"DAĞLAR ÇAĞIRIR MƏNİ..."

 

Əyyub Şirlanlının yeni kitabı

 

İş günü yenicə başlamışdı. Qəzetimizin gənc və perspektivli əməkdaşlarından biri olan Sübhan bəy mənə bir kitab təqdim etdibildirdi ki, sizə çatacaq. Kitabın müəllifinin imzasını görən kimi xəyalım qanadlandı, xatirələr məni üzü Qarabağa apardı. Qarabağın dağlıq hissəsini, Şuşasını, Ağdərəsini, Xocalısını, Xocavəndini gəzməyə başladım. Və bu gəzdiyim yerlərdə gördüyüm izlər arasında onun da izi vardı. Mən "onun" sözünü xüsusi vurğulayıram. Çünki söhbət bu günlərdə yubileyini qeyd edəcəyimiz Əyyub Şirlanlıdan gedir. O Əyyub Şirlanlıdan ki, sözüylə, davranışıyla, ağsaqqallığıyla həm vücudunda, həm də çevrəsində bir Qarabağ yaşadır...

Hər dəfə onunla görüşəndə mən özümdən asılı olmadan şuşalı günlərə qayıdıram. Onun hadisələrin ilk günlərindən başlayaraq sözünü Qarabağ üçün sipər etdiyini, səsini mətbuat vasitəsilə hər tərəfə çatdırmaq istəyini yadıma salıram.

bir daha əmin oluram ki, Əyyub müəllimin sözü də, qələmi də, şəxsiyyəti də hər yerdə, hər zaman Qarabağ deyibdi... Qarabağdan yazıbdı... Qarabağın dünənini, bu gününü misralayıbdı.

burda xüsusi vurğulamalıyam ki, Əyyub müəllim qarabağlıların, xüsusilə Şuşanın adıyla bağlı heç bir tədbiri diqqətindən yayındırmır. Onun sözü Şuşa tədbirlərində elə diri səslənir ki, içdən gəldiyinə heç bir şübhəm qalmır. Bilir və inanırsan ki, Əyyub müəllim yaşadığını, düşündüyünü deyir, yazır. Məsələn:

 

Şuşanın qəlbinə dəymə, toxunma,

Qoru o gözəli, amandı, dünya!

Qalıb kafirlərin əlində əsir,

Bu necə dövrandı, zamandı, dünya?!

 

Didərgin salmısan yurdundan məni,

Gürzə ilan tək çalmısan məni.

Nədəndir nişanə almısan məni?

Sənin bu addımın yamandır, dünya!

 

Sən möhtac qoymusan mərdi namərdə,

Sən məni salmısan ən ağır dərdə.

Gəl çəkmə Şuşanın üzünə pərdə,

Şuşa min bir dərdə gumandı, dünya!

 

Şuşa başdan-başa zümrüddü, ləldi,

Suları kövsərdi, çiçəyi baldı.

Şuşa Məkkəmizə uzanan yoldu,

Şuşa inildəyən kamandı, dünya!

 

Zirvə şəhəridi, paklığı sevir,

Şuşaya yaraşır muğamat, şeir.

Gör yurdun övladı Əyyub deyir:

- Niyə Pənahabad dumandı, dünya?!

 

Bəli, bu şeiri təsadüfdən seçmədim. Çünki burada Şuşaya, Qarabağa itirdiyimiz yurda, ocağa elə həzin, elə kövrək bir yanaşma var ki, onu ancaq yaşayanlar bilər, onu ancaq içindən keçirənlər bilər. bütün baş verənlərə görə dilimizin öyrəşdiyi, min illərdi günahkar bildiyimiz dünyanı qınamaq da çox təbiidir.

Axı, namərdlərə qoynunda yer verən elə bu dünyadı. Bax, şair Əyyub Şirlanlı da dünyanı belə sorğu-suala tutur, ondan cavab istəyir.

birdən yadına düşür ki, sözü urvatdan salıblar. Onda da:

 

Sözü qiymətdən salmayın,

Sözü satıb pul almayın.

Nadanların qarşısında,

Heç bir zaman alçalmayın!

 

Zənnimcə, indi sözü ayaqaltı edənlərə bundan yaxşı təsiredici başqa heç demək mümkün deyil.

Anlayışı olanlar, başa düşənlər yəqin ki, şairin çağırışından, iradından nəticə çıxara bilər. Amma qanmaza, dardüşüncəliyə başqa hansı dildə, hansı simdə deyirsən de, onsuz da düzələn deyil... Mən şair dostum, ağsaqqal həmkarım Əyyub Şirlanlının hələ mətbəə qoxusu canından çəkilməmiş kitabını vərəqlədikcə onun son illərdə bir-birindən uğurlu şeirlər, esselər, məqalələr, resenziyalar yazdığının şahidi oluram.

Bütün bunlar da onu göstərir ki, Əyyub müəllim yaşının bu vədəsində sözlə yaşayır, qələmlə dünyaya münasibətini bildirir ömrünü sözə calayır. Mən yubilyar dostumu ürəkdən təbrik edib ona uzun ömür arzulamaqla yanaşı, yeni kitabınız da xeyrili, uğurlu olsun söyləyirəm. demək istəyirəm ki, Əyyub müəllim, dağlar təkcə sizi deyil, elə bizi cağırır.

Çünki o ünvanlar həm bizim yerlərdi, sizin dediyiniz kimi:

 

Dünyanın çox yerin gəzdim-dolaşdım,

Tay görə bilmədim bizim yerlərə.

Qartallar qıy vuran zirvələr aşdım,

Düşübdü hər yerdə bizim yerlərə.

 

Gəzdim çəmənzarı, gördüm qoruğun,

Yığdım çiyələyin, yığdım moruğun.

Yedim təknəsinin çörək qırığın,

Əyildim toxunsun dizim yerlərə.

 

Yatdım meşələrdə bulaq başında,

Keçdim gədiklərin payız-qışında.

Ayrıldım Şuşadan qırx beş yaşında,

Niyə həsrət qaldı gözüm yerlərə?!

 

Get dolan ormanın, yalın, yamacın,

Eşit nəğməsini kəklik, turacın.

Soruş gül-çiçəkdən dərdin əlacın,

Gör necə çatıbdır sözüm yerlərə?!

 

Heç kəs billə bilməz çəkirəm mən,

Harda məskən salıb yer əkirəm mən.

Vətən deyə-deyə yaş tökürəm mən,

Əyyubam, qurban özüm yerlərə!

 

Ədalət  2017.- 18 oktyabr.- S.8.