YÜKÜ NİSGİL OLAN MİSRALAR

 

Məcnun Göyçəlinin şeirləri barəsində kiçik bir qeyd

 

Hər bir kitab, xüsusilə şeir kitabı bir oxucu olaraq həmişə məndə maraq doğurub. Özümhiss etmədən vərəqlədiyim həmin kitablarda ruhuma, könlümə yaxın, diqqətimi çəkən, mən düşündürən misralar, fikirlər axtarmışam. Etiraf edim ki, bugünkü kitab "bolluğunda", sözün urvatdan düşdüyü bir məqamda istədiyim, elə sizin də istədiyiniz kitabı tapmaq o qədər də asan deyil. Buna baxmayaraq, mən də, yəqin elə siz də hər gün axtarışdasınız. Təbii ki, maraqlı kitabların axtarışında...g

Nə vaxtdır ki, kitab rəfimdə yerləşdirdiyim nəfis tərtibatlı üz qabığı mənim üçün xoş bir aura yaradan qalın bir kitab var. Mən bu kitabı müəllifin hədiyyəsi kimi 3 il bundan qabaq qəbul etmişəm. Və tam səmimi etiraf edim ki, kitabı bir neçə dəfə gözdən keçirib ayrı-ayrı şeirlərini də oxumuşam. Və onu da etiraf edim ki, bu kitabdakı şeirlərin bir qismi dövrü mətbuatda, o cümlədən də "Ədalət"in səhifələrində zamanında çap olunubdu. Ona görə də şeirlərin ilk misralarından mən köhnə tanışımla qarşılaşdığım kimi üz-üzə gəlirəm. Onunla ötən illərin yol-yoldaşı kimi söhbətləşirəm. Bu da öz növbəsində məndə müəyyən təəssüratlar formalaşdırır.

Bugünlərdə yenə götürdüm həmin kitabı əlimə, yenə başladım vərəqləməyə. Açıb oxuduğum ilk şeir vətən həsrətindən, yurd nisgilindən bəhs edirdi. Şeirin adı da özü-özlüyündə hər şeyi söyləyirdi. Müəllif şeirinə belə bir ad qoymuşdu: "Nə Göyçə var, nə göyçəli..."

Yəqin ki, bu başlıq sizə mətləblərdən xəbər verdi. Həmin mətləblərin ifadə olunduğu şeirdə müəllif yazır:

 

Məcnun, demə söncəyəm,

El güləndə güləcəyəm!

Görən harda öləcəyəm?! -

Nə Göyçə var, nə göyçəli.

 

Mən qəsdən bu bəndi sizə təqdim etdim. Çünki bu bənddən müəllifin adını da, təxəllüsünü də duymaq olar. Diqqətli oxucu dərhal xatırlayar ki, Məcnun Göyçəlidir!

Yurd nisgilini zaman-zaman poetik fikrə çevirən, şeirə gətirən, dillər əzbəri edən Məcnun Göyçəli hər bir sözündə, hər bir ifadəsində təkcə öz yaşantılarını, öz fərdi ağrı-acısını deyil, həm də bir elin, obanın dərdini, kədərini, həsrətini yazıbdı. Ona görə də mən şəxsən onun şeirlərini oxuyanda öz qaçqınlıq həyatım, öz dərd-sərim gəlib durur gözümün önündə. Və elə bilirəm ki, Məcnun Göyçəli də həmin dərd-sərin içindən keçib gəlir bu günümüzə. Deyə bilərsiniz ki, bu dərdin oxşar olması əkizlik deməkdir. Amma hər nə ad verirsiniz verin, söhbət o dərdi yaşamaqla yanaşı, onu həm də ifadə etməkdən gedir. Bu mənada Məcnun Göyçəlinin misraları arxasında başı qarlı dağlar, buz kimi çeşmələr, göz yaşından duru dağ çaylarının suyu, laləli-nərgizli, qırxbuğumlu, əvəlikli, quzuqulaqlı çəmənlər, yamaclar durduğunu dərhal hiss etmək oulr. Ona görə də onun təəssüfü, onun həsrəti adamın qəlbinə təkrar od salır. Məcnun Göyçəli yazır ki:

 

Məcnun Göyçəliyəm, dərdi işıqlı,

Sinəm "ah" yuvası, qəm sarmaşıqlı,

Bir zireh geymişdim, - yurd yaraşıqlı,

Söküldü bəndləri tez hayf oldu!

 

yaxud:

 

Boğur yeri zülmət, göyü qaranlıq,

Duz-çörək basıldı, kəsdi yamanlıq.

Sənət Kəbəsini alıb dumanlıq, i-

saz yerindədi, söz yerində!

 

Şair Aydın Murovdağlıya ünvanlanmış sonuncu şeirdən aydın olduğu kimi, torpaqların işğalı sözü , sazı da didərgin salıb.

Onlara da acılar yaşadır. elə bu səbəbdəndir ki, şair Məcnun Göyçəli dərdini dərdli sözlərlə misralayır.

Bu gün Azərbaycan oxucusunun yaddaşını ayaqda saxlamaq, ona unutqanlıq qadağası qoymaq hər bir söz adamının əsas qayələrindən biri olmalıdır. Yazılan söz, deyilən fikir insanlarda vətən sevgisini alovlandırmalı, onların yaddaşından işğalçıya olan köhnə münasibətləri silməlidi. Hər kəs bu gün, dünən baş verənləri, dağıdılan, yağmalanan mal-mülkləri, xüsusilə şəhidlərimizi bir an da olsun unutmamağı öz həyat qayəsinə çevirməlidir. Belə olduğu halda, onda qayıdışa da, geriyə dönüşə ümid arta bilər. Bax, bu mənada Məcnun Göyçəlinin seçilmiş əsərlərindən ibarət kitabının müəyyən missiya daşıdığını unutmaq olmaz. Bir oxucu olaraq düşünürəm ki, sözün silah olduğunu qəbul etməklə biz işıqlı sözə həmişə əl uzadıb onun təkcə çapını yox, həm təbliğini, yayımını da nəzərdə saxlamalıyıq. Bununla da yurd nisgilli sözlərimizə halal bir söz çələngi bağışlamış olarıq.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət  2017.- 12 oktyabr.- S.7.