NOVATOR

 

əməkdar artist, professor tarzən Həmid Vəkilovun "sənət tablosu"ndan fraqmentlər

 

SƏRHƏDSİZ RUHUMUZ

 

Rafiq HACIYEV,

yazıçı-publisist, Cəfər Cabbarlı

Mükafatı laureatı, Azərbaycan

Rəssamlar İttifaqının üzvü

 

 

ESKİZLƏRİN DAVAMI. YENİ ÇALĞI ÜSULUNUN - "HƏMİDVARİ FLOJALET"İN İXTİRASI. TARIN AYAQ ÜSTƏ İFASININ ÜSTÜNLÜKLƏRİ

 

"Həmid Vəkilov böyük interpretatordır. O, yüksək texnikaya, geniş musiqi duyumuna malik tarzəndir. Onun ifaçılıq aləminə, səhnə mədəniyyətinə gətirdiyi yenilklər maraq doğurur.

Belə ki, əksər tarzənlərdən fərqli olaraq o, həmişə tarı ayaq üstə çalır".

 

Çingiz Sadıqov,

xalq artisti, pianoçu.

 

...İllər bir-birini əvəz etdikcə Həmidin ifaçılıq repertuarı da təzə əsərlərlə zənginləşib. Tarda çaldığı hər bir yeni əsəri bədii-estetik dəyərini qoruyub saxlamaq şərtilə öz təfsirində dinləyicilərə təqdim edib. Bu təzə əsərlər Həmiddən müxtəlif çalğı maneralarını, tarda bizə məlum olmayan, alışmadığımız akkordları, bəzən də tamamilə yeni üsulların kəşfini və bunların həyata keçirilməsini tələb edib. V.Montinin "Çardaş"ı məhz belə əsərlərdən biri olub.

Dünyada çox geniş yayılmış bu əsəri tarda ilk dəfə Azərbaycanın məşhur tarzəni, gözəl sənətkar, unudulmaz Hacı Məmmədov çalıb. Daha sonralar digər sənətkarlar da onu öz reperuarlarına daxil ediblər. Əsərin orjinalında "flajolet" üsulundan istifadə olunur. Bu üsulla səslənən musiqi sanki tütək və ya fitlə çalınırmış kimi bir təsir bağışlayır. Yazılışından 2 oktava yuxarı çox zil səslənən melodiya tar üçün köçürmədə əksinə olaraq 1 oktava aşağı yazılıb və nəticədə 3 oktava aşağı səsləndirilib.

Bu əsəri Həmid də öz repertuarına daxil etməyə qərar verib. Ancaq onun tar üçün köçürülməsi ürəyincə olmayıb. Əsəri orjinalda olduğu kimi çalmaq arzusu ilə axtarışlara başlayıb.

Əvvəlcə tarda "flajolet" üsulu ilə çalmağın yolunu tapıb. Amma bununla istədiyi nəticəni əldə edə bilməyib. Daha sonra tarda "flajolet" səslənməsini andıran yeni bir üsulun kəşfinə nail olub. Həmin səslənməni simdə böyük çanağın üzərində çalmaqla əldə edib. Bunun üçün sol əlin baş və üzük barmağı ilə sim tutulur, şəhadət barmağı isə normal qaydaya uyğun surətdə simin üzərinə qoyulur. Bundan sonra isə mizrab vuruşlarının yardımı ilə ifa həyata keçirilir.

Musiqi dünyasında elə çalğı alətləri var ki, onların ifa tərzi (poziyası) həmin alətlərin qurluşu ilə sıx əlaqədardır. Məsələn, kamançanı, qanunu ayaq üstə çalmaq bu alətlərin təbiətinə uyğun deyil. Yaxud kontrabası normal stulda və ya bardaş quraraq oturub çalmaq qeyri-mümkündür. Amma elə çalğı alətləri var ki, onlar müxtəlif pozisiyalarda - oturaraq və ya ayaq üstə çalınır. Bunlara misal olaraq balaban, tütək, ney, zurna, dəf, qarmon, klarnet, fleyta və s. göstərmək olar.

Bəzi alətlər isə müxtəlif ifa pozisiyalarına malik olduqları halda düşüncəmizdə vahid pozisiyaya tabe olan alətlər kimi özünə yer tapıb. Bu, həmin alətlərin ifa tərzi ilə bağlıdır. Məsələn, saz orkestrdə oturaq şəkildə ifa olunur, ancaq heç kim aşığın sazı oturaraq çaldığını söyləməz. Çünki aşığın əsas ifa yeri xalq şənlikləri və toy məclisləridir. Geniş kütləyə xitab etmək üçün aşıq ayaq üstə çalıb-oxuyur, dastanlar söyləyir və yeri gəldikdə həm də oynayır. Hər bir alətin ifa tərzi bir növ onun keçdiyi tarixi yolun aynasıdır. Bu alətlər sırasına tarı da daxil etmək olar. Bu alətin keçib gəldiyi yola bir neçə cümlə ilə qısa da olsa nəzər salaq.

Tar qədim musiqi alətlərimizdən biridir. Xalq şənliklərində önəmli rolu olan bu alət lap qədim zamanlarda şah saraylarında da rəğbətlə qarşılanıb. Tar XX əsrə qədər sazəndə dəstələrinin tərkibində aparıcı alətlərdən biri olub. Doğrudur, bəzən gəlini gətirərkən ayaq üstə, ya da yeriyə-yeriyə tar çalmaq lazım gəlirdisə də 40 günlük, 1 həftəlik, 3 günlük toy məclislərində tarzən sazəndə dəstəsinin tərkibində saatlarla bardaş qurub, sonralar isə stulda oturub və vəzifəsini icra edib. Odur ki, tarzənin ayaq üstə tar çalması məntiqli deyildi.

Ancaq zaman ötdükcə Azərbaycan musiqisilə birlikdə tar da böyük inkişaf yolu keçib. Üzeyir Hacıbəyli "Leyli və Məcnun" operasında ilk dəfə olaraq tarı simfonik orkestrin tərkibinə daxil edib. Bununla da tar solo alət olaraq işıqlı gələcəyə gedən yola çıxıb. Qurban Primov kimi sənət korifeyinin solo ifaçılıq ənənəsi bir çox tarzənlərin yetişməsinə zəmin yaradıb.

Milli musiqi mədəniyyətimizin varlığında və inkişafında ifaçılıq sənəti, o cümlədən, tar ifaçılığı da böyük önəm dayışıyıb. Artıq tar və simfonik orkestr üçün onlarca konsert, çoxlu pyes və s. əsərlər yazılıb. Tarda dünya klassik musiqi xəzinəsi incilərini yüksək səviyyədə ifa edə bilən tarzənlərimiz dünyanın bir çox ölkələrində, sanballı konsert salonlarında solo əsərləri çalmaq zəruruyyəti ilə qarşı-qarşıya gəliblər.

Bu məqamda Həmid Vəkilov yenə də mənim söhbətimə qoşulur:

- Belə vəziyyətdə tarzən səhnəyə çıxarkən bir çox sualların təlaşını keçirir: Əcaba, tarım kökdən düşməz ki? Görəsən stul ifa üçün rahatdırmı? Oturacaq sərtdirmi, yumşaqdırmı? Stulun dirsəkləri varmı, yoxmu? Və ya stul mikrofondan hansı məsafədədir? İfaya başladıqdan sonra mikrofonun səs səviyyəsi tarzəni qane edəcəkmi? İfadan sonra stulu səhnədən tarzənmi aparacaqdır? s

Bu problemləri aradan qaldırmaq üçün tarı kifayət qədər rekonstruksiya etmişdim. Bircə qalmışdı tarın ifa poziyası. Bilirsiniz ki, tar oturaq vəziyyətdə və ayaq üstə duraraq (mən buna adət etmişdim) çalına bilən musiqi alətidir. Gənc yaşlarımdan evdə məşq edərkən tarı ayaq üstə duraraq, gəzişərək və ya oturaraq çalırdım. Ayaq üstə və yaxud gəzişərək məşq etmək qan dövranının daha yaxşı hərəkət etməsinə, ifaçının sağlamlığına müsbət təsir göstərir. Sual verə bilərsiniz ki, bəs səhnədə ayaq üstə durub tar çalmağın üstünlükləri hansılardır?

İfaçı səhnəyə qədəm basarkən tamaşaçının diqqəti ona yönəlir. Tamaşaçı ifaçının yerişinə, geyiminə, saç düzümünə, səliqə-sahmanına, bir sözlə hər şeyə diqqət yetirir və daha sonra fikirləri ifaya cəmlənir. Bu anda səhnəyə stul gətirib aparan səhnə işçisinin hərəkəti nəticəsində yayınmış diqqətini ifaçının çalğısına cəmləməyə çalışan tamaşaçının vəziyyətini düşünün. Bundan əlavə ifaçının oturduğu stul narahat ola bilər, mikrofondan bəlli bir məsafədə qoyulmuş olsa belə mikrofonun səs səviyyəsi az və ya çox ola bilər. Belə bir vəziyyətdə ifaçı istədiyi qədər mikrofona yaxınlaşıb uzaqlaşmaq imkanından məhrum olur və dinləyicilərlə təmasda çətinlik çəkir.

Mən 1982-ci ildə Tbilisidə dövlət tədbirinə həsr olunmuş konsertdə ilk dəfə tarı ayaq üstə duraraq skripka kimi çaldım və yuxarıda saydığım problemlərin bir anda aradan qalxdığının canlı şahidi oldum.

...Və bundan sonra dünyanın böyük və əzəmətli konsert səhnələrində - Almaniya Federativ Respublikasında, Əfqanıstanda, Fransada, Avstriyada, Əlcazairdə, Tunisdə, Zambiyada, Yuqoslaviyada, Türkiyədə və adını demədiyim neçə-neçə xarici ölkələrdə Həmid tarı ayaq üstə çalıb. Azərbaycan xalq çalğı ifaçılığı tarixində ilk dəfə dünya musiqisinin bir çox incisini, o cümlədən F.Mendersonun "Skripka ilə orkestr üçün konserti"ni, P.Sarasatenin "Əndəlüs" romansını, F.Şopenin, D.Şostakoviçin əsərlərini tar üçün işləyib və öz repertuarını daha da zənginləşdirib.

İfaçılıq fəaliyyətinin inkişafı yeni-yeni çalğı üsullarının, yeni ştrixlərin və tarda çalınmamış akkordların meydana gəlməsinə zəmin yaradıb. Gənc tarzənin qəlbində mövcud tar konsertlərindən fərqli bir konsert çalmaq arzusu tumurcuqlanıb. Yaranacaq yeni əsərdə onun tarda etdiyi yeniliklər öz əksini tapmalıydı. Bəm simdən və zəng simlərdən daha məntiqli və daha fəal istifadə olunmalı, yeni akkordlara, dördüncü barmaqdan ilk dəfə rəsmən istifadə edilməsinə və yeni ştrixlərə (mizrablara) yer verilməliydi.

Bu tumurcuq istəyin çiçəklənməsi üçün 1983-cü ildə Həmid bəstəkar Zakir Bağırova müraciət edib və onu tar və simfonik orkestr üçün konsert yazmağa razı sala bilib. Əsər düz 9 aya başa gəlib. Azərbaycan Bəstəkarlar İttifaqının xüsusi komissiyası tərəfindən konsert dinlənib və Cövdət Hacıyev, Arif Məlikov, Ramiz Zöhrabov, Dadaş Dadaşov, Azər Dadaşov, Ağaverdi Paşayev və digər dəyərli sənətkarların müsbət rəyi ilə qiymətləndirilib. Konsertdə ilk dəfə olaraq flajoletdən, bəm simdən, nonakkordlardan, dördüncü barmağın rəsmən işlədilməsindən və s. virtuoz üsullardan istifadə olunub.

Bir çox yeniliklərin yer aldığı bu konsert tar ifaçılığı tarixində yeni bir mərhələnin başlanğıcı olub. Zakir Bağırovun Həmid üçün işlədiyi "Tar və simfonik orkestr üçün konserti"ni SSRİ xalq artisti Nikolay Nekrasov bəyənib və rus xalq çalğı alətləri orkestri üçün işləyib. Bu möhtəşəm əsər 1985-ci ildə Həmidin özünün ifasında N.Nekrasovun rəhbərliyi ilə Ümummittifaq Televiziya və Radiosunun akademik rus xalq çalğı alətləri orkestrinin müşayiətilə lentə yazılıb və qızıl fonda daxil edilib.

1992-ci ildə Həmid Azərbaycan Dövlət Konservatoriyasında dosent vəzifəsinə layiq görülüb və elə həmin ildən də Türkiyə Respublikasının Kültür Bakanlığının dəvəti ilə "Güzəl sanatlar" genel müdirliyinin nəzdində solist tarzən kimi çalışıb. Azərbaycan xalq çalğı ifaçılığı tarixində ilk dəfə olaraq postsovet məkanından kənarda - Türkiyədə simfonik orkestrin müşayiəti ilə konsert verib.

Belə konsertlərin birində - Ankarada Türkiyə Cümhur Başqanlığı simfonik orkestrinin müşayiəti ilə Hacı Xanməmmədovun "Tar ilə orkestr üçün 2 nömrəli konserti"ni Həmid ifa etdikdən sonra orkestrin drijoru, görkəmli rumın musiqiçisi İonesku Qalatin heyrətini gizlədə bilməyib və "bravo, heyran qaldım" deyə tarzəni bağrına basıb.

Çox tezliklə Adanada, Ankarada, İstanbulda və İzmirdə çalınan bu uğurlu konsertlərin əks-sədası nəinki yerli tamaşaçılar, eyni zamanda əcnəbi ölkə dinləyiciləri arasında da rəğbətlə qarşılanıb. Həmid az zaman içərisində qardaş diyarda "Uzman sanatkar" kimi ad çıxarıb, hörməti əziz tutulub, hər yerdə şükranla, təşəkkürlərlə qarşılanıb.

"Uzman sanatkar" xarici ölkə səfirlikləri tərəfindən müntəzəm olaraq musiqi və xeyriyyə tədbirlərinə dəvətlər alıb. ABŞ-ın Ankaradakı səfirliyində kimsəsiz uşaqlar üçün xeyriyyə konsertində iştirak edən Həmid sürpriz olaraq ilk dəfə burada Amerika bəstəkarı Skott Coplinin "Rektaym" klassik caz musiqisini tarda ifa edib və bununla da Azərbaycan xalq çalğı alətlərində cazın ifasının təməlini qoyub.

Bundan sonra o, ispan bəstəkarı və gitaraçısı F.Tarreqanın "Alhambra xatirələri" əsərini də tar üçün işləyib. Həmid melodiyanı malik olduğu harmonik səslərlə, eyni zamanda müşayiət etmək özəlliyini itirmədən bu əsəri ilk dəfə özünün isad etdiyi yeni üsulla - polifonik ifa üsulu ilə tarda çalıb.

Heç kimə sirr deyil ki, ustad tarzənlərimiz bir-birindən həmişə özlərinə məxsus ifaçılıq xüsusiyyətləri ilə: kimisi ştrixlərin-mizrabların çeşid zənginliklərindən, kimisi "xun"dan, kimisi də vibrasiyalardan daha geniş istifadə etməklə fərqləniblər. Lakin həmin ustad ifaçıların təfsirləri not yazısında tam dolğunluğu ilə əksini tapa bilmədiyndən tarixi baxımdan sənədləşməyib. Buna səbəb ştrix, üsul və üslubları yazıda təcəssüm etdirən işarələrin, adların müəyyən edilməməsi olub.

Həmid tara məxsus musiqi əsərlərinin təfsirini (interpretasiyasını) gələcək nəsillərə çatdırmaq üçün tar ifaçılığında mövcud olan ştrix, üslub və üsulları - "Ayırmasim", "Dəmli mizrab", "Əndər mizrab", "Ləng mizrab", "Cırmaqlı barmaq", "Diringə cırmaq", "Lal barmaq", "Gərmə" və "Qapama" müəyyənləşdirib və yeni işarələri bildirən kəlmələrdən bir termin kimi istifadə olunmasını tövsiyə edib.

Sirr deyil ki, Həmidin səmərəli təklifləri heç də hamının ürəyincə olmayıb. Kimlərsə onu alətin milli görkəminin dəyişməsində, kimlərsə də səslənmə akustikasının azalmasında və sairədə günahlandırıb. Lakin Həmid özü də etiraf edir ki, günü bu gün də o, işlərini tam başa çatdırmayıb və tarın rekonstruksiya olunmasında yaradıcılıq axtarışlarını səylə davam etdirir.

1987-ci ildə Həmidin musiqi-ifaçılıq sənətinin inkişafında xidmətləri yüksək dəyərləndirilib və o "Azərbaycan SSR əməkdar artisti" kimi yüksək fəxri ada layiq görülüb.

Sənətin dərin sirlərinə bələd olan Həmid ömrünün ixtiyar çağına çatsa da sədəfli tardan ayrılmayıb. Həmişə musiqi ilə yaşayan, daim axtarışlar edən, yenilkiçi sənətkar böyük müəllimi Mirzə Sadıq Əsədoğlunun tar məktəbini nəinki davam etdirib, həm də bu məktəbi daha da zənginləşdirib.

Onun musiqisevərlərin ixtiyarına verilmiş "Pyeslər" məcmuəsi rəğbətlə qarşılanıb. Məcmuə N.Əliverdibəyovun "Vals skertso", P.Çaykovskinin "Sentimental vals", T.Quliyevin "Qaytağı" əsərlərini əhatə edir. Bu əsərlərin hamısını, habelə Niyazinin "Arzu"sunu tar ilə fortepiano üçün ilk dəfə Həmid işləyib. N.Əliverdivəyovun "Elegiya"sını tarda ilk dəfə o çalıb.

Musiqi yaradıcılığı ilə bərabər, qırx ildən çox pedaqoji fəaliyyətlə -müəllimliklə məşğul olan Həmid neçə-neçə istedadlı tarzənlər yetişdirib. Onlarla gənc tarzən onun sənət dünyasından bəhrələnib, musiqi dünyasına ifaçı "vəsiqə"sini ondan alıb. Bu gün o, tələbələrə Azərbaycan musiqisinin melodik və ritmik xüsusiyyətlərini, çalğı imkanlarını, tembrini, səs palitrasını əyani - estetik əsaslarla izah edən professional pedaqoqlarandır.

Həmid Vəkilovu tarın tədrisi həmişə düşündürüb. Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "İncəsənət və musiqişünaslıq" bölməsinın məsləhət gördüyü və tarzən-pedaqoqun yazdığı "Tarın bəzi ifaçılıq problemləri (metodik vəsait)" kitabı ali və orta ixtisas musiqi məktəblərində çalışan müəllimlərə, tələbələrə dəyərli töhfə olmaqla bərabər, bir daha təsdiq edib ki, çevik ifası və böyük təsir qüvvəsinə malik çalğı texnikası, təravətli ahəng, obrazlı ifadə, hissi dərinlik kimi fərdi yaradıcılıq siması ilə səciyyələnən bu virtuoz tarzən özünəməxsus axtarışlı yol ilə inamla və qətiyyətlə irəliləyir.

MOZAİKA - AXIRINCI HAŞİYƏ VƏ YA CANIM SİZƏ SÖYLƏSİN, DAHA NƏLƏR VƏ NƏLƏR...

 

"Musiqi insan bədəninin bir hissəsidir. Elə bir hissəsidir ki, ürəkdən sinəyə axıb insanı vəcdəyə gətirir, ruhlandırır, düşündürür".

 

İbn Sina,

(əlyazmadan).

...Ömrün o başındakı Həmiddən ömrün bu başındakı Həmidə nə qalıb görəsən? Azərbaycn Milli Konservatoriyası xalq çalğı alətləri kafedrasının professoru, əməkdar artist, Beynəlxalq müsabiqə laueratı, novator və ustad sənətkar Həmid Vəkilov zil qara saçları həmişə səliqə ilə daranmış, baxışlarında qətiyyət hiss olunan, o balaca oğlana çoxmu borcludur?

Təbii ki, çox!

Sual verə bilərsiniz:

- Yaxşı, onda o Həmiddən bu Həmidə nə qalıb?

Cavab şübhəsiz ki, birmənalı şəkildə belədir:

- Əvvəla, hər böyük yaradıcı insan üçün əvəzsiz bir vergi; Sənətkar sadələiyi! Həm yetkinlik dövründə, həm də kamillik və müdriklik yaşında da dünyaya uşaq kimi baxmaq bacarığı!

- İkincisi, bütövlük duyğusu. Həm həyatda, həm də sənətdə. Uşaqlıqdan xırdaçılıqla arası yoxdur, özü də bütövdür, söz də bütövdür! İndi Həmid Vəkilovun sənətində hamının bəyəndiyi böyük ifaçılıq məharətinin və monumentallığın kökü, mayası, canı və qanı da məhz bu bütövlükdədir!

- Üçüncüsü, təvazökarlıq. Uşaqlıqdan ölçüsüz tərifdən xoşallanan deyil. Bəlkə, hələ tərifdən də çox, hətta qərəzli-qərəzsiz tənqid də edilib. Fəqət çox vədə susub. Niyə? Ona görə ki, tarzənin dili onun mizrabıdır!

- Dördüncüsü, etibarlılıq, səmimilik və mehribanlıq. Böyüyün-kiçiyin yerini, duz-çörəyin qədr-qiymətini biləndir.

- Və nəhayət. Həmidi Həmid eyləyən qranit kimi möhkəm bir özül. Sənətinə ölçüsüz-biçisiz məhəbbət!

...İllər də keçəcək, qərinələr də ötəcək. Tarzən Həmid Vəkilov sənəti neçə-neçə sənətsevərin zövqünü, ruhunu oxşayacaq, ona xoş duyğular bəxş edəcək. Çünki bu sənət əbədi sənətdir, yaşarı sənətdir...

..."Hünər yüksəkliklərə qalxmaqda deyil, hünər yüksəkliklərdə məharətlə qalmaqdadır". - Bu sözləri nə vaxtsa Vilyam Şekspir deyib.

..."Günəş şəfəqlərini saçan kimi, mən də öz hisslərimi ən yaxşı nəğmələrimə saçıram" - Bu sözləri də haçansa Mirzə Şəfi Vazeh söyləyib.

..."Mənim hər şeyə - sənətə də, həyata da öz şəxsi münasibətim var. Və bu elə bir münasibət, elə bir düşüncədir ki, bütün həyatım boyu mənə vəfasız çıxmayıb".

Bu sözlər isə tar sənətinin mahir bilicisi və ən layiqli ifaçılarından biri, 68 illik "ömür dənizinin sahilinə çatmış" ustad Həmid Vəkilova məxsusdur.

Bu fikirlərdə böyük həqiqət var.

Sentyabr, 2017-ci il

 

Ədalət  2017.- 19 oktyabr.- S.6.