EKRAN ARXASINDAKI ADAM

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ REJİSSOR FAİQ ABBAS OĞLU MUSAYEV

 

(əvvəli ötən sayımızda)

 

Faiq Musayevin ssenarist Hüseyn Əsgərovla birgə işi "Telesiqnal", "Bunlar kiçik məsələlər deyi", "Molla Nəsrəddin" kimi tənqidi verilişlərin efir həllinə imkan verirdi. Həftədə bir dəfə efirə gedən bu verilişlərdə süründürməçilik, xidmət sahələrindəki neqativ hallar, tikintidə keyfiyyətsizlik, rüşvətxorluq və bu kimi hallar tənqid atəşinə tutulurdu. O dövrdə Faiq Musayevin rejissorluğu ilə "Cənnətdən zəng", ""Cəhənnəmdən zəng", "Nənədən məktub", "Ümid qoca Xottabıça qalıb", "Cahan xala gəc axtarır", "Tilsim", "Robinzon Kruzo və başqaları", "Tarzan", "Otello", "Ad günü" və digər tənqidi, satirik verilişlər Naxçıvan televiziyasının ən reytinqliuzunömürlü verilişləri idi.

Tamaşaçılar 1986-cı ildə yazıçı-publisist Əbülfəz Qasımovun "Müqəddəs nemət" əsəri əsasında telefilmə rəngli təsvirlə baxmaq imkanı qazandılar. Film rus dilində dublyaj olunaraq Ümumittifaq Teleradiosu Rejissorların Təkmilləşdirmə Kursunun qəbul komissiyasına təqdim olunub. Bu filmlə müsabiqədən uğurla çıxan F.Musayev 1988-89-cu illərdə Moskvada ixtisasartırma kursu keçərkən məşhur rus telerejissoru, xalq artisti Vladimir Voroşilovdan sənətin incəliklərinə yiyələnir, kino və sənədli filmlər rejissorluğu üzrə tam kursu bitirir.

Yenidən doğma yerinə qayıdan rejissor bir-birinin ardınca maraqlı telefilmlər və teletamaşalar hazırlamağa başlayıb. Bu illər ərzində A.Axundovun "Həsrətin son axşamı", A.Vampilovun "Göydən düşən mələk", E.Həbibin " ölümün ölümü", C.Məmmədquluzadənin "Şeir bülbülləri", M.S.Ordubadinin satirik hekayələri əsasında hazırlanmış ikihissəli "Ordan-burdan", H.Cavidin ömür yoluna həsr olunmuş Ə.Naxçıvanlının "Tale burulğanı", Z.Vedilinin "Yurd itkisi", H.Eyvazlının "Yasda toy əhvalatı", iki hissəli "Qatarda" və başqa bu kimi teletamaşaları bir-birinin ardınca efirə vəsiqə alıb.

Faiq Musayevin teleyaradıcılığında sənədli film, xronikalar aparıcı sahələrdən biridir. Onların hazırlanması üçün nəinki ssenarist, hətta rejissorun özütarixi hadisələrdən yaxşı baş çıxarmalı, zamanın ritmini duymalıdır. Çəkiliş qrupunun peşəkar sənətçilər hesabına düzgün müəyyənləşdirilməsi və səfərbər olunması, zəruri texniki avadanlıqların təşkil edilməsi zəruri şərtlərdəndir. Bütün bunları vaxtında təşkil etmək qrup rəhbərinin missiyasına aiddir. Yaxşı təşkilatçılıq qabiliyyətinə malik olan istedadlı rejissor üzərinə düşən vəzifələrin öhdəsindən həmişə bacarıqla gəlib. Moskvada tələbəlik illərindən sonra Faiqin çəkdiyi video-filmlər buna misal ola bilər. E.Həbibin "Şəhidlərin üsyanı", "Məni qoymayın təklənəm", A.Yadigarın "Şəhidlik zirvəsindən görünən Vətən", H.Əsgərovun "Dünyanın yaşıdı", A.Haqverdiyevin "Tarixlə yaşayacaq ömür", "Duman gəl, get bu dağlardan", İ.Həbibbəylinin "Arpaçayı daşa bilməz", V.Məmmədovun "Sədərək harayı", "Sədərəkdə yazılan gündəlik", G.Məmmədovanın "Şəxsiyyət" və digər onlarla film uğurlu rejissor işinin bəhrələridir.

Sosialist Əməyi Qəhrəmanı, dörd dəfə SSRİ Ali Sovetinin deputatı, tanınmış pambıq ustası Bahar Talıbovaya həsr olunmuş "Tarixlə yaşayan ömür" və xalq şairi M.Arazın həyat və yaradıcılığına həsr olunmuş "Məni qoymayın təklənəm" video-filmləri Azərbaycan televiziyası ilə nümayiş olunub.

"Arpaçayı daşa bilməz"" filminin qeyri-adi teletədqiqat və təqdimat miqyaslarını, çəkiliş obyektinə polifonik, çoxrakurslu yanaşma tərzini, tarixiçağdaş həqiqətlərin analizsintez yoluyla bütöv vəhdətdə verilməsi professionallığı xüsusi vurğulanmalıdır. Filmdə elmi-rasional təfəkkürlü ssenari, mükəmməl mətn, bəzən romantik haşiyələrə çıxsa da, tam realist yönlü istedadlı rejissor yanaşması, kadrların həm sərt monumentallığına, həm incə plastikasına nail olan usta operator işi, bütöv film-obrazın mahiyyətini, məzmun və mündəricəsini istiqamətləndirən bitkin səs-musiqi tərtibatı... bütün bu və digər məziyyətlər uğurlu bir ekran əsərinin yaradılması ilə nəticələnib. Haqqında söhbət açılan bu və digər filmlər istedadlı rejissor Faiq Musayevin Naxçıvanın dünənli-bu günlü həqiqət salnaməsidir.

90-cı illərin əvvəllərində Faiqin rejissorluğu, şair Muxtar Qasımzadənin redaktorluğu ilə hazırlanan "Karvan", bu sətirlərin müəllifinin müəllifliyi və aparıcılığı ilə "Axtarış" ədəbi-bədii-publisistik proqramları da geniş tamaşaçı marağına səbəb olub. Hər iki proqramın maraqlı sujetləri Azərbaycan televiziyasının "Dalğa" proqramında nümayiş etdirilib.

Onu qeyd edək ki, bu gün Azərbaycanın özəl televiziyalarında göstərilən "Axtarış" verilişləri hələ ötən əsrin 80-ci illərinin sonlarından Naxçıvan televiziyasında mövcud idi. Həmin veriliş vasitəsilə o taylı-bu taylı yüzlərlə soydaşımız öz qohum-əqrəbasını tapmış, digər hallarda isə dostluq əlaqələri quraraq məktublaşmağa başlayıblar. 1990-cı ilin Bakı hadisələri və Sədərək döyüşləri də bir rejissor kimi Faiq Musayevin hazırladığı müxtəlif səpkili, tematik və ədəbi-bədii verilişlərdə, telekompozisiyalarda öz əksini tapmışdır.

Ulu öndər Heydər Əliyevin doğma Naxçıvana qayıdışı, 3 illik siyasi fəaliyyəti, Azərbaycanda siyasi hakimiyyətə qayıdışı, müstəqil Azərbaycanın memarı kimi bütün dünyada tanınması Faiq Musayevin rejissor yaradıcılığında əsas yer tutub. Ulu öndərlə bağlı hazırlanan telekompozisiyalar, videoçarxlar və keçidlər, film tamaşalar bu günteleviziya ekranlarında nümayiş olunur. Faiq "Heydərnamə", "Qayıdış", "Xilaskar", "Azərbaycan qədər əbədi", "Əbədiyyət yolçusu", "Ulu torpaq, ulu öndər", "Zamanla üz-üzə", "Müstəqilliyimiz əbədidir", "Mənim Naxçıvana gəlişim taleyin işi imiş", "El məhəbbəti", "O bir günəşdir, sönməyəcəkdir", "Bir nurlu heykəl yarat" və bu kimi televiziya verilişlərinə, kompozisiyalarına uğurla rejissorluq edib. Heydər Əliyevin siyasi davamçıları İlham Əliyev və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi Naxçıvanın bugünkü inkişafı, qədim yurdun ictimai-siyasi həyatı ilə bağlı kompozisiyalar, videoçarxlar da Faiq Musayevin telerejissorluğunda əsas yerlərdən birini tutur. E.Həbibin "İlham xalqın ilhamı", "Azərbaycan deyəndə", "Naxçıvannamə", "Günəşin vətəni", H.Eyvazlının "Naxçıvan haqqında ballada", A.Yadigarın "Dünyanın bəzəyi, Naxçıvan", M.Qasımzadənin "Naxçıvandan gəlirəm", "Hər bir vətəndaşın prezidenti", "Yarım əsrin 15 ili" və başqa bu kimi kompozisiyalara, tematik verilişə, videoçarx və keçidlər, müxtəlif zamanlarda çəkilən yallılar Faiqin rejissorluq məhsulları sırasındadır.

Təbiət qoynunda, tarixi məkanlarda, müstəqillik dövrünün memarlıq mühitiylə üz-üzə, nəfəs-nəfəsə çəkilən Şərur yallısının film-obrazının yaradılmasında monumentallıqla zərifliyin, qeyri-adiliklə adiliyin, sadəliyin bütöv vəhdətində həll olunması uğurlu rejissor tapıntısı hesab edilə bilər. Burada tarixiliklə müasirliyin qarışıb qovuşması, hətta geyimin zəngin milli etnoqrafiyası da özünəməxsus ifadə tərzidir.

(ardı növbəti sayımızda)

Hüseyn Əsgərov

 

Ədalət  2017.- 13 oktyabr.- S.7.