TAHİR RZANIN
QƏZƏLLƏRİ
VAQİF
YUSİFLİ,
filologiya elmləri doktoru.
"Ədalət" qəzetində (26 oktyabr) Tahir Rza adlı bir müəllifin qəzəllərini oxudum. Bu qəzəllər haqqında müəyyən fikir bildirmək istərdim.
Qəzəl Azərbaycan poeziyasının ən qədim, həm də ən yaşarı şeir şəkillərindən biridir. Təbii ki, onun vətəni Ərəbistandır. XI əsrdən poeziyamızda "addımlamağa" başlayıb. Tədricən formalaşıb və XII əsrdə poeziyamızda "hökmü-rəvan" - aparıcı şeir forması missiyasını yerinə yetirməyə başlayıb. Xaqani, Nizami, Əbülüla, Fələki kimi şairlər qəzəldə hünər göstərdilər, hərçənd ki, bu şairlər fars dilində yazırdılar, amma onların qəzəlləri böyük bir başlanğıcın-qəzəl mədəniyyətinin əsasını qoydu. Sonrakı əsrlərdə isə Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Həbibi, Kişvəri, Xətayi, Füzuli, daha sonralar Saib Təbrizi, Qövsi Təbrizi, Seyid Əzim Şirvani, Nəbati, Natəvan, Raci, Nəvvab, Bixud, Bahar kimi şairlər Azərbaycan dilində qəzəlin gözəl nümunələrini yaratdılar. Və nəhayət, XX əsrdə Ə.Vahid, S.Rüstəm, M.Seyidzadə və onların ardıcılları- Hacı Mail, Seyidağa, Ə.Şahid, Ə.Bakir, Hacı Ələmdar, Ş.Fazil qəzəli qürub etməyə, sönməyə qoymadılar. Bu gün cavanların içərisində də İlqar Fəhmi, Arif Buzovnalı, Yasin Xəlil kimi istedadlı qəzəlçilər var.
Qəzəl əruzda yazılır, musiqiyə, muğama yatımlıdır. Elə Tahir Rzanın qəzəllərində də janrın ölçü-biçisinin, qayda-qanunlarının dürüst olduğunu gördüm. Amma qəzəlin texnologiyasını bilmək azdır, gərək hər qəzəlində fikirlə hissin vəhdətini yaradasan, məna ilə onun ifadə forması bir-birini tamamlaya. Tahir Rzanın qəzəllərində bu harmoniyanı hiss elədim.
Çəkmişəm illər boyu cövrü-cəfanı şövq ilə,
Görərəm bir gün gələr zövqü-səfanə şövq ilə.
Ey mələk, bir rəhmə gəl, incitmə xəstə aşiqi
Ver içim zəhr olsa da, dərman-dəvanı şövq ilə.
Hicranından bezmərəm, dərdin dəyişməz andımı
Qəlbə əlac bilməsəm ahi-nəvanı şövq ilə.
Sən mənim baği-baharım, ruhum, inamımsan, gülüm,
Sənsiz olsam seçmərəm suyu, havanı şövq ilə.
Ya rəbbim, sən xalqımı dərli-bəladan hifz elə,
Edərəm min yol belə alqış-duanı şövq ilə.
Tahirəm, ömrü-günüm dərdli Qarabağla keçir
Xalqım bayram edəcək bir gün davanı şövq ilə.
Tahir Rzanın qəzəlləri içərisində bu, ən mükəmməlidir. Qəzəldə əsas poetik yük, məna "şövq" kəlməsinin üzərinə düşür. Axırıncı iki beyt ümumi məzmundan (gözələ münasibətdən) ayrılsa da, hər halda "şövq" sözünün başqa bir məna çalarını gətirir.
Qəzəllərindən görsənir ki, Tahir Rza din-iman yolçusudur. "Allaha xitabən" yazdığı şeirlərində (bunlar qəzəl deyil, qəsidədir) bunu aydın görürük. Bu qəsidələr XXI əsrdə yaşayan bir insanın fikir və düşüncələrini əks etdirir. Daha doğrusu, "köhnə havada" təzə avaz eşidilir.
İnsan kimi insanlığı dərk etməsə insan,
Zülm ərşə çıxar, haqq əyilər, dünya qusan qan.
Ey Tanrı, yaratdıqlarını düz yola qaytar,
Düz yolda ədalət və ləyaqət ulu haqq var.
Sən ki, Ulusan, haqqa
dayaq, dünyaya şahsan
Hər an bilirik andına
sadiq qalacaqsan.
Bəs onda nədən bəndələrin qəsdinə
durmuş,
İnsafı atıb, haqqı danıb fitnəyə uymuş?
Qəzəllərində də Tahir Rza
böyük Tanrıya
üz tutur, dünyanın, əsrin, zamanın gərdişindən
söz açır. Bir sözlə,
bu qəzəllərdə
Tanrı ilə mükalimə baş tutur.
Ürək dərdli, gözlər
yaşlı, ruh nigaran Qarabağsız,
Qeyrət bizi boğur yaman, vermir aman
Qarabağsız.
Qəlbdan gülüb, eyş-işrətlə,
kef-damaqla gün keçirməz,
Ürəyində Vətən eşqi olan insan Qarabağsız.
Tahir, söylə tək qalarmı doğma ana balasından
Heç vaxt ayrı durra bilməz Azərbaycan Qarabağsız.
Bu isə Qarabağ
nisgilimizə həsr olunan qəzəldən misallardır və arzu edirəm ki, Tahir Rza
öz qəzəllərində
ictimai-siyasi mövzulara
daha çox müraciət etsin.
Təbii ki, Tahir Rzanın
təqdim elədiyi qəzəllərdə müəyyən
sınıqlar, əruzdan
yayınan sözlər
və ifadələr də var. Amma qəzəl yaradıcılığı
ilə ardıcıl məşğul olarsa, mükəmməl nümunələrin
sayı artar. Tahir müəllim böyük
əruzşünas Əkrəm
Cəfərin "Əruzun
nəzəri əsasları
və Azərbaycan əruzu" (Bakı,
1977) monoqrafiyası ilə
tanış olarsa, nəzəri cəhətdən də silahlanar.
Bu kiçik yazını
ona görə yazdım ki, Tahir Rzanın qəzəllərində bir
işıq gördüm.
Ədalət 2017.- 31 oktyabr.- S.6.