Nəriman Əbdülrəhmanlı
yaddaşını heç kəsə vermək istəmir
Nəriman Əbdülrəhmanlı 1958-ci ildə
Gürcüstan Respublikasınnın Qaraçöp
mahalının Düzəyrəm kəndində anadan olub. Bakı
Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdindki
kinossenari kursunda təhsil alıb. 10
kitabın (roman, povest, hekayələr və sənədli nəsr),
44 tərcümə kitabının müəllifidir.
Nəriman Əbdülrəhmanlı 80-ci illərdən
bədii tərcümə ilə ciddi və ardıcıl məşğul
olur. Gürcü, rus və türk dillərindən
dünya ədəbiyyatı nümunələrini dilimizə
çevirib. 2006-cı ildə
yaradıcılığına görə Beynəlxalq Sənət
Mükafatına, 2011-ci ildə Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin "Qızıl kəlmə” –
"Şans” mükafatına layiq görülüb. "Yalqız” romanı 2010-cu ildə Milli Kitab
Mükafatının ilk onluğuna daxil olub, "Yolsuz”
romanı isə 2001-ci ildə üçüncü
mükafata layiq görülüb. Əsərləri
türk, rus və ingilis dillərinə tərcümə
olunub.
Adalet.az yazıçı Nəriman Əbdülrəhmanlı
ilə müsahibəni təqdim edir.
-Qaraçöpə igidlər
oylağı deyirlər. Atları, insanları, ağacları
necə xatırlayırsız?
-Qaraçöp
barədə eşidənlər çox vaxt mənim o mahalda
doğulub-böyüdüyümə inana bilmirlər. Onların nəzərinə qaraçöplülər
mütləq vuran-tutan, çalan-çapan, dəliqanlı
olmalıdılar. Əlbəttə, bu xalq
psixologiyasıdı, təbii sayıram. Görünür,
o mahalı, o adamları müşahidə eləmək
üçün Allah mənim kimi bir tipə də ehtiyac
duyub. Elə özümü biləndən
o mahalı, o adamları müşahidə eləyib
yaddaşıma yazmaqla məşğul olmuşam.
Düz iyirmi il əvvəlsə
müşahidələrim əsasında "Qaraçöp”
ədəbi-etnoqrafik toplusunu çap etdirdim. Həmin
topluda mahalın keçmişindən, ağırtaxtalı
kişilərindən, söz adamlarından söhbət
açılıb. Ötən iyirmi il
ərzində də Qaraçöplə bağlı təxminən
iyirmi kitab çapa hazırlayıb nəşr etdirmişəm.
Qaraçöpün mühiti, adamları, ab-havası bir
çox hekayələrimdə, "Göy adamı” və
"Dönəlgə” povestlərimdə, "Yalqız” və
"Yolsuz” romanlarımda təsvir olunub. Ömür
möhlət versə, bundan sonra yazacaqlarımda da,
şübhəsiz, o mahaldan, o adamlardan nəsə olacaq.
-Gürcü ədəbiyyatı ilə
Azərbaycan ədəbiyyatını necə müqayisə
edərdiniz?
-Gürcü
ədəbiyyatı ilə 1983-cü ildə Gürcüstana
qayıdandan sonra daha yaxından tanış
olmağa başladım. O vaxt "Sovet Gürcüstanı” ətrafında
çox sağlam və böyük ümidlər verən ədəbi
mühit vardı: Arif Mustafazadə, Səməd
Qaraçöp, Məmməd Həsənli, Eyvaz Əlləzoğlu,
Allahverdi Təhləli, Lətif Mustafaoğlu, İmir Məmmədli,
İbrahimxəlil, Tapdıq Yolçu, Rafiq Hümmət... Təbii ki, gürcü ədəbiyyatı ilə təmasda
olmaq bizdən ötrü qaçılmaz idi, hətta o vaxt
yaşayıb-yaradan gürcü ədiblərinin çoxunu
şəxsən tanıyırdıq, münasibətimiz
vardı. Elə gündəlik ədəbi
söhbətlərimizdə də gürcü ədəbiyyatından
oxuduqlarımız sanballı yer tuturdu. Hamımız
etiraf eləyirdik ki, gürcü ədiblərində daxili
azadlıq, bəlkə də ruhi azadlıq, ruhun miqyası
bizim qələm sahiblərimizdə olduğundan daha
artıqdı, bu da təbii ki, özünü onların qələmə
aldıqları əsərlərində göstərir.
Həmin vaxtlar istər-istəməz gürcü ədəbi
mühitindən məhz bunu əxz eləməyə can
atırdıq. Bəzilərində bu inteqrasiya
baş tutdu, sonrakı yaradıcılığına müsbət
təsir göstərdi. Mən elə indi
də bu fikirdəyəm, bir çox həmkarlarımın qələmə
aldıqlarını oxuyanda hiss eləyirəm ki, dar mühit
üçün yazılıb, fərqli ruhun
daşıyıcısı olan adamın qəlbini tərpətməz.
Bəlkə də hələ öz məmləkətimizin
hüdudlarından kənara çıxa bilməməyimizin əsas
səbəblərindən biri də budu.
-Belinski deyir ki, öz həyatından
yazmayanlar istedadsızdırlar. Kitablar, filmlər, yoxsa
uşaqlıq xatirələriniz sizi yazmağa məcbur edir?
-Əlbəttə, Belinskinin dediyini ehkam kimi qəbul eləmək
olmaz. Amma bu fikrində həqiqət də yox deyil. Əsl ədəbiyyat elə öz "mən”ini
başqalarına izah eləmək cəhdidi. Hətta başqalarından yazanda belə, obrazı
ilə öz arasında zaman məsafəsi, cins, yaş,
zümrə fərqi olanda belə, yazıçı təsvir
elədiyi obrazlara özündən nəsə verir.
Kitablar da, filmlər də məndən ötrü ancaq bir
faktı dəqiqləşdirmək üçündü:
artıq bu yaxşı, ya da pis yazılıb, daha bu cür
yazmaq olmaz, əgər uğursuzluğa düçar olmaq istəmirsənsə,
başqa yolla getməlisən. Şübhəsiz,
başlıca təkanverici qüvvə uşaqlıq xatirələri,
daha doğrusu, yaşadığın keçmişdə qalan
xatirələrdi. Günlərin birində öz
keçmişindən nəyisə xatırlayırsan, o xatirə
duyğularını tərpədir, hiss eləyirsən ki, onu
yazmamış özünə rahatlıq tapa bilməyəcəksən.
Beləcə, yeni bir əsərin ortaya
çıxır.
-Klassik ədəbiyyat yoxsa
postmodernizm?
-Düzünü
desəm, mənim təfəkkürümdə "klassik” və
"posmodernist” ədəbiyyat anlayışı yoxdu, məndən
ötrü yazılmış hər hansı bir əsər
ya ədəbiyyat nümunəsidi, ya da ədəbiyyat
nümunəsi deyil. Yəni mənə görə
yalnız "ədəbiyyat” anlayışı var. Klassik
sayılan yazıçıların yaradıcılığında
kifayət qədər postmodernist məqamlar axtarıb tapmaq
olar, ya da əksinə, posmodernist hesab olunan əsərlərin
izlərini klassik ədəbiyyatda tapmaq mümkündü.
Məsələn, ötən əsrin 20-30-cu
illərində yazıb-yaratmış Ahmet Hamdi
Tanpınarı, yaxud Tomas Vulfu çox arxayınlıqla
posmodernist saymaq olar. İsa Hüseynovun nəsrini
klassik, yoxsa posmodernist adlandıraq? Heç
posmodernist saydıqları Orxan Pamukun özü də bu
cür bölgünü ciddi hesab eləmir. Təəssüf ki, indi postmodernizm
anlayışından çox vaxt mətnin çatışmazlıqlarına
haqq qazandırmaq üçün istifadə eləyirlər.
Amma zəif mətnə nə ad verirsən, ver,
xeyri yoxdu.
-Şeir mənə yastı
təpələri xatırladır, nəsr isə
dağın döşündə ora-bura qaçan vəhşi
heyvanları. Sizin gözlərinizdə
üfüqdə nə görünür?
-Bu sənin
müşahidəndi. Məndə isə əksinə,
nəsr ənginlik, genişlik, ləngərlilik, poeziya isə
anilik, fraqmentlik, ötərilik assosiasiyası doğurur.
Sənin gözünə görünən o vəhşi
heyvanlar müəyyən məqamdan sonra yoxa çıxa bilərlər,
yastı təpələr, ənginlik, genişliksə əbədi
qalacaq. Yəni poeziya ötərini bir
anlığa tutub saxlamağa çalışır. Bu
məbada, məcazi də olsa, şeir yazan adam
mənə daha çox kəpənək ovçusunu
xatırladır, elə hey axtarır ki, kəpənəyi –
Sözü tora salsın. Nasirsə geniş düzənliyi səbirlə
şumlayan əkinçidi, bilir ki, gördüyü iş əziyyətlidi,
amma bəxtinə qail olub tər tökə-tökə
çalışır.
-Yazıçı
yaddaşını başqasına verib rahat yaşaya bilərsiniz?
-Əslində, insanın mahiyyəti elə
yaddaşından ibarətdi, yaddaşından məhrum olsa,
heyvandan fərqlənməz. Məşhur Manqurt əfsanəsi
də bu barədədi. Yazıçı
yaddaşı Allahın bəxş etdiyi yaddaşdır.
Xorxe Luis Borxesin bir hekayəsi var, "Şekspir
yaddaşı” adlanır. Bir nəfər
ona miras qalan Şekspir yaddaşını başqasına
ötürmək fikrinə düşür, nəhayət,
bunun nə qədər əbəs olduğunu dərk eləyir.
Əlbəttə, həddən artıq
ağır yük olan yazıçı yaddaşını məcazi
mənada başqasına verib rahat yaşamaq olar, amma rahat
yaşamaq, heç də xoşbəxt yaşamaq deyil. Yazıçı məhz yazdığı məqamlarda
xoşbəxt olur, ondan sonra duyduğu rahatlıq hissinisə
heç nəylə müqayisə eləmək olmaz. Bu mənada qismətimə düşən
yaddaşı kimsəyə vermək istəməzdim. Bu dünyada elə bir maddi sərvət
qazanmamışam, olan-qalan var-dövlətim elə həmin
yaddaşdan ibarətdi, onunla yola getmək çətin də
olsa, şikayətim yoxdu, birtəhər dil tapıb yola gedirik,
elə bilirəm ki, bundan sonra da bir-birimizdən narazı
qalmayacağıq.
-Nələrdən
yazırsınız?
-Çətin
sualdı, çox vaxt bu tipli suallara cavab verəndə əziyyət
çəkirəm. Əlbəttə, ədəbiyyatın
bircə obyekti var, o da İnsan, daha doğrusu, İnsan
yaşantılarıdı. Hətta otdan, sudan, havadan,
quşdan yazanda belə içində insan, insan
yaşantısı, insan münasibəti var. Bu günü təsvir
eləyəndə də tarixə üz tutanda da
("Könül elçisi”, "Yolçu”, "Qurban”
romanları) başlıca hədəfim İnsan taleyini təsvir
eləmək olub. Həm də tanıdığım,
bəzən zamanca çox uzaq olsalar da mənə yaxın
olan adamlar, həmin adamların yaşadıqları mühit
haqqında yazıram.
-Yazanda içinizdə daxili senzor
olur?
-Əlbəttə. Yoxsa mətnlərim səliqəsiz, cilasız olardı. Oxucunun diqqətini çəkmək, səs-küy yaratmaq naminə heç vaxt vulqar ifadələrə və hadisələrə qaçmamışam, özünənəzarət hissimi həmişə ovxarlı saxlamağa çalışmışam. Məndən ötrü hadisə deyil, təsvir elədiyim məqamın ab-havası, yazıçı nəfəsi daha vacibdi.
-Sosial şəbəkə
yaradıcılığınıza necə təsir edir?
-Sosial şəbəkənin yazı-pozuma elə bir təsirini hiss eləməmişəm. Yəni bu məkan məndən ötrü ancaq cəmiyyətin, ədəbi mühitin mənzərəsini görmək, düşüncələrimi bölüşmək, oxucularımla ünsiyyətdə olmaq, axtardığım, yaxud məni axtaran adamlarla əlaqə saxlamaq baxımından maraqlıdı. Heç vaxt yazdıqlarımı sosial şəbəkə istifadəçilərinin maraqlarına hesablamamışam. Məndən ötrü azsaylı da olsalar, əsl ədəbiyyatın nə olduğunu dərk eləyən oxucular daha dəyərlidirlər.
-Sonda,
"Taclı" adlı yeni romanınız işıq
üzü gördü. Hər romanınızda tarixlə
bağlı sərgüzəşətlər var. Bu dəfə
bizi tarixin hansı dönəminə aparacaqsınız?
-Roman təkcə Azərbaycan
yox, bütövlükdə ortaçağ tarixinin ən
maraqlı fenomenlərindən birinə
Qızılbaşlığın yaranması və bərqərar
olmasına, Qızılbaş – Səfəvi
imperiyasının yaranmasına Şah İsmayıl Xətainin
ömür yoluna həsr olunub, təxminən yüzillik bir dövrdə
- 1440-1540-cı illərdə baş verən hadisələri əhatə
edir, həm də Taclı Bəyimin ömür yolunu əks
etdirir. Romanda həm yaddaşımızın
Çaldıran yarasına, həm də hakimiyyət tacı
daşıyanların – Uzun Həsən və törəmələrinin,
Sultan II Bəyazidin, Sultan Hüseyn Bayqaranın, Məhəmməd
Şeybani xanın, Şah I Təhmasibin, Sultan
Süleymanın, söz və sənət tacı gəzdirənlərin – Şeyx İbrahim
Gülşəninin, Kəmaləddin Behzadın, Sultan Məhəmmədin,
Şah Mahmud Nişapurinin, eləcə də Yavuz Sultan Səlimin
Əcəm səfərindən apardığı
insanların bir-birilə heyrətamiz tərzdə kəsişən
talelərinə işıq salınır, Sözün, Xəttin
və Nəqşin gözəlliklərindən söz
açılır.
Söhbətləşdi:
Oğuz Ayvaz
Ədalət 2017.- 28 setyabr.- S.5.