SÖZ RUHUN ÖLÇÜSÜDÜR

 

Vaqif

İsaqoğlu,

Prezident

təqaüdçüsü

 

(əvvəli ötən şənbə saylarımızda)

 

Vaqif Bəhmənli bütün yaradıcılığı boyu klassik və xalq ədəbiyyatı ənənələrindən səmərəli şəkildə istifadə edərək şeirlərinin emosionallığı ilə, ovsunu ilə oxucunun diqqətini özünə çəkə bildi, folklora məxsus sadə dililə, ruhi-kökə bağlılığı ilə özünü şair kimi təsdiq etdirməyi bacardı.

Xalq sənətinə, milliliyə, kökə dərindən bağlı olan şair yenilik həvəsi, mövzu rəngarəngliyi, lirik emosional şeir dili yaratmaq cəhdilə, fəlsəfi-ictimai düşüncə tərzilə seçilir və böyük uğurlar qazanır.

İlahi-fəlsəfi fikri yüksək poetik formada təqdim edən Vaqif Bəhmənli obrazlı ifadə və deyimlərilə daha çox ürəklərə yol tapır, sözlər onun yaradıcılığında yeni rənglər, yeni xüsusiyyətlər qazanır, şairlər tərəfindən dəfələrlə işlənmiş sözlər onun qələmindən süzülərək yeni məna kəsb edir, təzə-tər olması anlamına gəlir.

Gəlin bu bənzətmələrə diqqət yetirək:

 

Dumana bax, yırğalanır

Donqar belli dəvə kimi.

 

***

Gün işığı sularda

Quzu kimi oynayır.

 

***

Köçəri quşları qarşılamaqçin

Yol üstə düzülüb körpə sərçələr...

 

Bəli, Vaqif Bəhmənlinin hansı şeirini oxusaq təzə bir obrazlı ifadəyə rast gələ, ibrətamiz bir hikmətlə qarşılaşa bilərik.

Şair həmişə dəfələrlə işlədilmiş, necə deyərlər qəlib poetik obrazlardan qaçmağa çalışıb və buna müvəffəq ola bilib. O, başqa şairlərin işlətdiyi bədii obrazı özünəməxsus bir tərzdə işlədib və özü yaratdığı obrazlarla şeirin məna yükünü, fəlsəfi yükünü daha da artırıb.

Şairin ilk şeirləri də diqqət çəkəndir. "Yeriyərkən dediyim şeirlər" silsiləsindən "Ay qız", "Eynək dalğa", "Qırışlar" şeirlərini nəzərdən keçirsək görərik ki, Vaqif Bəhmənli ilk qələm təcrübələrindən yetkin bir şair təsiri bağışlayır.

 

Sədası kəsilməz yanıqlı neyəm,

Eşqinlə alışıb yanaydım, ay qız.

Gedib evinizi tanıyım deyə

Ayaq izlərinə dönəydim, ay qız.

 

Və yaxud

 

Heyranam dalğanın çığırtısına,

Sanıram sulara qəzəb axıdıb.

Yaxşı baxsın deyə Qız qalasına,

Xəzər ləpələrdən eynək taxıbdır.

 

Bu şeirlərdə yüksək pafosa, ritorik təmtərağa rast gəlməsək də, müxtəlif bənzətmələrə rast gəlmirik. Və bu bənzətmələr o qədər inandırıcı, o qədər səmimidir ki...

Vaqif Bəhmənli kimdən və nədən yazırsa yazsın, ürəyindən gələn səslərə hiss və həyəcanlarını, duyğularını "qarışdıraraq" ruh oxşayan əsərlər yaradır. Şeirlərinin gözəlliyi axıcılığında, ürəyə sakitlik gətirməsində, lirik emosional təsir bağışlamasındadır. Misralardakı səmimilik, sadəlik, sözlərin zərgər dəqiqliyilə işlədilməsi, yığcamlıq, ideya aydınlığı, xalqdan gəlmə sadə, şirin dil...Vaqif poeziyasının ruhudur.

Vaqif Bəhmənli başqalarının görmədiyini görə bilir, başqalarının duymadığını duya bilir, hiss etmədiyini hiss edə bilir. Yeni rənglər, çalarlar aşkarlamaq istedadına malik olan şair poetik obyektə orijinal münasibətilə də diqqətdən yayınmır.

Klassik şairlərin, eləcə də XX əsr görkəmli Azərbaycan şairlərinin ədəbi yolunun layiqli davamçısı olan Vaqif Bəhmənlini müasirlərindən fərqləndirən onun özünəməxsus novator yaradıcılığıdır.

Bəli, o, şair kimi doğulub, ədəbiyyata həyatdan gəlib və ədəbiyyatın ədəbi dünyasına daxil olub. İstedad sahibi olduğuna görə də əsl şeirlər yazır. Görkəmli tənqidçi, ədəbiyyatşünas, dünyadan vaxtsız köçmüş unudulmaz Aydın Məmmədovun 1988-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş "Sözümüz eşidilənədək" kitabında oxuyuruq: " Əsl şeir nə ayrılıqda götürülmüş istedadla yaranır, nə də ki, təbii istedada arxalanmayan biliklə. Əsl şeir o yerdə yaranır ki, həmin yerdə təbii istedadla zəngin biliyin münbit sintezi, yaradıcı vəhdəti var. Belə sintez, belə vəhdət isə günaşırı yaranmır, iyirmi-otuz ildə bir yetişir və iyirmi-otuz illik bir poeziya mərhələsi üçün həm aparıcı qüvvə, həm də keçmişin zəngin irsi ilə gələcəyin cücərtiləri arasında körpü rolunu oynayır".

Doğrudan da əsl şeir istedadla yaranır. Vaqif Bəhmənli də ilk şeirlərini çap etdirdiyi gündən istedadlı bir şair olduğunu, ədəbiyyata, poeziya dünyasına kitablardan gəlmədiyini sübut elədi. Həm də sübut elədi ki, Füzulinin Bəhmənli kəndindən ədəbiyyata yeni bir nəfəs gəlir, heç kimi təkrarlamayan, özünəməxsus yaradıcılıq üslubu olan bir şair gəlir. Və gəldi də. Bir çox şeirlərində şairin öz obrazı canlanır, qəlbindən heç vaxt silinməyəcək izlər, ürəyinə vurulmuş yaralar, uşaqlıq illəri, yetimlik çağları, həyatla mübarizə, ağrılı-acılı günlər...onun şeirlərinə hopub və bu gün də yaşamaqdadır.

Şairin hiss və həyəcanlarını, psixoloji anlarını, yaşadığı duyğuları şeirlərində hiss etdikcə gözlərimiz önündə onun mükəmməl bir obrazı canlanır.

Gəlin "Mən atasız böyümüşəm" şeirinin bəzi misralarına diqqət yetirək:

 

...Mənim könlümə dəysəniz,

Qapımızdakı

Tut ağacı quruyar

Kölgəsinən bir yerdə.

Anamdan başqa

Arxamda

Duranım olmayıb,

Birinci kitabım çıxanda

Kürəyimə

Vuranım olmayıb;

Mənim qəlbimə dəyməyin!

 

...Amma bir gün

Yalan söz gətirsəm dilimə;

Atasız uşaq incitsəm,

Sözünü qaytarsam anamın,

Qırın başdaşını

Atamın

Bir parçasını da

Mənim təpəmə çırpın,

Baxmayın

Atasız böyüməyimə!

 

Bu şeir 38 il öncə yazılıb. Və 38 ildir ki, Vaqif nə dilinə yalan söz gətirib, nə də ki, atasız bir uşaq incidib... əksinə hamıya yaxşılıq edir, xeyirxahlıq edir, qayğı göstərir. Bu da şairin sözüylə əməlinin üst-üstə düşdüyünün göstəricisidir. Bu şeirdə atasız qalan şairin obrazı gözlərimiz önündə canlanır və istər-istəməz gözlərimiz yaşla dolur.

Şeiri obrazsız təsəvvür etmək mümkün deyil, çünki əsl poeziyada şairin obrazı canlanmalıdır. Şeirdə şairin obrazı görünmürsə, şeir deyil, adi söz yığınıdır. Şeirdə şairin nəfəsi olmalıdır, ruhu olmalıdır, hiss və həyəcanları, duyğuları, fikir və düşüncələri olmalıdır.

Hər bir şeir şairin ürəyindən gələn səsdir. Biz bu səsi eşidərək şairin mənəvi dünyası ilə tanış oluruq, onun hansı duyğularla, düşüncələrlə yaşadığını görürük. Bu mənada Vaqifin şeirlərini onun tərcümeyi-halının bəzi məqamları kimi də qəbul etmək mümkündür.

Hər şeirində Vaqifin özü görünür. Şairin yüzlərlə şeiri var ki, bu şeirlərdə onun yaşadığı ömrün müxtəlif anlarından xəbər tutmaq olar.

Bir çox şeirlərində şair ömrünün müxtəlif anları ilə tanışlıq oxucunun qəlbinə təsirsiz ötüşmür. Şairin yaşantıları əslində milyonlarla adamın yaşantısıdır. Və bu yaşantılar hamının qəlbini isidir... Şair haqsızlıq önündə susmur və "Susmaq qızıl deyil" deyir:

 

...Kişilər ar itirir,

papaq itirir,

Ölkələr torpaq itirir

Susmağın ucbatından.

 

Bəli, şair susmur, çünki "susmağın ucbatından neçə şeirinin qışqıra-qışqıra ürəyi partlayıb". Şair oğrunun doğrunun üstünə bağırmasına, yalanın ayaq tutub yeriməsinə, şeytanın mələkdən gözəl görünməsinə, mərdin qovula-qovula namərd edilməsinə... dözə bilmir, haqq səsini ucaldır. Şairin haqq səsi - xalqın səsidir. Məhz ona görə də şeirləri xalqın ürəyinə yol tapır, çünki o, xalqla nəfəs alır, xalqın arzu və istəklərini, düşüncələrini qələmə alır.

Vaqif Bəhmənlinin hər şeiri bir damladır. Bu damlalar birləşib böyük bir göl əmələ gətirib. Bu gölə baş vurmaq, bu göldə gizlənən inciləri ipə-sapa düzmək o qədər də asan məsələ deyil. Bu gölə baş vurmaq üçün, gölün hər damlasını - yəni şairin hər şeirini oxumaq və duymaq lazımdır. Şairi duymasan, şeirlərindəki ürək döyüntülərini eşitməsən, şeirin rəngini görməsən, məna yükünü duymasan yaza bilməzsən.

Həyatın nəfəsini şeirə gətirən Vaqif Bəhmənlinin hər bir misrası onun özünün təsdiqidir. Şairin hər bir şeiri ürəyinin bir parçasıdır. Onun hər bir şeiri təbiətin özündən, həyatdan gəlir.

 

"POEZİYA DUADAN BAŞLAYIR" -

 

Xalq yazıçısı Anarın sözləridir. Haqlı sözlərdir. Bu sözlərə "söykənərək" demək mümkündür ki, Vaqif Bəhmənlinin poeziyası da Diləfruz xanımın dualarından güc alıb, ölümsüzlük qazanıb. Diləfruz xanım şairin anasıdır, dünyalarca sevdiyi, hər gün, hər an ən gözəl duyğularla, ən ali sevgilərlə xatırladığı anasıdır.

Bəli, Diləfruz xanımın duaları oğlu Vaqifi poeziya kəhkəşanında ən parlaq ulduzlardan birinə çevirdi. O, hələ Bəhmənlidə - ata evində ilk addımlarını atdığı gündən, dil açıb danışdığı gündən Tanrı əlini onun çiyninə qoydu və o, Tanrının kölgəsi altında böyüdü. Yaşa dolduqca ürəyi də şeirlə danışmağa başladı.

Hələ orta məktəbdə oxuyarkən ilk şeirlərini rayon qəzetində çap etdirirdi. Və rayon qəzetində işıq üzü görən ilk şeirilə kənddə şair kimi tanındı. Buna hamıdan çox Diləfruz ana sevinirdi. Ananın duaları dilindən düşmürdü. Ana xoşbəxt idi. Ana ürəyi duyurdu, hiss eləyirdi ki, oğlu Vaqif tanınmış adam olacaq, sözünün işığı hər yana düşəcək, doğma Füzuliyə, dünyaya göz açdığı Bəhmənli kəndinə şöhrət gətirəcək.

Ana ürəyi yanılmamışdı. Ana ürəyi yanıla bilməzdi. İllər ötdü. Azərbaycan şeirinin 70-80-ci illər mərhələsi başlandı. Bu illər həm də Azərbaycan poeziyasının yeniləşmə dövrü kimi yada düşür.

Vaqif Bəhmənlinin yaradıcılığında da yetkinləşmə və formalaşma prosesi hiss olunurdu. Hiss olunurdu ki, ədəbiyyata heç kimə bənzəməyən, heç kimi təkrar eləməyən, özünəməxsus şeirlərilə diqqəti çəkən bir şair gəlir. Və bu şair fərdi axtarışları, orijinal yenilikləri, poetik tapıntıları ilə seçilirdi, bütün şairlərdən seçilirdi.

Vaqif Bəhmənli poeziya dünyasında atdığı ilk addımlardan daha inamlı və qətiyyətli olması ilə tanınmağa başladı.

Ana duaları ilə poeziya aləminə daxil olan, şair yükünün ağır olduğunu yaxşı bilən Vaqif Bəhmənli şair yükünün ağırlığından, acısından və əzabından təşvişə düşmədi, qorxmadı. İnamla, ümidlə irəliyə baxdı. İrəlidə onu böyük uğurlar gözləyirdi...

 

Ədalət  2017.- 16 sentyabr.- S.9.