"AZSAYLI XALQLARIN FOLKLORU"

 

Həmkarım Sədaqət xanım Kərimovaya oxucu təşəkkürü

 

Yazı masamın üstündə 3 kitab var. Onların biri avtoqraflıdı, ikisi yox. Amma hər üç kitabı mənə imzasına, şəxsiyyətinə, ən öncəsi isə ləyaqətinə xüsusi münasibət bəslədiyim, sayğı duyduğum bir xanım bağışlayıb. Bu xanımı Azərbaycan oxucusu çox yaxşı tanıyır onun hər sözü, hər yazısı öz oxucu dairəsində maraqla qarşılanır. Elə "Ədalət"in oxucuları da onun yaradıcılığından xəbərdardır. bir qəzet redaktoru, bir araşdırmaçı nəhayət, bir sözün cəfakeşi kimi tanıdığım Sədaqət Kərimova uzun illərdir ki, "Azərbaycan" nəşriyyatında ömrünü, gününü sözə, mətbuata həsr edib etməkdədi . Mən dəfələrlə Sədaqət xanımın səhərin gözü açılar-açılmaz öz otağına tələsdiyinin şahidi olmuşam. Hiss edirəm ki, bu, təkcə yerinə tələsmək deyil, bu həm yazı masasına daha tez çatmaq, sözün qapısını daha tez açmaq üçün illərdən gələn adətin göstəricisidi, vərdişin yaratdığı bir reaksiyadır. Ona görə üzündəki ciddi təbəssümlə qarşılaşdığı adamların salamlarını alan Sədaqət xanım həm çox qısa danışmağı, fikrini konkret ifadə etməyi sevir. Bəlkə bu belə deyil. Amma mən belə görmüşəm, belə duymuşam...g

Uzun illərdir "Azərbaycan" nəşriyyatında hər səhər qarşılaşırıq... uzun illərdir ki, sözün içərisindəyik... uzun illərdir ki, mən onun özünün təsis etdiyi "Samur" qəzetində çap etdiyi yazıların demək olar ki, əksəriyyətini oxuyuram. Bu qəzet daha çox ölkəmizin şimal bölgəsi üçün nəzərdə tutulub. Şimalda yaşayan Azərbaycan vətəndaşlarının, azsaylı xalqın, yəni ləzgilərin adət-ənənələrini, tarixini, mədəniyyətini, ədəbiyyatını, keçmişini, bugününü gələcəyini öz səhifələrində yaşadır, təbliğ edir göstərir. Maraqlıdır ki, qəzetdə materialların müəyyən hissəsi Azərbaycan əlifbası ilə verilir. Ona görə mən qəzetlə rahatca münasibət qura bilirəm. Bax, bu mənada ürəklə deyə bilərəm ki, Sədaqət Kərimovanın redaktoru olduğu qəzetdə sözün bütün mənalarında Azərbaycan vətəndaşlarının, xüsusilə ləzgi xalqının bütün həyatı oxucu önünə çıxarılır. Elə bu xanım yazarın kitablarının da, araşdırmalarının da, hətta bədii əsərlərinin qəhrəmanları, personajları, onların mühiti fəaliyyəti daha çox ləzgilərlə bağlıdır, onların həyatını özündə ehtiva edir.

Yazımın əvvəlində vurğuladım ki, masasının üstündə üç kitab var. Bax, həmin kitabları mənə Sədaqət xanım bağışlayıbdı. O kitablardan biri azsaylı xalqların folkloru adlanır. Sayca üçüncü kitab olan bu folklor toplusu həm "Mənim şair xalqım" adlanır. Kitab AMEA-nın Folklor İnsitututunun xeyir-duası akademik Muxtar Kazımoğlunun layihə rəhbəri Dağıstan Dövlət Universitetinin professoru Hacı Qaşarovun redaktorluğu ilə işıq üzü görübdü. Kitab özündə əhatə etdiyi bölgənin sinə-dəftər sakinlərinin şəkillərini əks etdirir. Yəni Sədaqət xanım şəxsən ləzgilərin məskunlaşdığı bölgəni kənd-kənd, ev-ev gəzərək folklor nümunələrini toplamış, həmsöhbət olduğu insanların şəkillərini çəkmiş, necə deyərlər, onların özü ilə birlikdə sözlərini bu kitabda oxucu qarşısına çıxarmışdı. Şəxsən mənim üçün maraqlı olan bir məqam var. O da kitabın bir hissəsinin Azərbaycan əlifbasında çap olunmasıdı. "Mənim şair xalqım" adlanan həmin bölümdə həm redaktor, həm müəllif oxuculara üz tutaraq xatırladırlar ki, kitabdakı bayatılar, laylalar, şeir nümunələri, ümumiyyətlə misralanmış hər bir fikir bölgənin bulaqları kimi dupduru, insanları kimi duyğusal bir fikir toplusudu.

Oxuduqca həmin bölgənin insanlarının dünyasının qonağı olursan. Məsələn:

 

Uca dağlar başında

Yenə qar, yenə sazaq.

Kaş şahinə dönəydim,

Yerin qəmindən uzaq.

 

yaxud:

 

Uca dağlar başından

Dağıstanı görəydim.

Bir insan balasıyla

Sirlərimi böləydim.

 

Başqa bir bayatıda:

 

Yenə dağlara qış gəlib

Qar üsütnə qar ələnir.

Yarama köz basma belə,

Qəlbimə qubar ələnir.

 

***

Yarudağda yağış var

Dörd yan duman içində.

Xınalı qızlar gəlir,

Arzu, güman içində.

 

***

Şahdağda bir qərib var,

Hamı deyir Kərəmdir.

Yarımı gözləməkdən

Şirin canım vərəmdir.

 

***

Yeddi dağ arasında

Şahdağın başı uca,

Cavan çoban yarını

Görməyə tapmır macal.

 

Sizə təqdim etdiyim bayatılarla yanaşı, bu kitabın "Könül sevən yar üçün" başlıqlı dördlükləri həqiqətən könlü sevgiylə dolu olanlara bir hədiyyədir. Məsələn:

Bağda külək qopanda,

Qapımızı döyərsən.

Sən küssən barışaram,

Mən küssəm deyərsən?

 

yaxud:

 

Söz vermə gəldim deyə,

Həsrət məni sıxmasın.

Məni evdən soruşma,

Kənddə adım çıxmasın.

 

Maraqlıdır ki, bu könül sevdası yüklü misraların içərsiində bir zarafat da, bir bugünkü terminlə ifadə etsək, mesaj da var. Məsələn:

 

Budaqda beş kəklik var,

Qurban olum beşinə.

Səndən yaxşı yar tapdım,

Döymə daha döşünə.

 

Zənnimcə, bu cür səmimi həm illərin sınağından keçib gəlmiş misralarla sevgini ifadə etmək, sevdiyinin könlünü ələ almaq, onun sevgisini qazanmaq hünər istəyir. Bax, əgər xalqın mənəvi dünyasından bu fikirlər süzülüb gəlirsə, deməli, o, özünün gerçəkliyini sübut edibdi.

Ona görə yaşıl bağdan yaşıl bağa üz tutub sevənlər, duyğusallar, müdriklər, ərənlər deyiblər ki:

 

Yaşıl bağdan yaşıl bağa

Yarım gedib əlində sağ.

Mənim səni sevdiyimi,

Gözəl oğlan qəlbinə yaz.

 

yaxud:

 

Yaşıl bağda səninçün,

Çaldım könül sazımı.

Əgər mən sənə gəlsəm,

Çəkərsənmi nazımı.

 

Bu cür deyişmə üstündə yazılmış dördlüklərin ovqatı həqiqətən də insanın içində bir ilıq meh əsdirir. Sanki şehli çəməndə gəzib dolaşırsan. Və elə bu məqamda da dağ çiçəklərinin üstündəki şeh adamın diqqətini çəkir. Mən həmin bayatıları da çox böyük sevgiylə, çox böyük istəklə oxudum. Və burda xüsusi olaraq vurğulamaq istəyirəm ki, bayatıların mövzuya uyğun bölünməsi çox təqdirəlayiqdi. Və xüsusilə "Qurbətdə yellər əsir" başlığı altındakı bayatılarda mən özümü yaşadığım, içərisində olduğum yurd həsrətimin cizgilərini gördüm. Elə həmin notlarla da fikrimi tamamlamaq istəyirəm və bu yerdə yenə köməyimə söylədiyim bayatılardan biri çatır.

 

Səhərlər doğan günəş

Gündüzlər gərəyimdi.

Sevgilimin şəklini,

Saxlayan ürəyimdi.

 

Bəli, çox böyük əməyin bəhrəsi olan bu kitabın, yəni azsaylı xalqların folklorunun araya-ərsəyə gəlməsi həm də Azərbaycan cəmiyyətindəki həmrəliyin, birliyin, multikulturializmin, tolerantlığın gözəl bir göstəricisidir. Düşünürəm ki, çox dəyərli həmkarım aşir, nasir, tərcüməçi, bəstəkar Sədaqət xanım Kərimovanın bu kitabı öz qiymətini alacaqo da öz növbəsinjə özünün bu istiqamətdəki fəaliyyətini davam etdirəcəkdi. Mən isə onun oxucusu kimi bəri başdan "Uğurlar olsun, Sədqaət xanım!" deyirəm.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2017.- 25 oktyabr.- S.8.