SÖZ RUHUN
ÖLÇÜSÜDÜR
(əvvəli ötən şənbə
sayımızda)
Vaqif Bəhmənli milyonlarla insanın görə bilmədiklərini görə bilir, duya bilmədiklərini duya bilir. Görmək, müşahidə eləmək və duymaq əsas şərtdir. Bu şərtlərdən biri olmasa, şeir də şikəst doğular. Bu, təbii haldır. Axı doğulan hər uşaq gözəl olmadığı kimi, doğulan hər şeir də gözəl olmur. Bəzən şeir də şikəst doğulur, zəif olur, ürəyə yapışmır. Vaqif Bəhmənlinin də ürəyə yapışmayan şeirləri var. Axı hər şeir gözəl ola bilməz və hər şeirdən gözəllik ummaq da olmaz. Şikəst və zəif doğulan şeir də, şikəst və zəif doğulan uşaq kimidir, sevilir.
ŞAİR ADININ YÜKÜ
Şair adının yükü ağırdı, çox ağırdı, hətta deyərdim ki, dağdan da ağırdı. Bu yükü hər adam daşıya bilməz və "şairəm" deyən hər kəs şairlik iddiasında olsa da şair kimi qəbul edilməz.
Şair var ki, sözdən utanmır, söz ondan "utanır", işıq üzünə utana-utana çıxır. Bilir ki, mənasızdır, heç kimə gərək deyil və onu heç kim oxumayacaq, oxuyan da oxuduğuna, vaxtını itirdiyinə peşman olacaq.
Vaqif Bəhmənli sözdən utanan, çəkinən, sözün ağırlığından, şair adının yükündən çəkinən qələm sahibi deyil. Şair adının ağır yükünü çiyinlərində şərəflə daşıyır və yuxarıda ərz elədiyim kimi sözlə dostluq eləyir, bu dostluğa heç vaxt xəyanət eləməyi belə xəyalına gətirməyib. Onun aləmində şair üçün sözə xəyanət eləmək vətənə xəyanət eləməyə bərabərdi. Dünyada hər günah bağışlansa da, təkcə Vətənə xəyanət bağışlanmır. Qələmə xəyanət eləyən söz adamı da bağışlanmaz.
Vaqif Bəhmənli sözə həm də ona görə xəyanət eləyə bilməz ki, o, heç kimin hökmü ilə yazmır, ürəyinin diktəsilə yazır. O, həm də çörəyini sözdən asılı eləməyib. Yaxşı bilir ki, sözdən asılı olan çörək çoxlarını əyib, sındırıb. Nə yazım, necə yazım ki, pula getsin təfəkkürü ona yaddır. Ona görə də şair söz meydanında duruş gətirə bilir, çünki o, sözün qulu deyil, sözün ağasıdır. Bir loxma çörək üçün sözün quluna çevrilmək onun üçün ölümə bərabər olar və o, olumu yox, ölümü seçər.
Ürəyinin diktəsilə yazan, qeybdən gələn, havada uçuşan səsləri eşidib sözə çevirən Vaqif Bəhmənli sözün və sözünün ağası olmaqla bərabər, həm də poeziya aləmində yeni cığırdaşlardan biri olmaqla diqqəti cəlb eləyir. Sözün keşiyində müsəlləh əsgər kimi dayanaraq şeirlərinin qarşısında gözükölgəli olmayan bir şair kimi yazıb-yaradır. Məhz ona görə də onun şeirlərində təsadüfi bir sözə rast gəlməzsən, çünki o, sözü ürəyində bişirməmiş şeirə gətirməz. Usta da belədir. Ucaltdığı binada ən yaxşı daşlardan istifadə edir, əyri-üyrü daşları zərgər dəqiqliyi ilə cilalayıb lazımi olduğu yerə düzür.
Yerində olmayan söz də yerində oturmayan daş kimidir, laxlayıb düşmək üçün bir himə bənddi.
Vaqif Bəhmənli sözü oynatmağı sevir. Öz yerində "oturdana" kimi sözü ustalıqla oynadır. Əyri-üyrü, kələ-kötür daşları usta cilalayıb lazımi səviyyəyə gətirdiyi kimi Vaqif Bəhmənli də sözdən yerində istifadə eləyir. Bu da onun söz ustalığından irəli gəlir. Deməli, daş ustası, saz ustası olduğu kimi, söz ustası da var. Hər adam saz ustası ola bilmədiyi kimi, hər adam da söz ustası ola bilməz. Bu, qanunauyğunluqdur və bu qanunauyğunluq yüz illərdir ki, davam eləyir.
Memar Əcəmi
daşın "dilini"
yaxşı bilirdi. Yaratdığı "Möminə Xatun" məbədi yüz illərdir ki, insanları heyran edir və hələ
yüz illər də heyran etməkdə davam edəcəkdir.
Nizami Gəncəvi
sözdən saray qurdu. Xəmsə "söz sarayıdı".
XII əsrdən üzü
bu yana
neçə-neçə şah
sarayları yerlə-yeksan
olub, uçub-dağılıb.
Nizaminin
"söz sarayı"ndan
bir kərpic də düşməyib və nə qədər ki, günəş şəfəq
saçır, şairin
"söz sarayı"
da könülləri
oxşamaqda, ürəkləri
ovsunlamaqda, ruhumuzu cilalamaqda davam edəcəkdir.
Vaqif Bəhmənli
də sözdən saray tikən şairlərdəndir. Onun da özünəməxsus söz
sarayı var. Onun söz sarayı zamanın sınaqlarından
çıxa biləcəkmi?
Demək
çətindir. Bunu yüz
illər sonra XX-XXI əsr Azərbaycan poeziyasından söhbət
açanlar deyə biləcəklər. Onların nə
deyəcəkləri az-çox
məlumdur. Məlum olan
həqiqət budur ki, Vaqif Bəhmənlinin
adı XX əsrin
70-ci illərində ədəbiyyata
gələn şairlərin
sırasında birinci
çəkilməsə də,
axırıncı da çəkilməyəcək. Hər halda şairlərin sırasında onun da boyu görünəcək.
Buna inanıram: çünki
Vaqif Bəhmənlinin
sözünün qüdrətinə
inanıram. İnanmaq hələ dəqiq
proqnoz vermək demək olmasa da, Vaqif Bəhmənlinin
şeirləri şeirdir.
Onun şeirləri dünən də oxunub, bu gün
də oxunur, sabah da
oxunacaqdır.
Gəlin bu misralara diqqət
yetirək. Bu misralarda da Vaqifin səsi
aydınca eşidilir:
Səbrimi yoxlamağa,
Zülmətdə ağlamağa,
Canımı saxlamağa
Səbir
boyda qəbir ver,
Allah mənə səbir ver!
TANRI KİMİ POEZİYA DA ÖLÜMSÜZDÜ
Vaqif Bəhmənlinin şeirlərindən şair ömrünün ətri gəlir. O dünyanı şeir ətrinə bələməyə çalışan az-az şairlərdən biridir. Az-az şairlərdən biridir ki, şeirləri ölümsüzdü; çünki onun şeirlərinin mayasında ilahi bir eşq çağlayır.
Tanrı ölümsüzdü. Yer üzünün bütün canlılarını ölümə məhkum eləyən Tanrı əsl şeirləri ölümsüz eləyib. Ölümsüz şeirlər yazan şair də ölümsüzdü.
Şairin ömrü şeirlərinin ömrü ilə ölçülür, yəni nə qədər ki, şairin şeirləri oxunur, şair də yaşayır. Deməli, Vaqif Bəhmənli kimi şairlər də ölmürlər, öləndən sonra şeirlərində yaşayırlar. Axı yuxarıda ərz elədiyim kimi şeir ruhun ölçüsüdür.
Şairin ruhu hələ sağlığında ikən şeirlərinə hopub. Ruh ölməzdir. Deməli, ruhun hopduğu şeirlər də ölməzdir.
Məgər Nizami, Xaqani, Füzuli, Nəsimi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Rəsul Rza, Səməd Vurğun... daha kimlər və kimlər öz şeirlərində, xalqın ürəyində, qan yaddaşında yaşamırlarmı? Onları unutmaq mümkündürmü? Məgər yer kurəsi Tanrıya dua oxuyan şairlərin pıçıltısıyla fırlanmırmı? Görəsən Vaqif Bəhmənlinin yer kurəsinin fırlanmasında payı nə qədərdir? Suallar, suallar... Dünyanın cavabsız sualları dünyanın özündə qalsa yaxşıdır. Bizə verilən möhlət isə dünyanın suallarına cavab axtarmaq yox, Tanrıya Tanrını tanımaq üçün lazımdı. Tanrını tanımaq üçün Tanrıya ən yaxın olan şairləri də tanımaq lazımdı. O şairlərdən biri də Vaqif Bəhmənlidi. Şairi şeirlərindən tanımaq mümkündü. Mən onun şeirlərini oxuyub tanıdım, indi də şairi onu tanımayanlara tanıtmaq istəyirəm. Kimdir, onlar? Onlar ürək adamlarıdı. Ürək adamları sözə daha yaxın olurlar. Onlar sözün səsini kimyaçıdan, fizikdən, riyaziyyatçıdan, nə bilim siyasətçidən, mühəndisdən...daha yaxşı eşidirlər, həm də sözün rəngini daha yaxşı görür, nəfəsini daha yaxşı hiss edirlər. Məhz ona görə də üzümü göydə Allaha, yerdə poeziyasevərlərə, sözün qədir-qiymətini bilənlərə tutub deyirəm: "Vaqif Bəhmənlinin şeirlərindəki musiqini eşidirsinizmi? Bəs enerjini necə, duyursunuzmu? Onun şeirlərində millətin nəbzi vurur. Eşidirsinizmi? Onun şeirlərində yovşan ətri, nanə ətri, dağ çiçəklərinin ətri, sünbül qoxusu, dəniz qoxusu var, sevgi qoxusu var, həm də qəmin, kədərin qoxusu var. Hiss edirsinizmi? Doğulduğu torpağın havası üstündə köklənmiş şairin şeirlərindən Qarabağ atlarının kişnərtisi gəlir, yaralı torpaqların iniltisi eşidilir. Elə isə gəlin şairin şeirlərini birlikdə oxuyaq və birlikdə süzgəcdən keçirək və unutmayaq ki, şairin hər kitabı özünə yapdığı heykəldir. Hər kitab bir arzudur. Şair daxili monoloqunu kitablara köçürüb, hiss və həyəcanlarını, ürək çırpıntılarını, fikir və düşüncələrini...kitablarına hopdurub.
Gəlin, bir-bir şairin kitablarını vərəqləyək, imam işığının çevrəsində yazılan şeirləri nəzərdən keçirək. Şeir oxumaq, şeir haqqında söhbət açmaq ibadət eləməyə bərabərdir. Mən belə düşünürəm. Həm də düşünürəm ki, şairin yaradıcılığı bir dəryadır və mən bu dəryadan ancaq bir damla götürə bilərəm. Çoxuna gücüm çatmaz. Amma bir damla ilə də dəryanın tamını bilmək mümkündür.
(ardı gələn
şənbə sayımızda)
Ədalət 2017.- 23 sentyabr.-
S.9.