ŞƏHİD RƏSSAM
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Həmin axşamı unuda bilmirəm. Ona görə unuda bilmirəm ki, şəhərin mərkəzində, möhtəşəm bir binanın 16-cı mərtəbəsində, yəni Allaha, nisbətən yaxın bir yerdə hər kəs ondan danışırdı, hamı onu xatırlayırdı. Və mənə elə gəlirdi ki, o elə bizim aramızdadı, bizi görür, dinləyir. Xüsusilə, tədbiri açan millət vəkili, professor, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynovun birbaşa ona üz tutması məndə onun bu məclisdə olduğuna inamı bir az da artırdı. Çünki Rəfael müəllim ilk sözünü belə başladı:
- Xoş gördük! Axşamın xeyir Samir! Üzümü sənə tutub müraciət edirəm. Bilirəm ki, sən burdasan və bizi eşidirsən...
Bəli, məhz bu ilk kəlmələr mənim tədbirdən öncə gəzib tamaşa etdiyim fotoları, Samirin əl işlərini canlandırdı, onları hərəkətə gətirdi və başladım onlarla danışmağa. Gördüm ki, Şamaxıda, Çuxuryurdda dünyaya gələn, cəmi 22 il yaşayan bu yaraşıqlı oğlan başdan-ayağa nurdu, işıqdı. İstər bacısı ilə birlikdə nənəsinin dizləri üstündə oturduğu yerdə... istər arxadan atası Ziyad kişinin boynuna sarıldığı yerdə... istər anası Əminə xanımın qucağında... istər babası Camal kişiylə kabab çəkdiyi məqamda... istərsə də məhəllə uşaqlarıyla gülə-gülə şəkil çəkdirdiyi bağçada o, işıq kimi hamıdan fərqlənir, o, nur kimi diqqəti çəkir. Mən onun bütün şəkillərinin bir-bir qarşısında dayanıb gözlərimə köçürməyə çalışdım.
Daha doğrusu, Samirlə göz-gözə söhbət etmək istədim. Amma gördüm ki, nur yuvası olan bu gözlər mənim başımın üstündən çox-çox uzaqlara baxır. Elə nöqtələrə baxır ki, mən onları ancaq təxmin edirəm, ancaq duya bilirəm. Bax, onda anladım ki, Allah Ziyad kişi ilə Əminə xanıma onu nur kimi bağışlayıbmış. Və bu nur 22 yaşına gəlib çatanda artıq bir evin, bir kəndin yox, bir məmləkətin, bir ölkənin işığına çevrilib. Və başlayıb içindəki işığı Allahın verdiyi istedadla, qatlaşdığı zəhmətlə sənətə çevirməyə. İstedad və zəhmət Samiri elə tamamlayıb ki, o, 22 illik ömründə 30 rəssamlıq işi, heykəltaraş işi qoyub ortaya. Çox maraqlıdır ki, qəbul imtahanlarını da uğurla verən, Dövlət Rəssamlıq Akademiyasına daxil olan, bu Akademiyanın sevimli tələbəsi kimi hər kəsin - həm müəllimlərinin, həm də dünya şöhrətli heykəltaraş, xalq rəssamı, akademiyanın rektoru Ömər Eldarovun diqqətini çəkən Samir Kaçayev səmimiyyəti, qaynarlığı, ünsiyyəti ilə də bu sənət adamları üçün doğmalaışmışdı... bu müqəddəs ünvan üçün əziz bir insana çevrilmişdi. İstər çəkdiyi eskizlər, istər diplom işində əla qiymətə layiq görülən və xalq rəssamı, akademik Ömər Eldarovun yüksək dəyərləndirdiyi dahi Rodenin obrazı Samirin böyük və uğurlu gələcəyindən xəbər verirdi. Elə həmin axşam da "Xalqbank"ın 16-cı qatında hər kəs Samirin yarımçıq qalan arzularından da böyük gələcəyindən bir təəssüf hissi ilə söhbət açırdı.
Çıxış edənlər - həm akademik Ömər Eldarov, həm Samirin sevimli müəllimi professor, Əməkdar İncəsənət xadimi Akif Əsgərov və Samirin tələbə yoldaşları, dostları, valideynləri, xüsusilə Müdafiə Nazirliyinin rəsmiləri öz çıxışlarında Samirin müxtəlif çalarlarını diqqətə təqdim edirdilər. Məlum olurdu ki, bu gənc heykəltaraş-rəssam təkcə ürəyini sənətinə verməyibmiş, o, ürəyini Azərbaycana, Vətənə bağışlayıbmış. Ona görə də hərbi xidmətdə olanda da əsgər yoldaşlarının, zabitlərin həmişə diqqət mərkəzində olub. Ona xüsusi bir maraqla, hörmətlə, ehtiramla yanaşıblar. Onun yaradıcılıq dünyasından xəbər tutan hər kəs onu bir növü qorumaq üçün xidmətini sağ-salamat başa vurub geri dönməsi üçün qayğı göstəriblər. Amma sən demə, Samirin taleyinə yazılan və ürəyini bağışladığı Azərbaycan onu daha böyük bir mərtəbədə görürmüş, daha böyük ucalıqda ona yer ayırıbmış.
Mən Samirə həsr olunmuş "Samir Kaçayev" albom-kitabını vərəqləyəndə son səhifədə bir şəkil diqqətimi çəkdi. Samir bir yaşıl ormanda qollarını açıb sanki doğulduğu kəndi, bölgəni qucaqlamaq istəyir. Amma onun çöhrəsinə bir az da diqqət edəndə o təkcə Çuxuryurdu, Şamaxını deyil, o həm də bütün Azərbaycanı bağrına basmaq üçün açıb qollarını. Deməli, Samir bilib ki, o Vətənin sipərinə çevriləcək. O təkcə dayandığı səngəri deyil, mövqe tutduğu bölgəni deyil, həm də bütöv Azərbaycanı sinəsiylə qoruyacaqdı...
Mən həmin o şəklin üzbəüz səhifəsində bir qeydi də diqqətdən yayındıra bilmədim. Həmin qeydin müəllifi Rafiq Həşimov yazıb: "Yaradan ona böyük bir sevgi hədiyyə etmişdi. Kəndinə, doğma yurduna sevgi, anasına, atasına sevgi, bacısına sevgi, dostlarına sevgi, biliyə, hikmətə sevgi, həyata, insanlara sevgi... O qurub-yaratmaq istəyirdi... Samir Kaçayev Yaradanın ona bəxş etdiyi bütün qabiliyyətləri, arzuları, istəkləri və nəhayət, canını qurban verdi - Vətənə, Azərbaycana sevgiyə!"
Albom-kitabı vərəqlədikcə bir məqamı da xatırlayıram. O da həmişə özünün ictimaiyyətə təqdim etdiyi "Xalq əmanəti" layihəsi ilə seçilən "Xalqbank"ın gördüyü, reallaşdırdığı bir savab işin əhatə dairəsidi. Bir anlıq xatırlayıram. 2010-cu ildən start götürən "Xalq əmanəti" layihəsinin məqsədi 7 ildə Azərbaycanın çox dəyərli, sevilən və xalqın yaddaşında özünə abidə ucaldan aydınlarımızın yenidən xalqa tanıdılmasıdı. Bu mənada Məmməd Arazın, Hüseyn Arifin, Mikayıl Müşfiqin, Xəlil Rza Ulutürkün sanballı kitabları, həmçinin xalq rəssamları Böyükağa Mirzəzadənin, Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin, Xalid Səfərovun, Nadir Əbürrəhmanovun, eləcə də Mahmud Tağıyevin, Vəcihə Səmədovanın, Fazil Əliyevin və digərlərinin bir-birindən maraqlı, bir-birindən nəfis şəkildə işıq üzü görən əsərlərinin toplusudu. Mən tam səmimiyyətlə etiraf edirəm ki, bu cür kitablar, kitab-albomlar az-çox milli yanğısı, milli düşüncəsi olan hər kəs üçün çox önəmli, çox dəyərlidi. Bax, təkcə bu layihəyə görə "Xalqbank"ın, onun rəhbərliyinin xidmətlərini yüksək qiymətləndirmək olar. Çünki xalqın olan, xalqın əmanəti sayılan hər şey diqqətdə saxlanılır. Deməli, diqqətdə saxlanılan da yaşadılır, sevdirilir və təbliğ olunur.
Bəli, ötən həftənin son iş günü axşamı mən "Xalqbank"ın 16-cı qatında bu ilin aprel ayının ilk günündə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşdə şəhid olmuş 22 yaşlı Samir Kaçayevlə bağlı xatirələri dinlədim. Amma etiraf edim ki, o xatirələrin hamısının içərisində bir xətt xüsusi diqqət çəkirdi. O da qürur hissi idi. Gözüyaşlı ana da, kövrəlmiş tələbə yoldaşları, dostları da o qürur hissinin Samirin şəhidlik zirvəsində də əzəmətli olduğunu göstərirdi, əbədiyaşar olduğunu pıçıldayırdı. Mən Samirin atasının da, anasının da kədərini, itkisini anlayıram. Onların ürəklərindəki yaranı görürəm, duyuram. Amma atanın da, ananın da ürəklə dedikləri VƏTƏN SAĞ OLSUN! kəlməsini də bir çağırış kimi, bir qələbə sədası kimi yaşayıram. Bilirəm ki, bütün şəhidlərimizin valideynləri məhz qələbə arzusuyla, qələbə ümidiylə deyirlər VƏTƏN SAĞ OLSUN! Biz də bu Vətənin sağ olması üçün Samirlərin keçdiyi yolu keçməyi bacarmalıyıq. Onda şəhidlərin ruhu da sevinəcək, onların valideynlərinin yaralı ürəkləri də. Bu gün isə onlara şəhidlərin əbədiyaşarlığını "Xalqbank" bir daha xatırlatdı.
Əbülfət
MƏDƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət 2017.- 19 oktyabr.- S.7.