Qəzəllər

 

Allaha xitabən

 

İnsan kimi insanlığı dərk etməsə insan

Zülm ərşə çıxar, haqq əyilər, dünya qusar qan.

 

Ey Tanrı, yaratdıqlarını düz yola qaytar,

Düz yolda ədalət və ləyaqət, ulu haqq var.

 

Bu ahu-fəqanlar, dava, qanlar üçündür?

Dünyaya qənim hikkəli canlar üçündür?

 

Sən ki, yaradansan, yaranan çıxsa yolundan

İnsandamı, dövrandamı, ya səndəmi nöqsan?

 

Sən eylə yarat ki, yaranan haqqına dursun

Haqqın dediyiylə öyünüb, dursun-otursun.

 

Qan tökməyə, ev yıxmağa bil eyləsə adət,

İnsan tapa bilməz səadət, həqiqət.

 

Xan, qaniçən, oğru, yalançı sənə düşmən

Bəs düşmənlərinə bəndə dedin söylə, nədən sən?

 

Sən ki, Ulusan, haqqa dayaq, dünyaya şahsan

Hər an bilirik andına sadiq qalacaqsan.

 

Bəs onda nədən bəndələrin qəsdinə durmuş,

İnsafı atıb, haqqı danıb, fitnəyə uymuş?

 

Var-dövlət üçün qan içirir qardaşa qardaş

Düz əyriyə qul, hakim olub oğruya sirdaş.

 

Hörmət ləyaqət azalıb, aqil amanda

Hərrac bazarında satılır din , iman da.

 

***

Dünya bələnib fitnəyə hər yanda xəyanət

Vicdanı dönük kəslərə möhtacdır ədalət.

 

Mən bir əsirəm baği-baharım viran olmuş,

Bağrım yarılıb, dövləti-varım talan olmuş.

 

Göylər gəlir lərzəyə dərd, ahu-zarımdan

dünya duyur ahımı, haqq ilə dövran.

 

Zalımlıq edənlər qanı su ilə yuyurlar

Qan içdikcə gülür, fitnəyə şövq ilə uyurlar.

 

Bəs haqqı-ədalət niyə imdadə yetişmir?

Allahı anıb, qan eləyənlər qana düşmür?

 

Tanrım, niyə zalımlara imkan yaradırsan?

Qandan uzaq olmaqda ikən qan yaradırsan?

 

Baş kəsmək ilə fəxr eləyib qürrələnənlər

Min hiylə qurur haqqa, düşünmür xeyir, şər.

 

Nadanlığa yol açsan əgər bitdi bu dünya,

Keçdi Yaradandan, ölümə getdi bu dünya.

 

Bil ki, dağılar dünya əgər sussa ədalət

insanlıq olar, ki, eşq, hüsn-məhəbbət.

 

Qandır, Ulu Tanrım, başa sal, zalımı qandır,

Daş qəlblərə gir, vicdan ilə haqqı oyandır!

 

Nadanlığa yol açma, İlahi, bizi yad et,

İnsan olanı zülmdən, həm şərdən azad et!

 

Qadirsən ay Allah, sənə şəkk eyləməz heç kəs,

Qadir sayılan bəndəsin ağlar qoya bilməz.

 

Sən eylə nizamla cahanı, anlasın insan,

Bilsin Ulusan, hər işə qadir, Yaradansan!

***

Ürək dərdli, gözlər yaşlı, ruh nicaran Qarabağsız,

Qeyrət bizi boğur yaman, vermir aman Qarabağsız.

 

Şəhidlərin arzuları, istəkləri pərişandır

Övladları dinclik tapmaz heç bir zaman Qarabağsız.

 

Qəlbdən gülüb, eyş-işrətlə, kef-damaqla gün keçirməz

Ürəyində Vətən eşqi olan insan Qarabağsız.

 

Müqəddəsdən müqəddəsdir bu torpağın hər qarışı

Ağlar, gülməz Muğan, Şirvan, Mil, Naxçıvan Qarabağsız.

 

Vətən, torpaq qeyrətini çəkənlərin gözlərində

Heçdir dövlət, ad, vəzifə, var, şöhrət-şan Qarabağsız.

 

Lövran zalım, qanun yetim, haqq-ədalət dilsiz, fağır

Tarix susur, mat qalıbdır köksündə qan Qarabağsız.

 

Tahir, söylə tək qalarmı doğma ana balasından

Heç vaxt ayrı dura bilməz Azərbaycan Qarabağsız.

 

***

Ey bizi xəlq eyləyən, haqqıma çatdır məni sən

Düşmənin tök gözünü, göstər ona qibləni sən!

 

Aqili dərdli qoyub nadanı versən qabağa

Haqsıza haqlı desən inkar edərsən səni sən.

 

Çək-çevir eyləmisən bir tikənin hesabını

Adəmə qıymamısan hətta haram bir dəni sən

 

Özünü tanrı sananlar ilişib qarmağına

Zalıma içdirmisən qanla dolu badəni sən.

 

Şeytana, cinə uyanlar adına şəkk eyləyib

Gülmüsən, tablamısan tutmamısan bərkini sən.

 

Yaradansan, hamının Tanrısısan, pakdır adın

Hər kəsin öz amalı, öz imanı, öz dini sən.

 

Tahirin torpağı qan, qəlbi yara, dərdi böyük

Xalqıma, ey yaradan, qıyma daha pis günü sən!

 

***

O kəsə insan demə haqqı-xudası yoxdursa

Tanrıya xoş gəlməyə qəlbdə sədası yoxdursa

 

Bəxtəvər, xoşbəxt deyil, bədbəxtdir o insan ki, bil

Canda həsrət atəşi, dərdi-qadası yoxdursa.

 

Dərd duyub, hal bilməyən mehparələr yaddır mənə

İşvəsi, düz ilqarı, nazı-ədası yoxdursa

 

Bu dünya qəlb oxşamaz dərd duymağa verməz macal

Sevinci, ah-naləsi, şahı, gədası yoxdursa

 

Bəşər övladı süqut eylər, kama yetməz könül

Qəlbdə eşq-insan adlı bir mübtədası yoxdursa

 

Tahiri ölmuş sayın hər cümləsində sərhasər

Qarabağ, millət, vətən, torpaq nidası yoxdursa.

 

***

Cənnət varmı? Cənnətə hörmətdə gördüm cənnəti,

İnsana, insanlığa qiymətdə gördüm cənnəti.

 

Qan-qada salmaq yolu ilə cənnətə düşmək çətin,

Düzlüyə, həmrəyliyə, ülfətdə gördüm cənnəti.

 

Elmi ilə dünya gülər, bəşər mülkü abad olar,

Ağılda, dərrakədə, hikmətdə gördüm cənnəti.

 

Sərvətə, var-dövlətə vurğun olan arif deyil,

Eşq, vətən, millət adlı dövlətdə gördüm cənnəti.

 

Əməli, andı üçün hər insan sağlığında

Deyilən xoş söz ilə rəhmətdə gördüm cənnəti.

 

Tahirəm, cənnət xəyalıyla yolumdan dönmərəm,

Vətənim cənnətdir ki, cənnətdə gördüm cənnəti.

***

Çəkmişəm illər boyu cövrü-cəfanı şövq ilə,

Görərəm bir gün gələr zövqü-səfanı şövq ilə.

 

Ey mələk, bir rəhmə gəl, incitmə xəstə aşiqi

Ver içim zəhr olsa da dərman-davanı şövq ilə.

 

Hicranından bezmərəm, dərdin dəyişməz andımı

Qəlbə əlac bilmişəm ahı-nəvanı şövq ilə.

 

Sən mənim bağı-baharım, ruhum, inamımsan, gülüm,

Sənsiz olsam seçmərəm suyu, havanı şövq ilə.

 

Ya rəbbim, sən xalqımı dərdi-bəladan hifz elə,

Edərəm min yol belə alqış-duanı şövq ilə.

 

Tahirəm, ömrü-günüm dərdli Qarabağla keçir,

Xalqım bayram edəcək bir gün davanı şövq ilə.

 

***

Kimsəsiz bir aşiqəm, səbri-qərarım yox idi,

Çünki candan sevdiyim nazlı-nigarım yox daha.

 

Gözlərim həsrətdədi, hicran yarıb bağrımı,

Qəm evi seyrangahım, ayrı güzarım yox daha.

 

Sevdi, sevməklə yanıb düşdü bəlayi möhlətə,

Qəlbə sevmə deməyə ixtiyarım yox daha.

 

Ey məni xəlq eyləyib bəlalara salan Tanrım,

Əmr sənindir, səndən özgə tacidarım yox daha.

 

Eşq mənə hakim olandan anladım dərd-hicranı

Sevgidən, dərddən əziz dövləti-varım yox daha.

 

Tahirəm, dərd əhlinə can verib hər an söylərəm,

Dərdlinin dərdin duyan, başqa şüarım yox daha.

 

***

Anla insan, bu dünyanı yaradan var, quran var,

Yaradılan hər varsa, arxasında duran var.

 

Kim şəkk etsə qüdrətinə nizamına Allahın,

Haqq evində o dinsizin təqsirini soran var.

 

İmanıma, inamıma, amalıma nur saçan,

Kimliyimi təsdiqləyən bir müqəddəs Quran var.

 

Ey bixəbər, naəlac qalma var-dövlətin əlində,

Bil ki onu yüz il verib, bir andaca alan var.

 

Bu dünyanın bir qütbündə sevinc, vüsal çağlayır,

Bir qütbündə zülm-zillət, ölüm, fitnə, talan var.

 

İnsanların illər boyu ağrıları azalmır,

Çünki haqqa qənim çıxan xəyanət var, yalan var.

 

Ağlayırsan, sızlayırsan, Tahir, mən də bilirəm,

Sinən üstə Qarabağ tək qövr eyləyən yaran var.

 

***

Kordur həyatı var ilə dövlətdə görənlər,

Ömrün ləzzətin eyş ilə işrətdə görənlər.

 

Biçarə qalar, anla ki heç vaxt kama yetməz,

Öz yurdun atıb cənnəti qürbətdə görənlər.

 

Andı, diləyi, haqqına sadiq ola bilməz,

Aşkar əməli gizlicə xəlvətdə görənlər.

 

Xoşbəxtdir adın ad qazanıb qəlbə yazanlar

Dünya varını el milə hikmətdə görənlər.

 

Yaxşı, yamanı dərk eləməz, arifi duymaz,

Ağlı, kamalı geyimdə, qamətdə görənlər.

 

İnsafı, din, imanı danar, kimsəyə yanmaz

İnsanlığı, haqq-sayı rüşvətdə görənlər.

 

Məşhər əzabından da çətin eşqin əzabın

İnkar eyləməz Tahiri heyrətdə görənlər.

 

Ədalət  2017.- 26 oktyabr.- S.6.