QARAKÖPƏKTƏPƏ
ABİDƏSİ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Azərbaycan tarixinin hər bir səhifəsi təkcə adıyla deyil, həm də tariximizin bir zaman kəsiyini özündə yaşadığı üçün həmişə maraq doğurub, diqqət çəkib. Heç də təsadüfi deyil ki, bir coğrafi ərazi olaraq Azərbaycan zaman-zaman qonşu dövlətlərin, ümumiyyətlə, işğala maraqlı olan qüvvələrin üz tutduğu məkan olubdu.
Yəni istər monqol, istər ərəb, istər rus və digər xarici işğalçı qüvvələr bu torpaqlara etdikləri həmlələr zamanı tariximizin müəyyən hissələri talan və məhv etsələr də, amma bütöv bir tarixi silə bilməyiblər. Çünki o tarixin özülü dərin, sütunları möhkəm olubdu. Doğrudu, müəyyən aşınmalar, müəyyən sapmalar baş versə də, amma onu bütünlüklə yeniləmək, yenidən yazmaq halları baş tutmayıb. Bu isə xalqın həm qədimliyinin, həm də iradəsinin göstəricisidir.
Bu gün işğal altında olan torpaqlarımızdakı maddi mədəniyyət nümunələrinə, tarixi abidələrə diqqət yetirəndə həmin o öncədən söylədiyimiz fikirlərin bir daha şahidinə çevrilirik. Özü də içərisində olduğumuz əsrin elmi-texniki tərəqqisi, bu tərəqqinin ortaya qoyduğu nailiyyətlər və baş verənləri həmin an sənədləşdirmək, tarixləşdirmək mümkün olduğu məqamda düşmənin Azərbaycan tarixinə məhvedici zərbələr vurmaq istəyi, üstəlik onu özününküləşdirmək cəhdi son dərəcə gülünc olsa da, həm də düşündürücüdü. Yəni bu tarixi abidələr, bu torpaqlar birmənalı şəkildə xilasını gözləyir. O xilasın da reallaşması üçün biz tariximizi də, gücümüzü də hər gün, hər an öyrənməli, səfərbər etməliyik.
Bəli, işğal altında olan Füzuli rayonunda kifayət qədər tarixi abidələr mövcuddur. Hər birinin yaşı 100 illikləri ötüb keçən bu abidələrin təkcə adlarına diqqət yetirsək, onda görərik ki, bu ərazilərdə bizim tariximizin yaşı neçə min illərdir. Bizim tarix yazmaq qabiliyyətimizin ömrü neçə min illərdir. Təbii ki, yeniliklərin soraqçısı olan həmin tarixi abidələrin yaddaşlardan tarix kitablarına köçürülməsi, onların maketlərinin hazırlanıb həm ölkənin, həm də dünyanın böyük muzeylərində nümayiş etdirilməsi işğal altında olan torpaqlara diqqət yönəltmək baxımından çox maraqlı iş olardı. Bu mövzu yəqin ki, əlaqədar qurumların diqqətini çəkəcəkdir.
Bu gün isə həmin abidələrdən biri olan Qaraköpəktəpə barəsində mülahizələri dilə gətirirəm.
Qədim Qarabağ abidələrindən biri olan Qaraköpəktəpə Füzuli rayonu ərazisində, Füzuli şəhərinin mərkəzinə yaxın bir ərazidə yerləşir. Bu tarixi yer həm də Füzuli rayonu ərazisindən keçən Köndələnçayının sahilində bərqərar olub. Yəni Füzuli şəhərinə daxil olan Bakı-Ağdam-Füzuli yolunun üstündə yerləşir. Ona görə də həmin istiqamətdən Füzuli şəhərinə gələn hər kəs öncə Köndələnçayını keçir, sonra da Qaraköpəktəpə abidəsini seyr etmək imkanı qazanır.
Maraqlıdır ki, konusvari bir şəkildə görünüşü olan Qaraköpəktəpə abidəsi və buradan axtarışlar zamanı tapılmış mühüm materiallar abidənin çox qədimliyindən xəbər verir. Hətta araşdırmaçılar, xüsusilə arxeoloqlar sübut edirlər ki, bu tarixi abidə eneolit dövrünə aid olmaqla orta əsrlərə qədər çox böyük bir önəmi özündə ifadə etmişdir. Bu da alimlərə imkan verir ki, burada qazıntılar aparsınlar və tariximizə yeni töhfələr versinlər.
Tarixçi almilərimizin gəldikləri nəticəyə görə, təbii ki, bu nəticə də aparılmış qazıntılar zamanı tapılıb çıxarılmış maddi-mədəniyyət nümunələri əsasında verilibdi, Qaraköpəktəpə abidəsinin adı qədim türk sözü olmaqla hündür, ulu təpə mənasını verir. Bu, müəyyən mənada həm də böyük, ulu təpə deməkdir.
Çünki qara sözü özündə böyüklüyü ehtiva edir. Məhz bu hündür ulu təpə mənasını verən Qaraköpəktəpə ərazisi dəniz səviyyəsindən 50 metr hündürdür. Bu da onun kənardan diqqəti çəkməsinə imkan verən şərtlərdən biridir. Hətta bu yer barəsində, bu təpə haqqında Azərbaycanın böyük aydınlarından biri olan Abbaqulu Ağa Bakıxanov özünün məşhur "Gülüstani-İrəm" əsərində də geniş məlumat veribdi. Və burda maraqlı məqam da ondan ibarətdir ki, Abbaqulu Ağa Bakıxanov öz əsərində bu yeri həm Qaraköpəktəpə kimi, həm də Təxti-Tavus kimi də qeyd edibdi. Bunun da bir mənası yəqin ki, həmin təpəni müəyyən mənada taxt anlamını özündə ifadə etməsidi.
Elə buradaca onu da xatırlatmaq yerinə düşər ki, Qarabağın tarixilə bağlı özünün axtarışları və əsərlərilə həmişə diqqəti çəkmiş tanınmış tarixçi, Qarabağşünas Mirzə Adıgözəl bəy də özünün "Qarabağnamə" əsərində bu məkana diqqət ayırmış və təkrar-təkrar Qaraköpəktəpə barəsində fikirlər səsləndirmiş, elmi bilgilər vermişdi. Bu da müasir tarixçilərimizə, xüsusilə Qarabağ tarixini öyrənənlərə dəyərli bir elmi mənbə kimi istinad nöqtəsi olmuşdu.
Vurğulamaq yerinə düşər ki, həm Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm"ində, həm də Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində dəfələrlə adı vurğulanan, barəsində elmi bilgilər verilən Qaraköpəktəpə Azərbaycan alimləri ilə yanaşı, digər millətlərin, yəni xarici ölkə alimlərinin də diqqətindən kənarda qalmayıbdı. Buradaca xatırlatmaq istərdik ki, Qaraköpəktəpədə ilk elmi araşdırmaları alman əsilli həvəskar arxeoloq E.A.Resler aparmışdı. Onun bu ərazidə apardığı qazıntılar, araşdırmalar rus alimlərinin də diqqətini özünə çəkmiş və Moskva İmperator Arxeolojinin üzvü olmuş tanınmış alimlərdən, arxeoloqlardan biri olan rus arxeoloqu A.A.İvanovski də Qarabağa səfər etməklə Qaraköpəktəpəsində olmuş və bu coğrafi məkanın dəqiq ölçülərini müəyyənləşdirə bilmişdi. Təbii ki, bu, Qaraköpəktəpənin bir tarixi abidə kimi öyrənilməsi istiqamətinda atılan ilk addımlardan sayılmalıdır.
(Ardı var)
Babək ƏBÜLFƏTOĞLU
Ədalət $g 2017.- 28 sentyabr.-
S.7.