İSLAM SADIQ ŞEİRİNİN DƏQİQLİK ƏLAMƏTLƏRİ

 

ALLAHVERDİ EMİNOV

 

Şair İslam Sadığı 30 ildən artıqdır tanıyıram; bu rəqəmi xatırlatmaqda fikrimi bir də o mənada açıqlayıram ki, şəxsiyyətlə istedad bir-birini tamamlayırmı, yoxsa biri "sağa", digəri "sola" çəkirmi? İki yolun arasında qalanlar saysız şeirlər yazmışlarsa da, şair ola bilməmişlər!

Şair də adi insandır, hissləri və sağlamlığı üst-üstə düşür də, düşmür də. Aldadırlar və aldanırlar; əlbəttə, iki yönüm özlərinə məxsusdur. Məşhur filosof V.Paskal yazmışdır: "İnsanlar kövrək məxluqdur, çox vaxt hissləri tərəfindən aldanırlar, ağılları ilə yazırlar və öz emosiyalarına uduzurlar".

Bəs şair İslam Sadıq necə?

İstedadlı şair və vətəndaş alim (bu, ayrıca mövzudur) - mənim aləmimdə illər kimi kövrək, bulaq kimi təmiz, ağıl kimi düşüncəli olmalıdır poeziya üçün. Varlığın mövcudatında poeziyasını təsdiq etməlidir, etmişmi?

 

Oğul itirməklə dünya dağılmaz,

Beşini doğaram birinə əvəz.

Dünyada bir ovuc torpaq doğulmaz

Bir ovuc torpağın yerinə əvəz.

 

Yaxud:

 

Dedilər ki, bu dağın

O üzü xəzinədi,

Yuxuma haram qatdım.

Dedilər ki, bu dağın

O üzü Qarabağdı,

Başımı qoyub yatdım.

 

Poeziya Vətənin tərənnümündən: sevincindən və ağrısından başlayır. Dünyanın hansı uzaq meridianından baxsaq, Vətən görünür, ona görə ki, o da səninlə getmişdir-qəlbində, ruhunda və ürəyində. Fransız rəssamı Dalton demişdir: "Vətəni çəkmənin dabanlarında aparmaq olmaz, lakin Vətəni mühacirətdə ürəyin infarktında yaşatmaq olar". Necə ki, İslam Sadıq "Torpaq havası üstündə ana öyüdü", "Vətən", "Vətən, məndən sarı başın sağ olsun", "Dərbənddə yurd sevgisi", "Türkün bayrağı" şeirlərində müqəddəs hissi tərənnüm etmişdir.

 

Ata qeyrətidir bir ovuc torpaq,

Qeyrəti güdaza vermək olarmı?!

Ana ismətidir bir ovuc torpaq,

İsməti güdaza vermək olarmı?!

 

Torpağı olanlar dilənməz, oğul,

Nə əksən, nə səpsən, daş da göyərdər.

Yüz oğul yoxluğu bilinməz, oğul,

Bir qarış torpağın yoxluğu qədər.

 

Bu müqayisəyə əvəz tapmaq çətin olardı: ana, qeyrət, ismət-biz azəri türkləri üçün bu "üçlük" hər şeydir: varındırsa xoşbəxtlikdir, səadətdir; yoxundursa ləçəklisən, tumanlısan. Xoşbəxtlik Tanrının bəxşeyişidir və insanın daxilindəki enerjidir, ilahi qüvvədir, taledir. Axı, Vətən hər bir yaranışın taleyidir. Orta əsrin görkəmli filosofu əl-Fərabi (870-950) haqlı idi: "Xoşbəxtlik hər bir insanın cəhd etdiyi bir məqsəddir". Nəsirəddin Tusi (1201-1274) "səadət" anlayışında xeyir və iradəni əsas götürmüşdür.

Vətən, bəli, taledir, hər bir insanın varlığındadır, şair bu mənada haqlıdır:

Tale bir cüt qoşa zərdi, bilinməz,

Altı üzdən beşi sirdi, bilinməz.

Dərdindən ölənin dərdi bilinməz,

De görüm, dərdimi açımmı, Vətən?!

 

Soruş, İslam Sadıq bağlanıb niyə,

Ayağından yerə, başından göyə.

İndi səni mənə vermirlər deyə -

Mən səni götürüb qaçımmı, Vətən?!

 

Şairin "sonuncu" sualına birmənalı yanaşmaq düzgün olmazdı. Baxır bu Vətən kimindir? Əfsuslar olsun ki, Vətəninə gəlir mənbəyi kimi baxanlar, xalqını bir tikə çörəyə möhtac edənlər, övladını min bir rəsmi bəhanə ilə gizlədənlər üçün də vətəndir (kiçik hərflə yazıram). Şair Məmməd Araz demişkən:

 

Ana yurdum, hər daşına üz qoyum,

Hər dərəndə çaldığım saz yaşayır.

Kimi sənin çiynində, sən kiminin,

Şöhrətini yaşadan az yaşayır.

 

Vətən şəhidlərin ruhunda, vücudunda qəlpə gəzdirənlərin ağrısında və bir də İslam Sadıq Qarabağ igidlərinə həsr etdiyi bir şeirində o ağrını yaşadım:

 

Ay Vətən deyəndə dili ballanan,

Sözünün şəhdindən balım utanır.

Sənin pencəyinin boş-boş sallanan

Qoluna baxıram, qolum utanır.

 

Şalvarını dizdən qatlayan sancaq,

Gördüyümün mində biridir ancaq.

İçin dərd-qəm dolu, özün utancaq,

Halını görəndə halım utanır.

 

Müəllif Vətən hissiyyatı ilə poetik istedadını büruzə verməklə oxucuda əyani görüm yaradır: Vətən sevgisindən vəcdə gəlmək də olar, cildə girmək də. Necə ki, antik filosof Aristotel (385-322) yazmışdır: "Poeziya istedad və hissiyyat adamlarına aid bir sahədir, çünki onlardan bəziləri cildə girmək, bəziləri isə vəcdə gəlmək qabiliyyətinə malikdirlər".

Son dərəcə həssas və cəsarətli şair İslam Sadıq təxminən on il qabaq "A şair" şeirini qələmə almışdır. İbrətli paralellər aparmaqla heç də yanılmamış, hissiyyata qapılmamışdır. Bu çağımızda şöhrətini qamarlayan, sol sinəsi par-par yanan şairlərimiz ("imiz" mənsubiyyət şəkilçili) var ki, yalnız öz karyerasını düşünür, "soyuq çadırlarda yesir"ləri, "düşmənin əlində əsirləri", öz doğmaları üçün ağız açanları xatırladır. Bu miskin xarakterli, şöhrəti yaşayana qədər səslənən "Şöhrət" ordenliləri haqlı məhşər ayağına çəkir:

 

Qəlbindən nə keçər, dilin nə söylər,

Başına dar gəlir bu saat göylər.

Öləni, qalanı, itəni neylər

Özü qu tükündə yatan, a şair.

"Şöhrət" ordenindən utan, a şair.

 

Bir zaman damından yağış damardı,

İndi yerin rahat, canın xumardı.

Məkrli sığaldı, saxta tumardı

Sənin gözlərini tutan, a şair.

"Şöhrət" ordenindən utan, a şair.

 

Bu cür bədii söz qullarının düşüncə səviyyəsində təsəvvür etməzdim, belələri yalana bükülüb soyuqdan qorunurlar, anlamırlar ki, həqiqətin yanında olmaq şərəflidir, nəinki masqalanmaqla "Fəxri xiyaban"a bilet almaq. Bəli, həqiqətinlə oxucularının gözünə dik bax. Məşhur sosioloq X.Şteynausun sözüdür: "Yalan həqiqətdən aşağıda dayanır, bədii düşüncə isə yuxarıda". Budur, şöhrətli şairin Qarabağ "dərdi"!

 

Bir zaman deyərdin canım Qarabağ,

Şöhrətim Qarabağ, şanım Qarabağ.

Şöhrət yaxandadı,

Hanı Qarabağ?!

Kimdir bu torpağı satan, a şair.

"Şöhrət" ordenindən utan, a şair.

 

Şeir hünərdir, çünki xalqın poetik şüur səviyyəsini aydın əks etdirir, oxucu bu xalqın bir üzvü kimi şairin ağrılarını içinə çəkir, axı, Söz diri olanda ruhla birləşir və qələbə çalır. Nizami deməmişmi?

 

Söz bayraqdan daha çox əldə edər zəfər,

Qılıncdan daha artıq qalxıb alar ölkələr.

 

Söz səsdən yaranır və insan bu səsilə xalqın, millətin ağrı-acısını sağalda bilir, təəssüf ki, nökər də edə bilir. Birinci təntənədir, ikinci faciədir. İslam Sadıq "Səs verin" şeirində ictimai problemi qisməbn də olsa poetik çərçivədən görür. Və ciddi sarkazmla kəsərli sözünü ucadan deyir: Səs verin! Hansı amala?

 

Səs verin ağacı kol eləsinlər,

Rüşvət cığırını yol eləsinlər.

Udduğumuz tozu bol eləsinlər,

Səs verin!

 

Səs verin çoxalsın qada-balamız,

Ya düşsün çıxılmaz oda balamız,

Ya da nökər olsun yada balamız,

Səs verin!

 

Səsini verənlər, bir də səsini satanlar; birincilər cəmiyyətin və xalqın intereslərini başa düşənlərdir, qeyri-rəsmi səsini çıxaranlardır, ikincilər "obaşdan qutular üstünə qaçanlar"dır, "səhəri diri gözlü açanlar"dır. Birincilərin səsi elə də önəmli olmur; dəyirman çaxçaxındadır, dəyirmançı öz işindədir. İkincilərin səsi yetərlidir, məqsədlidir; təki:

 

Səs verin yaltağın yalağı dolsun,

Qaynasın yadların bulağı dolsun.

Qoyun yerin-göyün qulağı dolsun,

Səs verin!

Bu, harasıdır, qorx o səsdən-göydən başımıza daş yağdırır, gözlərdən yaş axıdır, başımızı yerə soxan "başsızlardır"!

Bu, harasıdır, qorx o səsdən-işləməkdən biləklər döyənək doğur, qabar gətirir və əlimizi qaldıraq ki, "onu da, bunu da bəyənək"!

Bu harasıdır, qorx o səsdən böhtana, yalana rəvac verir, bizimkini bizdən alır, özü də təkrarən:

 

Səs verin qatığa qara desinlər,

O dərdi bu dərdə çara desinlər.

Daha nə deyirlər gora desinlər,

Səs verin!

 

Şair İslam Sadıq öz istedadının etibarında duyduğunu yaşadığı üçündür ki, əvvəl rasional, sonra poetik atributlarını təxəyyülündə gerçəkləndirir. Varlıq və onun predmetləri məntiqi və emosional təsvir olunur, dünyanın mübhəm, nikbin və zülmət xaosunda işığı görür, fikrini şeirin ruhu ilə çatdırır. "Yuxuma girmişdi kəndimiz", "Yoxuşlara kökləmişəm dizimi", "Uzaqdan baxanda, yaxından baxanda", "Yoxun varlığı, varın yoxluğu", "Durulmur" və s. şeirlərində oxucu poeziyanın dəqiqlik əlamətlərini görür: fikrin azad şəkildə ifadəsi, ideyanın oxucuya əzab verməməsi, əksinə, ağrıları yüngülləşdirməsi, şairin seçim mövzularına poetik hünəri müqabilində qiymət verməsi. Bu dəqiqlik əlamətlərində "insan-kənd-ruzigar ab-havası var, poeziya üçün nə lazımdır: həssas müşahidə; detalların antitezası, aqressiyadan uzaqlıq və nəhayət, sosial apologiyadan uzaqlaşma. Şairin "Sərçələr" şeiri qısa və lakonikdir; bu, şeirin bir atributudur, lakin İslam Sadıq yurd saldığı məkandan başqa heç bir yanda gücü olmayan quşun instinktini rəmziləndirmişdir, təbii ki, bəzi insanlardakı şüurlu qavranışla:

 

Qışın sazağında qapıdan qovdum,

Bacadan içəri doldu sərçələr.

Yayda taxıl yuyub sərdim sərdənə,

Dənimi əlimdən asdı sərçələr.

 

İnsan səxavəti!

 

Ocaqda qor qoyub, köz qoyub qaçdıq,

Ev-eşik demədik, tez qoyub qaçdıq.

O yurdu-yuvanı biz qoyub qaçdıq,

Ancaq Qarabağda qaldı sərçələr.

 

İnsan xəyanəti!

 

Sərçələr dil açsa nələr danışar,

Bir an orda durmaz, gələr danışar.

Hönkürər danışar, mələr danışar,

Yaxşı ki, yaxşı ki, laldı sərçələr.

 

Sərçə sədaqəti və şairin etirafı:

 

O yurdu-yuvanı biz qoyub qaçdıq,

Ancaq Qarabağda qaldı sərçələr.

 

İdillik kənd mühiti, torpaq nəfəsi, dəli külək. Ayrılıqda bu "üçlük" şeirə təravət gətirməz. Birləşəndə obrazlaşır, oxucunu demonemenliyə çağırır, təbiətin ezoterik görümü əyaniləşir, emosional ovqat yaradır:

 

Hava burum-burum, yer şülək-şülək,

Dənizdə saç yolur gör neçə mələk.

Dağıdır dünyanı bir dəli külək,

Ağaclar torpağı öpüb qayıdır.

 

Yaz nəfəsi gəlir yenə hər işdən,

Qızlar doymaq bilmir hələ görüşdən.

Sürünü qaytarır çoban örüşdən,

Əkinçi toxumu səpib qayıdır.

 

Ay İslam, ulduzlar qaralır köz tək,

Üfüqlər qızarır od vurmuş üz tək.

Adamın üstünə qayıdan söz tək

Tüstü buxarıdan təpib qayıdır.

 

Əsl poetik təsvir və onun fəlsəfəsi, şairin həyatda gözəllik axtarışı. Yazıçı F.Dostoyevskinin "Dünyanı gözəllik xilas edəcək" inamı; bu, əlbəttə ki, qəlbin, ruhun gözəlliyidir. Sərvətin qarşısında heyrətlənmək yox, haqq-ədalətin, sevincin-təntənənin önündə heyrətlənmək lazımdır. Yoxsa, yoxsulluğun, hərcmərcliyin, laqeydliyin kədərində isinmək yaramaz. Bunun özü elə bir dərddir, neyləmək olar, amma başqa mərəz daha ağırdır, tənəlidir: şairin hisslərini duymamaq; fəlakət deyilmi? Bəlkə də bir, yaxud bir neçə fərd belə çıxsaydı, şair göz yumardı, üstünü vurmazdı. Səd heyf: zaman duymur şairi!

 

Ədalət 2017.- 20 oktyabr.- S.5.