MUSTAFA ÇƏMƏNLİNİN "ÖLÜM MƏLƏYİ" ƏSƏRİNDƏ QADIN OBRAZLARI

 

Ədəbiyyat mahiyyətinə görə müxtəlif sahələr (incəsənət, tarix, psixologiya, fəlsəfə və s.) arasında bir körpü rolunu oynayır. Birləşdirmə, əlaqələndirmə gücünə malik təbliğ edən və informasiya verən ədəbiyyat tariximiz, həyat tərzimiz, gələcəyimiz, əldə etdiklərimiz və itirdiklərimiz, gümanımız və inamımızı əks etdirir. Əsas qəhrəmanı insan olan ədəbiyyat bütün vasitələrlə həyatın dərkini öyrənməyə, həm də öyrətməyə çalışır. Beləcə, ədəbiyyat öz obrazlar sistemi, sujeti, ideyası, qoyduğu konflikt və s. ilə birgə cəmiyyətin güzgüsünə çevrilir. Buna görə də hər zaman yazıçı və şairlər ədalətlilik prinsipini qorumalıdırlar. Yazıçı və şairlərin mənsub olduqları milliyyət, tarix, cəmiyyət, din onların düşüncəsinə, yaradıcılıqlarına güclü təsir edir. Bu təsirin nəticəsini biz ideya, xarakter, konflikt, forma və məzmun seçimində görürük. Məsələn, ədəbiyyatda qadınların rolu və yeri hər bir xalqın, cəmiyyətin daxilində gedən proseslərlə bağlı dəyişir. Əgər Avropa ədəbiyyatında XVIII əsrdən başlayaraq qadınlar dinamik bir obraza çevrilməyə başlayırsa, Şərqdə qadının passivlikdən dinamikliyə doğru inkişafını XX əsrdə müşahidə edirik. Həmin dövrün ictimai-siyasi dəyişiklikləri xalqın dünyagörüşünə, yaşam tərzinə təsir edir və maarifçilik meyilləri güclənir. Xalqın və cəmiyyətin yeni sosial-siyasi mahiyyəti qadına olan münasibəti də dəyişir. Bu hadisələr zəminində ədəbiyyatda da fərdiləşdirmə və tipikləşdirmə prinsipi ilə qruplaşdırılan qadın xarakterlərinin çoxalmasını müşahidə edirik. Nəticədə, daxilən və zahirən gözəl olan ənənəvi qadın obrazları dərin mürəkkəb xarakterlərə çevrilir. Deməli, qadının cəmiyyətdə və ədəbiyyatda arxa planda qalmasının səbəbi, Otto Veyninger vurğuladığı kimi, zəka geriliyi yox, cəmiyyətdəki mentalitet, bərabərsizlik, savadsızlıqdır.

Özündən əvvəlki obrazyaratma üsullarından bəhrələnən Mustafa Çəmənli də əsərlərində maraqlı insan surətləri yarada bilmişdir. Onun əsərləri dilinin, obrazlarının rəngarəngliyi ilə seçilir. Yazıçı tarixiliyə, milli kökə bağlılığı ilə diqqəti çəkir. Onun Səfəvilər xanədanının I Şah Təhmasib və II İsmayılın dövrünü əhatə edən "Ölüm mələyi" tarixi romanında yaratdığı qadın obrazlarının daxili dünyası səciyyəvi hadisələr fonunda açılır. Yaşadıqları tarixi mühit qəhrəmanların şəxsiyyətini formalaşdıran vasitə kimi təqdim olunur.

Lermantovun gözəl bir sözü var: "Bir qəlbin tarixi bir xalqın tarixi qədər zəngindir". Həqiqətən də, insanın iç dünyasını bədii formada ifadə etmək üçün yazıçının da bu hissləri duyması, təxəyyülünün güclü olması vacibdir. M.Çəmənlinin "Ölüm mələyi" əsəri də bu keyfiyyəti özündə əks etdirir.

Mustafa Çəmənli yaratdığı obrazlar vasitəsilə dövrün hakimiyyət və şəxsiyyət, şəxsi maraqlar və əxlaqi borc, atalar və oğullar problemlərini əks etdirməyə çalışmışdır. Burada kişilərlə çiyin-çiyinə dura bilən qadın obrazları nəzəri xüsusilə cəlb edir. Müəllif tarixdən qaynaqlanan yüksək təbəqənin qadın nümayəndələrinin - əsərin aparıcı obrazlarından olan I Şah Təhmasibin qızı Pərixan bəyim, sadə qadın xoşbəxtliyini simvolizə edən şahbanu Sultanbəyim, Gövhər bəyim (Şah Təhmasibin qızı), xislətində kin-hikkə yetişdirən Məhdi-Ülya, II İsmayılın ilk hərəmi Səkinə sultanın və b. cəmiyyətdəki yerini, idarəetməyə (pərdəarxası belə olsa da) təsirini incəliklə təsvir edə bilmişdir. Müəllif onları sosial, etik, milli, mənəvi, psixoloji mahiyyətli mürəkkəb bir kompleks kimi qəbul edir və təhlil obyekti kimi təqdim edir.

I Şah Təhmasibin hərəmxanasının şahbanusu Sultanbəyim əsərdə sevgi, qayğı, sədaqət və mərhəmət mücəssiməsi kimi təqdim edilib. Şah öz ilk hərəmi olan bu qadına ağlına, ədalətinə, həlimliyinə görə xüsusi sevgi bəsləyir. Sultanbəyim Tanrıya və ərinə pərəstiş edir, dövlət işlərinə müdaxilə etmir, ərini hər zaman anlamağa və dəstəkləməyə çalışır, şahın ürəyinə, ağlına nüfuz etməyi bacarır, sevgisi ilə şahın qəlbini qəddarlaşmağa qoymur, ədalət və mərhəmət tərəzisini nizamda saxlamağa kömək edir. Saray çaxnaşmasından uzaq durmağa çalışan Sultanbəyim hətta onu sıxışdırmağa, gözdən salmağa çalışan saray qadınlarına qarşı da hər zaman ədalətli olmağa, onlara qayğı göstərməyə çalışır. Dünyaya gətirdiyi varis şahzadələrin (Məhəmməd bəy Xudabəndə və II İsmayıl mirzə) yerinə keçmək istəyən Heydər mirzəyə və onun anasına qarşı belə mərhəmətli davranır, insafın gücünə inanır və inandırır. Ümumiyyətlə, Sultanbəyim düşünən və müdriklik yolunda ucalmağa doğru gedən qadındır. Çıxılmaz situasiyada belə, Sultanbəyim şaha asi çıxmır. O, yenə səbirlə itaət göstərir. Lakin şahdan sarayı tərk edə bilməsi üçün icazə istəyir. Bu qərarda gündə şahı, onun dəyişməyən həyat tərzini görüb öz ağrısını, dərdini daha da böyüdüb qəlbini nifrətlə doldurmaq istəməyən, buna görə də saraydan uzaqlaşmaq, ağrıdan qaçmaq məqsədi ilə tək qalmaq üçün Qum şəhərinə müqəddəslərin ziyarətinə getmək istəyən qadının məğrurluluğunu görürük.

Süjet boyu inkişaf edən hadisələr onun həm gücünü, həm də gücsüzlüyünü göstərir:

"- Qəddarlıq heç zaman örnək ola bilməz. Sənin xəbərin varmı, mən qətlə yetirdiyin şahzadələrin analarının gözlərinin içinə düz baxa bilmirəm?

- Çox nahaq, ana, sənin onların yanında heç bir suçun yoxdur.

- Var! Səni dünyaya mən gətirməmişəmmi? Belə çıxır ki, qəlbində mərhəmət hissi daşımayan bir qatil yetişdirmişəm. Mən öz övladımı şah paltarında görmək istəyirəm, cəllad qiyafəsində yox [2,242]".

Oğlunun qəddar əməlləri ədalətli və mərhəmətli ananı qorxudur. O, əli qana batmış oğlunu xilas etmək istəsə də, bacarmır. Gücsüzlüyünü qəbul edən ananın övladının günahlarını bağışlanması üçün Quma - müqəddəslərin ziyarətinə gedişi onun narahatçılığını əks etdirmək, "Taxt-tacını qan üstündə qurma, axırı yaxşı olmaz" fikrinin təsdiqi vasitəsinə çevrilir.

Əsərin aparıcı qadın obrazlarından biri də Pərixandır. Mürəkkəb xarakterə malik bu qız I Şah Təhmasibin sevimli qız övladıdır. Dəyər verdiyi, hörmət bəslədiyi bacısının adını daşıyan qızının ağlı, dərrakəsi onu valeh edir. Qızına güvənən şah onunla söhbət etməyi sevir, hətta dövlət işlərində belə onunla məsləhətləşir.

Pərixan atasının sevgisindən, inamından şövqlənərək daha çox bilməyə, öyrənməyə çalışır. Anlayır ki, hər bir şeydən xəbərdar olması onun atası ilə münasibətini daha da dərinləşdirə bilər. Pərixanın bu cür yanaşması onu sevimli atası ilə daha çox vaxt keçirə bilməsi ilə bahəm arzuladığı hakimiyyətə yaxın olmasını labüdləşdirir.

Hakimiyyət ehtirası Pərixanı həqiqət axtarışlarından uzaqlaşdırır, onun mənəvi yüksəlişə gedən yoluna sədd çəkir. Bəzi məqamlarda insana elə gəlir ki, Pərixan qəlbində sanki iki insan yaşadır: biri sevgi və qayğı dolu, musiqi, şeiriyyat və təbiətdən duyğulanan, ətrafa xoş ovqat yayan qızcığaz, digəri isə şahmat oyunçusu kimi soyuqqanlı, sərt, ruhən dayanıqlı, qərarlı bir qadın. Pərixan atasından sonra da dövlət işlərindən uzaqlaşdırılmaması üçün planlar qurur, özünə tərəfkeşlər yığır. Bu onun atasının davamçısı ola biləcək siyasət adamı kimi formalaşmasına zəmin yaradır. Əsər boyu biz Pərixanın hakimiyyətdən uzaq düşə bilmə qorxusu ilə üz-üzə gəlirik. Bu qorxu onu daha sərt və qərarlı olmağa təkan verir. O, 19 il həbsdə yatmış qardaşı II İsmayılı taxta çıxartmağı planlaşdırır. İsmayılın qəhrəmanlığı, şücaəti, cəsarəti haqda gedən söhbətlər onu daha da ruhlandırır. Lakin bu istəyin içində gizli bir istək də yatır. O, məhbusu şah etməklə onun çiyninə minnət qoymasını və bir borc olaraq özünün dövlət işlərindən uzaqlaşdırılmamasını təmin etmək istəyir. Ona elə gəlir ki, məhz bu halda bacı-qardaş əl- ələ dövləti idarə edəcək, xalqın rifahı üçün çalışacaqlar.

Pərixan öz eqosuna, zəkasına həddən artıq aludə və çılğın bir xarakterdir. Buna görə də verdiyi qərarların törədə biləcəyi nəticələr haqqında dərindən düşünə bilmir. "Şamxal sultan hərəmxana bağçasının açarlarını əlində görəndə gözləri parıldadı. Pərixan bəyim dayısının gözlərindəki bu parıltıdan diksindi. O, Heydər mirzənin öldürülməsini istəmirdi, sadəcə, onu şahlıq taxtına layiq görmürdü." [2,132] - bu parçadan görürük ki, o, hər gün ünsiyyətdə olduğu rəhimdil, ədalətli, əməlisaleh, mehriban Heydərin aqibəti haqqında heç fikirləşməyib. Heydərin ölüm anını izləməli olan Pərixanın içindəki ağrını müəllif bütün çalarları ilə ifadə edə bilmişdir.. Heydərin başı kəsiləndə Pərixan anlayır ki, günahsız qanın axıdılmasına səbəb olub və Allah heç zaman onu bağışlamayacaq: "Heydər mirzə, biz sənin ölümünün baiskarıyıq. Allah bizi bağışalamayacaq!" [2,136].

Bütün bu hakimiyyət davasının, qardaş qırğının səbəbini isə Pərixan çoxnigahlılıqda görür. Ona elə gəlir ki, övladlar bir ata və bir anaya məxsus olarlarsa, qardaş məhəbbəti daha da güclü olar, ədavətə yer qalmaz.

Pərixan Bədiüzzamanla söhbətində bildirir: "Qan özünü göstərməlidir. Bu qan bir günün yox, minillərin qanıdır. Mən də Heydər mirzəni sevmirdim. Onun ölümündə mən də təqsirkaram. Yəqin Tanrım bir gün buna görə cəzamı verəcək. Özümə min kərə sual verirdim, axı, bu Heydər mirzə sənə neyləyib, niyə onu sevmirsən? Bu barədə çox düşündüm. Bəlanı bu çoxnigahlılıqda gördüm. Bax, buna görə də ailə qurmağa can atmıram".

Bizə elə gəlir ki, müəllif öz fikrini - "Bəlanın bir çoxu çoxnigahlılıqdadır. Bir də bizim kişilər qadının necə gözəgörünməz bir qüvvə olduğunu görmürlər. Sən nə yollasa, onu alıb gərdək dalına sala bilərsən, bədəninə, bağışla məni, sahib çıxa bilərsən, amma ürəyindəkilərə, beynindən keçənlərə sahib ola bilməzsən" - Pərixanın vasitəsilə verməyə çalışıb. Müəllif hətta "Xallı gürzə" tarixi romanında da Pənahəli xanın oğlunun ikinci dəfə evləndirməsini, qanını erməninin qanı ilə calamasını böyük problemlərin başlanğıcı kimi dəyərləndirir.

 

(ardı növbəti sayımızda)

 

Aynurə Babayeva,

Sumqayıt Dövlət Universitetinin

baş laborantı

 

Ədalət  2017.- 26 sentyabr.- S.6.