HƏYATA KEÇƏN ARZULAR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

 

Çoxdandı sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor İlham Rəhimli haqqında ürəyimdən keçən xoş sözləri yazmaq istəyirdim. Tək ona görə yox ki, respublika qəzetlərimizdə çıxan onun məqalələri, ressenziyaları, tamaşalar haqqında fikirləri adi məqalədən çox elmi tədqiqat xarakterli yazılar idi. Həm ona görə ki, onun yazıları yalnız teatr sahəsini deyil, ədəbiyyatı, musiqini, rəssamlığı, incəsənətin bütün sahələrini professional cəhətdən əhatə təhlil edirdi.

Nəhayət ürəyimdə olan arzumu həyata keçirmək üçün Milli kitabxanamızın İlham Rəhimliyə aid kortotekasına müraciət etməli oldum. İrihəcimli kitabları, özü haqqında yazdığı yazıları nəzərdən keçirib, qəzet jurnallarda dərc edilən məqalələrinə diqqət yetirdim. İlham dərin sənət bilicisi kimi müraciət etdiyi hər bir mövzunu poetik bir ruhla qələmə alır. Onun İlyas Əfəndiyevin, Anarın, Elçinin, Altay Məmmədovun, Seyfəddin Dağlının, Hüseyin Cavidin, Cəfər Cabbarlının əsərləri əsasında qurulmuş tamaşalar haqqında yazdığı məqalələri böyük həvəslə oxunurdu.

1949-cu ilin sentyabr ayında Yevlax rayonunun Malbəyli kəndində anadan olmuş, 1972-ci ildə Azərbaycan Dövlət incəsənət institutunu bitirmiş İ.Rəhimlini tale sanki artıq boş qalmağa başlamış teatrşünaslıq elminə bir hədiyyə kimi təqdim etdi. O vaxtlar Adilə Əliyeva, Cabir Səfərov, İnqilab Kərimov, Əkbər Ağayev nəhayət görkəmli alim Cəfər Cəfərov hələ sağ idi demək olar ki, öz fəal mövqeləri ilə tamaşalar haqqında dərin mənalı məqalələr yazırdılar. Gənc İlhamın ilk yazılarından isə aydın oldu ki, teatrşünaslıq aləminə dərin zəkalı, cəsarətli, bəzən rəhmsiz Rəhimli familyalı bir oğlan gəldi. İlham üçün teatrlarda hazırlanan tamaşaların kim tərəfindən yazıldığı hansı rejissor tərəfindən qoyulduğunun elə böyük əhəmiyyəti yox idi. Əgər tamaşa alınmışdısa, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdısa, İlham bunu hamıdan tez görürdü öz yazılarında bunu əks etdirirdi. Tofik Kazımov Anarın "Şəhərin yay günləri" əsərini hazırlayandan sonra tamaşa haqqında ən doğru, emosional fikir söyləyən İlham Rəhimli oldu.

İlham Rəhimlinin tənqidçi kimi fərqi onun heç bir şeyə fikir vermədən tamaşa haqqında kəşf etdiyi yalnız öz fikirləri olurdu. Bir vaxtlar Musiqili Komediya teatrında "Məşədi İbad" komediyasını hazırlamışdılar. Teatrın rejissorun yaxın adamları bu tamaşanı hələ tam üzə çıxmamışdan möhkəm tərifləyirdilər, hətta yüksək vəzifəli şəxslərin dilindən tamaşaya aid xoş sözlər eşitdirirdilər. Bu təriflər abu-havası tamaşa hazır olandan sonra getdikcə qanunlaşarkən, birdən İ.Rəhimlinin bu tamaşa haqqında ressenziyası çıxdı. O, həm rejissor işini, həm aktyorların obrazları şərh eləmə məsələsini Üzeyir bəy Hacıbəylinin üslubuna, ruhuna tamamilə yad olduğunu öz yazısı ilə bəyan etdi.

İlham Rəhimli tək tərif ya tənqid dolu məqalələrlə çıxış etmirdi. O, həm Azərbayacan teatrlarının yeni tamaşalarını həmişə izləyərdi professional qiymətini verərdi.

İlham Rəhimli çoxsahəli bir tədqiqatçıdı. Onun Habil kaman haqqında qeydləri musiqini, muğamı dərəcədə dərindən bildiyinə sübut idi. İctimaiyyət üçün ən böyük təəccüb isə onun rəssam Səttar Bəhlulzadə haqqındakı yazıları oldu. Tədqiqatçı Səttar Bəhlulzadənin yaradıcılığını elə kamil, dəqiq, professional cəhəttdən tədqiq edirdi ki, hətta rəssamlar haqqında yazan tənqidçilər belə İlhama heyran olmuşdular.

O, Azərbaycan teatrlarında gedən yeni tamaşalar haqqında ressenziyalar yazmaqla yanaşı Azərbaycan Dövlət televiziyasında göstərilən yeni tamaşalar haqqında da həmişə öz fikirlərini bildirərdi. Onun A.Məmmədovun "Kişilər", S.Dağlının "Mənsur Sitarə", A.Qəhrəmanovun "Müsabiqə", Anarın "Ötən ilin son gecəsi", üç hissəli Leyli Məcnun opera filmi haqqında "Sənətin eşq meyarı", S.Vurğunun "Komsomol" poemasının Gənc Tamaşaçılar teatrında hazırlanmış "Komsomol poeması" haqqında, görkəmli xanəndə, xalq artisti Arif Babayevin Məcnun rolunun ifası haqqında, Mikayıl Mirzə haqqında, Nəsibə Zeynalova haqqında, Firəngiz Şərifova haqqında məqalələri oz dərinliyi maraqlı yazılması ilə diqqəti cəlb edirdi. İ.Rəhimli Həsən Turabov haqqında "Aktyora oxşamayan adam", Zəfər Nemətov onun oğlu Azər Paşa haqqında "Kəsişən paralellər", öz həyatı haqqında yazdığı romanlar çox maraqla qarşılandı.

İ.Rəhimli eyni zamanda xeyli sayda elmi-publisistik məqalələr felyetonlar da yazmışdır. Lakin nədən yazırsa yazsın, onda gələcəyə, teatra, ümumiyyətlə respublikamızın inkişaf yoluna həmişə böyük inam var bu inamla o, indi Azərbaycan respublikasının "Mədəniyyət" kanalında böyük həvəslə çalışır.

Mən İlhamı 45 ildi ki, tanıyiram. İstər onun yazdığı hər məqaləni, istərsə Azərbaycan Milli televiziyasındakı çıxışlarını marqla izləmişəm. Onun yazdığı yeni məqalələri həmişə həvəslə oxumuşam. Bir gün qış ayı idi. İlham mənə zəng vurdu soruşdu ki, axşam edirsən. Cavab verdim ki, tamaşamız yoxdu, boşam. Dedi onda saat altıda "Novbahar" restoranında səni gözləyirəm. Daha soruşmadım münasibətlə gəlim. Biz restorana daxil olanda hava çox sakit, lakin soyuq idi. Əyləşib şam sifariş elədik İlham həmin gün "Kommunist" qəzetində çıxan məqaləsini mənim qarşıma qoydu. Məqalə "Restoranda orkestr çalır" adlanırdı. Yazını gözdən keçirdikcə İlhamın cəsarətinə bir daha heyran oldum. O vaxtlar restoranlarda orkestrlər olardı onların repertuarlarında nəyi çalıb, nəyi oxuduqlarını heç kəs yoxlamazdı. Bu orkestrlərın repertuarlarında ən çox oxunan çalınan yüngül səslənən bayağı mahnılar rəqslər olardı. Belə orkestrlər axşamlar restorana gələn qonaqların zövqünü korlayırdı. Bu orkestrlərdə oxuyan xanəndələr üçüncü dərəcəli "sənətçilər" idi. İlham əsl vətəndaş kimi bu cür tədbirləri məqaləsində kəskin tənqid edirdi. Biz restorana daxil olanda orkestrin müşayiəti ilə çox şıdırığı bir rəqs gedirdi qonaqların çoxusu da oynayırdı. Biz şam yeməyimizi sifariş verib teatrlarımızdan repertuarımızdan söhbət edərkən heç özüm bilmədim gözüm orkestrə sataşdı. Onlar bir-bir durub səhnəni tərk edib yox olurdular. Mən xörəkpaylayan qadından orkestrin üzvlərinin getməsinin səbəblərini soruşanda o cavab verdi ki, İlham müəllimin bu gün qəzetdə dərc olunan məqaləsi onları qorxudub onun burda olduğunu görüb aradan çıxdılar.

Biz restorandan bayıra çıxanda saat gecə on ikiyə işləyirdi. Amma elə gözəl qar yağmışdı ki, elə bil Bakıya bir aydı qar yağır. Hava sakit olsa da göyün dərinliklərindən qar dənələri uçaraq üzümüzə qonurdu. O zaman İlham beşmərtəbə deyilən bina tərəfdə tutduğu kirayə evdə qalırdı. Mən onu yola salanda o tam ağarmış küçələrə baxıb dedi:

-Mən həmişə arzu etmişəm ki, bizim şəhərimiz, həyatımız bu qar kimi tər-təmiz, ağappaq olsun. Bunların üstündə heç bir ləkə olmasın.

Çox az bir müddət keçəndən sonra İlhamı "Azərbaycan" qəzetinə baş redaktor təyin etdilər.

Respublikamızın qabaqcıl adamları kimi İlham da həyatımızı saf və təmiz görmək ruhu ilə yaşayırdı. İlham o vaxt 1991-ci ilin noyabr ayında diqqət çəkən bir məqalə ilə çıxış etdi. O yazırdı ki, indi qəzet və televivziya ekranlarında "Azərbaycan dünya orbitində" ifadəsinə çox tez-tez rast gəlirik. Bu əslində arzuladığımızla gerçəkliyi qarışdırmaqdır. İkincisinin əvəzinə birincisini istifadə edirik. Yəni Dünyanı Azərbaycan orbitində göstəririk. Yəni, obrazlı desək, "Dünya aynasında" özümüzə baxıb varlığımızı daha dərindən dərk etməyə çalışırıq.

Sual olunur, gerçəklikdə Azərbaycan Dünya orbitinə çıxmışdırmı? Özünü təsdiq etmişdirmi? Lovğalıqdan, saxta milli qürur hissinin basqısından azad olub sərbəst düşünsək, etirafa məcburuq ki, yuxarıda verilən sualların cavabı bütünlükdə hələlik mənfidir. Əski siyasi dövlət sistemi ilə bağlı olan Azərbaycan bütün həqiqətləri və dəyərləri ilə dünya orbitinə çıxa bilməmişdir.

Vahid imperiya düçüncəsi çərçivəsində Azərbaycan dürüst tarixidən, gerçək milli təlabatlarından, meyillərindən və məqsədlərindən çıxış edərək, özünün bütün həqiqətləri ilə göstərə bilməzdi. Əlavə Azərbaycan respublikasının Dünya tarixində müstəqil tərzdə iştirakı haqqında yazılar da hələ yazılmayıb. Ona görə respublikamızın dünya səviyyəsində, bütün istiqamətlərdə (siyasi, iqtisadi, mədəni...) fəaliyyətinin əsas şərti və tələbləri haqqında indidən ciddi düşünməyə dəyər.

Biz texniki-iqtisadi, elmi, mədəni nailiyyətlərimizlə dünya səviyyəsinə çıxmalıyıq. Bacarığımızı, səriştəmizi, intilektimizi, yaradıcı potensialımızı təsdiq etməliyk. Bu müqəddəs işi bütövlükdə Azərbaycan xalqı, onun işgüzarlığı, məqsədyönlü qeyrəti, qabiliyyəti təmin və təyin edəcəkdir.

Azərbaycan bütün xalqlar və dövlətlər kimi buna layiqdir. Layiqliyini sübut və təsdiq üçün isə hər cür imkanı da var, gücü də, ağlı da, istəyi də...

Bütün bu arzular Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra inamla həyata keçirilməyə başladı.

Sanki görkəmli sənət bilicisi respublikamızın ən ağır anlarından belə bir xoş günə gəlib çıxacağını qabaqcadan duymuşdu. Onun arzuları həqiqətən həyata keçirildi.

 

AĞAKİŞİ KAZIMOV,

xalq artisti, professor

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

ədalət.-2017.-7 sentyabr.-S.7.