TƏMİZDİR VİCDANI, UCADIR ADI...
Professor Qəzənfər Paşayev... Bu imza çoxlarına tanışdır, doğmadır. Özü də təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarlarda da. Və bu məşhurluğu ona qazandıran, məncə, təkcə ölkəmizin tanınmış alimlərindən biri olması deyil. Həm də bütöv ŞƏXSİYYƏT və sözün əsl mənasında böyük KİŞİ olmasıdır.
"Qabusnamə"də deyilir ki, "adamların yazığı odur ki, alim olsa da, heç kəs onun görüşünə getməsin". Bu mənada, Qəzənfər müəllim xoşbəxt insandır. Çünki onun görüşünə gələnlər çoxdur. Bu da ondan irəli gəlir ki, o, xeyirxahdır, qayğıkeşdir, yolgöstərəndir, ən başlıcası isə dinləməyi bacarandır. Ümid yeridir, güman yeridir. Bir dərdi olanlar da, hər hansı bir problemini çözməkdə çətinlik çəkənlər da ona üz tutur, dərdini ona danışır. Unudulmaz Xalq şairi Zəlimxan Yaqubun sözləri ilə desək, "az dərdini özgələrlə bölüşən, çox dərdini" gəlib ona danışır. Dəfələrlə olub ki, bir dəyərli məsləhətə ehtiyacım olanda, yaxud kimdənsə bir yersiz biganəlik, laqeydlik görəndə mən özüm də Qəzənfər müəllimə üz tutmuş, ondan məsləhət alıb, onun təskinedici söhbətindən sonra bir daha inanmışam ki, doğrudan da, dünya yaxşılardan xali deyilmiş.
Başqasının uğuruna sevinməyi bacarır. Bunun dəfələrlə şahidi olmuşam. Qəzetdə çıxan bir məqaləmi oxuyanda, yaxud televiziyada bir çıxışımı görəndə zəng edib xoş sözlər söyləyir.
Onu bircə dəfə də olsun qaş-qabaqlı görməmişəm. Yaxşı bilir ki: "Adam nə qədər hikmət sahibi olsa belə, qaş-qabağını tökdükdə onun nə hikmətində hikmətlik qalar, nə sözündə gözəllik" ("Qabusnamə"). Onunla söhbət adama güc verir, özünə inamını artırır, yaradıcılıq üçün stimul yaradır.
Yaxşı yadımdadır, 2011-ci ilin
sentyabr ayı idi. İctimai televiziyanın "Ozan məclisi" verilişinin Xalq şairi Zəlimxan Yaquba həsr olunmuş buraxılışı
çəkilirdi. Professor
Qəzənfər Paşayev
və Xalq şairi Nəriman Həsənzadə ilə
birlikdə mən də verilişə dəvət olunmuşdum.
Çəkilişdən sonra
Qəzənfər müəllim
mənə dedi:
"Musa müəllim, doğrudur,
indiyədək Zəlimxan
Yaqub yaradıcılığından
çox yazılıb,
dissertasiyalar müdafiə
olunub. Ancaq sənin bu verilişdəki çıxışından
sonra görürəm
ki, şairin yaradıcılığı hələ
də tədqiqata tam cəlb olunmayıb. Baxıram, sən Z.Yaqubun yaradıcılığına yaxından
bələdsən, gəl
sənə bir dissertasiya mövzusu təsdiq edək, elmi rəhbərin də özüm olum, işə başla".
O gündən sonra hər görüşümüzdə
Qəzənfər müəllim
soruşurdu ki, dissertasiya üzərində
işləyirsənmi? Doğrudur, mən
yaşla əlaqədar
gec olduğunu düşünüb dissertasiya
müdafiə etmək
fikrində olmadım,
amma Qəzənfər
müəllimin məsləhətini
də unutmadım.
Zəlimxan Yaqubun əsərlərinin 13 cildlik
külliyyatını nəşrə
hazırlamaq mənə
onun yaradıcılığı
ilə daha yaxından tanış
olmaq imkanı verdi və bir
monoqrafiya üzərində
işləməyə başladım.
Nəhayət, özünün xeyir-duası ilə yazmağa başladığım
monoqrafiyanı 2014-cü ilin
sonlarında yekunlaşdırıb
Qəzənfər müəllimdən
xahiş etdim ki, bir mütəxəssis
kimi fikrini bildirsin. Sağ olsun, işinin çoxluğuna baxmayaraq qısa müddətdə
monoqrafiyanı oxuyub fikrini bildirdi, üstəlik "Zəlimxanın
poetik aləminə səyahət" sərlövhəli
20 səhifəlik dərin
məzmunlu ön söz də yazdı. Beləcə, qayğısı sayəsində ərsəyə
gələn "Sözün
Zəlimxan zirvəsi"
adlı kitabım onun redaktorluğu və yazdığı ön sözlə 2015-ci ilin yanvarında - şairin 65 illik yubileyi ərəfəsində
işıq üzü
gördü.
Qəzənfər müəllim sözündə
dəqiq və diqqətcil adamdır. Boşuna söz
verməz, söz verdisə, mütləq yerinə yetirər. Eyni zamanda söhbətindən
doyulmayan səmimi həmsöhbət və yaxşı yol yoldaşıdır. O, Azərbaycan
Aşıqlar Birliyi idarə heyətinin ən fəal üzvlərindən biri və folklorumuzun, xüsusilə də aşıq sənətinin
dərin bilicisi, tədqiqatçısı və
təbliğatçısıdır. Aşıq sənətinə dair sanballı tədqiqatları
var. Dəfələrlə tədbirlərimizin aparıcısı
olub. Ayrı-ayrı rayonlarda keçirdiyimiz
tədbirlərə gedərkən
onunla yol-yoldaşı
olmuşam. 2014-cü ilin noyabrında respublikamızda keçirilən
II Beynəlxalq Aşıq
festivalı zamanı onunla rayonlara bir həftəlik səfərimiz isə həyatımın ən gözəl günləri
kimi yaddaşımdan heç vaxt silinməz. Bu səfərlərdə bir
daha onun bir şəxsiyyət kimi böyüklüyünün
şahidi oldum və əmin oldum ki, Esxilin
dediyi "Müdrik çox bilən deyil, biliyi xeyirli
olan adamdır" kəlamı elə Qəzənfər müəllim
kimi kişilərin boyuna biçilib.
Hər kəlməsində
böyüklərə məhəbbət,
gənclərə qayğı
olan Qəzənfər
müəllim həm də qədirşünaslığı
ilə bir örnəkdir. Bu günlərdə
İctimai televiziyanın
"Yadigarlar" verilişinin
böyük dilçi
alim, akademik M.Şirəliyevə həsr
olunmuş buraxılışında
Qəzənfər müəllimin
çıxışını dinləyərkən bunun bir daha şahidi
oldum. İlahi, insan öz müəllimi
haqda necə də böyük məhəbbətlə danışarmış!
Qəzənfər müəllim paxıllıqdan,
dedi-qodudan, qeybətdən
uzaq adamdır. Kiminsə haqqında
pis danışdığını
görməmişəm. Nizami Gəncəvi demiş, pisin də haqqında
pis danışmaz.
Elə buna görə də vicdanı təmiz, adı isə həmişə ucadır.
Elin hörmətini
və məhəbbətini
qazanmayan heç kəsi nə özünün yazdığı,
nə də haqqında yazılan qalın-qalın kitablar yaşada bilməz. Ən böyük
alim, ən böyük elm adamı həm də elin adamı olmağı bacaranlar, ən böyük mükafatı el sevgisi olanlar, elmindən başqalarına fayda verənlərdir. Burda
İmam Qəzalinin bir fikrini xatırlamamaq
olmur: "Qiyamət günü ən böyük iztirabı Allahın verdiyi bilikdən istifadə etməyən alim çəkəcək". Qəzənfər müəllim bu baxımdan da xoşbəxt taleli insandır. Çünki alimliyi ilə
insanlığı bir-birini
məntiqi şəkildə
tamamlayan el və elm adamıdır.
Elimizin və elmimizin müdrik ağsaqqalı Qəzənfər müəllimi
anadan olmasının
80 illik yubileyi münasibəti ilə təbrik edir və Allahın ona bəxş etdiyi bu şərəfli
ömrü bundan sonra da ağrısız-acısız
yaşamasını, ağsaqqal
öyüd-nəsihətləri, dəyərli məsləhətləri
və xeyirxahlıqları
ilə hər zaman onu sevənlərlə
olmasını arzulayıram.
Musa NƏBİOĞLU,
Azərbaycan Aşıqlar
Birliyinin katibi,
Əməkdar Mədəniyyət
İşçisi
Ədalət 2017.- 12 sentyabr.- S.5.