Yaman vurulmuşdum mən o gözlərə

 

Vaqif Cəfərli

 

Yaman vurulmuşdum mən o gözlərə,

O gözlərsiz büsat qura bilmirəm.

Boylanıb yoluna neçə min kərə,

İndi o gözlərsiz dura bilmirəm.

 

Eh, mən o gözləri itirdim salıb,

Çəkib bu könlümü dara, apardın,

Mənim gözlərimin əlindən alıb,

O gözəl gözləri hara apardın.

 

Uçub bir quş kimi getdin ömürdən,

Qoymadın boylanam sən o gözlərə.

Əlimi üzümə söykəyib hərdən,

Baxmaq istəyirəm mən o gözlərə.

 

Daha o gözlərsiz qalmayıb tabım,

Bu günah sənindi, bu suç sənindi.

İndi o gözləri mən hardan tapım,

bilim hardadır o gözlər indi.

 

Kimsə o gözləri sevər, əzizlər,

Səadət bir sevən ürəyi haqlar.

Bədbəxtdir o gözü itirən gözlər,

Xoşbəxtdir o gözdən öpən dodaqlar.

 

Getdi o gözlərlə ömrümün dadı,

Özgənin həyası, isməti oldu.

Görən o gözləri kim ofsunladı,

Eh, kimin o gözlər qisməti oldu.

 

O gözlər nur saçan bir gövhəriydi,

Qədrini bilməzsən sən ö gözlərin.

Sənin gözəlliyin o gözləriydi,

Yaman dəlisiydim mən o gözlərin.

 

Sevdim o gözləri vaxtdan bəri,

Səndən bir səs-soraq alınca, gəldim,

Barı yaxşı qoru sən o gözləri,

Bəlkə o gözlərin dalınca gəldim.

Getmisən, olar, xoşbəxt ol təki,

Ancaq bir arzum var, kaş, axıtmasın.

Getdiyin oğlana sən Allah de ki,

Barı o gözlərdən yaş axıtmasın.

 

 

Dünya səngərlə doludu

 

Mən səni sevə bilmədim,

Verənlər məkan vermədi.

Belədən belə qaynaşan,

Adamlar imkan vermədi.

 

Əlindən qaldırıb göyə,

Yerdən qaldıra bilmədim.

Mən səni göydə sevməyə,

Göyə apara bilmədim.

 

Boş yer qəhətə çəkilib,

Satılıb öpüş yerimiz.

Uca binalar tikilib,

Zəbt olub görüş yerimiz.

 

Dünənki görüş yeri ,

İndi əsgərlə doludu.

Yer yoxdu səni sevməyə,

Dünya səngərnən doludu.

 

Eh, bu gün könlümə düşmüşdün yaman

 

Eh, bu gün könlümə düşmüşdün yaman,

Mən səni axtarıb tapa bilmədim.

Öpüşsüz üzünə, öpüşsüz qalan,

Kobud dodağımı yapa bilmədim.

 

Eh, bu gün könlümə düşmüşdün yaman,

Üzünə göz dolu baxmaq istədim.

İncə əllərini alıb bu zaman,

Kobud əllərimlə sıxmaq istədim.

 

Qəlbimə hicranın yağıştək yağır,

Hicranlı hövsələm yaman daraldı.

Gözlədim gəlmədin yorulub axır,

Yol çəkən gözümün kökü saraldı.

 

Yolunu gözləyib darıxdıqca mən,

Bir vüsal arzuma çatmaq istədim.

Ətirli sözünə ağzımdan gələn,

Siqarət iyini qatmaq istədim.

 

Bu necə vüsaldı, necə gün, aydı,

Ay mənim sevgilim, ay mənim yarım.

Qoluna dolanmaq arzusundaydı,

Polad biləklərim, fəhlə qollarım.

 

Həsrətin dumantək çökür qarşıma,

Dumandan sənə don biçmək istədim.

Şərbəttək eşqini çəkib başıma,

Sənin sağlığına içmək istədim.

Bu kəndin qızları

 

Heç nəyi, heç nəyi vecə almadı,

Bərədən xəbərsiz, bənddən xəbərsiz.

Bu kəndin qızları kənddə qalmadı,

Qoşulub qaçdılar kənddən xəbərsiz.

 

Durna qatarıtək uçdu sabaha,

Qardaşa, bacıya vermədilər sirr.

Bu kəndin qızları qalmadı daha,

Qoşulub qaçdılar bu kənddən bir-bir.

 

Bilməzlər sevgidə umu, küsü,

Gəzib hər tərəfi ayaqlayırlar.

Bu kəndin qızları sevgi ölüsü,

Gecə yuxuda da sayıqlayırlar.

 

Edər bir vüsalçün yüz, həsrətə tab,

Bir vüsal gəzərlər yüz getdə-gəldə.

Bu kəndin qızları qalın bir kitab,

Açılıb oxunmaz hər yetən əldə.

 

Bir müddət atalar bilməz yerin ,

Qızlar neçə ana qəlbi qoparar.

Bu kəndin qızları ürəklərində,

Hərəsi kənd boyda sevgi aparar.

 

 

Xoş sözə vurulmuşam

 

bir yaşıl çəmənə,

düzə vurulmuşam.

Oxşayan yasəmənə,

Gül üzə vurulmuşam.

 

Yar danışıb güləcək,

Qəmi qəlbdən siləcək.

Alov ola biləcək,

Bir közə vurulmuşam.

 

dadlıymış, dadlı,

Oldum qollu, qanadlı,

Mən bir sevirəm adlı,

Xoş sözə vurulmuşam.

 

Məni oda yaxmayan,

Qəm tətiyin çaxmayan,

Gözlərimə baxmayan,

Bir gözə vurulmuşam.

 

Vurulmuşam

 

Əziz Vətən elə bilmə,

Torpağında gəzə-gəzə,

Hər gülünü, çiçəyini,

Min sevinclə üz-üzə,

 

Toplamaqdan yorulmuşam.

Yox, yox Vətən onu bil ki,

Hər bir zaman mənim deyə,

Bu varlığa, gözəlliyə,

Vurulmuşam, vurulmuşam.

Göy üzünə səpələnən,

Buludlarda o gizlənən,

Zərrə-zərrə şəfəq saçan,

 

Ulduzların baxışına,

Seyr etdikcə səhər-axşam,

Başın üstə nərə çəkən,

Şimşəklərin çaxışına,

 

Vurulmuşam, vurulmuşam.

Dolanmışam düzlərimi,

Xəfif əsəsn yellər kimi.

Dağlarında aşıb-daşan,

 

Qeyzə gəlib sellər kimi,

Gah bulanıb durulmuşam,

Torpağına, daşına mən,

Əziz Vətən, əziz Vətən,

 

Vurulmuşam, vurulmuşam.

Sinən üstə əziz Vətən,

Heyran olub bu novrağa,

Dumanında azan zaman,

 

Gah bir sola, gah bir sağa,

Bələdçintək burulmuşam.

Bülbülün şən səsindəki

Hər nəğməyə, şeiriyyətə,

Ürək açan ülviyyətə,

Vurulmuşam, vurulmuşam.

Vurulmuşam, vurulmuşam.

 

Elə bildim Vətən yenə bölündü

 

Ayrılığın tapılmayıb çarəsi,

Sağalmayıb hələ "Araz" yarası.

Bir həyətin çəpərləndi arası,

Elə bildim Vətən yenə bölündü.

 

Yurdumuzu şumladılar, əkdilər,

Sərhədçilər sərhəd boyu səkdilər,

Qələm ilə kəsir xətti çəkdilər,

Elə bildim Vətən yenə bölündü.

 

Yeri, göyü duman bölüb, çən bölüb,

Ömrü, günü saça düşən dən bölüb,

Bir bütövü sındırdılar tən bölüb,

Elə bildim Vətən yenə bölündü.

 

Daş içindən bir daş tapdım, sirr daşı,

Zənn elədim Məkkə daşı, Pir daşı,

Nahaq böldüm iki yerə bir daşı,

Elə bildim Vətən yenə bölündü.

 

Məni hər kəs duya bilmir

 

Tarixləri varaqladım,

Üzü qədimdən bərini.

Ədaləti soraqladım,

Deyən olmadı yerini.

tikəsən, geyəsən,

Acam, ruzi yox yeyəsən.

Nəsimi tək həqq deyəsən,

Tutub soyalar dərini.

 

Oda düşdük oddan çıxıb,

Çörəyimiz daddan çıxıb,

Ölən daha yaddan çıxıb,

Diri ağlayır dirini.

 

Bir kəs məni duya bilmir,

Qan töklüb suya, bilmir.

Ta leysan da yuya bilmir,

Xəbis qəlblərin kirini.

 

Dərd içində gülmək olmur,

Dərdi qəlbdən silmək olmur,

"Oxqay", - deyib ölmək olmur,

Atıb dərdini, sərini.

 

Yaylığımı külək aldı,

Canımı bir mələk aldı,

Əllərimdən fələk aldı,

İki balamdan birini.

 

Bu kino köhnəlib daha

 

Düşüb arxasınca payızı, yazı,

qədər tazını qovarmış tazı.

Yüz dəfə, min dəfə baxmışam azı,

Ay qardaş, bu kino köhnəlib daha.

 

Sapandı olanlar daşın itirib,

Üzüyü olanlar qaşın itirib.

Baş rolu oynayan başın itirib,

Ay qardaş, bu kino köhnəlib daha.

 

Dözüm yiyələri dözümdən düşüb,

Özümü minmişəm özümdən düşüb.

Kohnəlmiş kadrlar gözümdən düşüb,

Ay qardaş, bu kino köhnəlib daha.

 

Bu işin axırı cırnamaq olar,

Cırnayıb ekranı qırlamaq olar.

Bir lenti qədər fırlamaq olar,

Ay qardaş, bu kino köhnəlib daha.

 

Qanı qaralmışlar qanından bezib,

Ömrünün mənasız anından bezib.

Baxanlar hamısı canından bezib,

Ay qardaş, bu kino köhnəlib daha.

 

Cücəyə həsrətdir gedib fal alan,

Örtməyə baş tapmır güllü şal alan.

Yüz ildir çəkilib "Arşın mal alan",

Ay qardaş, bu kino köhnəlib daha.

 

Hirsimdən şimşəktək çaxan deyiləm,

Dünyanı yandırıb yaxan deyiləm.

Daha bu kinoya baxan deyiləm,

Ay qardaş, bu kino köhnəlib daha.

İndidə bir başqa kino göstərin.

 

Ədalət 2017.- 19 oktyabr.- S.7.