HƏMİN MÜZAHİMDİ - İŞIQLI, TƏMİZ

 

Vaqif İsaqoğlu

 

O, ədəbiyyat adamıdı.

O, oxucu qəlbinə yol tapan yazıçıdı.

O, həm də şairdi.

Mən şair Müzahim İsmayılzadədən yox, yazıçı Müzahim İsmayılzadədən söz açmaq istəyirəm. İstəyirəm ki, onun sadə, həyati hadisələr üzərində qurulmuş əsərlərindən və bir də çoxsahəli, tükənməz yaradıcılıq enerjisindən, obrazlar silsiləsi əsasən yaxşı adamlardan ibarət olan hekayələrindən söhbət açım, daha doğrusu fikirlərimi oxucularla bölüşüm...

Müzahimin hekayələrində işıq var, həyat varbu işıq qətrə-qətrə ürəyə süzülərək adamı həyata daha çox bağlayır. Bəli, onun ürəyindən süzülən işıq onun hekayələrində bərq vurur və mən də bu işığın çevrəsində öz yazı manerasına sadiq olan Müzahimdən və onun bir-birindən dəyərli hekayələrindən yazıram. Bu hekayələrdə, eləcə də onun povest və romanlarında istedadlı bir sənətkar ömrünü - Müzahim İsmayılzadə ömrünü izləmək mümkündür. O, həm də bizim şahidi olduqlarımızı, gördüklərimizi, yaşadığımız duyğuları qələmə alır.

... "Birinci", "İkinci", "Üçüncü", "Dördüncü"... - Tanınmış yazıçı Müzahim İsmayılzadənin seçilmiş əsərlərinin sıra nömrəsidir... Bu sıralanma "Altıncı"da başa çatacaq. "Beşinci" və "Altıncı" hələ işıq üzü görməyib, amma tezliklə o cildləri də oxumaq imkanımız olacaq.

 

"Birinci"

 

"Birinci"ni, "İkinci"ni və "Üçüncü" oxumuşambaşqa oxucular kimi mən də heyrətimi gizlədə bilməmişəm. Sual olunur: "Müzahim İsmayılzadə oxucuları necə heyrətləndirə bilir?". - Bu suala cavab almaq istəyənlər yazıçının çap olunmuş seçilmiş əsərlərilə tanış olsalar yaxşıdır. "Üçüncü"də Müzahimin 46 hekayəsi toplanıb. Hər bir hekayə bir dağ çiçəyidir və 46 dağ çiçəyindən bir çələng hörülüb. Bu "çələng"dən nanə ətri, torpaq ətri, yarpız qoxusu... gəlir. Bu "çələng"dən kənd havasının qoxusu gəlir, bulaqların nəğməsi, quşların səsi, çayların şırıltısı, yarpaqların xışıltısı eşidilir. Bu "çələng"də şəhərin qoxusu da var, "rəngi"də var. Müzahimin hekayələri o qədər sadə, o qədər şirin və ürəyəyatımlıdır ki, sanki hekayə yox, şeir oxuyursan... Hekayələrində də, şeirlərində olduğu kimi məna yükü, fəlsəfi yükü ağırdır. Ürəklərdə daha çox kövrək duyğular oyadan, xəyalən bizi gənclik illərinə çəkib aparan yazıçı ötən illəri, yaşadığımız real hadisələri mahir bir rəssam kimi elə gözəl təsvir eləyir ki, istər-istəməz yazıçının qəhrəmanlarının yerində özümüzü görürük, adama elə gəlir ki, "Təbrik" hekayəsində Nurunun yox, hər birimizin həyatı qələmə alınıb. Elə düşünürsən ki, "Su xətti" hekayəsinin qəhrəmanı Alməmmədov əmimizdi, ya dayımızdı, yaxud həmkəndlimizdi... Alməmmədov uzun illər böyük bir rayona rəhbərlik edib, sonra işdən çıxarılıb. O, işdən çıxarılandan sonra kimin kim olduğunu yaxşı anlayır, kimin nə işlə məşğul olduğunu dərk eləyir, necə deyərlər, əsl həyata qayıdır...

Müzahim, ancaq öz hiss və duyğularını, şahidi olduğu hadisələri qələmə almır, həm də hər birimizin yaşadığımız, şahidi olduğumuz hadisələri, hiss və həyəcanları, duyğuları qələmə alır. Ona görə də bu hekayələr doğmadır, sevgi məktubları kimi həyəcanla oxunur, ürəyimizi ovsunlayır, yaddaşımızda ilişib qalır və uzun müddət bu hekayələrin təsirindən qurtula bilmirik.

O, şeirlərində olduğu kimi hekayələrində də sözləri zərgər dəqiqliyilə bir-birinin ardınca düzür, süjet xəttinə ağırlıq gətirən əlavə hadisələrə, personajlara yer vermironun qələmə aldığı hekayələr düz bir xətt boyunca inkişaf etdirilir ki, bu da Müzahimin hekayə ustası olduğundan xəbər verir. O, həm də görkəmli rus yazıçısı Anton Çexovun məsləhətinə ciddi əməl eləyir. A. Çexov yazırdı ki, "gəmidə olduğu kimi, hekayədə də artıq heç nə olmamalıdır". - Bəli, Müzahimin hekayələrində də artıq heçyoxdur, məhz buna görə də yaddaşa ağırlıq gətirmir, maraqla oxunur, sevilə-sevilə oxunur.

 

Onun hekayələrində sevgivar...

 

...kədər də var, insan haqlarının tapdanmasına, dünyanın pozulan nizamına, rüşvətxorluğa, süründürməçiliyə, insanları ağır günə qoyan zəmanəyə, vəzifə adamlarının yekəxanalığına, özbaşınalığına... etiraz da var. Bu hekayələrdə yaxşı nə varsa ona məhəbbət, pisvarsa ona nifrət hiss olunur. O, hərdən hekayələrinə şirin yumor da qatır və bu da əsərin şirinliyini daha da artırır.

Sadə adamların taleyi, müəllimlərin güzəranı, qarşı-qarşıya dayanan ictimai ziddiyyətlərin kəskinliyi, ziyalı adamların kasıb həyatı, ikiüzlülük, harınlıq, yaltaqlıq, sosial bəlalar... Müzahimin qələmindən yayınmır və o, sadə və sadəlövh adamların dərdini çəkə-çəkə real həyatdan götürdüyü hadisələrlə dünənin və bu günün acı həqiqətlərini, necə deyərlər, mənzərəsini ustalıqla yaratmağa nail ola bilib.

Yazıçının povest adlandırdığı "Dəvətnamə" əsəri onun ən uğurlu, həm də daha maraqla oxunan hekayələrindən biridir. Əsər öz orijinallığı, canlı həyat hadisələrilə dolğunluğu baxımından diqqəti daha çox çəkir. Yazıçı kənddən şəhərə gələn Əliyullanın simasında bir çox acı həqiqətləri qələmə almış, günümüzün real mənzərəsini gözlərimiz önündə canlandıra bilmişdir. Kənddən şəhərə gələn Əliyulla kimi adamlar keçən əsrdə beş-on nəfər idisə, indi onların sayı on minlərlədir. Gülbəniz, Ağanisə, Təranə kimi "ayağısürüşkən"qadınlar barmaqla sayılacaq qədər idisə, indi onların sayı bilinmir. İndi onların sorağı Dubaydan, Türkiyədən... gəlir. İndi Atamoğlan kimi, Daşdəmir kimi adamlara hər addımbaşı rast gəmək mümkündür.

Müzahim İsmayılzadə Azərbaycan dünyasını və bu dünyada yaşayan insanların üzünü elə məharətlə açıb göstərir ki, doğrudan da heyrətlənməyə bilmirsən. O, pisi pis, yaxşını yaxşı göstərməklə insalarda həm də nəciblik və xeyirxahlıq duyğusu tərbiyə edir, insanları haqqa və ədalətə səsləyir, Şərin Xeyirə qələbə çalmasına, oğrunun doğrunun üstünə bağırmasına, nadanın alimə dərs verməsinə qarşı qələmilə mübarizə aparır. "Sahib müəllimin məktəbi", "Milyon dollarlıq nahar", "Süpürgə" və s. kimi hekayələri bu qəbildəndir. "Sahib müəllimin məktəbi" hekayəsində rayon təhsil şöbəsinin müdiri Aftandil müəllim kimi öz yerində olmayanlar məgər azdırmı? Bu hekayədə haqq nahaqqa qalib gəlsə də, bu qələbənin müvəqqəti olduğuna şəbhə etməyə bilmirsən. Kənd orta məktəblərində təhsilin acınacaqlı vəziyyəti hamıya məlumdur. İndi Sahib müəllim kimi ziyalıların sayı da azalıb, barmaqla sayılacaq qədərdir.

O, bir yazıçı kimi hələ ötən əsrin sonlarından əsr təhsilinin necə olacağını "görürdü" və "Sahib müəllimin məktəbi" hekayəsinin timsalında həyəcan siqnalı vermişdi.

"Qurd dərmanı" hekayəsi də bu qəbildəndir. İndii yaxşı həkimlərə möhtac qalmışıq. İmkanı olanlar İrana, Türkiyəyə, Rusiyaya, daha çox imkanı olanlar isə Almaniyayabaşqa Avropa ölkələrinə üz tuturlar, çünki onlar öz sağlamlıqlarını yerli həkimlərə etibar etmirlər.

O, "Qurd dərmanı" hekayəsində Yelkənli kəndinə göndərilən Gümrah həkimin simasında bir çox həkimlərin savadsızlığını açıb göstərməklə çox mətləblərə toxunub. Gəlin, Yelkənli kəndində iki aydan çox duruş gətirə bilməyən Gümrah həkimin fikirlərinə diqqət yetirək: "...Tibb elmi sübut edib ki, insan içəndə araq mədəyə tökülür, ancaq araq mədədə təsir gücünə malik olmur, elə ki, bağırsaqlara çatdı, başlayır təsir etməyə. Deməli, fırlanan nə göydü, nə də baş. Bağırsaqlardı". - Zənnimcə əlavə şərhə ehtiyac yoxdur.

Müzahim İsmayılzadənin hekayələri ibrətamizdir, düşündürücüdür. "Borc" da Məhər, "Qonaqlar gəlmədi"də Zəminə, "Çətənə"də qoca, "Barmaq"da Şərəbanı, "Mono Linza"da Əhəd müəllim kimi tipik surətlər hər kənddə, hər şəhərdə var; onların ümumiləşdirilmiş obrazlarını gözlərimiz önündə canlandıran, bizi həm də düşünməyə vadar edən yazıçının hər hekayəsində gizli bir titrəyiş hiss olunur. Bu titrəyiş oxucunun içini silkələyir, ürəyinin ən zərif, ən incə tellərini saz kimi kökləyir...

 

Düzlük, halallıq, yaxşılıq...

 

Düzlük, halallıq, yaxşılıq, insanlara sevgi, saf və təmiz məhəbbət, zəhmətsevərlik, yurda bağlılıq, mənalı və şərəfli yaşanan ömür, təbiətə qayğı... Müzahim İsmayılzadənin hekayələrinin fəlsəfəsidir. Və bu da onu göstərir ki, Müzahim İsmayılzadə böyük rus yazıçısı Vasili Şukşin sözünün köynəyindən keçib. Yazıçının qəhrəmanları sınanılmış bir dost kimi oxucunun qəlbinə girib onu özüylə hekayənin sonuna kimi çəkib aparır və oxucunun qəlbində uzun müddət yaşayacaq təəssüratlar yaradır.

Hər bir hekayəsində yazıçı məsuliyyətini hiss edən, yaratdığı obrazları dərindən duyan, bədii surətlərin hərəkət və davranışlarını, danışıq tərzini, fikir və düşüncəsini müxtəlif detallarla açmağa müvəffəq olan yazıçının ədəbi qəhrəmanları maraqla qarşılanır, ürəklərdə yaşamaq hüququ qazanır ki, bu da yazıçının yüksək sənətkarlıq xüsusiyyətlərindən irəli gəlir.

Hər hekayəsində özünü ifadə eləyən, gördüklərini, şahidi olduqlarını yazan Müzahimin "Onda daha xoşbəxt idi", "Pendir", "Borc" və s. kimi "avtoportret" hekayələri də varbu hekayələr yazıçının püxtələşmiş qələmindən, özünəməxsus yazı üslubundan xəbər verir.

Real hadisələri qələmə alan, obrazları daha canlı yaratmaq üçün maraqlı forma seçən, öz bədii imkanı çərçivəsində qələmə aldığı mövzulara müdaxilə edən yazıçı boş yerə hay-küy qaldırmır, öz sözünü təmkinlə, səssiz-küysüz deyirbu da oxucunun qəlbində daha dərin, daha silinməz izlər açır.

Müzahim çox yazır, mənalı yazır. Çağdaş Azərbaycan nəsrində ən məhsuldar bir yazıçı kimi adını ədəbiyyatın əbədiyyət tarixinə yazdıran söz adamıdır. Onlarla hekayəsi, povest və romanlarını işıq üzünə çıxartsa da, özü bu işıqda görünmür, necə deyərlər, gözdən-könüldən uzaq düşüb. Bu da onun təvazökarlığından irəli gəlir. Özünü başqaları kimi gözə soxmağa can atmır. Məhz buna görə də bir nasir kimi, şair kimi mütəmadi olaraq kitabları çap olunsa da yaradıcılığı haqqında ya az yazılıb, ya da heç yazılmayıb.

Müzahim İsmayılzadə ömrün altmışıncı ilinə gəlib çatsa da, bir şair-yazıçı kimi öz sözünü desə də, ən tanınmış yazıçılarla bir cərgədə dayanmaq hüququ qazansa da, nədənsə ədəbiyyatşünasların, tənqidçilərin... gözündən uzaq düşüb. O, bundan incimir, bu barədə düşünmür də... sadəcə olaraq başını aşağı salıb hekayə, povestroman yazmaqla məşğuldur.

Mən yazıçı Müzahim İsmayılzadənin çoxsaylı hekayələrinin bir neçəsindən söhbət açdım, povest və romanlarının üstündən sükutla keçdim. Niyə? Çünki böyük yazıçının böyük əsərlərindən söz açmaq başqa bir yazının mövzusudur. Hələlik isə, ancaq onu deyə bilərəm ki, ötən əsrin 80-ci illərində Müzahim adında, İsmayılzadə soyadında bir şair, yazıçı ədəbiyyatın ədəbi dünyasına daxil olubilk günlərdən ədəbiyyata təzə nəfəs, təzə səs, təzə imza gəldiyi hiss edilib. Bəs indi, necə? Bu nəfəsi hiss edirsinizmi, bu səsi eşidirsinizmi?

Gəlin, yaxşı insan, yaxşı dost, yaxşı ziyalı, yaxşı yazıçı olan Müzahim İsmayılzadənin nəfəsini duyaq, səsini eşidək. Vallah, bu nəfəsi duymamaq, bu səsi eşitməmək göydə günəşi danmaq deməkdir. Günəşi danmaq isə kor adamların işidir.

Müzahim İsmayılzadə Gədəbəyin bağrından qopub. O, kənd gözəlliyini, kənd adamlarına məxsus qonaqpərvərliyi, halallığı, düzlüyü, sadəliyi, mehribanlığı özüylə Bakıya gətirib və bu günəcən bu gözəl xüsusiyyətləri qoruyub saxlaya bilib. Kənddən özüylə gətirdiyi müqəddəs duyğuları hekayələrinə, povest və romanlarına hopdurubruhumuza yayılan bu müqəddəs, təmiz hisslər insanı haqq yolundan çıxmağa qoymur.

Bəli, bu on yeddi yaşında uzaq bir dağ kəndindən Bakıya gəlib şair və yazıçı kimi imzasını imzalar içində tanıdan həmin Müzahimdi - işıqlı, təmiz... Bir işıqlı və təmiz yazıçının hekayələri haqqında qələmə aldıqlarım hələlik bu qədərdir. "Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə". - Bu işıqlı misranı isə Əli Kərimli qələmə alıb.

 

Ədalət  2017.- 25 oktyabr.- S.7.