QƏDEŞ
(novella)
Havamı təzələmək üçün Sovetski meydanına çıxmaq istədim. Qarşıda dolanbac qovşaq vardı və oradan keçməliydim. Ala-toranın şəhərə enən vaxtıydı, payızın gəlişindən adda-budda boy verən ağacların yarpaqları solmuşdu, çopurlaşmış asfaltda xəzəllər oynaqlaşırdı. Döngədə qoyulmuş iri güzgülər qarşıdan gələn maşını əks etdirirdi. Mən dodaqaltı fit çala-çala irəliləyirdim. Bu vaxt tində nazik və titrək insan kölgəsi gözümə dəydi, barmaqları arasından siqaretin işığı süzülürdü.
Yanına çatcaq sağa burulmalı idim.
- Qaqaş, - adam şəklinə düşən kölgə dilləndi. - Dayan, hara belə bu vaxtı?
- Cəfər Cabbarlıya çıxmalıyam.
Daha aydın seçilən orta boylu, üzütüklü, barmağı arasında siqareti tüstülənən adam acıqlı səslə:
- Qaqaş, sən cırtdan, o böyüklükdə Cabbarlıya çıxa bilərsən? Sən bu köntöy cavabınla cərimə olunursan. - Siqaretə bir qullab vurub küçəyə tolazladı. - Səni çox yükləməyəcəyəm. Bir "beşlik". - Əlini yellədi, barmaqlarını şaqqıldatdı.
Mən bir söz belə demədən cibimdən on manatlığı çıxarıb ona uzatdım.
O, əlini cibinə salıb qara tiyəli bıçağı çıxarıb bir kərə barmaqları arasında fırlatdı və pencəyinin sağ cibinə qoydu.
- Buyurun, Qədeş. - Xırıltılı səslə on manatlığı mən də fırlatdım.
O, əlini çənəsinə atıb ovuşdurdu, nəzərlərini məndə saxladı.
- Haradan bildin Qədeşəm? - Güldü, o biri əlində tutduğu siqaret qutusundan bir siqaret çıxardı, damağına aparıb alışqan axtardı. - Xırdan yoxdur? Səndən "beşlik" istədim! Və əlini qabağa uzatdı. - Orada dükan var, yaxşı pivə olur, ətli peraşkinin iyi məst edir adamı. Orda xırdalarsan!
Dükan uzaqda deyildi, o, irəlidə, mən arxasınca gedib çatdıq. Məni içəri dəvət elədi, stolları dikəlmiş sacayağına oxşar bir şey əvəz edirdi.
Qədeşi görcək əllə salamlaşdılar, dərhal stolabənzər söykəncəyin birini boşaltdılar.
- Bir peraşki, hələlik bir bakal pivə mənimçün, - dedi və üzünü mənə tutdu. - Bəs sən, qaqaş?
- Mən iki peraşki yeyəcəm, bir bakal pivə bəsimdir.
O, əlini pencəyinin cibinə atıb qara tiyəli bıçağı stolun üstünə qoydu. Və pivəni əlüstü içdi, peraşkidən bir-iki diş götürdü. Bu vaxt onun qarşısına təraş stəkanının yarısına qədər süzülmüş araq qoydular. Qanrılıb bir nəfərə baxdı ki, gecikməmişdir arağı gətirməkdə.
- Bu qaqaş, - əlini çiynimə qoydu, elə bildim taqətdən düşmüş kəpənəkdi, aşacaqdı. - Əla oğlandır, məhəlləmizə arabir gəlib-gedir.
Həqiqətən eləydi, Qədeş yalan söyləmirdi.
O, daha sifariş vermədi və mən də cəld onluğu çıxarıb bufetçiyə uzatdım. - Çıxın pulunuzu, - dedim.
Bufetçi məni acı-acı süzdü və əliylə Qədeşə işarə elədi.
- Ödənilmişdir. - Astadan dilləndi.
- Sağ olun. - Qədeş qapı ağzına çatanda öz təşəkkürünü bildirdi.
Çıxmışdıq ki, içəridən onu səslədilər.
- Bıçağınız qaldı, unutdunuz.
Qədeş geriyə baxdı, siqaretinə son qullabı vurdu:
- Mənə daha lazım olmayacaq, - deyib başqa səmtə getdi.
24.08.2016
Ədalət 2017.- 16 sentyabr.- S.16.