Nakamlığın elegiyası

Vaqif Nəsib Sarıhüseynoğlu

 

Hər yeni nəşr olunan kitabı ilk növbədə müəllifinin kitab bayramı hesab etmək olar. Yaradıcılıq nübarını bir növ bağbanvari əlində tutub, o da öz sevincini, fərəhini ilkin yaşayır. Sonra da təpədən-dırnağa məsuliyyət hisslərinə çəkilib üzünü oxucular tərəfə çevirir. Bir su şəffaflığı, aydınlığı ilə ərsəyə çatmış əsərlər elə axar sularvari özünə yol tapa bilir. Və müəllifinkindən çıxıb əvvəl oxucularının, sonra da millətin kitab bayramına çevrilə bilir.

Bu gün özünün şəffaf su aydınlığı ilə oxucularına yol gedən bir kitabdan söz açacağam, - Əjdər Olun "Qəzənfər müəllimin Şuşa yürüşü" ədəbi yürüşündən (Onu bu başdan deyim ki, həmin kitabı həm müəllifin, həm də nəsrimizin uğuru hesab etmək olar.

Məqaləyə verdiyim ad müəllifin əsərləriylə tanışlıqdan sonra yarandı. Bütün yazılardan nakamlığın bir ana xətt kimi keçdiyi qənaətinə gəldim. ("Yazıçı Namiq Abdullanın axırı", "Rafiq Tağı ki, Rafiq Tağı" insan mənzərəli hekayələrdə bol-bol başqalarında üstüörtülü aşqın və daşqın şəklində). Və gördüm ki, müəllif istedadının var gücüylə tanıdığı talelər və bələd olduğu hadisələrdən nakamlığın elegiyasını yarada və səsləndirə bilib. Bu dəfə bir kitab bayramı qəmli motivlər üstə yaranıb, bir növ azan səsini qulaqlara gətirməkdədir.

Ömürləri qaraya boyanmışlardan (Namiq və Rafiqin) ikisindən biriylə tanışlığım vardı. Təəssüflər olsun ki, mən hər Siyəzən tərəfdən keçəndə onun nakam məzarının oralardan dünyaya boylandığından xəbərsiz idim. Birinci növbədə, Xızı tərəflərdə şeirimizin qanı kəsilməmiş (kəsilməyəcək) yarasına çevrilmiş Müfiqi düşünürdüm. Və hətta ona belə misralarımı da zümzümə edirdim:

 

Dedilər dövrə sol gedir,

(Mavi Xəzərdə "boğuldu").

Xızıda Müşfiq yol gedir,

(Burda təzədən doğuldu).

Şeirdən bir qol gedir,

(Deyilə bilməz soğuldu),

Üzü dağlara, dağlarag

Bütün fəryadlar əzanı,

Pozana döndü yazanı,

Qürub rənginin xəzanı,

Küzü dağlara, dağlara.

 

Götrülmədi məzar üstü,

Həndəvəri duman, tüstü.

Xızıda bir Müşfiq büstü,

Üzü dağlara, dağlara,

Küzü dağlara, dağlara...

 

Sonrakı dövrlərdə insanlar arasında faciəli insan, tənha yazıçı ömrü sürmüş Namiq Abdullayevlə son kərə Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evində görüşmüşdük. O, bura dincəlməyə və ya vərəqlər üstə qələmiylə kotan əkməyə gəlməmişdi. Nəyi varsa itirdikdən sonra, sadəcə olaraq sığınmışdı. Həmin görkəmdə Namiq bəlkə də o zamana kimi gördüyüm insan mənzərələrinin ən qəmlisi, ən köməksizlərindən idi. Saçı, saqqalı qırova çəkildiyindən bir ömrün payızı və qışı arasında çətin ömür sürdüyü apaydın görünürdü. (Bu gününə düşmüş adamlar artıq günlərindən həzz ala bilmir, gecəli-gündüzlü onları ağır yük kimi damışamlı olur).

Ömrünün həmin görüşünə görə, öz düşünə bilmədiklərimlə qələm dostumun hekayəsində rastlaşdım.

"Hər dəfə maşınla fantast yazıçı Namiq Abdullayevin dəfn olunduğu Siyəzəndən keçəndə fikrimə gəlirdi ki, yoldan burulub onun qəbrinə baş çəkim. Nəsə, ürək eləmirdim. Onunla bağlı sonuncu xatirəm ola biləcək həmin ziyarət məsələsini ehtiyatda saxlayırdım. Amma bu yazını yazmağa başlayanda özümü inandırdım ki, daha xatirə ehtiyatı saxlamağın yeri deyil. Getdim və Namiq müəllimin qara mərmərdən enli başdaşını, iri sinədaşını, başdaşı üzərindəki cavanlaşdırılmış şəklini, hasara alınmış qəbrini görəndə düşündüm ki, onun heç vaxt belə rahat, xudmani yeri olmayıb".

Son sətirlər, məncə, məzarlarında rahatlıq tapa bilmişlərin hamısına zil qaraya boyanmış ən təsirli nekroloq ola bilər.

S.Vurğunun "Unudulmuş tək məzar" şeirində belə misralar var:

 

Bizdən ayrı düşənlərə,

Borcumuzdur bir ehtiram.

 

Hər şeydən əvvəl qəm çalarlarıyla köklənmiş, rişələnmiş həmin hekayəni bizdən ayrı düşənlərə böyük bir ehtiram hesab edirəm. Nakam yazıçı dostlarımın (ilk növbədə Sabir Məmmədzadənin) qarşısında özümü günahkar hesab edirəm. (Yenə özümün unudulmuş günlərimi xatırlayıb onlardan doğulmuş misralarımı xatırlayıram:

 

Unudulmuş adamların

Ünləri ərşə çatır,

Ahları gülləri nəmləndirir).

Saqqallar yerə batır...

 

Bu dəfə, həmin hekayə vasitəsiylə tanıdığım Namiq Abdullayevlə bir daha görüşəsi oldum və həmin qara boyalı görüşə görə nə qaraldım, nə də daraldım. Sevindim ki, müəllif Namiqi tanımayan yüzlərlə, minlərlə adamın qarşısına onu necə var, elə çıxara bilir... Yazıçıların rəmzi sərgi salonundan nakam bir insan, bir yazıçı portreti asır. Üstəlik hekayə insan ümidinin ən son öldüyünü də səsləndirir: "Namiq müəllim artıq yorulmuşdu, əli qələmdən soyumuşdu. Bəzən içki xumarından günlərlə ayıla bilməyəndə yarıyuxulu-yarıyuxulu deyirdi: Yazacağam, aydınlığa çıxan kimi yazacağam..."

Aydınlığa çıxmaq istədiyi yer, Yazıçılar Birliyinin ögey övladına çevrilmiş Namiqin sığındığı Yazıçıların Yaradıcılıq Evi idi. Min heyf ki, aydınlığa çıxan son mövzusunu və ya mövzularını vərəqlərə çırpa bilmədi. Şair və nasir qələm yoldaşımın Namiqin nasiranə portretini şairanə tamamlaması faciə qəhrəmanının təbiət qoynundakı məzarında rahatlıq tapması qədər təbiidir. Həmin şeirdə özünün nikbinliyi və bədbinliyi ilə diri, - fantast Namiqin və məzar sahibinin toyuna və vayına biçilə bilir.

 

Hüzn çadırın

Yelkən açırdı.

Yasına gələnlərin hamısı

Sağlığında səndən qaçırdı

...Yasına getmədim,

Bircə şərtlə gələrdim,

Bilsəydim oturmusan

Məclisinin başında.

Bir kimsəyə baxmadan

Ehsanından yeyirsən,

Arabir də, lələşinə göz vurub

Xəlvət-xəlvət yüz vurub

Sən özün-özünə "rəhmət" deyirsən.

Namiqin məzarı ətrafından yazda yəqin ki, çiçəklər doğulur. Bunları bir nakam yazıçının arzu gülləri hesab etmək də olar, etməmək də... Bunlar üçünsə fantastik güc lazımdır. Yalnız həmin qüvvə ilə

 

Qəbr üstü güllər, çiçəklər,

Namiqin itirdiyi dünyaya gözü,

Əlindən saldığı qələmdən sözü,

Rahatlıq tapdığı məzardakı özü ola bilər, - özü

 

... Portret hekayələr müəlliflərindən yazıçılıq səriştəsindən əlavə, başqa qabiliyyət də istəyir.

Onlar həm də bələdçiyə çevrilə bilməlidi. Oxucunu qəhrəmanının daxili aləminə səyahətə aparmağı bacarmalıdı.

...Mən Rafiq Tağını əsərlərindən tanıyırdım. Məcrasına sığa bilməyən adamlardan olduğundan da az-maz xəbərdar idim. Günlərin bir günüsü faciəli şəkildə ömrünün qara çərçivəsinə düşdüyündən xəbərdar oldum. Onunla şəxsi tanış olmadığıma təəssüfləndim. Onu Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdıranların arxasınca lənət daşlarımı atdım.

Müsahibələrimin birində, hətta onları Rafiqin qatilləri ilə bərabərləşdirdim. Həmin hərəkətləri ilə qatillərə ürək-dirək verdiklərini söylədim.

Rafiq Tağı haqqındakı bu povest-hekayədə hər şeydən əvvəl bir müəllif cəsarəti görürəm. Yüksək sənətkarlıqla yaratdığı bir ömür-gün mənzərəsini o Rafiq Tağı faciəsinin onunla əlaqədar olanlara qarşı həm də etiraz manifestinə çevirə bilmişdi.

Yazıçıları həm də əsərlərinin Dədə Qorqudu da adlandırmaq olar. Bu yerdə onu da deyim ki, Əjdər Ol bu kitabındakı bütün hekayələrə ustad sayağı adlar seçə bilmişdi.

"Rafiq Tağı ki, Rafiq Tağı", - həmin addan necə bir qələm sahibindən söhbət gedəcəyi məlum olur və müəllifin bir nakam insan dünyasına uğurlu bələdçiliyi başlayır. Əvvələn onu deyim ki, həmin bələdçilik vasitəsiylə mən həyatda bacarmadığımla bədiyyatda qovuşa bildim. Yəni Rafiq Tağıyla necə var elə tanış ola bildim. (Və çox vaxt özümü faciə qəhrəmanını yaxşı tanıyan müəllifin yerində görə bildim.)

İlk sətirlərindən bir insan mənzərəsinin ustalıqla çəkildiyinin şahidinə çevrilirsən: "Necə deyim ki, Rafiq Tağı ilə mənimki tutmur?! Zarafat deyil, - yalançı sözü olmasın, bu günəcən onunla bir ton çörək kəsmişik, xeyirdə, şərdə yanaşı oturmuşuq, yol-yoldaşı olmuşuq, əvvəla bir-birimizin yazılarını eninə-uzununa isladıb çırpmışıq".

Bu sətirləri bir ömür elegiyasının üverturası hesab eləmək olar. Sonrasa çörək, yol-yoldaşlığı sınağı, sonrası bələd olduğu bir insanın portretini yaratmağa başlayır. Və danılmaz faktlarla, təzadlarla dolu bir ömür sahibinin ədəbi sərgüzəştlərini sərgiləyir. Bu da az qala ədəbi prosesimizin, - Anardan tutmuş, Həmid Herisçiyə kimi hamısının bir növ güzgüsünə çevrilə bilir. Həmin güzgüdə əyri göstərilənlərin bəziləri düzlüyü uğrunda çarpışır, bəzi bütlərin də "buynuzları" görünməyə başlayır. Rafiq Tağı doğruları və ziddiyyətləri fövqündə müəllif az qala ədəbi prosesimizin mənzərəsini də çəkə bilir və həmişə haqqın tərəfində olmağa çalışır (Təzadlı ömür sahibinə bəzi münasibətlərini yumoru hesabına ustalıqla malalayır, Rafiq Tağını qaşınmayan yerdən qan çıxaran adam vəziyyətində qoyur).

"Rafiq Tağının 1991-ci ildə çap olunmuş "Düşmənimin xatirinə" kitabına ön söz yazmış yazıçı Elçin təxminən belə deyib ki, on beş ildir Rafiqlə dostluq edirəm, onun dostluğunda konyunktura görməmişəm. Elçin müəllimin 1991-ci ildən bəri Rafiq bəydən yana fikrini dəyişib-dəyişmədiyini bilmirəm. Ancaq işin üst-üstə düşməyinə baxın, mən də həmin 91-ci ildən Rafiq bəylə tez-tez oturub-dururam., bu günədək onun dostluğunda konyunktura əlamətlərinin görünmədiyi barədə bütün konyunkturşinlərə arayış verə bilərəm".

Hekayətdə ustalıqla Rafiq Tağının portreti necə var elə çəkilir. Onun cəsarətli fikirləri, xəbərdar olmayanların da nəzərinə çatdırılır. Müəllif bəlkə bundan bir vasitə kimi istifadə edib onları oxucuların mühakiməsinə verir. Özü isə bayaq dediyim kimi yumorunu işə salıb bir növ məsuliyyət altından qaçır.

"Qabaqlar yazdıqlarına görə hərdən Rafiq bəyə acığım tuturdu. İndi isə onun yazılı saçmalarını görəndə başımı bulayıb qımışa-qımışa, onun heç vaxt düzəlməyəcəyini gözümün altına alıb öz-özümə deyirəm:

- Rafiq Tağı ki, Rafiq Tağı...

Mənsə Rafiq Tağı ilə gec də olsa tanışlığıma görə bələdçi Əjdər ola təşəkkürüm sonrası, onun yaddaşımda belə qalmasın istədim.

 

Nurluğunda

qarışdı yazılarına

ürəyinin yağı.

Kürlüyündə

min bir külək eylədi,

aləmi ələk-vələk eylədi

və qazandı bolluca yağı.

Nurluğuyla əsərlər bitirdi

neçə tağı

Kürlüyündə ömür itirdi, -

Rafiq Tağı...

 

...Bu dəfə Kür Əlsəmid portretindən söhbət açmaq istəyirəm, -

 

Ağıllısı dəli kimi,

dəlisi ağıllı kimi,

millətim hey!

 

Haqq hayqıran bir vətən oğlundan. Onu da nakamların cərgəsinə qatmaq istəyirəm. Nə qədər kür olsa da bilirəm ki, məni qəzəbinin selinə-suyuna basmaq istəməyəcək. Mən onu istedadına sənətinə görə haqqını zərrə qədər də almamış şairlərimizdən hesab edirəm. Belə dostları özlüyümdə ikiqat nakam bilirəm. Çünki onlar zamanın içində özlərini görə-görə, hər şeydən əllərini üzə-üzə gözümüz qarşısında əriyirlər. (Hər rastlaşanda sanki özümlə də güzgülənirəm. Eyiblərimizi örtmək üçün yaman gözlərdən gizlənib yaramıza araqla müvəqqəti keyləşdirməyə çalışırıq. Amma bəzən özümüzlə bacarmayıb hayqırırıq da. Əlisəmid Dədə Qorquda boylanıb hey-hey deyir, mənsə günahkarları yamanlayıram.

 

Ağ günlər bizlərə

əl əlçatmaq qu

Qaragünlülərdən nə istəyir bu, -

Suda köpək balıqları,

quruda köpək oğulları?

 

Onu deyim ki, Namiq, Rafiq sonrası bu Kür adamın portreti pessimizmdən uzaq, - necə deyərlər toya getməlidi. Müəllif də həmin portretində oxucularını yüngülləşdirmək üçün yumor bacarığından o ki, var istifadə etməyə çalışmışdı.

Mən həmin əsərin mətbuatda işıq üzü görməsi sonrası aralarındakı söz cənginin də şahidi olmuşam. Və həmin portretin yenidən kitaba düşüb yara qaysağı qoparmasından çəkinirdim. Amma hekayəni diqqətlə yenidən oxuduqdan sonra orda Kür Əlisəmidə qarşı bir Kür çayı məhəbbəti, rəğbəti gördüm (Əlbəttə redaktoru olsaydım. "İndi şair Əlisəmid Kürdən yazmaq da sərfəli bir iş deyil. Çünki son illərdə o, özünü xeyli adamın gözündən salıb, olub heç nə" kimi cümlələri ixtisar edərdim).

İndi şeir bazarının nə gündə olduğu bəllidi. Müəlliflər kitablarını özləri nəşr etdirib, özləri satmalıdı ki, kitabdan da cəmiyyətimizin üzvləri ilan alaçatıdan qorxan kimi ürkürlər.

Bu portret, hazırda bir növ hamımızınkına çevrilə bilər. Hamımız az qala bir uşaq şeirinin qəhrəmanına çevrilmişik.

 

Bir gündə üç fənddən

Sən iki ala-ala

Necə həvəslə gəlib

Nəğmə oxudun bala?

 

Qəribədir ki, pis ala-ala, nəğmələrimizi yaradırıq. Çünki şairlərin ən əzabkeşlərindən, Məzahir Daşqın yazıb ki:

 

Məhəbbət qandısa silmək çətindi.

 

Kitabda, haqqında bəhs etmədiyimiz "Qrafoman", "Ölümlə zarafat", "Qatillə görüş", "Usta Yusifin kamançası" və s. hekayələr də müəllif qələmilə özünün əsl hekayə statusuna yiyələnib.

Qarabağ dərdimizdən olduqca bənzərsiz tərzdə qələmə alınmış "Qəzənfər müəllimin Şuşaya yürüşü" hekayəsindən xüsusi söz açmaq istəyirəm (onu deyim ki, senzura mövcudluğunda müəllif belə bir hekayəni heç cürə nəşr etdirə bilməzdi. Və indinin özündə də bəzi Qarabağ fanatlarının onu rəğbətlə qarşılayacağına inanmıram).

Sözün düzü, mən qələm dostumun bu qədər yumor hissinə malikliyinə inanmırdım. Həmin hissi onun istedadının olduqca təbii çaları hesab etmək olar. Bu yumor iki böyük mirzəmiz Mirzə Fətəli və Mirzə Cəlilin yaradıcılığından qaynaqlanaraq müasir ifadəsini tapa bilib.

Əvvəl xalq hərəkatının, sonralar da Qarabağ" müsibətinin çoxlarını meydanlara atdığının hamımız şahidi olmuşuq (xalq hərəkatına çoxunun mənsəb şöhrət üçün qoşulduğu zamanın nəhrəsi çalxalandıqdan sonra məlum oldu. Onların bəziləri sima və mövqeyini dəyişib iqtidar sıralarına qoşulmağı da bacardı). Belə hərc-mərclik dövlətlərində yaşından asılı olmayaraq çoxunun ürəyindən qəhrəmanlıq keçir. Hətta kriminal keçmişi olanlar da Vətən uğrunda can verməyə hazırlaşır (Onların arasından bu yolda canını verənlər də tapılır ki, Şuşa döyüşlərində Şuşa türməsinin cəza çəkənlərindən çoxunun sinəsini düşmənə sipər edib, şəhid olduğu bəllidi).

Hekayə Qarabağ fanatlarından, "Qeyrət" cəmiyyətinin başçısı Qəzənfər müəllimin özükimilərindən ibarət dəstəsilə yürüşündən bəhs edir. Hekayənin əvvəlindən oxucunu qıdıqlamağa başlayır: "Bakıdan bir qoşun adam tökülüb gəlmişdi. Aralarında hər cür tip vardı: bazburutlusu, saqqallısı, xaşalqarını, süddənyanığı, mayıfı, qozbeli, ağsaçı, qarası, kürəni"...

Belə bir "ordu" ilə at üstə özünü sərkərdəyə bənzədən Qəzənfər müəllim, mobil telefonundakı Koroğlu üverturasının sədalarıyla təmas xəttini keçib Şuşaya yürüş etmək istəyir. Hekayə belə adamları başda Qəzənfər müəllim olmaqla alçatmaq məqsədi daşımır, daxili yaralarımızın birinə məlhəm olmaq məqsədi güdür. Əvvəlindən axırına kimi yumorla müşahidə olunan həmin yürüş Qəzənfər müəllimlə, yerli milis rəisi Yengibarın (ona erməni adı qoyulması özü də bir növ rəmzi məna daşıyır) qurduğu oyunla yekunlaşır. Necə deyərlər, nə şiş yanır, nə kabab. Qəhrəman yürüşçüləri milis dağıdır, həbs edir. Onlar rəşadətlərinə görə tarixə düşür. Rəis də uğurlu əməliyyatına görə bəlkə də poqonundakı ulduzların sayını artırır. Əlbəttə belə təşkilatların varlığından hamımız xəbərdar olmuşuq. Onların piketlərinin, yürüşlərinin də televiziya vasitəsilə şahidinə çevrilmişik (belə fanatlardan birilə hətta yazıçılar birliyində görüşmüşük də. Başına örpək bağlayıb, Qarabağ azad olanda açacağını söyləyən bir qələm əhlini yada salmaq istəyirəm).

Müəllif rəislə Qəzənfər müəllimin söz duelində həmin dərdin dərmanını da xatırladır; Qəzənfər müəllim Qarabağın açarının hansı ölkənin əlində olduğunu bilmirsiniz?"

Bilməyənlər, bəzən tələsiyib təndirə düşmək istəyənlər gözü çıxan gürcü qardaşlarından ibrət götürməlidi. Onlar cənubi Osetiya yürüş etdikdə Rusiya başlarına od yağdırdı, üstəlik Qori şəhərlərini də alovlara qərq etdi.

Türkiyə Prezidentlərindən, dinçi Ərbakanın ən məntiqli sözləri xatırlanmalıdı. Sosializmlə kapitalizmin soyuq müharibə dövrü Varşava və NATO fəaliyyət göstərirdi. Sosializmin süqutuyla birinci fəaliyyətini dayandırdı. Bəs onda NATO nəyə görə qalıb, - yaşıl rəngə, İslama qarşı mübarizə üçün.

Rusiyanın Ermənistanı silahlandırdığı, arxasında durduğu, Minsk qrupunun xristian ölkələrdən yarandığından heç BMT-nin qətnamələrinə məhəl qoymadığı məlumdu. Belə yürüş sahibləri at üstə bu gün sələfləri lamanclı Don Kixota bənzəyə bilər. Müəllifin qayəsi alqışlanmalıdı. Qarabağ siyasətimiz əvvəlindən onu itirməməyə çevrilib və öz qayəsinə mütləq çatacaqdı.

İndiki şəraitdə belə əsəri artıq hesab edənlər də tapıla bilər. Onsuz da Qarabağ haqqında (şəhidlər barədə bədii əsərlər yaranır. Amma belə, xalqların taleyüklü problemlərindən əsl epopeyalar ("Hərb və sülh" kimi) bir az gec işıq üzü görür).

Bu kitabı əvvəl Əjdər Olun, sonra da nəsrimizin uğuru hesab edirəm. Ümidvaram ki, düzgün siyasətimiz Şuşaya (Qarabağın hər yerinə) bayrağımızı sancacaq, həmin elegiyamız Heyratı ilə əvəz olunacaq Əjdər Olda öz zəfər nəğməsini səsləndirəcək.

 

 

Ədalət  2017.- 24 oktyabr.- S.6.