinin
şeirlərində Ana itkisi
Anaya məhəbbətin əbədiyaşarlığı
kimi mənalanır:
Bədrəng oldu boz-bulanıq
həyatım,
Yana düşdü sınmış
qolum-qanadım.
Sənlə bağlı saysız
arzum, muradım,
Külə döndü vaxtsız solan, ay ana.
Tənhalığı niyə qıydın balana,
Sənsizlikdən ağlar mələr qalana.
İnanıram uydurduğum yalana.
Yuxudasan oyan, oyan, ay ana.
Əlbəttə, bu yazıda Nəcməddin Mürvətovun
bütün şeirləri
barədə söz açmaq istəmirəm. Amma onun
sevgi şeirləri barədə söz açmasam, günah olar.
Əsrimizin bu çağında
gözəl sevgi şeirləri az
yaranır-bunu etiraf etmək lazımdır. Çox yazılır, amma keyfiyyət nadir hallarda kəmiyyətə çevrilir.
Ona görə ki, Leylilik, Məcnunluq, sevgi yolunda fədakarlıq
azalıb. Çox şeirlərdə
yaşanılan, duyulan
hisslərdən deyil,
hazır sevgi şeirlərindən gələn
"mətnlər" üstünlük
təşkil edir.
Nəcməddin Mürvətovun sevgi
şeirlərində yaşayan,
ölməyən, illər
keçdikcə xatırlanan
və xatırlandıqca
da daha şiddətlənən
sevgidən söhbət
gedir. Bu şeirlərdə bir Azərbaycan kişisinin qəlbinin iztirabları və əslində, bu iztirabların gözəlliyi öz əksini tapır.
İstəyim, bir damla göz yaşı səndən,
Göstərə köksünü yaxan həsrəti.
Çox
üstün olar o sözdən, kəlmədən,
Görəm sevgindəki səmimiyyəti.
O şeirləri oxuduqca sanki bir sevgi
hekayətini dinləyirsən.
Və o şeirlərdə müəllif
məişət dedi-qodularına
uymur, mənasız küsməklərə, inciməklərə
meyl eləmir, hər şey o sevgi hekayətinin axarında gözə dəyir. "Sevgimiz olsa da
göl, ümman, dəniz, Sən mənsiz yaşadın, mən də ki, sənsiz" - bu etiraf səmimidir,
səni inandırır
ki, ortada ayrılıqlar dağ kimi ucalıb. O ucalan ayrılıq dağını isə qoparmaq, yıxmaq mümkün deyil. Çünki sevginin gözəlliyi
də elə ayrılıqdadır. Ayrılıq mənəvi olanda, yəni iki insan
bir-birinin həsrətini
çəkə-çəkə bir-birindən uzaq olanda, ya da
kövrələndə ayrılığın
dadı bilinir. Yaşamaq, sevmək-bax, elə budur!
Sıxır boğazımı amansız
qəhər,
Axır sifətimə gözümün
yaşı.
Mümkünmü özümdən qaçım
birtəhər,
Atım sinəmdəki o ağır
daşı?
Mürvətovun şeirləri içərisində
saza, musiqiyə bir təşnəlik duyulur. Onun musiqi duyumu həm də şeirlərindəki musiqilik,
ritm, ahəng, melodiya tempi yaradır.
İndi isə onun qəzəlləri
haqqında bir neçə kəlmə. Qəzəli
kim yaza
bilər? Əruza az-çox bələd
olan, klassik poeziyaya sevgilər bəsləyən, Füzulini,
Seyid Əzim Şirvanini, Vahidi oxumadan, onların qəzəllərindəki gözəllikləri,
poetik incəlikləri
mənimsəmədən qəzəl
yazmaq günahdır.
Həm də indi elə
qəzəl yazasan ki, heç olmasa, füzuliyanə bir deyim, bir
obraz, təşbeh və metafora ilə üzləşəsən.
Nəcməddinin qəzəllərində mümkün qədər ərəb-fars sözlərinə
etinasızlıq var, bu, yaxşı cəhətdir. Sevgi şeirlərində
olduğu kimi, qəzəllərində də
səmimi hisslər, təbii duyğular diqqəti cəlb edir. Muğam haqqında yazdığı
qəzəl daha diqqətəlayiqdir:
Ucaldıb zirvəsinə verdi nəfəs, gah muğama,
Görüb ecazı bəşər, qaldı mat, heyran muğama.
Ustaddan ərz eyləyə möcüzənin sirlərini,
Açdı yol, meyli sala
şövqlə hər
cavan muğama.
Car çəkdi: dinlə, budur musiqidə şahənşah,
Qayğıyla bəxş elədi yepyeni dövran muğama.
Dünyaya etdi sübut, zərrəcə yox şəkk-şübhə,
Anadır, doğma ana Azərbaycan muğama.
Nəcməddinəm, deyirəm tanımıram bircəcə
kəs,
Necə ki xidmət edib xanım Mehriban muğama.
Təbii ki, onun qəzəllərinin
də əsas mövzusu sevgidir. Deyim ki,
hamısı əlüyyül-əladır,
özümü aldatmış
olaram, amma içərisində elə
nümunələr var
ki, Vahidin gözəl qəzəllərinə
ruh etibarilə yaxındı.
Eylə
bol zillətini hər nə qədər var mənə,
Söz deyəm,
səs çıxaram
vermə ixtiyar mənə.
Qoy dadım ləzzətini həsrətin, həm hicranın,
Göndər köksüm dolusu qüssə, qəm, qubar mənə.
Sevginin dərdi-səri aşiqə
xoş zinətdir,
Söyləyirlər yaraşır ağı, ahı-zar mənə.
Gözümün yaşın döndər
selə ki, ümman ola,
Dəhanımdan çıxan od eyləməyə kar mənə.
Nəcməddinəm, diləyim rəhm deyil, səndən yar,
Ver uyum ağrı-acı, xəlvət,
aşikar mənə.
Gözəl qəzəldir, istənilən
xanəndə bunu ifa elədiyi muğamda səsləndirə
bilər.
Nəcməddin Mürvətova-Siyəzəndə yaşayan bu duyğulu şairi yeni, daha gözəl
şeirlər yazmağa
səsləyirəm.
Vaqif YUSİFLİ,
filologiya
elmləri
doktoru
Ədalət 2017.- 14 oktyabr.- S.15.