VURĞUN ƏYYUB: LƏYAQƏT VƏ
SÖZƏ SEVGİ
Nədənsə,
indiyəcən mənə elə gəlirdi, Vurğun
Əyyubun 60 yaşı, ən azı, bir neçə il əvvəl
tamam olub, sadəcə mən diqqətsizlik eləmişəm...
Yəqin,
içimdə bu duyğunun yaranmasına onun zəngin, həm
də çalxantılı ömür yolu, içtimai
mühitdəki nüfuzu, xüsusilə, son illərdə qələmə
aldığı sanballı yazıları səbəb
olmuşdu...
Aramızda
cəmi-cümlətanı aylarla ölçülən
yaş fərqi olduğundan xəbər tutanda da xeyli təəccüblənmişdim...
Hər
halda, gözəl yanıldığıma görə,
"günahımı" bir yazıda Vurğun Əyyubun
insani və yaradıcılıq portretini çızmaq cəhdilə
yumaq istədim...
Onu cəmi
bir neçə ildi ki, az-çox yaxından
tanıdığıma görə, bu yazımda fəhmimə
əsaslanmaqdan başqa yolum yoxdu...
***
Vurğun
Əyyub imzasına ilk dəfə ötən əsrin (zaman
uzaqlığından adamın gözü qaralır!) səksəninci
illərinin əvvəllərində rast gəlmişəm...
Bir
neçə il sonra "Sovet
Gürcüstanı" qəzetində çalışanda
rəhmət Arif Mustafazadə onda gənc tədqiqatçı
olan Vurğun Əyyubovun Səməd Vurğun
yaradıcılığıyla bağlı bir məqaləsini
redaktə eləmək üçün vermişdi. Əslində, redaktə eləməli bir şey də
yox idi, yazını rahatca oxuyub çapa verdim. Onda
yalnız bitirdiyi Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda (indiki N.Tusi adına Pedaqoji
Universitetində) çalışdığını, elmi
işini müdafiə eləməyə
hazırlaşdığını bilirdim...
Növbəti
il Bakıya gələndə artıq
Vurğunun adını get-gedə vüsət alan
milli-azadlıq hərəkatı öndərlərinin
sırasında eşitdim...
Sonra ona
meydanlarda və kürsülərdə rast gəldim...
Vurğun
Əyyub mübarizə müstəqilliyimizin bərpasıyla
başa çatandan sonra da yolundan dönmədi, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının sədri
kimi, öz çiyinlərinə təhsilimizi yeni müstəviyə
çıxarmaqla bağlı ağır yük
götürdü...
Sonra yenidən
mübarizə meydanına qayıtdı...
Həmin məqamlarda onun ədəbiyyatşünas kimi
yaradıcılıq potensialını siyasi mübarizəyə
sərf etməsindən təəssüf hissi keçirirdim. Hətta sonralar 1988-ci ildə
"Azərbaycan romantiklərinin
yaradıcılığında vətəndaşlıq lirikası
(1905-1920-ci illər)" mövzusunda dissertasiya müdafiə
eləyib filologiya elmləri namizədi alimlik dərəcəsi
aldığı eşidəndə xeyli təəccübləndim:
hər halda, o qədər qızğın və fasiləsiz
ictimai-siyasi fəaliyyətdən vaxt oğurlayıb elmi
missiyasına qayıtmaq, zənnimcə, asan məsələ
deyildi.
İctimai-siyasi
mübarizə isə Vurğun Əyyubun ömrünün, az qala, iyirmi beş ilini apardı...
Məncə,
o, özü də həmin illəri əbəs zaman itkisi
hesab eləmir, çünki aydın dərk elədiyi
Zyalı Missiyasının nə demək olduğunu gözəl
başa düşür...
Sonralar Vurğun Əyyubun sorağını Qarsdakı
Qafqaz universitetindən alıb pedaqoji və elmi fəaliyyətə
qayıtmasına uzaqdan-uzağa da olsa, sevindim. Hərdən
sosial şəbəkədə yazışırdıq, həmin
yazışmalarda da onun Azərbaycandan ötrü nə qədər
darıxdığını duyurdum. Bu, təkcə Vətəninə
hədsiz bağlı olan insanın darıxması deyildi, həm
də Vətəninin taleyi üçün bir ziyalı kimi məsuliyyət
hissi duyan adamın duyğularıydı...
Nəhayət, Vurğun Əyyubun Xəzər
Universitetində pedaqoji fəaliyyətə
qayıtdığından xəbər tutanda, mətbuatda
bir-birindən sanballı məqalələrini oxuyanda ədəbiyyatımızın
daha bir bənzərsiz araşdırıcı qazanmasından
rahatlıq hissi keçirdim.
***
Vurğun
Əyyub ədəbiyyatşünaslığımızın
problemləri ilə bağlı olan irili-xırdalı 150-dən
artıq məqalənin müəllifi olsa da, tədqiqat
yolunun başlanğıcından Azərbaycan tomantizmini
ardıcıl araşdırmağı qarşısına məqsəd
qoyub, namizədlik dissertasiyası kimi işlədiyi "Azərbaycan
romantiklərinin yaradıcılığında vətəndaşlıq
lirikası (1905-1920-ci illər)" monoqrafiyası da üzərinə
götürdüyü bu missiyanın məntiqi yekunudu. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli
onun elmə gəldiyi vaxtların romantizm haqqında müəyyən
mübahisələrin qızğın getdiyi dövrə təsadüf
elədiyini yazır. Doğrudan da K.Talıbzadə,
Ə.Mirəhmədov, M.C.Cəfərovun A.Zamanov,
M.Əlioğlu, Y.Qarayev, İ. Həbibbəyli kimi nüfuzlu ədəbiyyatşünasların
Azərbaycan romantiklərinin yaradıcılığı
haqqında sanballı monoqrafiya və məqalələrindən
sonra tədqiqat obyekti olaraq bu mövzunu seçməsi onun
faktiki nüfuzlu alimlərlə üz-üzə gəlməsini
labüd edirdi.
Vurğun
Əyyubun haqlı olaraq qeyd elədiyi kimi, "XX əsrin
inqilablar dövrünün (195-1920) ədəbiyyat tarixinə
bəxş etdiyi ədəbi-bədii sərvətlər
içərisində tənqidi realixmlə yanaşı, Azərbaycan
romantizminin də özünəməxsus çəkisi var.
Bu sərvətin qiymətləndirilməsində Azərbaycan
sovet ədəbiyyatşünaslığı ideoloji diktələrdən
irəli gələn sapmalara yol versə, estetik meyarlara ikinci dərəcəli
məsələ kimi baxsa da, ümumən, romantik lirikanın
vətəndaşlıq mövqeyini düzgün müəyyənləşdirə
bilib".
İndi əlimizdə
olan "Azərbaycan romantizmini araşdırarkən..." (Bakı, "Elm və təhsil", 2017)
kitabındakı həmin monoqrafiya problemə sistemli
baxışı əks etdirir. Tədqiqatçı
A.Şaiq, A.Səhhət, H.Cavid, C.Cabbarlı, M.Hadi
yaradıcılığını araşdıranda nüfuzlu
araşdırıcıların təsiri altına
düşmür, problemlə bağlı öz
görümünü ortaya qoymağı bacarır, üstəlik,
Azərbaycan ədəbiyyatşünaslığında
romantizmin tədqiqi ənənəsinin əsasını
qoymuş görkəmli alim və yazıçımız, mərhum
Mir Cəlalın xidmətlərini qeyd eləyir, onun
"Ədəbiyyatda romantizm" məqaləsini və
"XX əsr Azərbaycanda ədəbi məktəblər"
monoqrafiyasını ilkin mənbələr kimi
araşdırır.
Monoqrafiyanın
başlıca cəhətlərindən biri budur ki, Vurğun
Əyyub təkcə klassik Azərbaycan şairlərinin
yaradıcılığına müraciət eləməklə
qalmır, eyni zamanda 1905-1920-ci illərdə dövrün
romantiklərinin təsiri altında
yaşayıb-yaratmış, imzaları geniş oxucu kütləsinə
tanış olmayan Ə.Q. Bakuvi, A.Qaibzadə, Ə.Səbur,
A.Mərəndi, Ə.M.Sərabi kimi qələm
adamlarının poetik irsini o zamanın mətbuat
orqanlarından və kitablarından tapıb üzə
çıxarıb. Ola bilsin, yaxın gələcəkdə
həmin qələm adamlarından hər birinin
yaradıcılığı ayrıca tədqiqat obyektinə
çevrilsin.
Tədqiqatçı eyni zamanda yeri gəldikcə Azərbaycan
romantizmi nümayəndələrinin yaradıcılığı
ilə rus romantizmi nümayəndələrinin
yaradıcılığını müqayisəli şəkildə
araşdırır. Bu da həmin dövrdə bu ədəbi
cərəyanın inkişaf tendensiyasını daha əhatəli
dərk eləməyə yardım göstərir.
Azərbaycan romantizminin tədqiqinə sistemli
baxışı Vurğun Əyyubun bir sıra məqalələri
də təsdiqləyir. Onun "Vurğunun romantikası" (Səməd
Vurğun poeziyası), "Satirikin romantikası"
(M.Ə.Sabirin poeziyası), "Hüseyn Cavid
dramaturgiyasında Gürcüstan və gürcülər",
"Azərbaycan romantiklərinin
yaradıcılığında I Cahan savaşı" elmi məqalələri
romantizmin tədqiqinin hüdudlarını genişləndirmək
baxımından çox faydalıdır. O, həm də
Azərbaycan romantizminə həsr olunmuş tədqiqatları
da nəzərdən qaçırmayıb. İsa Həbibovun
(akademik İsa Həbibbəyli) "Romantik lirikanın
imkanları", Vəli Osmanlının "Azərbaycan
romantikləri", Əziz Mirəhmədovun "Məhəmməd
Hadi", Kamal Talıbzadənin "Abbas Səhhət"
monoqrafiyaları haqqında ayrı-ayrı məqalələr
qələmə alıb və dövri nəşrlərdə
çap etdirib.
Bütün
bunları nəzərə almaqla, Vurğun Əyyubun
adını inamla Azərbaycan romantizminin tədqiqinə
sanballı töhfə vermiş ciddi
araşdırıcılar sırasında çəkə bilərik...
Vurğun Əyyub ədəbi yazılarında sevgisinin
dərinliyi də ("Poeziyamızın Məmməd Araz
yükü"), ağrısının səmimiliyi də
("O, istedadını repressiyaya məruz qoydu" - Səməd
Vurğunun yaradıcılığı haqqında) dərhal
üzə vurur. Bu da fikrimizcə, əsl
araşdırıcıya xas olan, həm də ümumiyyətlə
SÖZə qəlbində sonsuz sevgi bəsləyən insana bəxş
olunan nadir keyfiyyətdir.
Vurğun Əyyubun axır vaxtlar başladığı
"Hekayə təhlilləri" silsilə yazıları da
orijinal forması və müəllifin peşəkar
yanaşmasıyla diqqəti çəkir. Bu silsilənin
davam eləməsi, şübhəsiz, ədəbiyyatşünaslığımıza
töhfə olardı. Hər halda, Şərif
Ağayarın "Şəkil", bu sətirlərin müəllifinin
"Qapı" hekayələri ilə bağlı qələmə
aldığı yazılar bunu deməyə əsas verir...
***
Vurğun Əyyub ömür möhlətini
tale missiyası kimi yaşayan insanlardandı. Həyatda
addımlarını şüurlu surətdə atıb, yolu
daşlı-kəsəkli olsa da, həqiqət bildiyinin
axasınca sonacan getməyə özündə güc
tapıb. Buna görə də deyir: "Heç vaxt,
heç nəyə görə peşman olmamışam. Nəyinsə
peşmanlığını çəkdiyim yadıma gəlmir.
Bəlkə də şəxsi məsələlərdə
ola bilər, amma ictimai-siyasi məsələlərdə yox.
Demirəm ki, səhv eləməmişəm. İnsanın
heç vaxt səhv eləməməyi mümkün deyil. Amma vacib bir xətt,
bir yol var ki, orada səhv eləmək olmaz. "Magistral yol"a aparan cığırlarda səhv eləmək
mümkündü və səhvlər olur da. Amma
o əsas yolda səhv eləmək olmaz".
O əsas
yola Vurğun Əyyub ömrünün az
qala yarısını - ən azı 25 ilini sərf eləyib.
Bu da onun İradə Tuncayın "Yol" kitabında yer
almış monoloqundan bir parçadı: "Bu yaşıma
qədər maraqlı, qaynar həyat yaşamışam. On
altı yaşım tamam olmamış ali
məktəb tələbəsi idim. Sabirabad və
Tovuzda orta məktəb müəllimi işlədiyim illər
həyatımda ciddi izlər buraxıb. 1984-cü
ildə aspiranturaya daxil olandan sonra elmi müzakirələrin,
siyasi-ictimai məzmunlu toplantıların fəallarından, həmin
dövrdə yaradılan təşkilatların ya
iştirakçısı, ya da təşəbbüskarı
olmuşam. Sovet dövründə bir
çox tanınmış ziyalılar, dissident hesab olunan
insanlarla ünsiyyət qurmuşam. Ola
bilsin, yazacaqlarımın bəziləri kiməsə subyektiv
görünsün. Bir onu deyə bilərəm
ki, bu yazılarda yalan, qeyri-səmimi heç bir şey
olmayacaq. Biz total yalan və riyanın, zəhlətökən
ideoloji təbliğatın hökm sürdüyü,
rüşvətxorluğun meydan suladığı, bir xalq
olaraq varlığımıza göz yuman rejimə
qarşı mübarizəyə qalxmışdıq..."
Şübhəsiz,
belə bir ömürlə fəxr eləməyə dəyər...
Bu ömrün qazancısa axıracan qoruyub
saxlaya bildiyi LƏYAQƏTİ və SÖZƏ
SEVGİsidi...
Ədalət 2017.- 24 oktyabr.- S.5.