Tanrının
ömür payı
Əlövsət
BƏŞİRLİ
"Bu dünyada vəfa, sədaqət,
etibar, dəyanət deyilənlər heç də
nağıl, əfsanə, xülya deyil, əksinə həqiqətdir"
Böyükxan Bağırlı
Hər il ad günündə onu təbrik edirdim. Bu dəfə
telefon susurdu... Nəhayət, səs gəldi.
O, deyildi. Eşitdiyimə inana bilmədim.
Axı, necə ola bilər?! Bir həftə əvvəl
danışmışdıq. Adəti
üzrə nikbin idi. Bəs... Fikir-xəyal məni
götürdü... Cəmi bir il əvvəl
70 yaşı tamam olmuşdu. Bu münasibətlə
yazmışdım. "525-ci qəzet"də,
"Ədalət"də dərc edilmişdi.
Yazmışdım ki...
Həyatımın
unudulmaz çağlarını
- düz 20 ilini Cəlilabadda yaşayıb işləmişəm,
öz elinə, torpağına bağlı əqidəli, qətiyyətli,
sadə, zəhmətkeş insanlarla xoş münasibətdə,
ünsiyyətdə olmuşam, duz-çörək kəsmişəm.
Azərbaycanın bu gözəl guşəsinin göz
oxşayan, könül açan mənzərələri yaddaşımda
dərin iz salıb.
İndi ötüb keçənləri xatırlayanda
ömrümün həmin illəri gözlərim
önündə bütün aydınlığı ilə
canlanır.
Sanki dünən olub, az qala yarım əsr
əvvəl yox, lap dünən "Yeni gün" qəzeti
redaksiyasında. Qapı
astaca döyülür, bir qədər arıq, ortaboylu cavan,
nigaran baxışlı oğlan astanada görünür. Ayağa durub qarşılayıram.
Salamlaşıb tanış oluram. Masanın üstünə
qoyduğu vərəqi nəzərdən keçirirəm:
"Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin
dördüncü kurs tələbəsi Böyükxan
Bağırovu "Yeni gün" qəzeti redaksiyasına təcrübəyə..."
O,
bütün yayı redaksiyada çalışır,
görüb-götürür, yazıb-pozur, redaktə
olunmuş yazılarına dönə-dönə diqqət
yetirir, imzası qəzetin hər nömrəsində görünür: adi xəbərdən
tutmuş müsahibəyə, felyetona, oçerkə qədər
qələmini sınayır, püxtələşir.
Redaksiyanın ştatında yer olan kimi onu işə
götürürəm: həm maaş
alır, həm də qonorar-müəllif haqqı. Və yeni
tədris ili başlayanda əla xasiyyətnamə
yazıb hörmətli Şirməmməd müəllimə
salam göndərirəm. Jurnalistika fakültəsinin
dekanı, professor Şirməmməd Hüseynov tələbəsinə
verilən xasiyyətnamədən məmnun olur, kurslara
nümunə göstərir.
Ali təhsilini
başa vuran Böyükxan doğma Cəlilabada
qayıdır, "Yeni gün"də işə
başlayır: bir müddət ədəbi işçi,
sonra şöbə müdiri, redaktor müavini. Və mən
raykomun ikinci katibi seçiləndə o, redaktor təyin
olunur, həmkarları Sabir Məmmədov, Dilarə Vəkilova,
Qasid Nağı oğlu, Firidun Sultanov, Solmaz Məmmədova ilə
birlikdə səylə çalışır...
lll
Filologiya elmləri doktoru, tənqidçi Vaqif
Yusiflinin təbirincə, Böyükxan
Bağırlının tərcümeyi-halı çox sadə
və yığcamdır, hətta bir-iki cümləyə də
sığışar. Ali təhsilini bitirəndən
sonra doğma Cəlilabadda rayon qəzetində
çalışır, 1981-ci ildən redaktordur.
Bütün bunlarla yanaşı, təcrübəli tənqidçi,
ədəbiyyatşünas çox haqlı olaraq onu
istedadlı bir nasir və jurnalist kimi dəyərləndirir.
Böyükxan ədəbi yaradıcılığa
şeirlə başlayıb. "Mənim ilk ədəbi
yazım - "Qonşular" sərlövhəli şeirim
unudulmaz şairimiz Məmməd Arazın xeyir-duasıyla
1968-ci ildə "Ulduz" jurnalının
üçüncü sayında dərc olundu... Sonralar hekayələrim
çap edildi: "Ulduz", "Azərbaycan"
jurnallarında, "Ədəbiyyat" qəzetində".
Yeri gəlmişkən,
deyim ki, mən Bakıya qayıdandan sonra yuxarıda adları
çəkilən həmin ədəbi nəşrlərdə,
həmçinin "Yada düşdü" jurnalında ,
"525-ci qəzet"də , "Ədalət"də
vaxtaşırı yazılarım dərc olunur. Və bu, qələminə
dinclik verməyən, eyni zamanda, mütaliəsindən qalmayan
Böyükxanın diqqətindən yayınmır. Vaxtaşırı zəngləşirik, hal-əhval
tutub, fikirlərimizi bölüşürük.
Zaman keçdikcə püxtələşən, dəyərli
povest və hekayələri ilə oxucuların rəğbətini
qazanan qələm dostumun yaradıcılıq uğurları
məni ürəkdən sevindirir.
O, son illərdə
mətbuatda dərc olunan "Zəhərlənmiş
tale" povestində, "Döyüşçülər
daş karxanasında", "Tələ",
"Çovğun", "Cəhənnəmi görənlər",
"Sərnişinlər", "Göyərçinlər
uçub getdi", "Aynalı gölün
payızı", "Ağ yaylıqlar", "Xoş xəbər"
hekayələrində həyat
həqiqətini, gerçəkliyi yüksək bədii səviyyədə,
olduqca inandırıcı şəkildə qələmə
alıb. Kənd həyatını, orada
yaşayan insanların psixologiyasını təbii boyalarla təsvir
edib, bitkin obrazlar yaradıb. Dili səlis,
axıcı, koloritlidir. Eyni zamanda, kənd
həyatında gen-bol işlənən ifadələr, zəhmətə,
torpağa bağlı insanların ruhu, ürək
çırpıntısı oxucunu duyğulandırır.
Bütün bunlar Böyükxanın
yaradıcılığında fərqli və üstün
xüsusiyyətlərdir. Təsadüfi deyil ki, V.Yusifli
yazır: "Böyükxan Muğan gecələrini, onun
özünəməxsus cazibəsini, təbiətin,
torpağın şeiriyyətini nəsrə gətirir".
Böyükxan
Bağırlının yaradıcılığına yetərincə
bələd olan, təhlil və təqdir edən görkəmli ədəbiyyatşünas alim, tənqidçi
Vaqif Yusifli yazıçının müşahidə qabiliyyətini,
hadisələrə yanaşma üsulunu, kənd həyatını,
məişətini, etnoqrafiyasını, folklorunu yaxşı
bildiyini, bacarıqla qələmə aldığını
xüsusi vurğulayır. Buna nümunə
olaraq müəllifin "Göyərçinlər uçub
getdi" hekayəsini ("Yada düşdü"
jurnalı, 2012, ¹2) oxucunun diqqətinə çatdırır.
Bu hekayədə yazıçı kənd
müəllimlərinin gün-güzəranını,
onların ehtiyac içində yaşamasını, mənəvi
böhranla üzləşməsini əks etdirir.
Böyükxan Qarabağ mövzusunu
"Döyüşçülər daş
karxanasında" ("Ulduz" jurnalı, 2011, ¹8) hekayəsində
özünəməxsus, bənzərsiz şəkildə qələmə
alıb. Müəllif yayın
oğlan çağında, günəşin göydən od
ələdiyi bir vaxtda, toz-torpaq, daş-kəsək içində
çalışan insanların ailələrini dolandırmaq
üçün ən ağır işə
qatlaşdıqlarını real boyalarla, çox təsirli
detallarla təsvir edir.
Daş karxanasında işləyən iki keçmiş
döyüşçü - Sübhan və Qara Hüseyn
ötən günləri yada salıb dərdləşirlər. Sübhan deyir:
"Beş-altı nəfər döyüş görməmiş
ağciyər ana uşaqlarıyla mən neyləyə bilərdim?
Döyüş sursatı deyirsən, bəxtəvərlikdən
danışırsan, sursat hardaydı? O döyüşdə
mən yüngül yaralandım. Amma deyirsən
gərək öləydim, hə? Nəyə
görə?! Ona görə ki,
naçalniklərimiz gündən-günə yağlanıb
bahalı maşınlarda gəzsinlər? Biz
burada toz-torpaq içində bir qarnı ac, bir qarnı tox vərəmə
tutulaq, onlarsa naz balışlı, pərqu
yorğan-döşəkli yataqda məşuqələriylə
mazaqlaşsınlar, kef eləsinlər, hə?! Vətəni qorumaq elə kasıb-kusubun
püşkünə düşüb? Topdağıtmaz
villaları buludlarla oynaşanların balaları bəyəm
yuxarı dəyirmandan gəliblər? Niyə
onlar ordu sıralarında gözə dəymirlər? Ərə gedəndə böyük bacı,
iş-güc gələndə kiçik bacı?!"
Sübhanın müharibə ilə bağlı fikirləri
Qara Hüseynin xoşuna gəlmir. Onun fikrincə,
müharibədə belə neqativ hallar olsa da, torpaqlar əldən
getsə də, nə qədər igidimiz həlak olsa da,
inamı itirmək olmaz. Deyir ki: "Sənin sözlərindən
fərarilik iyi gəlir. Vətən, torpaq müdafiəsi anlayışı
sənin çərçi sövdəgər
arşınınla ölçülə bilməz.
Müharibə hələ qurtarmayıb, uduzmaq barədə
söhbət ola bilməz. Biz
müvəqqəti olaraq geri çəkilmişik".
HAŞİYƏ:
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün qorunub saxlanması, erməni
işğalçılarının 2016-cı il aprelin 2-dən
5-dək qoşunların təmas xəttində törətdikləri
silahlı təxribatların
qarşısının alınması, düşmənin dinc
əhaliyə hücumlarının dəf edilməsi
zamanı göstərdikləri qəhrəmanlıq və
igidliyə görə dövlət
başçısının sərəncamı ilə hərbçilərimizin
xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada
layiq görüldü, orden və medallarla təltif olundu.
Düşmənin müasir hərbi istehkamlarla möhkəmləndirdiyi,
alınmaz qala hesab etdiyi strateji yüksəklikləri və ətraf
əraziləri döyüşçülərimiz azad edərək
Azərbaycan bayrağını qaldırıblar. İşğalçıların
xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Həmçinin, düşmənin qoyub
qaçdığı ağır silahlar, hərbi texnika və
qurulu istehkamlar ələ keçirilib.
Mən
"Döyüşçülər daş
karxanasında" hekayəsindən danışarkən ona
görə haşiyə çıxdım ki, "müharibə
hələ qurtarmayıb, uduzmaq barədə söhbət ola bilməz" deyən Qara Hüseynin (və
müəllifin!) nə qədər haqlı olduğunu əyani
dəlil kimi göstərim. Və onu da vurğulamaq istəyirəm
ki, döyüşlər gedən günlərdə bütün Azərbaycan xalqı
yumruq kimi birləşdi, Ali Baş Komandanla, rəşadətli
Ordumuzla həmrəy oldu, övladları qəhrəmancasına şəhid olan ata-analar "Vətən sağ
olsun" dedilər. "Dörd günlük müharibə"
müasir Azərbaycan Ordusunun gücünü, yenilməzliyini
yalnız erməni işğalçılarına və onların havadarlarına
deyil, eyni zamanda beynəlxalq aləmə, dünyaya əyani
olaraq göstərdi.
"Döyüşçülər daş
karxanasında" hekayəsi nikbin sonluqla bitir. Fərqli düşünən
keçmiş döyüşçülərin fikirlərinin
müxtəlifliyinə baxmayaraq, onları birləşdirən,
duyğularını bir araya gətirən məqamlar da var.
Sübhanın qardaşı Şükran da döyüşlərdə
həlak olub və o, son anında ana əmanəti medalyonu Qara
Hüseynə verir ki, bunu qoru. Qara Hüseyn də əmanəti Sübhana verir.
"Üstündə anasının əllərinin
izi qalan bu əntiq medalyonu gözünə sürtəndə,
dodağında gəzdirəndə burnuna dəm-dəstgahla
keçirilən həmin günlərin ab-havası gəldi.
O bəxtəvər anların hənirtisini hiss etdi. Göllənmiş gözlərini dolandırıb
medalyona baxdı".
Sübhanın həyata, insanlara inamı, etibarı itib. Müharibədə
gördükləri onu sarsıdıb. Amma Qara
Hüseynin bu hərəkəti onun qəlbinin dərinliklərində xoş bir duyğu oyadır.
"Bu duyğu onu həyata tamam yeni bir gözlə baxmağa
çağırırdı və ona anladırdı ki, bu dünyada vəfa,
sədaqət, etibar, dəyanət deyilənlər heç də
nağıl, əfsanə, xülya deyil, əksinə həqiqətdir.
İndicə ona ömrünün analı,
qardaşlı-bacılı bəxtəvər anlarını
balaca bir əşya ilə geri qaytaran Milli Ordunun bu xəstə,
nasaz veteranı bəlkə elə bu həqiqəti demək,
hiss etdirmək üçün yanına gəlibmiş və
bu gəlişin özu də, elə Allah
vadarıymış".
lll
Olub-keçənləri xatırlayanda həyatımın
unudulmaz çağları gözlərim önündə
canlanır.
Sanki dünən olub, az qala yarım əsr
əvvəl yox, lap dünən... "Yeni gün" qəzeti
redaksiyasına təcrübəyə
gələn universitet tələbəsi, cavan oğlan... Heyrətlənirəm illərin quş təki
uçmağına, onun 70-ə çatmağına. Maşallah olsun, gümrah qalıb Böyükxan
Bağırlı. İndi Əməkdar
jurnalist, tanınmış yazıçı.
Boya-başa çatan ağıllı-kamallı övladlar, sevimli
nəvələr əhatəsində bəxtiyar ata... baba... Və qələmini
əlində möhkəm tutan Söz sahibi!
Mən də
olub-keçənləri qələmə almağı
özümə borc bilirəm, möhkəm
cansağlığı, yeni uğurlar arzusuyla onu təbrik
edirəm...
... Bəs
indi, cəmi bir il sonra ad günündə...
Telefonum zəng çalır. Lerikdən həmkarım,
Əməkdar jurnalist Həmzə Vəliməmmədovun həyəcandan
titrəyən, çaşqın səsini eşidirəm,
sualına cavab tapa bilmirəm... Həmzə
deyir ki, keçən ay Cəlilabadda olub, Böyükxan yeni
çapdan çıxan kitabını ona verib. Kitabda qələm dostumuzun son illər
yazdığı povest və hekayələri yer alıb.
Böyükxanın Qarabağ mövzusunda
yazdığı "Döyüşçülər
daş karxanasında" hekayəsi Həmzəni çox təsirləndirib.
Xüsusilə, müəllifin əsərin qəhrəmanının
diliylə dediyi sözlər: "Bu dünyada vəfa, sədaqət,
etibar, dəyanət deyilənlər heç də
nağıl, əfsanə, xülya deyil, əksinə həqiqətdir".
İnsanı dərindən-dərinə
düşündürən bu sözləri istedadlı
yazıçı-jurnalist Böyükxan
Bağırlının həyat və fəaliyyətinin
epiqrafı, yaradıcılığının devizi hesab etmək
olar. O, inamla
yaşayıb müşahidə etdiklərini, ürəyində
yığılıb qalan, qəlbini rahat buraxmayan, zaman-məkan
hüduduna sığmayan olayları, gerçəkliyi, həqiqəti,
həmişə vacib, aktual saydığı mövzuları
qələmə alıb. Elə buna görə
də oxucu qıtlığına rəğmən povest və
hekayələri diqqət çəkib, əldən-ələ
gəzib, maraqla qarşılanıb, müəllifinə rəğbət
qazandırıb. Böyükxan Bağırlının
yaradıcılığı üçün xarakterik olan bu
cəhəti ədəbi tənqid xüsusilə qeyd edib.
lll
Qırx gün sonra qələm dostlarımla Cəlilabada
- Allar kəndinə getdik. Matəm mərasiminə
ətraf rayonlardan da gəlmişdilər. Mərhumun
ruhuna dualar oxundu, qələm dostları xatirələrini
danışdılar. Mən dedim ki, insan yaşa dolanda
dönüb geriyə boylanır. Olub-keçənləri xəyalında
canlandıra-canlandıra elə bil özünə hesabat verir:
"Tanrının verdiyi ömür payını necə
yaşamışam? İlləri küləyə
verməmişəm ki? Məndən sonra
bu dünyada hansı sözüm, hansı izim qalacaq?"
Mən qətiyyətlə deyirəm ki,
yaradıcılığının qaynar çağında həyatdan
köçən istedadlı qələm dostumuz ömru boyu ləyaqətlə
yaşayıb-yaradıb, ürəklərə yol tapan
sözləri, əsərləri bu dünyada onu mənən
yaşadacaq. Bu, bizə, onun ailəsinə, övladlarına,
çoxsaylı oxucularına ən böyük təsəllidir.
Ruhu şad olsun!..
Ədalət $g 2017.-
30 sentyabr.- S.12.