İZMİRAĞA TÖHMƏRLİ 65 YAŞINDAN KİMƏ NECƏ GÖRÜNÜR

 

Yaşasaydı, bu ilin sentyabrında 65 illiyini birgə qeyd edəcəyimiz istedadlı şair, təşəbbüskar müəllim, həvəskar jurnalist İzmirağa Töhmərlinin sağlığında 2 şeir kitabı ("Cızığımdan çıxmaram"-2002, "Mən belə yaşadım"-2005) nəşr olunmuşdu. Bir şeirində: "Bu dünyanı çox sevirəm, Çox yazmışam, hələ yazıram. Böhtan atıb şərləmirəm, Necə görürəm elə yazıram" - deyən İzmirağa müəllimin, müxtəlif illərdə yerli respublika mətbuatında 100-ə yaxın şeiri, 10-dan çox məqaləsi, bir neçə hekayəsi bir povesti dərc edilmişdi. Rəhmətlik 40 illik yaradıcı ömründə demək olar ki, bütün mövzularda vəznlərdə qələmini sınamış, özünəməxsus üslubu ilə uşağlı-böyüklü 20-dən çox adama şeir ithaf etsə , bildiyim qədərincə, ona sağlığında 6, vəfatından sonra da 3 şair şeir, elegiya, məqalə həsr etmişdi. Tanınmış şair Əjdər Ol İzmirağa müəllimin ilk kitabına (2002) yazdığı ön sözdə onu yaradıcılığını ümumən belə xarakterizə etmişdir: "Orta yaşında olan bu şair sadə, səmimi, duzlu-məzəli şeirlərilə seçilir. O, kəndçi gözüylə yaxşını yamandan, ağı qaradan seçməyə çalışır bunları bədii görüntüyə gətirir". Filologiya elmləri namizədi Akif Nəzərov isə mərhumun ikinci kitabına (2005) yazdığı " Sabir ədəbi məktəbinin layiqli davamçısı" adlı rəyini aşağdakı cümlələrlə bitirir: "Şairin hər şeirində bir həqiqət var bu həqiqətlər onun iti qələmi ilə cəsarət tapıb üzə çıxır. Həmişə ilhamın poetik həqiqətlərlə pərvazlansın, şair-vətəndaş!" Ömrünün son dövründə 2 ilə yaxın əməkdaşı olduğu "Şəfəq" rayon qəzetində dərc edilmiş 1-ci elegiya, mərhumla həmyaşıd məktəb yoldaşı olan Cəlaləddin Budadoğluna məxsusdur. "Vida nəqməsi-Əlvida qardaş" adlı bu yazıdan aşağıdakı sətirləri məxsusi olaraq diqqətinizə təqdim edirəm ki, İzmirağa müəllim haqda təsəvvürünüz bir az da zənginləşsin: "Qabarlı əllərin, zəhmətin olduğunu yaxşı bilirdi, halallıq üstündə köklənən sarı simə bənzəri vardı İzmirağanın", "İçində közü-közə calayıb qaladığı tonqalın, alovun bir gün özünü yandıracağından qorxmurdu İzmirağa", "İzmirağa Töhmərli şan-şöhrətə can atmadı, ucuz təriflərin ardınca qaçmadı. O, şəxsiyyət idi, təmiz saf insan idi, sadəliyi səmimiyyəti ilə bir çoxundan fərqlənirdi".

"Şəfəq" rayon qəzetinin 06.10.2012 tarixli sayında öz 60 illiyinə həsr etdiyi "Şeir məni arxamdan vurub!" adlı ərzi-hal yazısında "şair dostum" deyib adını çəkdiyi adamın, dünyasını dəyişəndən sonra arxasından sifarişli şəbədə-şeirlə vuracağını bilib-bildirmək istəyib sanki... "Şair İzmirağa Töhmərlinin dəfninə yazılan şeir" adlı 2-ci ithafın müəllifi həmin şair, məmur "dostu" Ramiz Qusarçaylıdır. AYB-nin ədəbi orqanı olan "Azərbaycan" jurnalının 12.2016-cı il sayında dərc olunan, İzmirağa Töhmərlidən, Talabıqışlaq kəndindən acıq çıxırmış, öc alırmış kimi yazılan bu şeir aşağıdakı misra ilə başlayır: "Səni basdırmağa gələn az idi," Dəfn mərasimində iştirak çıxış edən yoldaşları, qələm dostları hörmətli Qəhrəman Qasımov ("Şəfəq" qəzetinin baş redaktoru, AJB üzvü), Şixəmməd Seyidməmmədov ("Tərəqqi" qəzetinin baş redaktoru, "Gülüstan" ədəbi məclisinin sədri, AYB üzvü), Kərim Dünyamalı (yazıçı, tədqiqatçı, jurnalist, AYB üzvü), C. Budadoğlu (şair, tarixçi, sabiq polis zabiti, AYB üzvü) digər ( yoldaşları Nazim Məmmədov, Məzahir Məmmədov, qələm dostları Naməddin Mirzəxanlı, Abdulla Məmməd b.) iştirakçılardan aldığım məlumata görə (Ədəbi məclis AYB bölmə sədri kimi R.Qusarçaylının özünə çıxış üçün söz verilsə , nədənsə danışmağı lazım bilməyib...), dəfn mərasiminə 400-500 nəfərin qatılması, bu orta böyüklükdə kənd üçün nəinki az, tamamilə qənaətbəxş, normal sayılmalıdır. bu yubiley yazısında bütövlükdə təhlilə-tənqidə cəlb etmək istəmədiyimiz həmin şeir aşağıdakı iki misra ilə sonlanır:

"Şairi çörəyə oynayan Vətən,

Şairi öləndə yaxşı oynayır..."

 

Bütün Talabı-Töhmər kəndi və mərhum şairi yaxından tanıyanlar yaxşı bilir ki, halal və zəhmətkeş bir yaradıcı ziyalı olan İzmirağa müəllim ömrünün son illərində ehtiyac içərisində yaşamayıb (üzün müddət müəllim işləmişdi, kənddə təsərufat yaratmışdı, rayon qəzetində çalışırdı və s.) və heç vaxt da bir parça çörək üçün, bu şeiri yazan artist kimi min oyundan çıxmayıb. Sonrası da, 7 yerə bölünmüş, Qarabağı işğalda olan Vətən torpağı, dərdlərinin poetik tərcümanı olan şair oğlu öləndə niyə oynasın ki- bu misralardakı məsuliyyətsiz bənzətmə həm də Vətənə, Millətə sayğısızlıq ifadə etməkdədir. Öz ölümü üçün "Bilirsənmi mən öləndə/ Qəbrim üstə kim gələcək? Göy üzündən mələk-mələk/ Salameleyküm gələcək..." ("Azərbaycan" jurnalının həmin sayı-səh.85) yazan özünəvurğun şair-məmur, 20 ildən çox söz və çörək kəsdiyi, şəxsiyət və şairliyi bir-birini tamamlayan abırlı insan kimi tanıdığımız İzmirağa müəllimin ölümünü, ilhamının şeytani vəsvəsəsinə mövzu seçməkdən utanmadımı?! R.Qusarçaylının Quba Bölmə sədrliyi dövründə AYB üzvü ola bilməyən rəhmətlik İzmirağa müəllim, neçə illər "siyahıda növbədəsən" yalanına inanıb xəbər gözləyə-gözləyə ömrünü başa vurdu... "Şeir mənim qiyamətimdir" deyən və mərhum şair "dostu"nun dəfninə belə aşağılayıcı şeir ithaf edən, sağlığında aldadaraq yolunu bağlayan bu başabəla şair görəsən Qiyamət günü İzmirağanın qarşısına hansı üzlə çıxacaq...

Yuxarıda qeyd etdiyim jurnaldan əlavə, 2014-cü ildən bəri lent.az, kulis.az, türkmədəniyəti.com saytlarında, "Amal" dərgisində dərc etdirdiyi və şəxsi profilində paylaşdığı (üstəlik, bu il nəşr etdirdiyi "Gedəsən dünyanın axırınacan" kitabına da daxil etdiyi) 32 misralıq bu şər-şəbədə şeirin 16 misrası birbaşa mərhum şairin ruhuna hörmətsizlik, şəxsiyətinə təhqir və yaşadığı kəndə iftiralarla doludur. 10.09.1952 təvəllüdlü, 05.01.2014 tarixdə vəfat etmiş mərhum şairin tapdanmış hüququnu, hörmətini qorumaq, bərpa etmək daha çox ailəsinin, həmkəndlilərinin boynunun borcu olsa da, rəhmətliyi tanıyıb-tanımamasından asılı olmayaraq bütün vicdanlı qələm əhlinin, ilk növbədə də qubalı yazarların mənəvi görəvi olmalıdır-çünki, özünü müdafiə etməsi mümkün olmayan mərhum şairə və yaşadığı kəndə qarşı bu qaralama kompaniyası digər bir qubalı şair tərəfindən aparılır.

Poetik həyat tarixçəsi adlandıra biləcəyimiz "Mən belə yaşadım" şeirində İzmirağa müəllim öz ömrünü belə nəzmə çəkib: "Bütün dərslərdən beş almışam, təkcə ikiüzlülük, yaltağlıq "fənni"ndən kəsilmişəm. Dünyaya öz münasibətim, öz baxışım olub, Yarı dərviş, yarı vərdiş ömrü sürmüşəm. Sonuncu mənzilə gedən qatarda biletsiz sərnişinəm elə bil". Ölümünlə, səni "hərtərəfli dişinə çəkən həyatın sağlığında gördüyün hər üzündən" qurtulsan da, "vəsiyyətə vaxtın olmadığı" üçün, dırnaqarası dostların dilinə-dişinə düşmək üzsüzlüyündən qurtula bilmədin beləcə... Bugünlərdə bir daha yəqin etdim ki, toplumda törədilən pisliklərin artıb çoxalmasında pislərdən daha çox, problemləri aradan qaldırmaq yönündəki fikir fərqlərinə görə birləşə bilməyən, törədilmiş pisliklər nəticəsində birbaşa şəxsinə ziyan dəymədikcə qarşısını almaq üçün hərəkətə keçməyən yaxşılar (daha doğrusu, özlərini yaxşılardan sayanlar) günahkardır. Ürəyini təkcə vərəqlərə boşaltmağla kifayətlənməyən İzmirağa müəllim bir şair və ziyalı kimi, imkanı dairəsində haqqın tərəfində, haqlının yanında durmağı bacaran kişilərdən idi. Allah ona qəni-qəni rəhmət eləsin, qədrini bilib hörmətini saxlayanlara da can sağlığı versin ki, ara-sıra yaradıcılıq nümunələrindən dərc etdirərək gələcək nəsillərə də ərməğan edə bilsinlər...

 

Ədalət $g 2017.- 9 sentyabr.- S.13.