"QAZAX MAHALININ ALİMLƏRİ"

Bir tanıtım kitabı

 

Hələ mətbəə qoxusu canından çəkilməmiş bir kitabı vərəqləyirəm. Çox nəfis şəkildə çap olunub. Elə üz qabığından, necə deyərlər, tərtibatından kitabın sanbalı özü-özünü büruzə verir. "Günəş" MMC tərəfindən çap olunmuş bu kitabın redaktoru, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, məsləhətçiləri akademiklər Teymur BünyadovNizami Cəfərovdur. Kitabı araya-ərsəyə Azərbaycan oxucusunun kifayət qədər tanıdığı Salatın Əhmədli ilə birlikdə Rövşən Babanlı gətiribdir.

Mən bu kitabla tanışlığa akademik Teymur Bünyadovun giriş sözüylə başladım. Və açığın deyim ki, hörmətli akademikimizin giriş sözünə verdiyi ad məni də bir balaca silkələdi. Çünki bu sözün çəkisi, sanbalı çox ağır idi. Teymur müəllim vurğulayır ki, "fəxr edin, qürur duyun".

Bəli, bu müraciət, bu ağsaqqal sözü həqiqətən çox mətləblərdən xəbər verir. Üstəlik, yazının ilk cümləsi Avey dağının ətəyindəki damcılığı nakam sevginin bulağı axan göz yaşlarıdı. Orada əsrlərcə qərar tutan xan çinarlar bu həsrətə, bu yanğıya yas saxlayır. gecə-gündüz keşik çəkir, Təpədöy çayı ilə Dəli Kür gözəlin üfüqlərini xatırladır. Vurğunun dili ilə desək:

"Kiçik bir sudur yer üzündə Kür,

Baxsan bu dünyanın xəritəsinə.

Bəs niyə qəlbimdə ümman döyünür,

Mən qulaq asdıqca Kürün səsinə".

 

Bəli, bu girişlə başlayan tanıtım kitabı vərəqləyirəm. Burada dünənimizin, bu günümüzün və sabahımızın ünlü simalar, böyük ziyalıları bir araya gətirilib. Kitab xalq şairi Səməd Yusif oğlu Vəkilovun (Səməd Vurğunun) bir növü tərcümeyi-halı ilə başlayır. Onun haqqındakı yığcam informasiya böyük şairin bir elm adamı kimi fəaliyyətini də oxucuya çatdırır.

Kitabın maraqlı xüsusiyyətlərindən biri odur ki, burada sıra düzümü fərqli bir formada müəyyənləşib. Hər müəlliflər daha çox Qazax mahalının elmi fəaliyyətdə uğur qazanmış şəxslərini önə çəkmişlər. Fikrimi bir az da geniş şərh etsəm, onda məlum olar ki, burda söhbət doğum təvəllüdündən, əlifba sırasından yox, təqdim olunan şəxsin bir alim kimi qazandığı uğurlardan, fəaliyyətdən gedir. Xidmətin əhatə dairəsi bu bilgi kitabının formalaşmasında mühüm rol oynayıbdı.

Yeri gəlmişkən, onu da vurğulayım ki, həm müəlliflər kitabın ilk səhifələrində məhz söylədiyimiz həmin fikrə üstünlük veriblər. Yəni daha çox akadmiklərə və akademiyanın müxbir üzvlərini önə çəkiblər. Bundan sonrakı səhifələr isə əlifba sırasıyla hazırlanıbdı. Bu da kitabda kimlərin hansı səhifədə getməsi barədə fikirlərin ortaya çıxmasına yəqin ki, imkan verməyəcəkdi.

Mən bir oxucu olaraq tanış olduğum kitabın bir məğzini də, bir mahiyyətini də vurğulamaq istəyirəm. Bu da ondan ibarətdir ki, "Qazax mahalının alimləri bu bölgədən olan elm fədailərini tanımaqda çox dəyərli bir mənbədir. Doğrudur, bölgələrin elm üçün elə bir fərqləndirici və hardasa sərhəd olacaq şəxsləri yoxdur. Bütövlükdə bu bilgi kitabındakı alimlər həm də Azərbaycanın övladlarıdır. Amma hər bir bölgənin belə bir kitabının olması ən azından həmin coğrafiyada yaşayanların öz həmyerlilərini tanıması üçün müsbət bir addımdır. Bu addımı təqdir etmək də elmimimizin xeyrinədir. Hər iki həmmüəllifə uğurlar diləyirəm.

 

Ədalət  2017.- 26 sentyabr.- S.6.