QARAKÖPƏKTƏPƏ ABİDƏSİ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

(Əvvəli ötən sayımızda)

 

Tariximizin bəlli səhifələrindən, özü də ölkə hüdudlarından kənarda da alimlərin diqqətini çəkən gerçəkliklərindən biri də öncədən söylədiyimiz kimi, Qaraköpəktəpə abidəsidir. Bu abidənin ən önəmli cəhətlərindən biri onun özündə böyük bir zamanı yaşatmasıdır. Yəni arxeoloqların hesablamalarına və apardığı tədqiqatların nəticələrinə görə, bu abidə eramızdan əvvəl V minillikdə, bizim eranın XVIII əsrinə kimi yaşayış yeri olub. Yəni burada insanlar həm yaşayıblar, həm işləyiblər, həm də tarixə öz kimliklərini qeyd ediblər.

Təbii ki, bizim söylədiklərimiz elmi bilgilərə əsaslanır və bu elmi qənaətlərin kökündə də həm müxtəlif ölkələrə aid olan alimlərin, həm də Azərbaycanın tarixçilərinin, arxeoloqlarının fikirləri dayanır. Bax, bu mənada Qaraköpəktəpə abidəsi ilə bağlı ən önəmli fikirlərdən birinin müəllifi bu ərazidə arxeoloji qazıntılar aparmış tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadəyə məxsusdur. Yeri gəlmişkən xatırladım ki, arxeoloq alim Qüdrət İsmayılzadə hələ 1964-cü ildə Qaraköpəktəpədə qazıntılara başlamış və bu ərazidə aparılan işlərə ekspedisiya rəhbəri kimi başçılıq etmişdi. Özübu proses, yəni axtarışlar, qazıntılar ötən əsrin 80-ci illərinin sonuna, daha konkret desək, Qarabağ torpaqlarının işğalına qədər davam etdirilmişdir.

Faktlar sübut edir ki, eramızdan əvvəl IV-II minilliklərə aid abidələrin maddi-mədəniyyət nümunələrinin, xüsusilə saman qatışığından hazırlanmış gil qablar Kür-Araz mədəniyyətinə məxsus olmaqla Azərbaycan ərazisində geniş yayılmışdır və bu nümunələrin xeyli hissəsi Quruçay mədəniyyətinə aid olan abidələrlə bağlılığını müşahidə etmək o qədər də çətin deyil. Xüsusilə Qaraköpəktəpədə qazıntılar zamanı tapılmış saman qatışıqlı gil qablar eniolit dövrünə aid olmaqla eramızdan əvvəlki IV-II minilliyin xarakterik xüsusiyyətlərini büruzə verir.

Azərbaycan tarixinin önəmli cəhətlərindən biriondan ibarətdir ki, bu coğrafiyada tapılan qədim, antik əşyalar, nümunələr həmin coğrafiyanın xarakterik xüsusiyyətlərini, cəhətlərini də nümayiş etdirmək gücündədir. Yəni onları tətbiq etməklə bütöv bir dövrü öyrənmək mümkündür. Məhz bu mənada məsələyə yanaşanda, onda aydın olar ki, Qaraköpəktəpədə tapılan nümunələr arxeoloqların fikrincə Kür-Araz mədəniyyətini əks etdirir. Və ən maraqlısı da budur ki, tariximizdə ilk qədim yaşayış yeri kimi antik dövrə aid olan bir ünvan var: o da Qaraköpəktəpədi. Bu ərazi məhz qədim dövrün insanlarının yaşadıqları məskən olmuşdu. Bunu təkcə arxeoloqlar əldə etdikləri qazıntı nümunələriylə, tapıntılarla deyil, həm də buradakı binaların qalıqları sübut edir.

Arxeoloq Qüdrət İsmayılzadənin və digərlərinin apardıqları təhqiqatlar və qazıntılar zamanı bəlli olmuşdu ki, Qaraköpəktəpədə ilk tunc dövrünə aid təbəqənin alti qatlarında dairəvi formalı iki bina qalığı var. Məhz bu bina qalıqlarının üzə çıxması özü-özlüyündə bu əraziyə marağı bir az da artırmışdı. Və geniş tədqiqatlardan sonra məlum olmuşdu ki, tapılan binalardan birinin əsas hissəsi arxeoloqların qazıntılar apardıqları sahədən kənardadı. Tapılmış ikinci binanın isə diametri 6,85 kv. metrdir. Tarixçilərin bina ilə bağlı yekdil qərarı bundan ibarət olmuşdur ki, bu qədim yaşayış məskəninin sakinləri tikinti sahəsini də mükəmməl biliblər. Və həmin binanı nisbətən qaba yonulmuş daş parçalarından və çay daşlarından tikmişdilər. Təkcə tapılan binanın divarlarının qalıqları deyil, eləcə də bu binaların içərisindəki ocaq yerləri də burada həyatın, yəni yaşayışın uzun sürdüyündən xəbər verir. Onu da qeyd etmək yerinə düşər ki, həmin tapılan ocaqlarçay daşlarından istifadə edilməklə qurulmuşdu.

80-ci illərdə aparılan qazıntılar zamanı arxeoloqlar müəyyənləşdirmişdilər ki, Qaraköpəktəpənin üst qatlarında həyat daha qaynar olmuşdu. Yəni burada böyük, çoxotaqlı evlərin qalıqları göstərmişdi ki, sakinlər bu təpədə uzun müddət və sərbəst yaşamışdılar. Özü də tapılmış çoxotaqlı evin divarları çox irihəcmli əhəng daşlarının parçalarından tikilmişdir. Tikinti zamanı isə sakinlər arxitekturadan xəbərdar olduqları öz işləriylə nümayiş etdirmişdilər. Yəni bu otaqlara baxanda məlum olur ki, onlar dördkünc olmaqla bir-birindən qalın divarla ayrılırlar. Özü də maraqlı burasıdır ki, bir-birindən məhz qalın divarlarla ayrılan bu hörgülərin hündürlüyü bir metrdir. Yaşayış yeri olan bu binalarda arxeoloqların söylədiklərinə görə, döşəmə bərk torpaqdan ibarətdir. Bir az da tarixi faktlara dərindən diqqət yetirəndə məlum olur ki, həmin döşəmələrin üstündə qızarmış torpaq qatı, kül, həmçinin kömür qalıqları da aşkar edilmişdir. Bax, bunlar da onu deməyə əsas verir ki, Qaraköpəktəpə qədim yaşayış məskənidir. Barəsində bəhs etdiyimiz bu tarixi abidəmizin ərazisində tapılan əşyalar, alətlər içərisində dən daşları, sürtgəc, bülöv daşları, qurama oraq dişləri, ovsidian lövhələr və digərləri də var. Həmçinin burada qara cilalı müxtəlif formalı keramik qabların parçaları da aşkar edilibdi.

Bəli, AMEA-nın Tarix İnstitutunun Qaraköpəktəpə ilə bağlı araşdırmalarına dair sənədlərə diqqət yetirəndə onda belə bir fikir diqqətimizi çəkir. "Eradan əvvəl V-IV əsrlərdə təpə antik dövrə məxsus böyük yaşayış yerinə çevrilmiş, onun üstü və yamacları pillə-pillə yaşayış evləri ictimai binalarla örtülmüşdür.

Aparılan qazıntılar burada yanğın zamanı dağılmış sütunlu zalın divarları, üzəri həndəsi və nəbati naxışlarla bəzədilmiş gil qablar məişətdə işlədilən müxtəlif avadanlıqlar üzə çıxmışdı. Bu tapıntılar da belə deməyə əsas verir ki, Qaraköpəktəpədə aşkar olunan saray vaxtilə Makedoniyalı İsgəndərin şərqə yürüşü zamanı qarət olunmuşdur".

Bir məqamı da xatırlatmaq yerinə düşər ki, alimlərimizin fikirlərinə görə, sasanilərin hökmranlığı dövründə Qaraköpəktəpə mühüm strateji məntəqə olmuşdur. Və məhz onların dövründə Təxti-Tavus adıyla yenidən yüksəlmişdi.

 

Babək ƏBÜLFƏTOĞLU

Ədalət  2017.- 29 sentyabr.- S.7.