Xatırlandıqca
xatırlanan xatirələr...
(Esse)
Vahid MƏHƏRRƏMOV
Sağa-sola burulan yolların sonu görünmür, uzandıqca hey uzanıb gedir. Radio dalğalarında səslənən həzin musiqi maşının salonunu doldurur. Elə bil musiqi də yollarla həmahəngdi - bitib-tükənmək bilmir. Mahnının sözləri təsirlidi, düşündürücüdü. Müğənni yanıqlı səslə oxuyur: "Sevgi bitəndən sonra xatirələr başlayır... " Mahnını dinlədikcə düşünürsən: doğrudan da həyatda hər şey ötəridi, əbədi qalan isə yalnız acılı-şirinli xatirələrdi. Qəlbimdə nostalji hisslər oyadan bu kövrək və həzin musiqini dinlədikcə xatirələr bir anlıq əlimdən tutub məni səssiz-səmirsiz ömrünün ötən çağlarında yaşadığım günlərə aparır...
Bu gün içində yaşadığımız hər hansı bir hadisə sabah yaddaşlara hopur, yavaş-yavaş xatirəyə çevrilir. Ömrümüzün günləri ötüb arxada qaldıqca xatirələrimiz də üst-üstə qalaqlanır, xatirə kitabımızın vərəqlərinin sayı artır, qalınlaşır. Həyatımızın darıxdırıcı anlarında keçmişdə baş verənləri yada salmaq istəyəndə, dünənə boylanıb xatirələr boğçasının ağzına vurulmuş düyünləri açırıq. Bir anlıq da olsa, yaşadığımız acıları unudub həyatımıza şirinlik qatmaq istəyirik. Könlümüzün xatirə çələngini qəlbimizin ən mübhəm, ən isti, ən ilıq guşəsində saxlayırıq - çünki çox doğmadılar, çox əzizdilər, çox qiymətlidilər. Ona görə də həmişə xatirələrimizi zamanın soyuğundan, şaxtasından və qırovundan qorumağa çalışırıq. Onlar bir-bir vərəqləndikcə yaddaşımızın lap dərin qatlarına qədər gedib çıxırıq. Hərdən fikirləşirsən ki, xatirələr olmasa, biz necə yaşayar, necə ömür sürərdik? Bizi nə yaşadardı? Yəqin ki, günlərimiz yalnız bomboz boşluqlardan ibarət olardı. Bunu isə həyat adlandırmaqda çətinlik çəkərdik.
Görəsən belə əzizləyib qoruduğumuz xatirələrimiz hansı rəngdədir? Ümumiyyətlə xatirələrin neçə rəngi varmı? Başqa rəngləri deyə bilmərəm, amma onların rənginin ya ağ, ya da qara olduğuna tam əminəm. Yaşadığı ömrü boyu insanın yaddaşında daha çox iki cür hadisə qalır: yaxşı və pis. Yəqin ki, yaxşı hadisələr ağ rəngdə, pis hadisələr isə qara rəngdə yaddaşımıza yazılır.
Qəlbimizin dərinliyinə hopmuş xatirələrin bəzilərini yada salanda üzümüzə təbəssüm qonur, qəlbimizə düşən işıq selində ürəyimiz açılır. Xoşbəxt günlərimizi gözlərimiz önündə yenidən canlandırmaq üçün onların qanadında keçmişə dönürük. Bəzi xatirələrimiz o qədər kövrək olur ki, yada düşəndə kədərlənirik, gözlərimiz nəmlənir, yanaqlarımızda şeh damcılarına bənzəyən yaş gilələnir. Elə xatirələr də var ki, heç onun səmtinə nə əl uzatmaq, nə də baxmaq istəmirik. Sanki kövrələcəyimizdən, qəlbimizə qəm dolacağından qorxuruq.
Sevgi ilə bağlı pünhan xatirələrimizi hamıdan daldalamağa çalışırıq. Onların üstündən pərdəninin götürülməsini istəmirik. İstəmirik ki, onları kimsə görsün, kimsə bilsin, kimsə duysun. Nədənsə sevgi xatirələrinin həmişə mürgülü qalmasının tərəfdarıyıq. Sanki bu xatirələrin gözü açılsa, oyansa dünya alt-üst olacaq, qiyamət qopacaq. İsrafil Sur düdüyünü çalmağa başlayacaq. Keçmiş həyatımız xatirələrlə birlikdə üstümüzə aşacaq. İstedadlı şair Nüsrət Kəsəmənli bu hissləri necə də böyük həssaslıq və ustalıqla ifadə edib:
...Getmək istəyirsən bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Burada diqqət çəkən məqam odur ki, şair sevgilisindən yatmış xatirələri yox, məhz mürgülü xatirələri oyatmamağı rica edir. Çünki mürgülü xatirələr daha həssasdır, onun oyanması kiçik bir himə bənddi. Şair istəyir ki, elə o xatirələr həmişə mürgülü qalsın. Nə dərin yuxuya getsin, nə də oyanıb gözlərini açsın.
Xatirələri axar çaya da bənzətmək olar. Axdıqca axır, hər gün də ömrümüzün zərrələrini də qabağına qatıb özü ilə götürüb aparır. Zərrələr birləşib çoxaldıqca, artdıqca çay daha da gurlaşır, daha da güclü və sürətli axır. Axa-axa uzun yol keçib sonda dənizlərlə qovuşur. Burada ayaq saxlayır, sakitləşir, rahatlanıb dərindən nəfəs alır. Beləcə, xırda damcılardan xatirələr dənizi yaranır. Bu dəniz getdikcə dərinləşir, böyüyür.
Bəs insan nə vaxt xəyala dalır, nə vaxt xatirələrinə tərəf boylanır? Buna içində nə vaxt ehtiyac duyur? Yəqin ki, yaşa dolanda, qocalığın mehi üzünə vuranda. Etiraf edək ki, cavan, gənc və gümrah olanda heç xatirələr yadımıza da düşmür. Bu barədə düçünmək belə istəmirik. Çünki o çağlarda göylərdə uçan xəyallarımız yerə enmək istəmir. Özümüzü həyatın qaynar qoynunda çox rahat hiss edirik. Sanki yaşadığımız günləri vərəq-vərəq sabahkı xatirələrimizin üstünə toplayırıq. Toplayırıq ki, xatirələrimiz bir az da çox və zəngin olsun.
Bir az yaşlaşanda, tək olanda, yalqızlaşanda, xəstə yatanda xəyallara dalıb ötənləri düşünmək zorundayıq. Çətin günlərində, kimsəsiz anlarında, kövrək dəqiqələrində xatirələr insana yol yoldaşlığı edir. Onu darıxmağın, sıxılmağın əlindən alıb əzablarını bir az yüngülləşdirir. Bu anlarda xatirələr insanı sehirli qanadlarının üstünə alıb zamana meydan oxuya-oxuya atını keçmişə doğru çapır. Bu anlarda xatirələr ona qol-qanad verib yaşamağa ruhlandırır. Ürək-dirək verir, sabahkı yollarına ümid işığı səpir, gözlərinə nur çiləyir. Belə olanda xatirələr həm də insanın qəlbində keçmişlə gələcəyi qovuşdurur, onlar üz-üzə dayanıb bir-birinə gülümsəyirlər.
Xatirlərin qapısında qıfıl yoxdur. Ora maneəsiz daxil olursan. Bunun üçün nə xüsusi bir kod, nə də hansısa bir parol tələb olunmur. Qapısı açıq olsa da xatirələrin sığındığı yaddaş boxçasına özündən başqa heç kim əl uzada bilməz. Çünki hər kəs öz xatirələrinin sahibi və müəllifidir.
Görəsən, xatirələrin dadı, tamı necə, varmı? Yəqin ki, var. Olmasaydı, xatirələri acılı-şirinli kimi ayrı-ayrı hissələrə bölməzdilər. Acı xatirələr bizə kədər, şirin xatirələr isə bizə sevinc bəxş edir.
Xatirələrin qapısı açıq olduğu kimi, gözü də heç vaxt yumulmur, nurlu və işıqlıdır. Qəlbimizdə özünə əbədi yuva qurmuş xatirələr həmişə canlıdır, yaddaşımızda diridir. Nə vaxt yada salıb əl uzatsaq üzümüzə gülümsəyir. Nə qədər yaşayırıqsa onlar da bizimlə yol yoldaşıdır, bizimlə həmsöhbət və dərdkeşdir.
Xatirələrin bir üzü soyuqdur, bir üzü isti. Elə xatirələr var ki, onu yada salanda qəlbimiz üşüyür, bədənimiz titrəyir, dilimiz topuq vurur. Amma onu yaddaşımızdan silə bilmirik, ondan imtina etməyi bacarmırıq. Çünki o bizim həyatımızdır, dünənimizdir, keçmişimizin ayrılmaz, qopmaz və doğma bir parçasıdır. Ona görə də soyuq da olsa özümüzlə gəzdiririk. İsti, ilıq xatirələri xatırlayanda isə qəlbimiz cuşa gəlir. Könlümüzə sızqa da olsa hərarət sızır. Bu hərarətdən soyuq xatirələrimiz də bir az isinir.
Xatirələrimizin elə hissələri var ki, onları başqalarından gizlətmək istəmirik. Əksinə, onları əzizləyə-əzizləyə, sevə-sevə səliqə ilə kağıza köçürüb çap etdirib yaymağa çalışırıq. Başqalarının da onu oxuyub bilməsini arzulayırıq. Məqsədimiz xatirələrin ömürlərini əbədiliyə qədər dartıb uzatmaqdır. Çünki zərrə-zərrə qəlbimizə köçürdüyümüz xatirələrin içində ən kövrək hiss və duyğularımız, ən dəyərli düşüncələrimiz yaşayır.
Ömrümüz boyu xatirələrdən təskinlik almağa çalışırıq. Hələ bu azmış kimi könlümüzdən kiminsə bizi xatırlaması da keçir. Çünki xatirələrdə yaşamağı da xoşbəxtlik sanırıq. Xatirələrlə bağlı oxunan bir mahnıda deyildiyi kimi:
...Barı yada sal məni, yada sal məni,
Şirin xatirələrlə xatırla
məni.
Gözəl və kövrək mahnıdır. Görünür, çoxları kimi
o sözlərin müəllifinin
də könlündən
xatirələrdə qalmaq,
qəlblərdə əbədi
məskən salmaq keçirmiş. Belə olmasaydı
bu misralar yaranmazdı, bu sətirlər daranmazdı,
bu sözlərə mahnı bəstələnməzdi.
Dünyadan köç edəndən
sonra bizdən yaxınlarımızın yaddaşında
nə qalır? Əlbəttə ki, acılı-şirinli xatirələr. O xatirələr
ki, bir vaxtlar
indi ömür sürdüyümüz bu
dünyada olmayanda da bizi doğmaların
qəlbində yaşadacaq.
Ona görə də dostlarımızın bizi
tez-tez də olmasa, heç olmasa hərdən xatırlamağını istəyirik.
Bəzən arxada qalan vaxt,
zaman bizimlə çox amansız davranır. Bizdən xəbərsiz xatirələrimizə
əl uzadıb onların bəzilərini
qəlbimizdən silir.
İnsan
xatirələrsiz qalır.
Yaddaşı vəfasızlıq edərək onu yarı yolda qoyur. Keçmişdən, keçənlərdən heç nə xatırlaya bilmir. Onu uşaqlıq və gənclik çağlarına
- bir sözlə, dünəninə bağlayan
tellər bir anda qırıb məhv edir. İnsan keçmişindən uzaq
düşür, özünü
tanımır, dünənini
xatırlamır. Ən doğma
adamını belə
tanıya bilmir. Getdikcə təklənir, tənhalaşır,
kimsəsizləşir. Xatirələrsiz qalmaq isə
çox dəhşətdir.
Keçmişi qəlbində yaşada
bilməyən insanın
həmin andan faciəli günləri başlayır. Silinən xatirələri
sonradan heç cür bərpa etmək mümkün olmur. Ona görə də
yaddaşımızdakı xatirələrin keşiyini
yaxşıca çəkməliyik,
daha etibarlı bir yerdə qorumalıyıq.
Düşünürəm ki, yəqin xatirələrin səsi də var. Xəyallara dalıb xatirələrimizlə
danışanda onların
səsini, pıçıltısını
eşidirik, nəfəsini
duyuruq, hələ qoxusunu da hiss edirik.
Görəsən xatirələrimizi danışmağa,
yazmağa vaxtımız
çatarmı? Ömür buna yetərmi?..
Günlər, həftələr və aylar keçdikcə zaman vaxtın axarında bizi qoynuna alıb gələcəyə aparır. Ömrümüz nizamından çıxmadan
öz yolu ilə davam edir. Günlərimiz
durna qatarı
kimi bir-bir-birinin ardınca ötüb keçir, vərəq-vərəq,
söz-söz yaddaşımıza
hopur. Yaşadıqca, həyat yolumuza
davam etdikcə xatirələrimizlə keçmişə,
xəyallarımızla gələcəyə
bağlanmağa çalışırıq.
Ədalət 2017.- 25 oktyabr.- S.6.