AZƏRBAYCAN QƏZƏLİ

ƏDƏBİ HƏYAT

 

  IV yazı

 

3. Böyük ədibimiz, professor Mir Cəlal Paşayev "Füzuli sənətkarlığı" monoqrafiyasını belə başlayır: "Belinski sənətkarların yaradıcılıq ilhamını təbiət hadisələri ilə müqayisə edərək bəzisini şampanski kimi köpüklənən qazlı suya, bəzisini yaşıl kənarlı arxlardan gülərək axan duru suya, bəzisini isə kükrək dalğalarla aşıb-daşan Nyaqara şəlaləsinə, bir qismini isə sahilləri və dibi görünməyən, yeri-göyü əks etdirən mühit dənizlərinə bənzədir. Füzulinin sənəti şübhəsiz ki, axırıncılardandır. Bu böyük şeir dühasının əsərlərilə dərindən tanış olanda heyrət bizi götürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblər mühəndisinin, "könül mülkünün sultanının" hətta ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik".

Füzuli sənəti haqqında ən sanballı fikirlərə bir müqəddimə hesab etmək olar Mir Cəlal müəllimin bu mülahizələrini. Təbii ki, bu yazıda söhbət ancaq qəzəldən, onun bir şeir janrı kimi keçdiyi inkişaf yolundan gedir və o səbəbdən də dahi şairin Azərbaycan qəzəlinə gətirdiyi yeniliklərdən söz açacayıq.

 

Qəzəldir səfabəxşi-əhli - nəzər,

Qəzəldir güli-bustani-hünər.

Qəzəli-ğəzəl seydi asan deyil,

Qəzəl münkiri əhli-irfan deyil.

Qəzəl bildirir şairin qüdrətin,

Qəzəl artırır nazimin şöhrətin.

Könül, gərçi əşarə çox rəsm var,

Qəzəl rəsmin et cümlədən ixtiyar.

Ki, hər məhfilin ziynətidir qəzəl

Xirədməndlər sənətidir qəzəl.

Qəzəl de ki, məşhuri-dövran ola,

Oxumaq da, yazmaq da asan ola.

Füzulinin "Leyli və Məcnun" poemasının giriş hissəsində qəzələ məhz belə bir tərif verilir və bu tərif, təkcə poetik tərif deyil, şairliklə alimliyi müstəsna dərəcədə özündə birləşdirən bir sənətkarın estetik görüşlərini əks etdirir. Mərhum füzulişünas Sabir Əliyevin "Şair Füzuli poeziyasında alimdir, alim Füzuli də elmi mülahizələrində şairdir" dəqiq hökmünü izah eləməyə ehtiyac duymuruq. Füzulinin qəzələ verdiyi bu tərif bütün ortaçağ Şərq qəzəli üçün səciyyəvidir.

Füzulinin klassik şeir şəkillərinin əksəriyyətinə müraciət etdiyi məlumdur: tərcibəndlər, tərkibbəndlər, müxəmməslər, müsəddəslər, mürəbbelər, qitələr, rübailər, qəsidələr, mərsiyələr də Füzuli qələmində öz klassik zirvəsinə yüksəlib. Ancaq Füzuli qəzəldə olduğu qədər heç bir digər şeir formasında sehr göstərməmişdir.

Azərbaycan qəzəli, hətta deyərdik ki, Şərq qəzəli məhz Füzuli nümunəsi ilə poeziyanın ən yüksək zirvəsini fəth etmişdir. Xaqani Şirvani də, Nizami Gəncəvi də, Hafiz Şirazi də, Nəvai də, Cami də, Nəsimi də, Xətai də böyük qəzəl ustadlarıdır, lakin dünya ədəbiyyatında sonet deyəndə Şekspir, rübai deyəndə Xəyyam yada düşdüyü kimi, qəzəl deyəndə də Füzuli xatırlanır.

Uzun-uzadı təfərrüatlara yol verməyək. Füzuli və Qəzəl probleminə münasibətimizi bildirək.

A) Füzuli qitələrinin birində yazırdı:

 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib

Əksərən əlfazi namərbutü nahəmvar olur.

Məndə tovfiq olsa bu düşvarı asan eylərəm,

Novbahar olğac tikəndən bərgi-gül izhar olur.

Füzuli ilk növbədə, "düşvarı asan edib". Yaşar Qarayevin təbirincə desək, " Füzuli Dante, Şekspir və Puşkin işini milli ədəbiyyatımızda realizə etmişdir. Təsəvvür edin, o, türkcə yazmaya idi: tarix və şeir nə qədər kasıblaşardı". Tarixçi-şair (qəzəlxan) Şahin Fazil 2004-cü ildə "Füzulinin asanlaşdıra bilmədiyi çətin bir məsələ barədə" məqaləsində ("Azərbaycan" jurnalı, № 1) yazırdı: "Məndə tovfiq olsa bu düşvarı asan eylərəm" deyən Füzuli, həmin düşvarı asan eləyə bilmir, yəni qəzəllərində çətin qavranılan, dərk edilən, indinin özündə də anlaşılmayan ərəb və fars sözləri, ifadələri işlədir". O zaman bu sətirlərin müəllifi hörmətli Şahin müəllimlə razılaşmayıb yazmışdı: "Təbii ki, Füzulinin dili ərəb və farsın ifadə və ğərkiblərindən xilas ola bilməzdi. Birincisi, ona görə ki, o dövrün ədəbi dili hələ bu təsirdən xilas ola bilməmişdi. Sizin Füzulidən "asan" hesab etdiyiniz Həsənoğlu da, Bürhanəddin də, Həqiqi də, Seyid Əzimdən "asan" bildiyiniz Xətai də, Süruri də, Saib Təbrizi də, Vidadi də bu və ya digər dərəcədə ərəb və fars dillərinin təsiri altında olmuşlar. Bəs XX əsr şairi Məhəmməd Hadiyə nə deyirsiniz? Lap elə xalqın çox sevdiyi Sabir də ərəb və fars sözlərindən bol-bol istifadə etmişdir. gSiz "Füzuli qəliz yazır" deyəndə yəqin ki, "Füzuli XX və XXI əsr qəzəl şairləri kimi yazmalıydı" deyə düşünürsünüz. Axı, XVI əsrlə XX əsr arasında ədəbi dil nöqteyi-nəzərindən eyniləşmə ola bilməz. Siz Nəsimini Füzulidən "asan" yazan şair hesab edirsiniz. Amma baxın Nəsiminin külliyyatına-hədis, əbəd, ərş, fərş, səlsəbil, sədiəkbər, ruhi-qüds, xəlvəti-ərbəin kimi sırf dini-fəlsəfi söz və ifadələr azmı işlənib? Siz XV əsr şairi Cahanşah Həqiqinin də şeirlərinin Füzuli şeirinə nisbətən sadə olduğunu iddia edirsiniz. Amma baxın C.Həqiqininşeirlərinə-ülaikə,ayəti-vəşşəmsə,dami-zülfi-dust,nuri-ləmyəzəl, xaki-rahi-məqdəm, abidi-səccaf və s"

Mətləbi uzatmaq istəmirəm. Füzulinin və eləsə də onun sələflərinin (Yusif Balasaqunlunun, Əlişir Nəvainin) türksə yazmağın çətinliyini etiraf etmələri əbəs deyildi, çünki türksə "tikansız çiçək" yaratmaq üçün böyük "bağban işi" görmək lazım idi, Nəsimi və Xətai bu missiyanı şərəflə yerinə yetirdilər, Füzuli isə bu ənənəni elitar ənənə səviyyəsinə qaldırdı. "Füzuliyə qədər çox uzun müddət bədii sözün bətninə və mətninə fars dilini ruh kimi daxil eləmişdilər. Füzuli yad ruhu doğma bədəndən qovdu və özü bu məkanda hakim Ruh oldu" (Yaşar Qarayev). Füzulidə doğrudan da, çətin anlaşılan sözlər, ifadələr, söz birləşmələri az deyil, ancaq elə beytlər, elə misralar, hətta elə bütöv şeir mətni var ki, onları oxuduqca Füzuli ilə bizim aramızdakı beş əsrlik zaman məsafəsi bir andaca yox olur:

 

Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,

Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.

Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı,

Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.

 

B) Firidun bəy Köçərli yazırdı: "Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şeirlərində hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütəliə etmək istəsəniz, mütaliə buyurun, onun hüsni-təsirini öz vücudunuzda dərk edəcəksiniz. Və bu təsirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır, fikir və xəyalınız sizi başqa bir ali məqama-mənəviyyat aləminə tərəf çəkəcəkdir".

Füzulinin qəzəl dünyasında iki söz - EŞQ və AŞİQ daha çox hallanır və Füzulini "Leyli və Məcnun" poeması da daxil olmaqla bu iki söz olmadan təsəvvür etmək mümkün deyil. Alimlər bir neçə əsrdir ki, Füzuli eşqinin real yaxud qeyri-adiliyi barədə mülahizələr söyləmiş, bəzən bu eşqin sırf Tanrıya, bəzən də Yer gözəlinə aid edildiyini söyləmişlər. Hər iki mülahizədə şəksiz ki, yalan yoxdu, lakin bunları bir-birindən təcrid etmək olmaz. Mir Cəlal müəllimin bu fikrinə tam haqq qazandırırıq ki: "Bu eşq, adi insanın deyil, çox yüksək, daxili aləmi etibarilə çox zəngin bir simanın, nadir bir şəxsiyyətin eşqidir. Füzuli lirikasında yüksək bir şəxsiyyətin dərin bir məhəbbətdə sanki "əridiyini" görürük". Bəs Füzuli qəzəllərində başlıca məsdər kimi diqqəti cəlb edən EŞQin mahiyyəti barədə nə deyə bilərik? Məncə, EŞQin mənasını Füzulinin özü qədər heç bir alim bu qədər doğru-dəqiq izah edə bilməyib:

 

Qəd ənarəl-eşqü lil-üşşaqi minhacəl-hüda

Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam

Meydə təşviri-hərarət, neydə təsiri-səda.

Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir,

Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.

Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi,

Aşiqi məşuqdan, məşuqu aşiqdən cüda.

 

AŞİQ obrazı bütün klassik Şərq ədəbiyyatının əsas qəhrəmanıdır. Təsəvvüfdə rəmzlər və simvolik yozumlara müraciət etsək, Aşiqin - mürid, salik, dərviş, səyyar, arif və s. mənaları ifadə etdiyini görərik. Əlyar Səfərli "Divan ədəbiyyatı sözlüyü"ndə (Bakı, 2014) Aşiqə belə tərif verir: "Divan ədəbiyyatında aşiq həm də şairdir. Aşiq eşq ilə bağlıdır, aşiq sözü eşq sözündən eyni kökdən törəmişdir. Hər şair öz şeirlərində aşiqdən bəhs açarkən, özünü vəsf edir, öyünür, öz duyğu və düşüncələrini qələmə alır. Təsəvvüf şeirində aşiq Allaha qovuşmaq istəyən bir insandır, məşuqə isə Allahın timsalıdır". Gənc füzulişünas Gülşən Əliyeva-Kəngərli isə füzuliyanə məhəbbətin səciyyəvi xüsusiyyətlərini, daha doğrusu, Aşiqin tam xarakteristikasını 21 bölgüdə şərh edir və bunun özü də onu sübut edir ki, Füzulinin qəhrəmanı Qəmin bütün mərhələlərini yaşayır (sevgilinin ilahiləşdirilməsi, qəmsevərlik-kədərə vurğunluq, sevgilinin zülmkarlığı və daşürəkliyi, hicranın və sevgilinin zülmünün şirinliyi, bəlaya sevinmək, taleyə boyun əymək, aşiqin ah-fəğanlığının göylərə ucalması, daha çox zahiri görünüşcə məcnunluq, divanəlik, əslində isə aqillik, rəqibin xoşbəxtliyinə qısqanmaq, eşqin günah sayılmasına etiraz və s.)

Biz Aşiq obrazı ilə bağlı füzulişünasların fikir və mülahizələrini burada təkrar etmək niyyətində deyilik. Yalnız bir fikri bu obraz üçün daha səciyyəvi hesab edirik: "Bütün klassik tarixi boyu, demək olar ki, ta XIX əsrə qədər poeziyamızın tipik tragik qəhrəmanı aşiqdir. Hakim ictimai normalara, adət və əxlaqa müxalifət təşkil edən aşiq cəmiyyətlə mənəvi mübarizədə eşqi və vəfanı da həqiqi bir qəhrəmanlıq, kamal və hünər səviyyəsinə qaldıra bilir" (Y.Qarayev).

Füzulin "aşiq" rədifli bir qəzəli var və bu qəzəldə aşiqin və aşiqliyin mahiyyəti obrazlı şəkildə öz təcəssümünü tapır. Qəzəlin bir neçə beytinə müraciət edək.

 

Mənə məqsud tərki-eşq idi, vəh kim məni hüsnün

Olub gün-gündən əfzun, qıldı gün-gündən betər aşiq.

 

(Mənim məqsədim ehqi tərk etmək idi, ah ki, sənin gözəlliyin gün-gündən çoxalıb, hər gün məni daha artıq aşiq etdi).

 

Çəməndə paybusindən olubdur səbzələr xürrəm,

Haman bir səbzəcə olmağa aləmdə yetər aşiq.

 

(Çəmənlikdə otlar sənin ayağını öpməkdən sevincək olmuşlar. Aləmdə həmin otlar qədər olmağa aşiq yetər. Yəni bütün aşiqlər o yaşıl otlar kimi gözəlin ayaqlarını öpmək arzusundadırlar)

 

Qılırsan min cigər qan, hər yana baxdıqca, ey zalım,

Nə baxmaqdır bu, hərdəm qandan alsın bir cigər aşiq?

(Ey zalım, hər yana baxdıqca min cigər qan edirsən, bu nə baxmaqdır, aşiq hər an bir ciyəri hardan alsın?

 

Nə pərvanə doyar bir şöləyə, nə şəm bir aha,

Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.

 

(Pərvanə və şam klassik şeirdə vəfa rəmzi, "sadiq aşiq" obrazlarıdır. Oda aşiq olan pərvanəni bir şölə yandırır. Yana-yana əriyən, ağlar bir aşiqi andıran şamı da xəfif bir meh, nəfəs söndürür. Təkcə həqiqi aşiq ah çəkə-çəkə göz yaşı tökür, ayrılıq oduna dözür. Bu səbəbdən də ona heç kəs bənzəyə bilməz).

(Füzulinin "aşiq" rədifli bu qəzəlinin şərhi füzulişünas Samət Əlizadənin "Şah beytlər" (Bakı, 1995) kitabından götürülüb).

S).Füzulini söz sənətinin mahir rəssamı adlandıranlar səhv etməmişlər. Şərqdə miniatür sənətinin yaratdığı möcüzələri xatırlayın. Əlyazma kitablarını bəzəmək üçün əlvan rənglərin yaratdığı o rəsm əsərləri həcminin kiçikliyinə baxmayaraq indi də göz oxşayır. Təbrizdə, İsfahanda, Marağada, Qəzvində Sultan Məhəmmədin, Mirzə Əli Təbrizinin, Sadıq bəy Əfşarın, Kəmaləddin Behzadın, Ağamirək İsfahaninin yaratdığı bu sənət inciləri təsviri sənət nümunələri kimi indi də heyranlıq doğurur. Füzulinin də qəzəlləri, bu qəzəllərin ayrı-ayrı beytləri və bu misralarda canlanan canlı insan münasibətləri, romantik səhnələr də həmin o miniatürləri xatırladır.

Onun təşbihləri, istiarələri, mübaliğələri, təlmihləri (şeirdə şairin müəyyən bir hadisə yə işarə etməsi) o qədər zəngin və orijinaldır ki, Füzulidən sonra gələn şairlər qəzəllərində bu məharəti göstərməyə can atmışlar. Cəfər Cabbarlının ifadəsiylə desək: "Şairlər, ədiblər Füzulini ötmək deyil, bəlkə ona yetişmək və var qüvvələrilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətmək və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırlardı".

 

Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.

 

Füzuli deyir ki, mənim bu qəmlərim ki var, dəvənin başına qoysan, kafər cəhənnəmdən çıxar, orada əzab çəkənlər gülüb-oynarlar.Bundan böyük mübaliğəyə rast gəlmisinizmi?

 

Tabi-suzi-sinədən əskiltməsəydi göz nəmi,

Göz yumub açınca seylabə verərdim aləmi.

 

Füzuli deyir ki, əgər aşiqin sinəsində yanan eşqin hərarəti gözlərindəki nəmi əskiltməsəydi, o, göz-yumub-açınca dünyanı selə qərq edərdi.

 

Yerdən, ey dil, göyə qovmuşdu sirişkin mələki,

Anda heç qoymayacaqdır oları əfqanın.

 

Füzuli deyir ki, ey qəlbim, sən o qədər göz yaşı tökdün ki, mələklər yerdə qala bilməyib göyə qalxdılar, amma göyə ucalan fəryadın onları orada rahat qoymayacaqdır. (Bu beytlərin şərhini də S.Əlizadənin "Şah beytlər" kitabından götürdük).

Bu sətirlərin müəllifi az-çox klassik poeziyamıza vurğun bir şəxsdi və Füzuli heyranıdı. Təkcə Füzulini deyil, klassik poeziya nümunələrinin əksəriyyətini (xüsusilə qəzəl ədəbiyyatını) dönə-dönə mütaliə edir, ən çox klassik poeziyada işlənən bədii təsvir vasitələrinə diqqət yetirir. Və etiraf edir ki, Füzuli qəzəllərində olan bu möcüzələrə heç bir şairdə təsadüf etməyib.

Beləliklə, biz Azərbaycan qəzəlinin "Füzuli mərhələsi"ni xüsusi qeyd etməliyik. Bu mərhələ hələlik qəzəl ədəbiyyatımızın zirvəsidir .

(ardı gələn saylarımızda)

 

Ədalət 2017.- 21 oktyabr.- S.15.