TƏMİZDİR VİCDANI, UCADIR ADI...

 

Professor Qəzənfər Paşayev... Bu imza çoxlarına tanışdır, doğmadır. Özü də təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarlarda da. Və bu məşhurluğu ona qazandıran, məncə, təkcə ölkəmizin tanınmış alimlərindən biri olması deyil. Həm də bütöv ŞƏXSİYYƏT və sözün əsl mənasında böyük KİŞİ olmasıdır.

"Qabusnamə"də deyilir ki, "adamların yazığı odur ki, alim olsa da, heç kəs onun görüşünə getməsin". Bu mənada, Qəzənfər müəllim xoşbəxt insandır. Çünki onun görüşünə gələnlər çoxdur. Bu da ondan irəli gəlir ki, o, xeyirxahdır, qayğıkeşdir, yolgöstərəndir, ən başlıcası isə dinləməyi bacarandır. Ümid yeridir, güman yeridir. Bir dərdi olanlar da, hər hansı bir problemini çözməkdə çətinlik çəkənlər da ona üz tutur, dərdini ona danışır. Unudulmaz Xalq şairi Zəlimxan Yaqubun sözləri ilə desək, "az dərdini özgələrlə bölüşən, çox dərdini" gəlib ona danışır. Dəfələrlə olub ki, bir dəyərli məsləhətə ehtiyacım olanda, yaxud kimdənsə bir yersiz biganəlik, laqeydlik görəndə mən özüm də Qəzənfər müəllimə üz tutmuş, ondan məsləhət alıb, onun təskinedici söhbətindən sonra bir daha inanmışam ki, doğrudan da, dünya yaxşılardan xali deyilmiş.

Başqasının uğuruna sevinməyi bacarır. Bunun dəfələrlə şahidi olmuşam. Qəzetdə çıxan bir məqaləmi oxuyanda, yaxud televiziyada bir çıxışımı görəndə zəng edib xoş sözlər söyləyir.

Onu bircə dəfə də olsun qaş-qabaqlı görməmişəm. Yaxşı bilir ki: "Adam nə qədər hikmət sahibi olsa belə, qaş-qabağını tökdükdə onun nə hikmətində hikmətlik qalar, nə sözündə gözəllik" ("Qabusnamə"). Onunla söhbət adama güc verir, özünə inamını artırır, yaradıcılıq üçün stimul yaradır.

Yaxşı yadımdadır, 2011-ci ilin sentyabr ayı idi. İctimai televiziyanın "Ozan məclisi" verilişinin Xalq şairi Zəlimxan Yaquba həsr olunmuş buraxılışı çəkilirdi. Professor Qəzənfər Paşayev Xalq şairi Nəriman Həsənzadə ilə birlikdə mən verilişə dəvət olunmuşdum. Çəkilişdən sonra Qəzənfər müəllim mənə dedi: "Musa müəllim, doğrudur, indiyədək Zəlimxan Yaqub yaradıcılığından çox yazılıb, dissertasiyalar müdafiə olunub. Ancaq sənin bu verilişdəki çıxışından sonra görürəm ki, şairin yaradıcılığı hələ tədqiqata tam cəlb olunmayıb. Baxıram, sən Z.Yaqubun yaradıcılığına yaxından bələdsən, gəl sənə bir dissertasiya mövzusu təsdiq edək, elmi rəhbərin özüm olum, işə başla".

O gündən sonra hər görüşümüzdə Qəzənfər müəllim soruşurdu ki, dissertasiya üzərində işləyirsənmi? Doğrudur, mən yaşla əlaqədar gec olduğunu düşünüb dissertasiya müdafiə etmək fikrində olmadım, amma Qəzənfər müəllimin məsləhətini unutmadım. Zəlimxan Yaqubun əsərlərinin 13 cildlik külliyyatını nəşrə hazırlamaq mənə onun yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı verdi bir monoqrafiya üzərində işləməyə başladım. Nəhayət, özünün xeyir-duası ilə yazmağa başladığım monoqrafiyanı 2014-cü ilin sonlarında yekunlaşdırıb Qəzənfər müəllimdən xahiş etdim ki, bir mütəxəssis kimi fikrini bildirsin. Sağ olsun, işinin çoxluğuna baxmayaraq qısa müddətdə monoqrafiyanı oxuyub fikrini bildirdi, üstəlik "Zəlimxanın poetik aləminə səyahət" sərlövhəli 20 səhifəlik dərin məzmunlu ön söz yazdı. Beləcə, qayğısı sayəsində ərsəyə gələn "Sözün Zəlimxan zirvəsi" adlı kitabım onun redaktorluğu yazdığı ön sözlə 2015-ci ilin yanvarında - şairin 65 illik yubileyi ərəfəsində işıq üzü gördü.

Qəzənfər müəllim sözündə dəqiq diqqətcil adamdır. Boşuna söz verməz, söz verdisə, mütləq yerinə yetirər. Eyni zamanda söhbətindən doyulmayan səmimi həmsöhbət yaxşı yol yoldaşıdır. O, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin ən fəal üzvlərindən biri folklorumuzun, xüsusilə aşıq sənətinin dərin bilicisi, tədqiqatçısı təbliğatçısıdır. Aşıq sənətinə dair sanballı tədqiqatları var. Dəfələrlə tədbirlərimizin aparıcısı olub. Ayrı-ayrı rayonlarda keçirdiyimiz tədbirlərə gedərkən onunla yol-yoldaşı olmuşam. 2014-cü ilin noyabrında respublikamızda keçirilən II Beynəlxalq Aşıq festivalı zamanı onunla rayonlara bir həftəlik səfərimiz isə həyatımın ən gözəl günləri kimi yaddaşımdan heç vaxt silinməz. Bu səfərlərdə bir daha onun bir şəxsiyyət kimi böyüklüyünün şahidi oldum əmin oldum ki, Esxilin dediyi "Müdrik çox bilən deyil, biliyi xeyirli olan adamdır" kəlamı elə Qəzənfər müəllim kimi kişilərin boyuna biçilib.

Hər kəlməsində böyüklərə məhəbbət, gənclərə qayğı olan Qəzənfər müəllim həm qədirşünaslığı ilə bir örnəkdir. Bu günlərdə İctimai televiziyanın "Yadigarlar" verilişinin böyük dilçi alim, akademik M.Şirəliyevə həsr olunmuş buraxılışında Qəzənfər müəllimin çıxışını dinləyərkən bunun bir daha şahidi oldum. İlahi, insan öz müəllimi haqda necə böyük məhəbbətlə danışarmış!

Qəzənfər müəllim paxıllıqdan, dedi-qodudan, qeybətdən uzaq adamdır. Kiminsə haqqında pis danışdığını görməmişəm. Nizami Gəncəvi demiş, pisin haqqında pis danışmaz. Elə buna görə vicdanı təmiz, adı isə həmişə ucadır.

Elin hörmətini məhəbbətini qazanmayan heç kəsi özünün yazdığı, haqqında yazılan qalın-qalın kitablar yaşada bilməz. Ən böyük alim, ən böyük elm adamı həm elin adamı olmağı bacaranlar, ən böyük mükafatı el sevgisi olanlar, elmindən başqalarına fayda verənlərdir. Burda İmam Qəzalinin bir fikrini xatırlamamaq olmur: "Qiyamət günü ən böyük iztirabı Allahın verdiyi bilikdən istifadə etməyən alim çəkəcək". Qəzənfər müəllim bu baxımdan da xoşbəxt taleli insandır. Çünki alimliyi ilə insanlığı bir-birini məntiqi şəkildə tamamlayan el elm adamıdır.

Elimizin elmimizin müdrik ağsaqqalı Qəzənfər müəllimi anadan olmasının 80 illik yubileyi münasibəti ilə təbrik edir Allahın ona bəxş etdiyi bu şərəfli ömrü bundan sonra da ağrısız-acısız yaşamasını, ağsaqqal öyüd-nəsihətləri, dəyərli məsləhətləri xeyirxahlıqları ilə hər zaman onu sevənlərlə olmasını arzulayıram.

Musa NƏBİOĞLU,

Azərbaycan Aşıqlar

Birliyinin katibi,

Əməkdar Mədəniyyət İşçisi

 

Ədalət  2017.- 12 sentyabr.- S.5.