Sabir Rüstəmxanlının poeziyasında vətənpərvərlik duyğularının tərənnümü

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

XX əsrin 70-ci illər ədəbi nəslinə mənsub olan Xalq şairi Sabir Rüstəmxanlı poeziyası müstəqillik illərində xüsusilə qabarıq şəkildə özünü büruzə verib və əvvəlki illərdən xeyli fərqlənib, seçilib. Təbii ki, bu dövrlə, zamanla bağlı olan bir işdi. Postsovet məkanında baş verən ictimai-siyasi hadisələr, təbəddülatlar daha çox vətənpərvərlik duyğularının tərənnümünü tələb edirdi. Sabir Rüstəmxanlının şeirlərində isə həmişə Vətən sevgisi, Vətənə bağlılıq mühüm yer tutub. Hələ ilk şeirlərinin birində şair yazırdı:

 

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu,..

...21 Azərin qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin "Fəxriyyə" şeiridi,

Dağları dumanında itən, -

Vətən... Vətən...

 

Bir parça şeirdə həm Vətənin təbiəti, həm də onun vətənpərvər övladlarının gördüyü unudulmaz, yaddançıxmaz işləri tərənnüm olunur.

Bu şeir haqqında yazan akademik İsa Həbibbəylinin maraqlı fikirləri var:

"Ali məktəb dövrünün uğurlu poetik bəhrəsi olan "Vətən" şeiri Rüstəmxanlının ilkin parolu və tutumlu bir səviyyədə proqramı kimi səslənir".

"Bir qarış Vətən torpağı", "Yardımlı yollarında", "Qan yaddaşı", "Sənə ucqar söylədilər" kimi şeirləri də şairin ilk vətən duyğularının əks-sədasıdır. Elə bu ilk şeirlərdən bir vətəndaş şairin doğulduğu aydın görünür.

S.Rüstəmxanlının seçilmiş əsərlərinə ön söz yazan Xalq şairi X.R.Ulutürk onu belə xarakterizə edir:

"Şeir ürəyin, beynin kardioqramıdır. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir. Bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi-kardioqramına çevrilir". Bu bir həqiqətdir və təbiidir ki, yalnız Vətənini, Xalqını düşünüb yazanlar əsl xoşbəxt şair səviyyəsinə yüksəlir. Çünki Xalqın sözünü deyənləri Xalq özü zaman-zaman yaddaşında, tarixində, ədəbiyyatında yaşadır. Ulutürk fikirlərini davam edərək daha sonra qeyd edir ki, "S.Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də ən başlıcası qeyrətlə silahlandırır".

80-cı illərdə də S.Rüstəmxanlı bir gənclik enerjisi ilə yazıb yaratmışdır. "Gəncə qapısı", "Sağ ol, ana dilim", "Qan yaddaşı" kimi kitabları nəşr olunmuş və ona bir şair kimi böyük uğur gətirmişdir. S.Rüstəmxanlının bir vətəndaş şair kimi formalaşmasında 90-cı illər hadisələri - xalqımızın həyatında baş verən böyük qlobal hadisələrin müsbət rolu olmuşdur. Həm qələmi ilə, həm də bir şəxsiyyət-vətəndaş kimi xalqının yanında olan Sabirin yaradıcılığı yüksək vətənpərvərlik duyğuları ilə zənginləşmişdir. Milli müstəqilliyə gedən yol onun içindən keçib şeirlərindən boylanmışdır:

 

Xəncərim dəstəksiz, qılıncım qansız,

Sinəm qalxan kimi, çapıq-çapıqdır,

Tikanlı məftillər didib könlümü,

Ən uzun mahnım var, o - Ayrılıqdır!

 

Şairin bu illərdə qələmə aldığı "Öləndə bayrağa bükülmürəmsə...", "Şairlərə borcunuz", "Yazılmamış şeirlərim", "Bəxtiyar, Əli", "Ölən qorxumuz", "Acı xatirə", "Ölümün görüşünə gedən qız", "20 yanvar xatirəsi", "Qorxum qalmadı", "Zireh", "Mən demədim", "Siz nə umursunuz bu gedişatdan", "Bir gün mən də gedəcəyəm" kimi poetik nümunələr göstərir ki, o ictimai-siyasi hadisələrin gerçəkliyi içindən böyük ümid, sabaha olan inam, vətəndaş qeyrəti axtarır. Əks halda müstəqilliyi, azadlığı qazanmaq, əldə etmək, saxlamaq çətin olacaq. Qarabağ müharibəsindəki ilk məğlubiyyətlər xalqı birliyə, möhkəmliyə çağırdığı kimi, şair də bu fikirlərə yardımçı olur; Qarabağın ilk şəhidlərinə ağı deyir:

 

Bir cüt şeh damlası, bir cüt göz yaşı,

Bir cüt qara bayraq, bir cüt başdaşı,

Allahın qəzəbdən çatılan qaşı,

Qeyrət bünövrəsi, cürət təməli,

Dirilən gümanım - Bəxtiyar, Əli!

 

Şair müharibənin ilk qurbanlarının əbədi olduğunu, əbədiyaşarlıq qazandığını söyləyir. "Bu sayaq ölməyi bacarırıqsa hələ yaşayırıq, varıq deməli!" - deyir... "Həyat vəsiqəmiz Bəxtiyar, Əli"dir - deyə düşünür. İsa müəllim S.Rüstəmxanlının 90-cı illər yaradıcılığından danışarkən belə yazır: "Sabir Rüstəmxanlı poeziyası milli şüur poeziyasıdır, xalqın, millətin öz mənliyini, əzəmətli keçmişini dərk etmək uğrunda mübarizəsinin, bütün rəsmi və qeyri-rəsmi yalanları, saxtakarlıqları darmadağın etmək yolunda səfərbər olunmuş iradə gücünün, mətanət və mərdanəliyin, qarşısıalınmaz ruh qüvvəsinin poeziyasıdır... Sözün həqiqi mənasında S.Rüstəmxanlının yaradıcılığı mənsub olduğu milli taleyinin keşməkeşlərinin, qan yaddaşının poetik daşıyıcısıdır... Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı Azərbaycanın müstəqilliyinin sənət aktıdır. O, yeni dövrün ən mükəmməl Azərbaycannaməsini yaratmışdır".

Vətənin bütövlüyü, müstəqilliyi, azadlığı S.Rüstəmxanlı poeziyasının leytmotivini təşkil edir. Onun "İnqilabdan dönən deyil", həmçinin "Hər kəs günəşi sevsə" adlı lirik poemaları 21 Azər hərəkatına və Mərziyyə Üsküyə həsr olunmuşdur. Bir illik ömründə min bir iş görmüş 21 Azər hərəkatı məğlub olsa da, sabahın tarixində yenidən baş qaldıracaq, parlayacaq və bir xalqın tarixində bütövlük rəmzinə çevriləcək, azadlığı dadmış Cənublu soydaşlarımızın həyatında yenidən və əbədi rolunu yüksək şəkildə oynayacaqdır.

Şairin cənubla bağlı bir çox şeirləri də var: "Təbrizdə bayram axşamı", "Şəhriyarın xatirəsinə" və s. şeirlərində də o, Cənub həsrətini, yarasını təsvir edir.

"Nəfəsindəki qəhrəmanlıq yanğısının tüstüsüz alovuna baxmayaraq bu poeziya nə qədər təvazökarlıqdır, məğrur və başıucadır. Təvazökarlıq və igidlik bu poeziyanın boyuna biçilib", - düşünür şair Xəlil Rza.

Milli Müstəqillik dövrü ədəbiyyatının yaranmasında, formalaşmasında S.Rüstəmxanlının özünəməxsus yeri, rolu, dəsti-xətti var. Bir-birini təkrarlamayan, hər birisi Vətənin azadlığına köklənmiş şeirlər neçə qəlbə yol açaraq əks-səda doğurmuşdur. Vətənin dar günündə xalqı bir araya gətirən bu poeziya haqqa, ədalətə, məntiqə, mənəviyyata arxalanaraq istəyinə, məramına, məqsədinə nail olmuşdur. "Bu, adi millət deyil!" - deyən şair düşünür ki, "... O Səməndər quşutək külündən doğulandı, Başqasına son olan ona fəlakət deyil! Qoy tarix bir də görsün bu adi millət deyil!" Qərinələrin, tarixi fəlakətlərin sınağından həmişə son anda xilas olan, bir millət, xalq olaraq yaşayanlar, demək heç də adi, sıradan biri deyil. Necə ki, bu gün ayaqdadır, müstəqildir, azaddır!

Ziyalıların, ədiblərin inandığı, etibar etdiyi şairlərin sırasında dayanan, meydan hərəkatında həm publisistik çıxışları, həm də poetik nümunələri ilə örnək olan S.Rütəmxanlı bir-birinin ardınca neçə-neçə kitabların müəllifinə çevrilib.

90-cı illər poeziyası özündən əvvəlki şeirlərdən köklü şəkildə, müqayisə olunmayacaq dərəcədə fərqlənir. İctimai-siyasi, sosial hadisələrin birdən-birə dəyişməsi, SSRİ-nin çökməsi, Qarabağ münaqişəsinin başlanması və onun müharibəyə çevrilməsi poeziyanın yönünü, mövzusunu da dəyişib öz ardınca apardı. Və bu zaman kəsiyində birinci olaraq şeir öz sözünü dedi. Bu mənada S.Rüstəmxanlı poeziyası da diqqəti çəkməyə bilmir. B.Vahabzadə, M.Araz, X.Ulutürk, Qabil, N.Xəzri kimi ünlü şairlərin cərgəsində olan Sabir mütləq belə deməli, belə də yazmalı idi:

 

Yol ver yurdun bayrağına!

Qanımı hopduraraq

tutmuşam başım üstə!

Gül kimi pardaxlanıb,

Düşmənim baxa-baxa

gözlərindən dağlanıb!

 

Şairin bu şeiri vaxtı ilə Əhməd Cavadın yazdığı "Yol ver türkün bayrağına!" şeirini xatırladır. Çünki zaman özü elə o dövrü təkrarlayır. Türkün bayrağını endirib bolşevik bayrağını qaldıran 20-ci illərin səhvini 90-cı illərin hadisələri, alovları düzəltdi! "Bir dəfə qalxan bayraq bir daha enməz!" - fikrini əməldə bərpa edib bir daha təsdiqlədi:

 

Yol ver yurdun bayrağına!

Hardan qopubsa ora dönsün!

Özgə yerində gözü yox,

Öz elində görünsün!

Yelpikləsin məzarını şəhidlərin,

Torpaq da bayraq işığını duyur,

Kişilər yalnız yurdun

bayraq nəğməsində uyuyur.

 

Daha sonra İsa Həbibbəyli yazır: "S.Rüstəmxanlı yaradıcılığında ağ rəng təkcə şeirin romantik örpəyi deyildir, həm də şair ideyalarının, arzularının rəngidir. Nəticə etibarı ilə bəyaz rəng mübarizə ruhlu vətəndaş şairin ictimai həyatda və sənətdə apardığı çətin və inadlı mübarizənin nikbin finalının ifadəsidir".

Şairin tanınmış sənət adamlarına həsr etdiyi şeirləri də diqqəti çox çəkir. Bu şeirlərdən biri də "Xəlil Rzaya mərsiyə"dir, Xalq şairi Xəlil Rza Ulutürkün ölümünə həsr olunub və bu misralar sanki ölməz şairin portretini çəkib:

 

Qırx il öz kəfənini boğazında daşıdın,

Sinəni səngər etdin, səngərlərdə yaşadın...

... Qələmiylə buz qıran, daş yaran Xəlil Rza,

Təbrizdən, Qarabağdan nigaran Xəlil Rza.

 

Və ya "Aydın Məmmədovun dəfn günündə", "Nəbi Xəzriyə", "Məmməd Aslana", "Sabir Əhmədlini anarkən" kimi şeirləri də bu qəbildəndir. Demək, Vətən haqqında şeir yazanları iki qismə ayırmaq olar: birincilər vətəni sevir, onu xoşbəxt, firavan, gözəl görməyi arzulayır və bu arzularını şeirə çevirərək, onu yalnız tərifləyib, vəsf edirlər.

İkincilər isə vətənin hər ağrısını, acısını, problemlərini çiyinlərinə yükləyərək özlərini bu yolda fəda edirlər. Təkcə arzulamırlar, həm də onu çəkib aparırlar, daşıyırlar, sevə-sevə, vəsf edə-edə, həm də firavan olması üçün, rahat yaşaması üçün mübarizə aparırlar. Hər cəfaya qatlanırlar, dözürlər:

 

Açmısan öz sinəni,

yurdun azadlığına,

Süngünün öpüşünə,

güllənin dodağına!

Bu gündən bu yaraya

bütün dünya baxası,

Bu gündən qanlı yaxan

Mələklərin yaxası...

 

Ən böyük, ülvi sevgi, böyük eşq vətənə olana sevgidir. Yurd, el-obaya bağlılıqdır. Doğulduğun, böyüdüyün torpağa olan sədaqətdir. Bu həqiqi sevgidən doğulan şeirlər də əbədidir, ölməzdir və basılmaz bir ordudur. Sabir Rüstəmxanlının şeirləri məhz bu qəbildəndir.

 

Bahar Bərdəli

Filologiya üzrə fəlsəfə doktoru

 

Ədalət 2017.- 20 oktyabr.- S.7.