OXU, ELNARƏ, OXU

 

Muğam və xalq mahnılarımızın məşhur ifaçısı, əməkdar artist Elnarə Abdullayevanı dinləyərkən

 

Bu səs mələkdən gəlir,

Qövsi-qüzehdən gəlir,

Ələmində Göyçə var,

Bizim tərəfdən gəlir. -

Oxu, Elnarə, oxu!

 

Burdan qəribmi keçdi?!

Dərdi səribmi keçdi?

Min oxuyan yığışa,

Tanrı bu səsi seçdi! -

Oxu, Elnarə, oxu!

 

Bu səs səslər şahıdır,

Muğamın Allahıdır,

Nəvəmin "ana" səsi,

Balamın son ahıdır! -

Oxu, Elnarə, oxu!

 

Çox sənələr ötüşüb,

Tale oduma düşüb,

"Ya Sin" soraq vermədi,

Anam yadıma düşüb, -

Oxu, Elnarə, oxu!

 

Haqq boyda qan içən var,

Bic əyyamı seçən var,

Zaman oğulsuz qalıb,

Qız çiynində köçən var! -

Oxu, Elnarə, oxu!

 

O körpə anasızdı,

Bu ana balasızdı,

Allahım, kərəm eylə,

Ürəyimə "of" sızdı! -

Oxu, Elnarə, oxu!

 

Hoqqalar işıq saçır,

Zibilliklər dil açır,

Analar gözyaşını

Uşağa verib qaçır! -

Oxu, Elnarə, oxu!

 

Həccin əsil hacısı,

Yox dilinin acısı,

Dindir "Yetim segahı",

İslamın1 səs bacısı, -

Oxu, Elnarə, oxu!

 

Açılan sabaha bax,

Amana bax, aha bax,

Alovsuz yaxma bizi,

Ay qızım, Allaha bax! -

Oxu, Elnarə, oxu!

 

At ürəkli anasan,

Nəğməqanad sonasan.

Səxan ölçüyə gəlməz,

Günü-günə calasan. -

Oxu, Elnarə, oxu!

 

Diləyində şölən var,

qəlbini gələn var.

Səni bənövşə görüb,

Səsin üstə "ölən" var! -

Oxu, Elnarə, oxu!

 

Qarabağı şər alıb,

Yöndəmsiz nökər alıb,

Xan qızı da oyanmır,

Şuşa vətənsiz qalıb! -

Oxu, Elnarə, oxu!

 

Bu yol xeyli uzandı?

Gedən karvan dayandı.

Əslinin oduna bax,

Kərəm indicə yandı! -

Oxu, Elnarə, oxu!

 

Güllər həşəm olanda,

Gözlər yağıb, dolanda.

Tarzən kamana dönür;

Sən oxu, tar çalanda. -

Oxu, Elnarə, oxu!

 

Hardan əsir bu nəsim?

Əsirəm əsim-əsim.

Xalqı imana qaytar,

Səsinə qurban kəsim! -

Oxu, Elnarə, oxu!

 

 

BULAQ

 

İşğal altında qalan bulaqları düşünərkən

 

Nola qanad çalam durna köçündə,

Yaralı ahımdan oyana bulaq.

Düşmənin dolçası əlində qala,

İlan tək boynuna dolana bulaq.

 

Zirvə oğulları köhlənsiz qalıb,

Kəsilmir əmliyi, şölənsiz qalıb,

Bu boyda vətəndə vətənsiz qalıb!

Yüz dəfə boyanıb al qana bulaq.

 

Lilparlar gizlədər neçə dərdini,

Duyan dastan eylər bircə dərdini,

Şuşa nisgilini, Göyçə dərdini,

Danışar çisginə, dumana bulaq.

Neçə sirdən keçib, sehrdən gəlir,

Qəzəbdən süzülüb, mehrdən gəlir,

Gözündən öpənin gözündən gəlir,

Ağlamaq öyrədir insana bulaq!

 

OĞLUM

 

Bu qoca dünyanı dərk et dərindən,

Oxu hər cığırı, hər izi, oğlum.

Ömür sahilində dalğa gözləmə,

Yarat amalında dənizi, oğlum.

 

Hamıya oğul ol, hər kəsə sevil,

Qazancına güvən, varına əyil,

Onsuz da bu gərdiş heç kimin deyil,

Xatırla nökəri, kənizi, oğlum.

 

Hər yoldan keçəni yığma başına,

Dərd içinə hopar, zəhər aşına,

Vətəndən od dilə ocaq daşına,

Əyilməz millətin əzizi, oğlum.

 

Gəz, dolan elləri, mətin ol, mətin,

Şövqünə aldanma zərin, zinətin,

Bulanmaq asandı, durulmaq çətin,

Gəzdir vicdanında tərəzi, oğlum.

 

Öyrədən harda var təbiət kimi?

Düşmən görməmişəm ədavət kimi,

Hökmünü əsdirib qiyamət kimi!

Qırma ürəyi, dizi, oğlum.

 

Zülmün sarayından kaha yaxşıdır,

Yaxşı yaxşı gəlsə, baha yaxşıdır,

Qızıldan, gümüşdən daha yaxşıdır,

Adamın halalı, təmizi, oğlum.

 

Tanrıya ürək , könül ver dinə,

Sahib çıx fəryada, yiyə dur ünə.

Ata çörəyinə, ana südünə,

Gəl xəcil eləmə sən bizi, oğlum!

 

Olub-keçənləri demərəm unut,

Sükut başdaşıdır, xəyanət - süqut!

Qəbrimin üstündə bayraq kimi tut,

Göyçəni, Sulduzu, Təbrizi, oğlum!

 

1.       Məşhur xanəndə İslam Abdullayev

2.       Ədalət $g 2017.- 30 sentyabr.- S.10.