SAZIN ƏDALƏT ƏFSANƏSİ, ƏDALƏT HƏQİQƏTİ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Dədə Qorquddan üzübəri çox ustad aşıqlar olub. Bunların hər birinin də sənətdə özünəməxsus xidmətləri var. Bu günümüzədək o sənətkarların adı və yaratdıqları gəlib çıxıb ki, sənətdə öz yolu, öz izi olub, özündən sonra nəsə qoyub. Və bunların da arsından o sənətkarlar dədəlik zirvəsinə ucalıblar ki, təkcə sənətdə şöhrət qazanmaqla kifayətlənməyiblər, əksinə, sənətin şöhrətini də yüksəklərə qaldırıblar. Azərbaycan aşıq sənətinin son mogikanı Ədalət Nəsibov məhz belə sənətkarlardan idi.

XX əsrin ortalarında sənətə gələn Ədalət Nəsibov Azərbaycan aşıq sənətində özünəməxsus dəst-xətti ilə seçilən, saz ifaçılığına yenilik gətirən və özünün məktəbini yaradan sənətkardır. O, solo saz ifaçılığının təkrarsız və əzəmətli simalarından biri kimi Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib, bənzərsiz ifaları ilə sazımızı sevdirib, adını bu sənətin tarixinə qızıl hərflərlə yazdırıb. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

Hələ sağlığında ikən hər sənətkara nəsib olmayan bir zirvəyə ucalan Ədalət Nəsibov təkcə Azərbaycanda deyil, Türkiyədə, İranda, Gürcüstanda, Orta Asiya respublikalarında - bir sözlə sazın ruhu duyulan hər yerdə yaxşı tanınıb, sevilib. Onun sənətə xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirlib - "Əməkdar İncəsənət Xadimi" fəxri adına və Prezident təqaüdünə layiq görülüb. Haqqında kitablar yazılıb, filmlər çəkilib.

İlk sənət dərsini atasından, ilk xeyir-duanı ölməz Səməd Vurğundan alan Ədalət Nəsibov sağlığında ikən milyonların ürəyində özünə abidə ucaldıb və bu səbədən də çox böyük qürur hissi ilə deməyə haqqı çatıb ki:

 

Elə kök atmışam Azərbaycanda,

Bir kökün üstündə min budağam mən.

 

Bu gün çox böyük inamqürur hissi ilə deyə bilərik ki, təkcə Ədalət sazının sehri, möcüzəsi bəs edər ki, Azərbaycan mədəniyyəti öz qüdrətiylə bütün dünyanı fəth etsin. Bu məqamda, Ədalət Nəsibov haqqında hər zaman böyük məhəbbət və ehtiramla danışan Xalq şairi Zəlimxan Yaqubun sözlərini xatırlamamaq olmur: "Ədalət aşıq sənətinə həqiqətdən çox əfsanə kimi, candan çox ruh kimi, bədəndən çox nəfəs kimi gəldi".

Ədalət Nəsibov sağlığında ikən bir sənət möcüzəsiydi, əfasənəydi, həqiqətiydi - sənətin həqiqəti, həm də ədalətiydi. Elə buna görədir ki, bu gün yaddaşlarda bir Ədalət Nəsibov əfsanəsi, Ədalət Nəsibov həqiqəti yaşayır. Və nə qədər ki, qədirbilən Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi var, nə qədər ki, sazımız yaşayır, o qədər də, unudulmaz Xalq şairimiz Zəlimxan Yaqubun dediyi kimi, "Aşıq Ədalət sazının yanğısı, Aşıq Ədalət barmaqlarının tufanı yaddaşlarda bir əfsanə kimi yaşayacaq!"

Aşıq Ədalət əfsanəsinin, Aşıq Ədalət həqiqətinin mahiyyəti ondan ibarətdir ki, onun dilləndirdiyi saz şimşək çaxışı kimi göylərdən yerə enib, yenidən Tanrı taxtına yüksəldi. Z.Yaqubun da çox haqlı olaraq dediyi kimi, "onun sənətə gətirdiyi yanğı təkcə sazdan gələn yanğı deyildi, həm də onun ruhundan, bədənindən, eşqindən, ehtirasından, millətinin taleyindən gələn yanğı idi. Ədalət dünyaya göstərdi ki, pərdələrdə nə qədər od-atəş, barmaqlarda nə qədər sehr-möcüzə, doqquz teldə 99 çayın nərəsini özündə birləşdirən nə qədər səs, haray ola bilər".

Ustadın barmağında közə dönən təzənə sənət pərvanələrini, ədalətsevərləri yandırır, tellərdən ətrafa yayılan hikmət haqqa güc verir, nahaqqı qılınc kimi doğrayır, kəsirdi. Xalq şairi Zəlimxan Yaqubun sözləri ilə desək, Ədaləti dinləyən əsrarəngiz təbiəti, insanlarda cəsarəti, neçə-neçə hekayəti, ayrılıqdan şikayəti, elə-obaya, Vətənə olan sonsuz məhəbbəti, bütün zamanlarda ölməz olan bir sənəti dinləyir. "Zili-bəmi bir-birindən təzə-tər" olan Ədaləti dinlədikcə Lələsini itirən Kərəm, Şahsənəminə qovuşan Qərib, Zöhrəsinə döz deyən Tahir canlanıb həmişə gözlərimiz önündə, Ələsgərin, Vurğunun səsi-sorağı gəlib qulaqlarımıza.

Bənzərsiz ifasıyla milli ruhumuzun keşiyində dayandı, sazın canında, ruhunda yaşayan müqəddəsliyi və ucalığı qoruyub gələcək nəsillərə urvatla çatdırmaq üçün çox işlər gördü, Xalq şairi Osman Sarıvəllinin sözlə ifadə etdiyi həqiqəti sazın ecazkar gücüylə bir daha təsdiq elədi Ədalət:

 

Saz oyun deyildir düşündüyün tək,

Onda" Kərəmi" var, onda "Cəngi" var.

 

XX əsrdə sazın Əmrah Gülməmmədov kimi çox böyük ustadından sonra aşıq sənəti dünyasına bir Ədalət Nəsibov gəldi saz özünün Aşıq Ədalət zirvəsinə ucaldı. Sənətiylə bərabər özü ucaldı, dədəlik mərtəbəsinə yüksəldi. Ədalət sənətinin sehri dinsizləri dinə gətirdi, daş ürəkləri yumşaldıb muma döndərdi, özü isə Türk dünyasının sevimlisinə çevrildi, Avropanın dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarını titrədərək sazın gücüylə Azərbaycan mədəniyyətinin, incəsənətinin qüdrətini nümayiş etdirdi.

məhz Ədalət Nəsibovdan sonra sazın solo ifaçılığında bir məktəb yarandı. İndi bu məktəbin yetirmələrinin sayı bir deyil, beş deyil, onlarla, yüzlərlədir. Əməkdar mədəniyyət işçiləri Əli Quliyev, Ədalət Dəlidağlı Nemət Qasımlı, eləcə Fəzail Miskinli, Azər Xanlaroğlu, Roman Azaflı, Firidun Tovuzlu, Şirin Şirinov adını çəkmədiyimiz neçə-neçə istedadlı gənclər bu məktəbin yetirmələri, ustadın sənət yolunun yolçuları yorulmaz davamçılarıdırlar. Təsadüfi deyil ki, bu gün sənətə gələnlərin böyük əksəriyyəti onu özünə müəllim hesab edir.

"Yanıq Kərəmi"yə öz möhürünü vurdu Ədalət. Bu havanı elə ifa elədi ki, hara getdisə, "ağrın alım, onu bir çal, aşıq", - dedilər. Şairlərimiz şəninə söz qoşdular, saz ifaçıları çox olsa da, hər yerdə "sazı dilləndirməyə Ədalət gəlsin", - dedilər. Sazı elə dilləndirdi ki, hər telindən min söz, min söhbət boy verdi, onu dinləyənlər haqlı olaraq bu qənaətə gəldi ki, "Kərəm "Kərəmi"ni belə çalsaydı, keşiş inadını yerə qoyardı".

Təəssüf ki, onilliklər ərzində "Ziyadxan oğlunun nakam eşqinə" "ağlaya-ağlaya" sinələr dağlayan sənətkarı əlimizdən almaqla bir dağ da fələk çəkdi sinəmizə. Elə bir dağ ki, göynərtisi illərdən illərə, nəsillərdən nəsillərə keçəcək. Zaman dəyişəcək, nəsillər bir-birini əvəzləyəcək, amma bu sızıltı, bu göynərti könüllərdən silinəcək, ustad Ədalət Nəsibovu əvəzləyən olacaq. Sənət yaşacaq, sənətkarlar da. Yeni-yeni istedadlar üzə çıxacaq, yeni səslər, yeni nəfəslər gələcək dünyaya, amma heç biri Ədalət olmayacaq. Ədalətin sazı - sazın Ədaləti ancaq könüllərdə yaşayacaq, ürəklərdə dinəcək. Axı, dahilər əvəzlənmir, biri digərini təkrarlamır. Dünyaya bənzərsiz gələnlərin dünyadan gedişi bənzərsiz olur, elə Ədalət Nəsibov kimi...

 

Musa NƏBİOĞLU

Azərbaycan Aşıqlar

Birliyinin katibi,

Əməkdar Mədəniyyət İşçisi.

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

 

Ədalət  2017.-17 oktyabr.- S.7.