MÜHACİR
ŞAİR
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Cəmiyyətin məcmuəsində "Hindli qız", "Qərbə","Nəriman", "Şərqə", "Yarın", "Ey Hindistan" və s. şeirləri dərc edilir. Nəriman Nərimanovun Moskvada müəmmalı ölümü çoxları kimi gənc şair Almas İldırımı da narahat edir. "Nəriman" şeirində o böyük şəxsiyyətin ölümü ilə əlaqədar:
"Ətrafımız olsa zalımla dolu,
Yenə izləyirik getdiyin yolu"
- deyə, Azərbaycan xalqının narahatlıq və üzgünlük duyğularını cəsarətlə ifadə edirdi. 1926-cı ildə bu cəmiyyət fəaliyyətini dayandırır, adını dəyişdirib "Qızıl Qələmlər İttifaqı" adlandırır. Şair cəmiyyətin orqanı olan "Ədəbi parçalar" məcmuəsində qırmızı imperiyaya xitabən yazırdı:
Ey qızıl qan, ölüm saçan qüvvət
Nə rəzil, kirli şöhrətin vardır;
Varlığından usandı hər xilqət,
Hakimin qanlı
diplomatlardır.
Almas İldırım ali təhsil almağa da xüsusi həvəs göstərir. Fars və rus dillərini
yaxşı bildiyindən
1927-ci ildə sənədlərini
Azərbaycan Dövlət
Universitetinə (indi
BDU) verir, qəbul imtahanlarından yüksək
qiymət alaraq universitetin şərq fakültəsinin filologiya
bölümünə daxil
olur. Çox çəkmir ki, onu bu ali təhsil ocağından xaric edirlər. Səbəbi də bu olur ki, guya,
onun atası tacir imiş. Həqiqətdə isə
atası Əbdülməhəmməd
kişi Çəmbərəkənddə ailəsini kiçik alış-verişlə güclə
dolandırırdı. Almas İldırımın
universitetdən xaric edilməsindən çox
məyus olsa da, yığıncaqlarda,
müzakirələrdə öz
mübariz ruhlu şeirləri ilə çıxışlar edirdi.
"Yaşıl yarpaq"dan, Azərbaycan Ədəbiyyatı
Cəmiyyətindən və
M.Ə.Sabir adına
Dövlət Kitabxanasında
fəaliyyət göstərən
"Kitab Dostları Cəmiyyəti"ndən keçən
yol onu dostu
Süleyman Rüstəmin
vasitəsi ilə
1928-ci ildə təsis
olunmuş Azərbaycan
Proletar Yazıçıları
Cəmiyyətinə gətirib
çıxarır. Bu cəmiyyətə
məcburiyyət qarşısında
üzv olan Almas İldırım çox keçmir ki, dostu Süleyman
Rüstəmlə müştərək
çap etdirdiyi "Dün bu gun"
(1926-cı il) adlı məcmuədəki
və digər bu kimi şeirlərində
səsləndirdiyi fikirlərə
görə topa-tüfəngə
tutulur. Hətta onun Əhməd
Cavadla, Hüseyn Cavidlə dostluğuna qısqanclıqla yanaşanlar
da olur. Nəticədə 1928-ci ildə
Dövlət Siyasi İdarəsinin (Az.QPU) əli
ilə 22 yaşlı
gənc şair "özünü düzəltmək",
"səhvlərini başa
düşmək" üçün
Dağıstana sürgün
edilir.
Sürgünə göndərilən Almas
İldırımın yaxın
dostu kimi tanınan və "qızıl qələmi"
ilə öyünən
şair Süleyman Rüstəm az sonra - "Kommunist" qəzetinin 3 noyabr 1929-cu il tarixlı sayında "Sükut edə bilməriz" adlı məqaləsində
yazırdı: "Yazıçılar
arasında müsavatçılara
aşiq və Türkiyə casuslarının
həqiqi şagirdi bulunan A. İldırımın
da yer almış
olduğu meydana çıxmaqdadır. Bunlar Ə.Cavad
və H. Cavidlərin yolçusudurlar. Milli ədəbiyyat
yaratmaq məqsədilə
qəmli mərsiyələr
yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı
təmizləməliyik".
Qəriblik görməyən şairi
Dərbənddə məmnun
edən başlıca
məqam o oldu ki, bu şəhərdə
yaşayıb işləməsinə
pis münasibət göstərmədilər. Hərdən
üç tərəfi
dağlara, bir tərəfi Xəzərə
dirənən Dərbəndin
dənizli sahillərinə
gəlir, şahə qalxan ləpələrdə,
cənub küləyinin
əsimində sanki Dağlı məhəlləsindən
(indi Dağüstü
parkda "Gülüstan"
sarayının ərazisində)
üzü Xəzərə
baxan həyətlərinin,
Şüvəlandakı bağlarının
havasını alır,
uşaqkən həmyaşıdları
ilə yayda dənizə çimərliyə
getmələri və
s. gözləri önündə
canlanırdı...g
Qədim
Azərbaycan şəhəri
Dərbənd böyük
mədəniyyət mərkəzi
hesab olunurdu, əhalisinin çoxu doğma dildə danışdığından Almas İldırım
psixoloji narahatlıqdan
uzaq idi. Burada bir neçə qəzet və jurnal nəşr edilirdi. Dərbəndə gəldiyi gündən
meylini bu qəzet-jurnal redaksiyalarına
salır. İlk
tanış olduğu,
sonralar ADU-nun rektoru, Azərbaycan Yazıçılar
İttifaqı idarə
heyətinin ilk sədri,
"Ədəbiyyat qəzeti",
"Bakinski raboçi",
"Vışka" qəzetlərinin
redaktoru olmuş və 1938-ci il repressiya qurbanı kimi tanıdığımız,
o vaxtlar Dağıstanda
yaşayıb-yaradan Məmmədkazım
Ələkbərlinin köməyi
ilə məqalələri
və şeirləri
"Dağıstan firqəsi"
qəzetində işıq
üzü görməyə
başlayır. Şeirləri Dağıstanda yaşayan
azərbaycanlılar, ləzgilər,
çeçenlər və
başqa xalqların nümayəndələri tərəfindən
sevilə-sevilə oxunur,
qısa bir zamanda dillər əzbəri olur, məclislər söhbətinə
çevrilir. "Dağıstan
firqəsi"nin redaktoru Məmmədkazım
Ələkbərlinin dəstəyi
ilə redaksiyada işə də düzəlir, sonra Dərbənddən Mahaçqalaya
köçür. Qəzet
əməkdaşı olaraq
dost diyarı oba-oba, aul-aul gəzir, Qasımkənd, Axdı bölgələrindəki ədəbi
qüvvələrlə münasibət
qurur, yaxınlıq edir. Amma bu
gəzintilər, tanışlıqlar
nə qədər maraqlı və gərəkli olsa da Bakının, Abşeronun yerini, ləzzətini vermir, odur ki, şair
həsrət dolu xiffətlə yazırdı:
Of... Bakı, bu ayrılıq
mənə ölümdən
betər,
İçimdə yaşatdığım qərib bülbülüm
ötər,
Sən bu qızıl uyğuya bunca yatdığın yetər,
Artıq
oyan, a dağlar, artıq oyan, a dağlar!..
A.İldırım tez bir zamanda
Mahaçqala və yaxın kəndlərdə
yaşayıb-yaradan ədəbi
qüvvələri də
ətrafına toplaya bilir. Biliyi, fəallığı, qələm təcrübəsi
sayəsində yaxşı
təşkilatçı kimi
də tanınır.
Bolşevik xata-balasından uzaqlaşmaq
üçün yeni yaranmaqda olan Cənubi Dağıstan Proletar Yazıçıları
Cəmiyyəti Dərbənd
özəyinin təşkilində
əlindən gələni
əsirgəmir. Gənc
şair Dağıstanda
iki il
- 1929-cu ildən 1931-ci ilədək
qalır. Şairin
1930-cu ildə Bakıda,
"Azərnəşr"də Məhəmməd Səid
Ordubadinin dəstəyi
ilə nəşr olunan "Dağlar səslənərkən" şeirlər
məcmuəsi ədəbi
aləmdə böyük
rezonans doğurur. Hətta "Yeni yol" qəzetinin 11 iyun tarixli sayında
belə bir "Bildiriş" dərc edilir: "Cümə günü iyunun 13-də axşam saat 7-də Türk Mədəniyyət
Sarayının Şərq
odasında Almaszadə
İldırım yoldaşın
yaradıcılığı haqqında Mehdi Hüseynzadə yoldaşın
(Mehdi Hüseyn nəzərdə tutulur) məruzəsi olacaqdır.
Məruzədən sonra proletar
yazıçıları öz
əsərləri ilə
çıxışlarda bulanacaqlar.
Hamı maraqlıların gəlməsi
arzu olunur".
Lakin məcmuənin
taleyi antisovet xarakterli şeirlərə
görə müəllifinin
taleyindən betər olur. Senzuradan keçməyən bu məcmuə mağazalara çıxar-çıxmaz
sosializm quruluşu və fəhlə-kəndli
hökuməti əleyhinə
təbliğat məqsədi
güdən ziyanlı
ədəbiyyat kimi müsadirə olunur, kitabxanalara çatar-çatmaz
qeybə çəkilir.
Azdan-çoxdan dünyanın bərkini-boşunu
görmüş gənc
şair tutulacağından,
daha ağır cəzaya məruz qalacağından ehtiyat edərək təcili Bakıya gəlir. Bu gəliş onun
Azərbaycan Yazıçılar
İttifaqından qovulması,
bu dəfə Türkmənistana sürgün
edilməsi ilə nəticələnir. Gənc şair
Bakıdan Türkmənistana
sürgünə göndərilərkən
onu yola salmağa gələn doğmaları arasında
Mikayıl Müşfiq
də var idi. Xudahafizləşəndə
əlini onun çiyninə qoyub deyir: "Bunların məqsədi mənə indi aydın olur. Yəqin hər dəfə
bir türk məmləkətinə göndərməklə
Böyük Türküstanımızı
mənə qarış-qarış
gəzdirmək istəyirlər".
A.İldırım adını eşidib,
üzünü görmədiyi
Aşqabadda azərbaycanlı
ziyalılarla tanış olur, ünsiyyət yaradır. Onların köməyi ilə pedaqoji fəaliyyətə
başlayır. İrandan və
Qafqazdan Aşqabada pənah gətirmiş, sürgün edilmiş ailələrin uşaqlarından
ibarət məktəbə
müəllim və müdir təyin olunur. Məktəbdarlıqla yanaşı, yaradıcılıqla
da məşğul olur, şeirləri yerli qəzetlərdə dərc edilir, radioda oxunur. Az müddətdən
sonra Aşqabadda Azərbaycan dilində çıxan "Zəhmət"
qəzeti redaksiyasında
işə düzəlir,
yaradıcılıq və
çap olunmaq imkanları üçün
daha münbit şərait yaranır.
(ardı
gələn sayımızda)
Rəhman SALMANLI,
filologiya üzrə fəlsəfə doktoru
Ədalət 2017.-20 sentyabr.- S.7.