AZƏRBAYCAN
QƏZƏLİ
ƏDƏBİ
HƏYAT
I yazı
Sözün mənşəyi. Qəzəl necə yarandı? Qəzəlin tərifi.
Qəzəl ərəb sözüdür - "Ərəb və fars sözləri lüğəti"ndə (Bakı, 1967) oxuyuruq: "Qəzəl, ğəzəl (ərəb) 1) lirik şeir; 2) qadınlara nəvaziş etmə, eşqbazlıq, müaşiqə. Lüğətdə bu məfhumla bağlı daha iki sözə diqqət yetirək: Qəzəliyyat: 1) qəzəllər 2) bir şairin qəzəllər külliyyatı. Qəzəlxan: qəzəl oxuyan, məcazi mənada isə ahəngdar. Zənnimcə, sözün mənşəyi haqda bu qədər yetər.
Bəs qəzəl necə yaranıb? Təbii ki, onun vətəni Ərəbistandır.
Qəzəlin yaranması barədə Avropa və Şərq alimlərinin, o cümlədən, bizim ədəbiyyatşünasların müxtəlif fikirləri ilə tanışıq və bu fikirləri qısaca da olsa, xatırlatmaq istərdik. Müraciət etdiyimiz əsas mənbə mərhum professor Azadə xanım Rüstəmovanın "Klassik Azərbaycan poeziyasında qəzəl" əsəridir ki, Azadə xanım özü də bu tədqiqatında ərəb, fars, rus, Avropa tədqiqatçılarının əsərlərinə istinad etmişdir. Həmin mülahizələri aşağıdakı şəkildə qruplaşdıraq .
1. Tədqiqatlardan məlum olur ki, VII əsrə qədərki ərəb poeziyasında qəzəl adlı müstəqil bir şeir növü olmayıb (İ.Y.Kraçkovski, İ.M.Filşminski). Qəzəlin qəsidədən "doğulduğunu" sübut edən mülahizələr ədəbiyyatşünaslıqda geniş yer alıb. Öncə qəsidədən başlayaq. Professor Əziz Mirəhmədovun tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə oxuyuruq: "Qəsidə Şərqdə çox geniş yayılmış lirik şeir formalarından biridir. Əsasən mədhiyyə məqsədilə yaradılır. Bir çox qəsidələrdə əsas mətləbə keçməzdən əvvəl müxtəsər müqəddimə verilir. Bu müqəddimə "afaqi", yəni bahar, xəzan ıə s. b. k. məzmunda olduqda Təşbib, aşiqanə məzmunda olduqda isə Nəsib adlanır". İran ədəbiyyatşünası Şibli Nemani isə belə fərz edir ki, qəsidədən lirik hissə ayrılan kimi qəzəl oldu, sanki qəsidə ağacından cavan zoğu kəsib ayrıca əkdilər.
Qəzəlin qəsidənin nəsib hissəsindən yarandığını digər alimlər də təsdiq edir. Ancaq bu mülahizəyə qismən əks olan başqa bir mülahizə də var - tacik alimi A.Mirzoyevin fikrincə, VII-VIII əsrlərdə ərəb poeziyasında müstəqil inkişaf yolu keçirməyə başlayan qəzəl ədəbiyyatı müəyyən mənada İran xalqları ədəbiyyatından qidalanmışdır. Bu fikri Y.E.Bertels, İ.Y.Kraçkovski və A.Rüstəmova da təsdiqləyir. Deməli, qəzəlin yaranmasında İran təsiri də olmuşg
2. A.Rüstəmova İ.Y.Kraçkovskiyə istinad edib yazır ki: "Ərəb ədəbiyyatında ilk qəzəlxan şair Ömər ibn Əbu Rəbiə (655-712) sayılır. Bu yalnız o mənada həqiqətə yaxın görünür ki, Ömər, yaradıcılığında qəsidəyə yer verməmiş, o, bütün istedadını gözəllərin və məhəbbətin vəsfinə həsr olunmuş yığcam, 6-8 beytlik qəzəllər qoşmağa sərf etmiş və ərəb qəzəl ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır".
3. Qəzəlin bütün dövrlərdə başlıca mövzusu məhəbbətin tərənnümü olmuşdur. Tədqiqatlarda orta əsrlərdə qəzələ verilən ilkin təriflərə müraciət edək. "Qəzəl-g bu, məhz məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir" (Qüdamə ibn Cəfər-"Nəqd-əş-şeir" əsəri, IX-X yüzillik). "Bir çox şairlər sevgilinin gözəlliyinin təsvirini, məhəbbəti və eşq vəziyyətinin təsvirini qəzəl adlandırırlarg Qəzəldən məqsəd ruhun təskinliyi və xoş əhval oyatmaqdır. Ona görə də qəzəl ahəngdar vəzndə, aydın və gözəl sözlərlə yazılmalı, nəcib fikirlər ifadə etməlidir" (Şəms Qeys Razi-XIII əsr). "Bil ki, qəzəl lüğəti mənada qadınlara məhəbbət izhar etməkdir" (Qəbul Məhəmməd (XV əsr).
Əlbəttə, sonrakı əsrlərdə qəzəl təkcə məhəbbət mövzusu ilə məhdudlaşmamış, dini, fəlsəfi, ictimai motivlərlə də zənginləşmişdir. Bunu klassik poeziyamızın timsalında daha bariz şəkildə izləyə bilərik - Nəsimi qəzəlləri hürufi-təsəvvüfü, Xətai qəzəlləri şiəlik-qızılbaş, Raci, Qumru qəzəlləri dini, Seyid Nigari qəzəlləri nəqşbəndlik-təriqət çalarları ilə köklənmişdi. Amma onların qəzəl yaradıcılığında məhəbbət mövzusu heç də ikinci dərəcəli mövzu olmayıb. Qəzəldə ürfani görüşlərin əksini isə Füzulidən başlamış Nəbatiyə qədər bütün klassik şairlərimizin yaradıcılığında izləyə bilərik.
4. Qəzəlin quruluşuna gəldikdə isəghələ XV əsrdə Qəbul Məhəmməd yazırdı: "İstilah kimi isə - bu vahid vəzn və qafiyə ilə birləşən bir neçə beytdir. Bu beytlərdə birincisində hər iki misra qafiyələnir və bu birinci beyt "mətlə", yaxud "məbdə" adlanır. İkinci beyt əgər onun hər iki misrası həmqafiyədirsə, "gözəl mətlə" adlanır. Axırıncı beyt "məqtə", yaxud "xatimə" adlanır (qəzəlin həcmi 12 beytdən yuxarı olmasın gərək)gQəzəl (istər vüsal, istərsə də fəraq səhnəsini təsvir etsin)- bir mövzu ilə başlayıb, onunla bitməlidir. Qəzəldə süst beytlər olmamalıdır. Hər beyt özündən əvvəlkindən seçilməli və möhkəm fərqlənməlidir". Bir misal gətirək:
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
Olduqca mən götürmə bəladən iradətim,
Mən istərəm bəlanı, çü istər bəla məni!
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta dust tən edib deməyə
bivəfa məni!
Getdikcə hüsnün eylə
ziyadə nigarımın,
Gəldikcə dərdinə betər
et mübtəla məni!
Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!
Nəxvət qılıb nəsib
Füzuli kimi mənə,
Ya Rəbb, müqəyyəd
eyləmə mütləq
mana məni!
Qəzəlin keçdiyi tarixi yol. Azərbaycan poeziyasında
yeri, mövqeyi
1. Əksər tədqiqatçılar
Azərbaycan poeziyasında
ilk qəzəl nümunələrinin
yaranmasını XI əsrin
görkəmli şairi
- Qətran Təbriziyə
(1012-1088) aid edirlər. Onun Azərbaycan
dilində əsərlər
yazması barədə
Nasir Xosrov Ələvinin "Səfərnamə"
əsərində məlumat
verilsə də, bu əsərlər elm aləminə məlum deyil. Qətran da bir çox
müasirləri kimi fars-dəri dilində şeirlər yazmışdır
və ümumiyyətlə,
Azərbaycan poeziyasının
XIII əsrə qədərki
mərhələsi məhz
fars və
ərəb dillərində
yazılan əsərlərdən
ibarətdir. Ona görə də
qəzəlin İzzəddin
Həsənoğluya qədərki
dövrünü "Fars-ərəb
dilli qəzəl mərhələsi" adlandırmaq
doğru olar. Qətran Təbrizinin qəzəllərinə
gəldikdə isə
bunlar bitkin, sırf qəzəl adlandırıla bilməz.
Qətran qəsidə ustası
idi, bu qəsidələrin
əksəriyyəti mədhiyyələr
idi. Bu qəsidələrin
"nəsib" hissəsi
ya təbiət təsvirləri, ya da məhəbbətin, gözəlin tərənnümü
ilə bağlı idi. Deməli, XI əsrdə hələ
qəzəl müstəqil,
ayrıca bir şeir növü kimi formalaşmamışdı.
Bunu bir də ondan
bilirik ki, Qətranın qəzəl-nəsiblərində
təxəllüs işlədilməmişdi.
Azərbaycan poeziyasında XII əsr qəzəlin inkişafında
yeni üfüqlər
açır. Nizami, Xaqani, Fələki, Mücirəddin Beyləqani,
Qivami Mütərrizi,
Əbülüla Gəncəvi
fars dilində gözəl qəzəllər
yazır və bu şeir forması
poeziyada tədricən
aparıcı mövqeyə
malik olur.
XII əsr poeziyası,
bu poeziyanın görkəmli nümayəndələri
haqqında yazılan tədqiqat əsərlərində
qəzəldən də
söz açılır,
lakin Azadə xanımın tədqiqatı
istisna olunmaqla qəzəlin nə tarixi inkişaf mərhələləri, nə
də poetikası xüsusunda sanballı bir tədqiqata rast gəlmirik. Sadəcə olaraq ayrı-ayrı şairlərin qəzəlləri
təhlilə cəlb
edilir. Azadə xanımın tədqiqatında
isə janrın tarixi və poetikası yalnız
XII-XVI əsrləri əhatə
edir.
XII əsr Azərbaycan
qəzəli bir çox xüsusiyyətlərinə
görə sonrakı
inkişaf mərhələləri
üçün stimula
çevrilir. Qəzəlin texniki ünsürü-təxəllüs
vermək (ilk dəfə
Xaqanidə) artıq qanuni hala keçir.
Amma ilk növbədə, qəzəldə
ifadə olunan məzmun-tematika genişliyini
qeyd edə bilərik. Məhəbbətin,
eşqin ali
bir hiss kimi tərənnümü, romantik
həyatın təsviri,
fəlsəfi-ictimai motivlər
qəzəlin başlıca
mövzusuna çevrilir.
Bununla bahəm, qəzəldə
poetik ustalıq, klassik Şərq şeirinə məxsus obrazlılığın təcəssümü
xüsusilə diqqəti
cəlb edir. Azadə Rüstəmovanın
belə bir fikri ilə razılaşırıq ki:
"XIII-XIV əsrlərdə fars dilində yazılmış qəzəllərin
ən böyük ustadlarından sayılan Sədi və Hafizdən hələ xeyli əvvəl qəzəl janrı "Azərbaycan məktəbi"
şairlərinin yaradıcılığında
öz inkişaf formasını tapmışdı.
Nəinki Xaqani, onun digər müasirləri - Fələki
Şirvani, Mücirəddin
Beyləqani, Qivami Mütərrizi sənətində
də qəzəl bir janr kimi
bitkindir".
Fars dilində yazılsa da, istər Nizaminin, istərsə də Xaqaninin əksər qəzəlləri
bizitm mütərcimlər
tərəfindən ustalıqla
tərcümə edilib
və bu da onu sübut
edir ki, orijinalın özü yüksək şeir nümunəsidirsə, onu
istənilən dilə
tərcümə etdikdə
itkisi az olur, hətta ustad mütərcim qələmində orijinala
bərabər olur.
Məsələn, Nizaminin "Ay üzlü nigarım, kimə mehman olacaqsan", "Gördün nə bəla çəkdi başım eşqin ucundan", "Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz", "Gözüm aydın, gözümə surəti-canan görünür", "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi", "Yol çətin, aləm qaranlıq, atını bir yana çək" (tərcümələr Cəfər Xəndanındır), "Hüsnün gözəl ayətləri, ey sevgili canan" (tərcümə Nigar Rəfibəylinindir), "Saçların dağınıqmıdır, dünyamı, ya karım mənim", "Sərxoşluq edən dövlət, hüşyar olacaq bir cün" (tərcümələr Ə.Vahidindir) misraları ilə başlayan qəzəllər mütəxəssislərin fikrincə, Azərbaycan tərcümə sənətinin qiymətli inciləridir və bunların alternativi (ikinci tərcüməsi) yoxdur. Varsa da, bəlkə o səviyyəyə çata bilməz. Eyni fikri biz müəyyən istisnalarla Xaqaninin qəzəllərinin tərcüməsi barədə də söyləyə bilərik.
Nizami və Xaqaninin qəzəlləri Azərbaycan şeir mədəniyyətinin o dövrdəki inkişaf səviyyəsini maksimum dərəcədə əks etdirir. Qəzəllərdə mövzu vəhdəti, bitkin kompozisiya, beytlərarası məntiqi bağlılıq, romantik pafos, reallıq hissi o qədər qüvvətlidir ki, bunların hər birini bir sevgi nağılı adlandırmaq olar. Azadə xanımın təbirincə desək, bu qəzəllərin hər birində "mən"in iç dünyası haqqında bir hekayət dinləyirik.
Eşqiylə Məcnun etmiş məni bir huri misal,
Hər dəm onun əlindən görməkdəyəm min zaval.
Zülfünün hər kəməndi səbrimi saldı bəndə,
İmanı aldı əldən üzündəki qarə xal.
Ah, nə qədər ağırdır xasiyyəti dilbərin,
Doğrudan, çox pis oldu bizə üz verən bu hal.
Gəldi mənim yanıma bu gün pərişan kimi,
Yandım
ona ürəkdən,
verdim belə bir sual:
-Ey nazənin nigarım, bu ağlamaq nədəndir?
Dedi ki: sənsiz olmuş ürəyim pəjmürdə hal.
Ya Rəbb, bu hal
nə haldır, kim görsə
bu camalı,
Hər gözdə
ayrı rəngdə cilvələnər bir xəyal.
Xaqani, afərin de yaradana, gör necə
Sudan, torpaqdan belə
yaratmış hüsnü-camal.
Bu qəzəli Xaqani
yaradıcılığının tədqiqinə bir ömür sərf etmiş Məmmədağa
Sultanov tərcümə
etmişdir.
(ardı
gələn sayımızda)
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət.-2017.-16 sentyabr.-S.15.